AZ   |   EN

Azərbaycan Tar ifaçılıq sənəti

Azərbaycan simli musiqi alətləri arasında texniki və dinamik imkanlarına görə müasir tar ən mükəmməl və təkmil çalğı alətidir. “Tar” sözünün farsca lüğəti mənası tel, sap deməkdir. Başqa musiqi alətləri kimi təbiidir ki, müasir tar da özündən əvvəlki qədim simli musiqi alətlərinin əsasında yaranmış və əsrlər boyu formalaşmışdır.

Müasir tar ifaçılığı XX əsrdə daha güclü inkişaf mərhələsinə başlamışdır. Belə ki, 1931-ci ildə Ü.Hacıbəyov və M.Maqomayevin təşəbbüsü ilə yaradılmış ilk notlu xalq çalğı alətləri orkestrində tar aparıcı alət kimi əsas yeri tutmuşdur. Əsası Ü.Hacıbəyov tərəfindən qoyulmuş notlu ifaçılıq məktəbi tarın texniki və bədii imkanlarını daha da artırmışdır.

Tar, əsasən, muğam üçlüyünün tərkibində (tar, kamança, qaval) aparıcı alət kimi istifadə edilib və bu gün də muğam sənətinin inkişafında müstəsna rol oynayır. Muğam operalarında solo oxumaları tarın müşayiəti ilə aparılır. Azərbaycan bəstəkarları tar ilə orkestr üçün bir çox irihəcmli konsertlər yazmışlar. 

Quruluş və forma etibarilə başqa simli alətlərdən fərqli olan tar, əsasən üç hissədən – çanaq, qol və kəllədən ibarətdir. Tarın çanaq hissəsi tutdan, qol və kəllə hissələri isə qoz ağacından hazırlanır. Ümumi uzunluğu 850 mm, çanağının hündürlüyü 165 mm, eni 185 mm-dir.

Qoluna 22 pərdə bağlanır. Çanağının üzərinə mal ürəyinin pərdəsi çəkilir. Müxtəlif diametrli 11 metal simləri vardır. Sümük və ya ebonitdən hazırlanmış kiçik mizrabla səsləndirilir. Simlər üç qrupa bölünür:

1.Ağ, sarı və kök simlər(hər biri cüt olur)

2.Kök sim (tək qalın sim yalnız muğamla ifa olunur)

3.Zəng simlər(cingənə - iki cüt olur)

Tar sinədə üfüqi tutulur, sağ əlin biləyi ilə çanaq hissəsi döşə sıxılır, simlər baş və şəhadət barmaqlarının arasında tutulmuş mizrab vasitəsi ilə ehtizaza gətirilir. Tarın qolu sol əlin baş və şəhadət barmaqları arasında sıxılır, sağ əlin ehtizaza gətirdiyi simlər sol əlin şəhadət, orta və adsız barmaqları ilə müxtəlif pərdələri sıxmaqla çalınır. İfa zamanı texniki və bədii imkanları təmin etmək üçün trel və müxtəlif mizrabvurma üsullarından, ştrixlərdən istifadə edilir. Üstmizrab, altmizrab, üst-altmizrab, alt-üstmizrab, rux (sağ-sol) mizrab, santurmizrab (üstaltüst) və digər ştrixlərdən əlavə, lal barmaq, dartma sim (vibrasiya), sürüşdürmə barmaq (qlissando) kimi ştrix və üsullardan da istifadə olunur. İfaçı mizrabı simə vuraraq tarı döşünə sıxmaqla səsi uzun müddət dalğalandırır. Alınmış bu fasilə zamanı yaranan effekt "xum" adlanır.

Azərbaycanda məşhur tar ifaçıları – tərzanlar yetişmişdir. Onlardan Mirzə Sadıq (Sadıqcan), Mirzə Mansur Mansurov, Məşədi Zeynal Haqverdiyev, Məşədi Cəmil Əmirov, sonralar Məmmədxan Bakıxanov, Sərvər İbrahimov, Bəhram Mansurov, Həbib Bayramov kimi məşhur tərzanlar yaşatmışlar. Bu gun isə Ramiz Quliyev, Zamiq Əliyev, Elşin Həşimov və başqaları Azərbaycan tar ifaçılıq sənətini davam etdirərək yaşadırlar.

2012-ci il dekabrın 3-dən etibarən Fransanın Paris şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni Irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyası keçirilmişdir. Dekabrın 7-də yekunlaşmış sessiyada UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısı müzakirə olunub və "Simli musiqi aləti tarın hazırlanma və ifaçılıq sənəti" UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni Irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Bu hadisə Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı, həmçinin Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təşviqi məqsədilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun Xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olub.
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.