AZ   |   EN

Çıraqqala

Soykökümüzün yorulmaz tədqiqatçısı, mərhum alimimiz Mirəli Seyidov “Azərbaycan xalqının soykökünü düşünərkən” adlı kitabında (Yazıçı-1989) yazır ki, “Azərbaycan xalqının soykökündə duran qəbilə birləşmələrindən biri Siraq (Şiraq) SİR-lərdir. Bu qəbilə birləşməsi Saqlar, Varsaqlar, Oğuzlarla qohum qəbilə birləşməsi olmuşdur. Böyük imperiyası olan, Orta Asiyadan, İtil çayı sahillərindən tutmuş Qafqaza kimi geniş bir ərazidə ağalıq etmiş siraqlar Qafqazın ictimai-siyasi həyatında görkəmli yer tutmuşdur. Siraqın adına, bu adlı qəbilə birləşməsinə eradan qabaq və eranın VII-VIII yüzilliklərinə kimi yunan qaynaqlarında, Orxon-Yenisey və başqa abidələrdə tuş oluruq”. Sonra müəllif elmi izahlarla sübut edir ki, azərbaycanlılar “siraq”, “şiraq”, “çıraq” da demişlər. Deməli, öz kökü ilə türkdilli olan “siraq”, “şiraq”, “çıraq” sözü “işıq buraxan”, “şüa buraxan” deməkdir. Bütün bunlar Çıraqqalanın adının qədim türk tayfalarının adı ilə bağlılığını göstərir.

El yaddaşında qalan söz-söhbətlərə görə isə şimaldan hər hansı bir təhlükə gözlənilən vaxt çaparlar bunu qaladakı gözətçilərə xəbər verər, bu zaman qalanın ən uca bürclərində tonqal, od, çıraq yandırarmışlar. Ətraf yurd-obada yaşayan camaata da agah olarmış ki, təhlükə var... Beşbarmaqdan, Şabrandan tutmuş Dərbəndəcən bu çıraq işarə, siqnal rolunu oynar, əhalini gözlənilən təhlükəyə qarşı ayıq-sayıq salarmış. 

Hündür qaya üzərində tikilmiş bu qala qədim Şirvanın uzaq yerlərini görməyə imkan verməklə yanaşı həm də çox münasib müdafiə imkanlarına malikdir. Memarlıq baxımından da Çıraqqala nadir sənət incisidir. Çıraqqala mərkəzi qala da daxil olmaqla on yeddi bürcdən ibarətdir. Düzbucaqlı formasındadır. Qala əsasən yerli daşlardan və bişmiş kərpicdən tikilmişdir. Divarların hündürlüyü təxminən 8-10 metr, qalınlığı isə 3-4 metrdir. Bütün qala divarı boyu keşikçilərin daldalanması üçün mətərislər, müdafiə, istehkam qurğuları qalmaqdadır. Qala qapısından bir az aralı, ortalıqda tağbənd örtməli ovdan - su anbarı yerləşir. Gözə dəyən saxsı borulardan və başqa əlamətlərdən görünür ki, su bu ovdana yaxınlıqdakı dağlardakı çeşmələrdən yığılıb süzülürmüş. Hündürlüyü təxminən 100-120 metr olan sıldırım qayanın zirvəsində ucalan baş qüllə uzaqdan daha əzəmətli və möhtəşəm görünür. Bu qüllə müşahidə, siqnal - işarə məqsədi ilə tikilib. 

Burada dayanan yurdun əsgər övladları-keşikçiləri bir tərəfi Dəmirqapı Dərbənddən bir tərəfi Beşbarmaq səddinəcən dəniz sahili boyu, təxminən 100 km-ə qədər bir ərazini nəzarətdə saxlaya bilirmişlər. Memarlıq namizədi Ö.Qoçulu Çıraqqalanın baş bürcünün çox maraqlı quruluşa malik olmasını qeyd edərək yazır ki, bir tərəfdən girdə, o biri tərəfdən düzbucaq şəklində hörülmüş silindrik gövdə başdan-başa üfüqi zolaqlarla bölünüb. Növbə ilə daş və kərpic hörgülü zolaqlar onun monumentallığını daha da artırır. (Bakıdakı “Qız qalası”). Belə bir fənd çox güman ki, eyni zamanda konstruktiv möhkəmlik üçün məqsədəuyğundur. Elə ona görə də sal qaya üstündə yalnız öz ağırlığı hesabına dayanan baş bürcün möhkəm quruluşunu yaratmaq üçün qurşaqvari zolaqlardan istifadə edilmişdir.

Bu tarixi abidə “Xəzər sahili mühafizə konstruksiyaları” daxilində 24 oktyabr 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdir.
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.