AZ   |   EN

Lavaş

Müdriklərimiz el-obasına həmişə təmiz ad, saf məhəbbət, açıq süfrə halal çörək diləyiblər. Halallığı, düzlüyü, haqqı, ədaləti, inamı çörəklə təsdiqləyiblər. Çörəyə həqiqət rəmzi, halallıq zirvəsi kimi baxıblar. Dava-qırğınları yatırtmaq, əmin-amanlıq yaratmaq üçün atalarımız çörəyə əl basıb, çörəyə and içiblər. “Çörək haqqı”, “Ruzi haqqı” deyib, çörəyi öpüb göz üstünə qoyublar. “Bir dəfə çörək yediyin yerə min dəfə baş əy”, “Çörək itirən haqqı itirər” nəsihətini, vəsiyyətini edib ağsaqqal, ağbirçəklərimiz. Xalqımız ocağa, pirə, öz dini inanclarına, ata-baba məzarlarına inandığı, tapındığı kimi çörəyə də tapınmış, ona müqəddəs kimi baxmışdırlar. Duz-çörəyə düz çörək deyilib. Bir sözlə çörək xalqımızın qida rasionu olmaqla bərabər həmdə onun and yeri, haqq yeri olmuşdur.

Ən qədim zamanlardan çörək xalqımızın süfrəsində mühüm yer tutmuşdur. Ümumi olaraq, çörək kimi bilinən bu qidanın xalq arasında müxtəlif növləri vardır. Məsələn: lavaş, dəstəna, fətir, çırpma, qalın, cad və. s. Naxçıvanda və Azərbaycanın digər bölgələrində çörək deyərkən daha çox lavaş yada düşür. Araşdırmacılar çörək ifadəsini çevirmək (sacda bişirilən zaman) sözü ilə bağlılığını qeyd edirlər. Bəlli olduğu kimi indinin özünə də yurdumuzun bir çox yerində çörək həmdə qədim türk sözü olub əppək kimi də qeyd olunur: saca əppək salmaq, əppək yapmaq və s. Xalqımızın qədim yazılı abidəsi olan Kitabi-Dədə Qorqud dastanında da oğuz yurdunun övladlarının yeməklərinin arasında tez-tez ətmək (Naxçıvanda əppək) adına rast gəlirik. Ətmək (əppək) sözü isə bir qayda olaraq əkmək sözündən yarandığı bilinməkdədir.

Çörək (lavaş) yapmaq (bişirmək) adətinə, ənənəsinə nəzər salsaq görərik ki, bu məsələ bir neçə mərhələdən keçmişdir. İlk mərhələ unun hazırlanması ilə başlanmışdır. Unun alınma üsulunun tarixi çox qədimdir. Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, hələ əkinçiliyin meydana gəldiyi dövrlərdə yerli əhali un əldə etmək texnikasına bələd olmuşdur. Buna misal olaraq Naxçıvanda II Kültəpə yaşayış yerində aparılmış arxeoloji qazıntılar nəticəsində əldə olunmuş buğda qalıqları, dəndaşları, kirkirə (əl daşı və ya dəstər) və s. göstərmək olar.

UNESCO-nun 2014 cü ildə Parisdə keşirilən Qeyri-Maddi Mədəni Irs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclasında Ermənistan tərəfindən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına lavaş “erməni çörəyi lavaşın hazırlanması ənənələri” kimi təqdim edilsə də, Azərbaycan tərəfi buna qəti surətdə etiraz edib. Bununla da Ermənistan təxribatının qarşısı alınıb. Belə ki, UNESCO Konvensiyasının tələblərinə uyğun olaraq faylın adı dəyişdirilib və bununla da lavaş mətbəx mədəniyyətinin erməni millətinə aid olmadığını, sadəcə, bu mətbəx nümunəsinin Ermənistan ərazisində mövcud olduğunu qəbul edib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və səyi nəticəsində ölkəmizin mədəni irsinin dünyada təbliğ olunması ilə bağlı təşəbbüslər öz müsbət nəticəsinin verməkdədir. Nəhayət, 2016-cı ilin 28 noyabr – 2 dekabr tarixində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyanda Azərbaycanın təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya birgə təqdim edilən “Lavaş, katırma, jupka, yufka – nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti” UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.