AZ   |   EN

Şəki: sənətkarlıq və xalq yaradıcılığı

Şəki Azərbaycanın qədim şəhərlərindən biridir. Şəki haqqında ərəb, fars, türk, gürcü, rus, Avropa mənbələrində məlumatlar verilmişdir. Qədimdən əhalinin əsas hissəsi Kiş çayı sahilində yaşamışdır. 1772-ci ildə Kiş çayının daşması ilə şəhər dağılmış, əhali indiki əraziyə köçmüşdür. Şəkinin salınması tarixi də dəqiq məlum deyildir. Vaxtilə Şəki Qafqaz Albaniyasının mühüm şəhərlərindən olmuşdur. IV yüzillikdə xristianlıq yayılanda Şəki əyaləti Qafqaz Albaniyasının dini mərkəzlərindən biri oldu. Ərəblər Azərbaycanı istila etdikləri vaxt (VII yüzillikdə) Şəkini də tutdular. Ərəb xilafəti zəiflədiyindən Şəkidə müstəqil hakimlik yarandı. XI yüzillikdə Şəki Şirvanşahların hakimiyyəti altına düşdü. Gürcü çarları da bir neçə dəfə Şəkini ələ keçirmək üçün hücum etmişlər. XIII yüzilliyin əvvəllərində monqollar Azərbaycanı işğal etdilər. Şəkinin də iqtisadiyyatına ağır zərbə vuruldu. Elxanilərin hökmranlığı dövründə Şəki yenidən dirçəldi, sənətkarlıq, ticarət inkişaf etdi. Əhali əkinçilik, çəltikçilik, ipəkçiliklə məşğul olurdu. Şəkidən Şərq ölkələri ilə Rusiyaya ipək parça, xam ipək sənətkarlıq məmulatı ixrac olunurdu.

XIV əsrin I yarısında Hülakilər dövləti iflasa uğradıqdan sonra Şirvanşahlar dövləti ilə yanaşı Şəki də müstəqillik qazandı və Orlat sülaləsi hakimiyyətə gəldi. 1551-ci ildə şah Təhmasib Şəkinin müstəqilliyinə son qoydu. Şəki Səfəvilər dövlətinə birləşdirildi.

1747-ci ildə Şəki xanlığı yaradıldı. Şəki Azərbaycan xanlıqları içərisində ən güclü feodal dövləti idi. Şəki xanlığı öz sənətkarları, müxtəlif sənətkarlıq növləri ilə məşhur olub. Xanlıqda sənətkarlıq əsasən şəhərdə, xanlığın mərkəz şəhəri olan Şəki şəhərində cəmləşmişdi. Şəkidə ipək istehsalı və ipək emalı ilə məşğul olan sənətkarlıq geniş inkişaf tapmışdı. Başqa şəhərlərdə olduğu kimi, Şəkidə də hər sənət sahəsi bir məhəllədə yerləşir və məhəllə həmin sənət sahəsinin adını daşıyırdı. Azərbaycan sənətkarlarının sənətkar birləşmələri, daha doğrusu, sex təşkilatları var idi və bu birləşmələr həmkar, yaxud əsnaf adlanırdı. Əsnafın üzvləri üç kateqoriyaya bölünürdü: ustalar, kargərlər-yarımustalar və şagirdlər. Demək olar ki, bütün əsnafların öz bayraqları var idi. Hər bayrağın üzərində həmin əsnafın gerbi vurulurdu. Gerbdə adətən həmin sənətə aid olan alətlər təmsil olunurdu.

1861-ci ildə Şəkidə 1735 nəfər sənətkar yaşayırdı. Şəki şəhərində yaranan xalq tətbiqi sənəti sahələrinin, demək olar ki, hamısı bugünədək yaşadılmaqdadır. İllər ötdükcə sənətkarlar öz sənət sirlərini, qazandıqları təcrübəni nəsildən-nəslə ötürərək bugünümüzə qədər yaşatmışlar. Şəki sənətkarlarının istehsal etdikləri məhsullar yerli əhalinin tələbatını ödəməklə yanaşı, xarici ölkə bazarlarına da yol tapıb.

Şəkinin tərəqqisi həm də sənətkarlığın inkişafı ilə şərtlənirdi. Sənət, sənətkarlıq inkişaf etdikcə əhalinin gün-güzəranı yaxşılaşır, yeni-yeni karvansaralar tikilir, xalqlar və ölkələr arasında ticarət əlaqələri genişlənirdi. Bu isə əhalinin say artımına da müsbət təsir edirdi. Şəhər inkişaf etdikcə yeni həyata uyğun bir çox yeni sənət sahələri də yaranıb və onların bir çoxu indi də uğurla inkişaf etdirilir.

Şəki sənətkarlarının sayı haqqında ilk informasiyaya XIX əsrin başlanğıcında çar məmurlarının tərtib etdikləri statistik məlumatlarda rast gəlinir. 1848-ci ilə aid sənədlərdən məlumdur ki, o zaman əhalinin təkcə geyim və bəzək ehtiyaclarını ödəmək üçün şəhərdə 235 papaqçı, 173 dabbaq, 147 başmaqçı, 154 dərzi, 82 şəridçi, 41 gümüşbənd çalışıb. Onlar təkcə Şəki əhalisinin deyil, habelə qonşu əyalətlərdən gəlmiş müştərilərin də tələbatını ödəyirdilər. Şəkinin xalq sənətkarları öz ata-babalarından miras qalmış qədim sənət növlərini bu gün də yaşadırlar. Hazırda Şəkidə xalq tətbiqi sənətinin 18 növü üzrə 200 nəfərdən çox sənətkar məşğul olur. Onların bir çoxu artıq beynəlxalq səviyyədə tanınan və qiymətləndirilən sənətkarlardır. Müxtəlif sənət növləri üzrə keçirilmiş respublika və beynəlxalq səviyyəli sərgi, yarmarka və festivallarda Şəkinin xalq sənətkarlarının əsərləri yüksək dərəcəli diplomlara, qızıl medala layiq görülmüşdür. Azərbaycanın əməkdar mədəniyyət işçiləri - təkəlduz ustası Möhtərəm Ağahüseynzadə, şəbəkə ustası Əşrəf Rəsulov, məşhur dulusçu Şöyüb Məmmədov və başqaları təkcə respublikamızda deyil, xarici ölkələrdə də tanınırlar.

Şəkinin gümüşbəndlik sahəsində şöhrət qazanmış sənətkarlarından Müftəli bəy və Şəkər bəy Vəlicanbəyovların, usta Əbdülrəhim Hacı Mahmud oğlunun düzəltdiyi zinət əşyaları çox-çox uzaqlara yayılarmış. Qadınlar üçün saysız-hesabsız zinət əşyaları, o cümlədən qızıl bilərzik, belbağı, üzük, tana, yaxa düymələri, həmayil, silsilə və qeyri-imarət növləri şəhərin zərgər dükanlarının başlıca məhsulları imiş. Maraqlıdır ki, 1886-cı ildə Şəkidə 31 zərgərxana fəaliyyət göstərib. Təsadüfi deyil ki, şəkili zərgər Eyyub Mehdi oğlunun düzəltdiyi zərif zərgərlik məmulatı 1896-cı ildə Nijni-Novqorodda keçirilən Ümumrusiya sərgisinin yüksək mükafatına layiq görülüb.

İpəkçiliklə bağlı olan qədim sənət sahələrindən biri də təkəlduzluqdur. Əsrlər boyu ev peşəsi sayılıb və əsasən də qadın təxəyyülünün məhsulu olub. Tədqiqatçı A.Mustafayevin yazdığına görə, XIX əsrin əvvəllərində Şəkidə yəhər üzü bəzəyən 22, başmaq üzü bəzəyən 16, püştü üzü bəzəyən 50 təkəlduz dükanı olub.

Deyilənə görə, XIX əsrin ortalarında Azərbaycana səyahət etmiş Aleksandr Düma Şəkinin təkəlduz ustalarının bədii tikmə sahəsindəki məharətinə heyranlığını gizlədə bilməmişdir: “Mən 24 manata Şəkidə bədii tikməli 2 ədəd yəhər aldım. Belə yəhəri Fransada 200 franka da ala bilməzdim. Düzünü desəm, onu bizdə heç bir qiymətə tapmaq mümkün deyil”.

31 oktyabr 2017-ci ildə Parisdə UNESCO-nun Baş direktoru İrina Bokovanın qərarı ilə “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına 44 ölkədən 64 şəhər daxil edilib. Bu şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru kimi göstərir. Şəbəkə yerli kollektivlərdə böyük maraq yaradır və yeni siyahı ilə şəhərlərin tipologiyasının və coğrafi balansının müxtəlifliyini əks etdirir. Bu qərarla Şəki şəhəri də UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib.

2004-cü ildən bəri şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi tematika üzrə müəyyən olunur: incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi. Hazırda şəbəkənin 72 ölkədə 180 şəhəri var.

Sevindirici haldır ki, ölkəmizdə mədəni irsin qorunub saxlanılmasına, xalqımızın zəngin mədəniyyətinin təbliğinə dövlət səviyyəsində yetərincə diqqət yetirilir. Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları da mədəni irsin qorunub saxlanılması baxımından böyük əhəmiyyətə malikdir. Məhz, Birinci vitse-prezident, UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın diqqət və qayğısının nəticəsidir ki, beynəlxalq qurumun (UNESCO) verdiyi bu status Şəki üçün yeni mərhələnin başlanğıcı olacaq. Həm sənət və sənət növləri daha geniş miqyasda inkişaf etdiriləcək, həm də turistlərin buralara olan marağı daha da artacaq.


 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.