AZ   |   EN

Kamança

Kamanla çalınan simli musiqi alətidir. Müxtəlif növləri başqa adlarla Şərq və Orta Asiya xalqları arasında yayılmışdır. Kamança ifaçılığının Azərbaycanda yüksək inkişafı XIX əsrin ikinci yarısından başlayaraq xanəndəlik sənətinin inkişaf etməsi ilə bağlıdır. 

İlk nümunələri balqabaqdan, hind qozundan hazırlanar, fil sümüyü ilə bəzədilərmiş. Bir və ikisimli kamançanın nə vaxtsa yaylı qopuzdan formalaşması güman edilir. Kamança Orta əsr klassiklərinin əsərlərində geniş təsvir olunmuşdur. XVI əsr Təbriz rəssamlıq məktəbinin nümayəndəsi Mir Seyid Əlinin "Musiqi məclisi" rəsm əsərində bərbət, dəf və kamança alətləri təsvir edilmişdir. 

Əbdülqadir Maraği əsərlərində başqa musiqi alətləri ilə yanaşı, kamançanın da adını çəkmiş və onun haqqında məlumat vermişdir. XVII əsrdə Azərbaycana səyahət etmiş alman səyyahı E.Kempfer kamançanın üçsimli və bəzən də dördsimli alət olduğunu, çox gözəl səs tembri ilə səsləndiyini qeyd edir. Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında kamança belə təsvir edilir: “Kaman Musa kimi yanır, inləyir, Çalan xanəndəni durub dinləyir.” 

Keçən əsrdə üçsimli, dördsimli və hətta beşsimli kamançanın mövcudluğu məlumdur. Azərbaycan Tarixi Muzeyinin etnoqrafiya fondunda saxlanılan XIX əsrə aid beşsimli kamança bu baxımdan maraqlıdır. Həmin muzeydə görkəmli bəstəkar Zülfüqar Hacıbəyova məxsus olan bir kamança da nümayiş etdirilir, üç simdən ibarət olan bu kamançanın çanaq və qol hissələri yüksək zövqlə təbii sədəflə bəzədilmişdir. XIX əsrə aid edilən bu alətin maraqlı cəhəti ondan ibarətdir ki, onun çanağı yarı hissədən şaquli şəkildə kəsilmiş və üzərinə dəri çəkilmişdir. 

Kamança çanaq, qol və çanağın içərisindən keçərək, onun hər iki hissəsini birləşdirən şişdən ibarətdir. Çanaq, qol və aşıqlar qoz ağacından xüsusi dəzgahda yonulma üsulu ilə hazırlanır. Çanağın üzünə nərə balığının dərisindən hazırlanmış üzlük çəkilir. Alətin səslənməsinin yaxşı təmin edilməsində qol ilə simlər arasındakı məsafənin dəqiq təyin edilməsi vacib şərtdir. Ümumi uzunluğu 700 mm, çanağının hündürlüyü 175 mm, eni 195 mm-dir. 

Diapazonu kiçik oktavanın "lya" səsindən üçüncü oktavanın "lya" səsinə kimidir. Kamança üçün notlar "sol" açarında yazılır və yazılışından bir ton yuxarı səslənir. Xalis kvarta, kvinta intervalları ilə köklənir.

Azərbaycanda gözəl kamança ifaçıları sırasında Tələt Bakıxanaov, Elman Bədəlov, Habil Əliyev, Şəfiqə Eyvazova, Fəxrəddin Dadaşov, Ədalət Vəzirov, Ağacəbrayıl Abbasəliyev, Elnur Əhmədov və başqalarının adları xüsusi qeyd edilməlidir.

Azərbaycanın UNESCO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə kamança hazırlanması və ifaçılıq sənəti UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahsına daxil edilmişdi.

2017-ci ilin dekabr ayının 7-də Koreya Respublikasının Jeju adasında keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında Azərbaycan Respublikasının və İran İslam Respublikasının birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.