AZ   |   EN

Məhəmməd Füzulinin türkcə (azərbaycanca) “Divan”ının əlyazmasının surəti

Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin türkcə (azərbaycanca) “Divan”ının əlyazmasının surəti “Dünya Yaddaşı” Proqramı Reyestrinə daxil edilib.

Bundan öncə Əlyazmalar İnstitutunda saxlanılan tibb tarixinə dair üç əlyazma YUNESCO-nun Dünyanın Yaddaşı Proqramına daxil edilmişdi, lakin həmin əsərlərin müəllifləri - İbn Sina, Zəhravi, Zeynəddin Cürcani azərbaycanlı deyildi və həmin əlyazmalar da Azərbaycan əlyazmaları deyildi. Bu əsərlər orta əsrlərdə ölkəmizdə mədəniyyətin, elmin, təhsilin yüksək səviyyəsini göstərmək üçün çox vacib idi. İlk dəfə olaraq Azərbaycan müəllifinin əsəri, Azərbaycan əlyazması YUNESCO-nun Dünya Yaddaşı Proqramına daxil edilir.

UNESCO-nun universal çıxış və qorunma sektorunun müdiri Boyan Radoykov tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun ünvanına göndərilən məktubda deyilir: “UNESCO-nun Baş qərargahının yerləşdiyi Paris şəhərində “Dünya Yaddaşı” Proqramının Beynəlxalq Məşvərət Komitəsinin tövsiyəsi ilə Komitənin 2017-ci il oktyabrın 24-dən 27-dək keçirilmiş 13-cü iclasında Baş direktor tərəfindən Məhəmməd Füzulinin “Divan”ının əlyazmasının surətinin “Dünya Yaddaşı” Proqramı Reyestrinə əlavə olunmasının təsdiqlənməsi haqqında məlumatı verməkdən məmnunluq duyuram. Baş direktor tərəfindən imzalanmış sertifikatı sizə göndəririk. Bu sənədli irsin “Dünya Yaddaşı” Proqramı Reyestrinə daxil edilməsi onun müstəsna dəyərini əks etdirir və bəşəriyyət üçün qorunmasının əhəmiyyətini vurğulayır. Bu, həmçinin kollektiv yaddaşın əhəmiyyətinə və onun mümkün qədər çox insan üçün əlçatan olmasına şəraitin yaradılması məqsədilə qorunmasına diqqət yetirmək baxımından mükəmməl imkan yaradır”.

Əlyazmalar İnstitutu tərəfindən verilən məlumata görə, haqqında söhbət gedən əsər Füzulinin türkcə (azərbaycanca) “Divan”ının ən mötəbər nüsxəsi sayılan, şairin ölümündən 16 il sonra - 1572-ci ildə üzü köçürülən Bakı əlyazmasıdır.

76 vərəqdən ibarət bu əlyazmanı Səidi təxəllüsü ilə məşhur olan Mahmud ibn Davud Ulanyavi 1569-1572-ci illərdə köçürüb. 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.