AZ   |   EN

Azərbaycan Kəlağayı sənəti

Kəlağayının istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki və Basqalda yüksək keyfiyyətli kəlağayılar hazırlanırdı. Mənbələrin məlumatına görə, hələ orta əsrlərdən bəzi ölkələrə ixrac olunurdu. Kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilirdi. Bu və ya digər sərbaflıq mərkəzinin kəlağayısı yeləndəki ornamentlərinə görə bir-birindən seçilirdi. Yaşlı və qoca qadınlar kəlağayının çalma və yaxud dingə bağlayır, cavan qadın və qızlar isə örpək kimi örtürdülər. Kəlağayı ölçü və rəng cəhətdən müxtəlif olur. Adətən yaşlı qadınlar tünd, gənc qadınlar isə ağ və əlvan rəngli Kəlağayı örtürlər. Kəlağayı bir sıra Yaxın Şərq, Qafqaz xalqları arasında da yayılmışdır. İpəkdən toxunmuş dördkünc formalı qadın baş örtüyünə Azərbaycanın qərb zonasında “çarqat” da deyilir.

Kəlağayılar tarixən naz-qəmzəli, şux yerişli Azərbaycan xanımlarının bənzərsiz gözəlliyinə xüsusi bir sirr də qatıb. Bu kəlağayılarda şairlərin, aşıqların fəxrlə tərənnüm etdikləri utancaq və ürkək baxışlar, işvəkar təbəssümlər, qadın simasının gözəllik cizgiləri gizlənib.

Respublikamızın tarixi ərazilərində aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl III minilliyə aid tunc iynə və bizlərin aşkarlanması onun qədim sakinlərinin özlərinə paltar tikmək bacarıqlarını sübut edirdi. Qazıntılar zamanı ipək parçalardan hazırlanan geyim qalıqları arasında kəlağayıların da olması onun Azərbaycan xalqına məxsusluğuna ən tutarlı nümunədir. Buna əsaslanıb söylənilir ki, ipək məhsullarından hazırlanan qadın baş örtüyü – kəlağayı qədim Azərbaycan xalqının geyim etnologiyasının bir hissəsidir.

Kəlağayıya aid ilk sərgi ölkəmizdə 2005-ci ildə keçirilib. Sonralar Azərbaycan kəlağayısı Türkiyə, Gürcüstan, Macarıstan, Avstriya, İtaliya, ABŞ, Belçika, Malayziya və digər ölkələrdə müxtəlif sərgilərdə nümayiş olunub.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il  noyabrın 24-28-də Parisdə keçirilən 9-cu sessiyasında Azərbaycan kəlağayı sənəti “Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Mehriban Əliyevanın səyləri və çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycan ilə UNESCO arasında yüksək etimada əsaslanan əməkdaşlıq qurulub. Bu əməkdaşlığın və Azərbaycanın birinci xanımının qayğısının nəticəsi olaraq UNESCO-nun müvafiq siyahılarında yer alan mədəni irs nümunələrinin qorunması və inkişafı üçün ölkəmizdə əhəmiyyətli tədbirlər həyata keçirilir.

Kəlağayı faylı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanıb.


 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.