AZ   |   EN

"İdmanda dopinqə qarşı mübarizə haqqında" Beynəlxalq Konvensiyaya

"İdmanda dopinqə qarşı mübarizə haqqında" Beynəlxalq Konvensiyaya qoşulmaq barəsində

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası 2005-ci il oktyabrın 19-da Paris şəhərində YUNESKO Baş Konfransının 33-cü sessiyasında qəbul edilmiş "İdmanda dopinqə qarşı mübarizə haqqında" Beynəlxalq Konvensiyaya qoşulsun.

I. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 may 2007-ci il
№ 328-IIIQ

İdmanda dopinqə qarşı mübarizə haqqında
Beynəlxalq Konvensiya

Birləşmiş Millətlər Təhsil, Elm və Mədəniyyət Təşkilatının (bundan sonra "YUNESKO" adlandırılacaq) Baş Konfransı 2005-ci il oktyabrın 3-dən 21-dək Parisdə keçirilmiş 33-cü sessiyasında,

YUNESKO-nun məqsədinin təhsil, elm və mədəniyyət sahəsində xalqların əməkdaşlığının genişləndirilməsi yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaratmaqdan ibarət olmasını nəzərə alaraq,

insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə istinad edərək,

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2003-cü il noyabrın 3-də qəbul edilmiş və idmana tərbiyəyə, sağlamlığa, inkişafa və sülhə şərait yaratma vasitəsi kimi yanaşan 58/5 saylı qətnaməni, xüsusən onun 7-ci bəndini nəzərə alaraq,

sağlamlığın qorunmasında, mənəvi, mədəni və fiziki tərbiyədə, eləcə də beynəlxalq qarşılıqlı anlaşmanın və sülhün möhkəmlənməsinə şərait yaratmaqda idmanın mühüm rol oynamalı olduğunu dərk edərək,

idmanda dopinqin kökünün kəsilməsinə yönəlmiş beynəlxalq əməkdaşlığın təşviq olunmasının və əlaqələndirilməsinin zəruriliyini qeyd edərək,

idmançılar tərəfindən idmanda dopinqdən istifadə edilməsi ilə və bunun onların sağlamlığı, ədalətli oyun prinsipi, dələduzluğun kökünün kəsilməsi və idmanın gələcəyi üçün doğura biləcəyi nəticələrlə əlaqədar narahatlıq keçirərək,

dopinqin YUNESKO-nun Bədən Tərbiyəsi və İdmana dair Beynəlxalq Xartiyasında və Olimpiya Xartiyasında təsbit olunmuş etik prinsiplərə və tərbiyəvi dəyərlərə təhlükə yaratdığını dərk edərək,

Avropa Şurası çərçivəsində qəbul edilmiş Antidopinq Konvensiyasının və həmin Konvensiyaya Əlavə Protokolun beynəlxalq ümumi hüququn dopinqə qarşı mübarizə sahəsində ölkələrin siyasətinin və hökumətlərarası əməkdaşlığın əsasını təşkil edən mexanizm olduğunu xatırladaraq,

bədən tərbiyəsi və idmana cavabdeh olan nazirlərin və rəhbər işçilərin YUNESKO tərəfindən Moskvada (1988-ci il), Punta-del-Estada (1999-cu il) və Afinada (2004-cü il) təşkil edilmiş ikinci, üçüncü və dördüncü beynəlxalq konfranslarında dopinq məsələsinə dair qəbul edilmiş tövsiyələrə, həmçinin YUNESKO-nun Baş Konfransının 32-ci sessiyasında (2003) qəbul edilmiş 32 C/9 saylı Qətnaməyə istinad edərək,

Ümumdünya Antidopinq Agentliyi tərəfindən 2003-cü il martın 5-də Kopenhagendə keçirilən idmanda dopinq məsələsinə dair ümumdünya konfransında qəbul edilmiş Ümumdünya Antidopinq Məcəlləsinə, eləcə də İdmanda dopinqə qarşı mübarizə barədə Kopenhagen Bəyannaməsinə diqqət yetirərək,

həmçinin aparıcı idmançıların gənclərə göstərdiyi təsiri nəzərə alaraq,

dopinq tətbiq edilməsinin qarşısının alınması strategiyalarının maksimal effektivliyini təmin etmək məqsədilə dopinqin aşkar edilməsi metodlarının təkmilləşdirilməsi və ondan istifadə edilməsinə təsir göstərən amillərin daha dərindən öyrənilməsi üçün daim tədqiqatlar aparılmasının və onların genişlən-dirilməsinin zəruriliyini nəzərə alaraq,

həmçinin dopinqin tətbiq edilməsinin qarşısının alınması məsələlərinə dair idmançıların, idmançıların yardımçı heyətinin və bütövlükdə cəmiyyətin daim maarifləndirilməsinin vacibliyini nəzərə alaraq,

dopinqə qarşı mübarizə proqramlarının həyata keçirilməsi üçün iştirakçı dövlətlərin potensialının artırılmasının zəruriliyinə diqqət yetirərək,

idmana cavabdeh olan dövlət orqanlarının və təşkilatların idmanda dopinq tətbiq edilməsinin qarşısının alınması və ona qarşı mübarizə üzrə, xüsusən idman tədbirlərinin ədalətli oyun və bu tədbirlərin iştirakçılarının sağlamlığının qorunması prinsipi əsasında lazımi qaydada keçirilməsini təmin etmək üçün bir-birini qarşılıqlı tamamlayan funksiyalar yerinə yetirdiklərini nəzərə alaraq,

bu orqanların və təşkilatların həmin məqsədlərə çatmaq üçün bütün müvafiq səviyyələrdə maksimal müstəqilliyə və şəffaflığa nail olmaqla əməkdaşlıq etməli olduqlarını etiraf edərək,

idmanda dopinqin kökünün kəsilməsi üçün bundan sonra daha fəal birgə tədbirlər görmək əzmində olaraq, idmanda dopinqin kökünün kəsilməsinin idmanda antidopinq standartlarının və praktikasının ardıcıl uzlaşdırılmasından, ölkə və dünya səviyyəsində əməkdaşlıqdan qismən asılı olduğunu etiraf edərək,

2005-ci il oktyabrın on doqquzunda bu Konvensiyanı qəbul edir.

I. TƏTBİQ SAHƏSİ

Maddə 1

Konvensiyanın məqsədi

YUNESKO-nun bədən tərbiyəsi və idman sahəsində fəaliyyətinin strategiyası və proqramı çərçivəsində bu Konvensiyanın məqsədi idmanda dopinq tətbiq edilməsinin qarşısının alınmasına və onun kökünün kəsilməsi naminə ona qarşı mübarizəyə kömək etməkdən ibarətdir.

Maddə 2

Əsas anlayışlar

Aşağıdakı əsas anlayışlar Ümumdünya Antidopinq Məcəlləsi kontekstində başa düşülməlidir. Lakin məna fərqləri yarandığı halda üstünlük Konvensiyanın müddəalarına verilir.

Bu Konvensiyanın məqsədləri üçün:

1. "Akkreditə edilmiş dopinq nəzarəti laboratoriyaları" Ümumdünya Antidopinq Agentliyi tərəfindən akkreditə edilmiş laboratoriyalar deməkdir.

2. "Antidopinq təşkilatı" dopinq nəzarəti prosesinin hər hansı elementinin işlənib hazırlanması, həyata keçirilməsi və ya ona riayət olunmasının təmin edilməsi qaydalarının müəyyən edilməsinə cavabdeh olan hüquqi şəxsdir. Onlara, məsələn, Beynəlxalq Olimpiya Komitəsi, Beynəlxalq Paralimpiya Komitəsi, irimiqyaslı tədbirlər keçirən və həmin tədbirlərdə test yoxlamalarını həyata keçirən digər təşkilatlar, Ümumdünya Antidopinq Agentliyi, beynəlxalq federasiyalar və milli antidopinq təşkilatları aiddir.

3. İdmanda "antidopinq qaydasının pozulması" aşağıda sadalanan pozuntulardan birinin və ya bir neçəsinin baş verməsi deməkdir:

(a) idmançının orqanizmindən götürülmüş nümunədə qadağan olunmuş maddənin və ya onun metabolitlərinin, yaxud markerlərinin olması;

(b) qadağan olunmuş maddədən və ya qadağan olunmuş metoddan istifadə edilməsi və ya istifadə etmək cəhdi;

(c) qüvvədə olan antidopinq qaydalarına müvafiq olaraq bildiriş alındıqdan sonra üzrlü səbəblər olmadan nümunə götürülməyə gəlməkdən imtina edilməsi və ya nümunə götürülməyə gəlməmək və ya nümunə götürülməsindən başqa şəkildə imtina etmək;

(d) idmançının yarışdan kənar vaxtda test yoxlamasından keçirilə bilməsi barədə qüvvədə olan tələblərin pozulması, o cümlədən idmançının olduğu yer barədə tələb olunan informasiyanın təqdim edilməməsi və ağlabatan qaydalar əsasında təyin edilən test yoxlamasından keçmək üçün gəmləməsi;

(e) dopinq nəzarətinin istənilən mərhələsində saxtakarlıq edilməsi və ya saxtakarlıq etmək cəhdləri;

(f) qadağan olunmuş maddələrə və ya metodlara malik olmaq;

(g) qadağan olunmuş hər hansı maddənin və ya qadağan olunmuş hər hansı metodun yayılması;

(h) hər hansı idmançının orqanizminə qadağan olunmuş maddə daxil edilməsi və ya daxil etmək cəhdi, yaxud onun barəsində qadağan olunmuş metodun tətbiq edilməsi və ya tətbiq etmək cəhdi, yaxud antidopinq qaydasının pozulması ilə əlaqədar və ya bu qaydanı pozmaq üçün göstərilən hər hansı cəhdlə əlaqədar kömək, həvəsləndirmə, şərait yaradılması, təhrikçilik, bu əməllərin gizlədilməsi və ya onlarda hər hansı başqa formada iştirak.

4. Dopinq nəzarəti məqsədləri üçün "idmançı" dedikdə, hər bir milli antidopinq təşkilatı tərəfindən müəyyən edilən və iştirakçı dövlətlər tərəfindən qəbul edilən qaydada beynəlxalq və ya milli səviyyədə idmanla məşğul olan istənilən şəxs, eləcə də idmanla məşğul olan və ya iştirakçı dövlətlər tərəfindən qəbul edilən şəkildə daha aşağı səviyyəli idman tədbirində iştirak edən  564 hər hansı başqa şəxs nəzərdə tutulur. Təhsil və hazırlıq proqramlarının məqsədləri üçün "idmançı" dedikdə, hər hansı idman təşkilatının himayəsi altında idmanla məşğul olan istənilən şəxs nəzərdə tutulur.

5. "İdmançının yardımçı heyəti" dedikdə, idmançılarla işləyən və ya idman yarışında iştirak edən və ya iştirak etməyə hazırlaşan idmançıların müalicəsi ilə məşğul olan hər hansı məşqçi, təlimatçı, menecer, agent, komandanın ştatının üzvü, vəzifəli şəxs, tibbi və ya paratibbi heyət nəzərdə tutulur.

6. "Məcəllə" dedikdə, Ümumdünya Antidopinq Agentliyi tərəfindən 2003-cü il martın 5-də Kopenhagendə qəbul edilmiş və bu Konvensiyaya 1 saylı Əlavədə verilmiş Ümumdünya Antidopinq Məcəlləsi nəzərdə tutulur.

7. "Yarış" dedikdə, ayrılıqda götürülmüş hər bir ötüş, matç, oyun və ya ayrıca idman yarışı nəzərdə tutulur.

8. "Dopinq nəzarəti" dedikdə, test yoxlamalarının keçirilməsinin planlaşdırılmasını, nümunələr götürülməsini və onlarla rəftarı, laboratoriya analizini, test yoxlamalarının nəticələrinin işlənməsini, elan olunmasını və onlardan şikayət verilməsini əhatə edən proses nəzərdə tutulur.

9. "İdmanda dopinq" dedikdə, antidopinq qaydasının pozulması halı nəzərdə tutulur.

10.  "Lazımi qaydada müvəkkil edilmiş dopinq nəzarəti qrupları" dedikdə, beynəlxalq və ya milli antidopinq təşkilatlarının rəhbərliyi altında fəaliyyət göstərən dopinq nəzarəti qrupları nəzərdə tutulur.

11. Yarış dövründə və yarışdankənar vaxtda aparılan test yoxlamaları arasında fərq qoyulması məqsədləri üçün "yarış test yoxlaması" dedikdə, hər hansı beynəlxalq federasiyanın və ya başqa müvafiq antidopinq təşkilatının qaydalarına əsasən başqa hal nəzərdə tutulmamışdırsa, idmançının konkret yarışda iştirakı ilə əlaqədar test yoxlamasından keçmək üçün seçildiyi test yoxlaması nəzərdə tutulur.

12. "Laboratoriyalar üçün beynəlxalq standart" dedikdə, bu Konvensiyaya 2 saylı Əlavədə verilmiş standart nəzərdə tutulur.

13."Test yoxlaması üçün beynəlxalq standart" dedikdə, bu Konvensiyaya 3 saylı Əlavədə verilmiş standart nəzərdə tutulur.

14. "Qabaqcadan bildiriş verilmədən" dedikdə, idmançıya qabaqcadan məlumat verilmədən aparılan dopinq nəzarəti nəzərdə tutulur. Bu halda idmançıya bildiriş verildiyi andan nümunə götürülənə qədər onun daimi müşayiəti təmin edilir.

15. "Olimpiya hərəkatı" dedikdə, Olimpiya Xartiyasını rəhbər tutmağa razı olan və Beynəlxalq Olimpiya Komitəsinin səlahiyyətlərini tanıyan hər kəs, yəni, Olimpiya Oyunlarının proqramına daxil olan idman növləri üzrə beynəlxalq federasiyalar, milli olimpiya komitələri, Olimpiya Oyunlarının təşkilat komitələri, idmançılar, hakimlər və arbitrlər, assosiasiyalar və klublar, eləcə də Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan bütün təşkilatlar və təsisatlar nəzərdə tutulur.

16. "Yarışdankənar dopinq nəzarəti" dedikdə, yarışlardankənar vaxtda keçirilən hər hansı dopinq nəzarəti nəzərdə tutulur.

17. "Qadağan olunmuş siyahı" dedikdə, qadağan olunmuş maddələrin və qadağan olunmuş metodların göstərildiyi, bu Konvensiyaya 1 saylı Qoşmada verilmiş siyahı nəzərdə tutulur.

18. "Qadağan olunmuş metod" dedikdə, bu Konvensiyaya 1 saylı Qoşmada verilən Qadağan olunmuş siyahıda bu qisimdə göstərilən hər hansı metod nəzərdə tutulur.

19. "Qadağan olunmuş maddə" dedikdə, bu Konvensiyaya 1 saylı Qoşmada verilən Qadağan olunmuş siyahıda bu qisimdə göstərilən hər hansı maddə nəzərdə tutulur.

20. "İdman təşkilatı" dedikdə, idmanın bir və ya bir neçə növü üzrə idman tədbirlərinin keçirilməsi qaydalarını müəyyənləşdirən orqan qismində çıxış edən istənilən təşkilat nəzərdə tutulur.

21. "Terapevtik istifadə üçün icazələr verilməsinə dair standartlar" dedikdə, bu Konvensiyaya 2 saylı Qoşmada verilmiş standartlar nəzərdə tutulur.

22. "Test yoxlaması" dedikdə, dopinq nəzarəti prosesinin test yoxlamalarının keçirilməsinin planlaşdırılması, nümunələr götürülməsi, nümunələrlə rəftar və nümunələrin laboratoriyaya daşınmasından ibarət hissələri nəzərdə tutulur.

23. "Terapevtik istifadə üçün icazə" dedikdə, Terapevtik istifadə üçün icazələr verilməsinə dair standartlara müvafiq olaraq verilən icazə nəzərdə tutulur.

24. "İstifadə" dedikdə, qadağan olunmuş maddənin və ya qadağan olunmuş metodun tətbiq edilməsi, peroral şəkildə daxil edilməsi, inyeksiyası və ya hər hansı başqa üsulla işlədilməsi nəzərdə tutulur.

25. "Ümumdünya Antidopinq Agentliyi" (WADA) dedikdə, 1999-cu il noyabrın 10-da İsveçrə qanunvericiliyinə müvafiq olaraq bu adda təsis edilmiş fond nəzərdə tutulur.

Maddə 3

Konvensiyanın məqsədlərinə nail olmaq vasitələri

İştirakçı dövlətlər Konvensiyanın, məqsədlərinə nail olmaq üçün:

(a) milli və beynəlxalq səviyyələrdə Məcəllənin prinsiplərinə müvafiq olan lazımi tədbirlər görməyi;

(b) idmançıların müdafiəsinin təmin edilməsinə, idmanda etik prinsiplərə riayət olunmasına və tədqiqatların nəticələrindən birgə istifadə edilməsinə yönəlmiş beynəlxalq əməkdaşlığın bütün formalarını rəğbətləndirməyi;

(c) idmanda dopinqə qarşı mübarizə sahəsində iştirakçı dövlətlər və aparıcı təşkilatlar arasında beynəlxalq əməkdaşlığa, xüsusən Ümumdünya Antidopinq Agentliyi ilə əməkdaşlığa şərait yaratmağı öhdələrinə götürürlər.

Maddə 4

Konvensiyanın Məcəllə ilə əlaqəsi

1. İdmanda dopinqə qarşı mübarizə üzrə milli və beynəlxalq səviyyələrdə fəaliyyətin əlaqələndirilməsi məqsədilə iştirakçı dövlətlər bu Konvensiyanın 5-ci maddəsində nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün əsas kimi Məcəllənin prinsiplərinə əməl etməyi öhdələrinə götürürlər. Bu Konvensiyada heç nə iştirakçı dövlətlərin Məcəlləyə əlavə olaraq başqa tədbirlər görməsinə mane olmur.

2. Məcəllə və ona 2 və 3 saylı əlavələrin* ən son versiyaları məlumat üçün verilir və onlar bu Konvensiyanın ayrılmaz tərkib hissələri deyildir. Əlavələr özlüyündə iştirakçı dövlətlər üçün hər hansı beynəlxalq hüquqi öhdəliklər doğurmur.

3. Qoşmalar bu Konvensiyanın ayrılmaz tərkib hissəsidir.

Maddə 5

Konvensiyanın vəzifələrinin həlli ilə bağlı tədbirlər

Hər bir iştirakçı dövlət bu Konvensiyada ifadə edilən öhdəlikləri yerinə yetirərkən müvafiq tədbirlər görməyi öhdəsinə götürür. Həmin tədbirlər qanunvericilik, normativ tənzimləmə, siyasət və ya inzibati praktika sahəsinə aid ola bilər.

Maddə 6

Başqa beynəlxalq sənədlərlə qarşılıqlı əlaqə

Bu Konvensiya iştirakçı dövlətlərin əvvəllər bağladıqları, bu Konvensiyanın predmetinə və məqsədlərinə zidd olmayan sazişlərlə əlaqədar yaranan hüquq və öhdəliklərinə toxunmur. Bu müddəa digər iştirakçı dövlətlər tərəfindən onların bu Konvensiya üzrə öz öhdəliklərini yerinə yetirmələrinə və ya öz hüquqlarının həyata keçirmələrinə təsir göstərmir.

II. DOPİNQƏ QARŞI MİLLİ SƏVİYYƏDƏ MÜBARİZƏYƏ DAİR FƏALİYYƏT

Maddə 7

Ölkə daxilində əlaqələndirmə

İştirakçı dövlətlər bu Konvensiyanın tətbiq edilməsini xüsusən ölkə daxilində fəaliyyətin əlaqələndirilməsi yolu ilə təmin edirlər. İştirakçı dövlətlər bu Konvensiyaya uyğun olaraq öz öhdəliklərini yerinə yetirmək üçün antidopinq təşkilatlarından, eləcə də idman təsisatları və təşkilatlarından istifadə edə bilərlər.

Maddə 8

Qadağan olunmuş maddələrin və metodların əldə edilməsinin və idmanda onlardan istifadə olunmasının məhdudlaşdırılması

1. Məqsədəmüvafiq olduqda iştirakçı dövlətlər qadağan olunmuş maddələr və metodlardan idmançılar tərəfindən idmanda istifadə edilməsini məhdudlaşdırmaq məqsədilə, bu cür istifadənin terapevtik istifadə üçün icazəyə əsaslandığı hallar istisna olmaqla, onların əldə edilməsinin məhdudlaşdırılması üçün tədbirlər görürlər. Bu tədbirlər sırasına qadağan olunmuş maddələrin və metodların idmançılar arasında yayılmasına qarşı mübarizə tədbirləri və müvafiq surətdə, onların istehsalına, daşınmasına, idxalına, paylanmasına və satışma nəzarət tədbirləri daxildir.

2. İştirakçı dövlətlər qadağan olunmuş maddələrdən və metodlardan idmançılar tərəfindən idmanda istifadə edilməsini və onları əldə etmələrinin qarşısını almaq və məhdudlaşdırmaq üçün, onlardan terapevtik istifadə üçün icazə əsasında istifadə edildiyi hallar istisna olmaqla, tədbirlər görür və ya məqsədəmüvafiq olduqda öz yurisdiksiyalarında olan müvafiq hüquqi şəxslər tərəfindən bu cür tədbirlər görülməsini təşviq edirlər.

3. Bu Konvensiyaya müvafiq olaraq görülən tədbirlərin heç biri başqa hallarda idmanda qadağan edilən və ya nəzarət altında olan maddə və metodların qanuni məqsədlər üçün müyəssər olmasının təmin edilməsinə mane olmur.

Maddə 9

İdmançının yardımçı heyətinə aid tədbirlər

İştirakçı dövlətlər antidopinq qaydasını pozan və ya idmanda dopinqlə bağlı hər hansı digər pozuntu törədən idmançının yardımçı heyəti barədə özləri tədbir görür və ya idman təşkilatları və antidopinq təşkilatlan tərəfindən tədbirlər görülməsinə, o cümlədən sanksiyalar və ya cərimələr tətbiq edilməsinə şərait yaradır.

Maddə 10

Qida əlavələri

Məqsədəmüvafiq olduqda iştirakçı dövlətlər qida əlavələrinin satışı və paylaşdırılması sahəsində qabaqcıl praktikanın qida əlavələrinin istehsalçıları və yayıcıları tərəfindən tətbiq edilməsinə, o cümlədən qida əlavələrinin kimyəvi tərkibi və keyfiyyətinə zəmanət barədə informasiya təqdim edilməsinə şərait yaradırlar.

Maddə 11

Maliyyə tədbirləri

Məqsədəmüvafiq olduqda iştirakçı dövlətlər:

(a) özlərinin müvafiq büdcələri çərçivəsində idmanın bütün növlərində milli test yoxlamaları proqramının maliyyələşdirilməsi üçün vəsait ayırır və ya idman təşkilatlarının və antidopinq təşkilatlarının dopinq nəzarətini maliyyələşdirmələrinə birbaşa subsidiyalar və ya dotasiyalar şəklində, yaxud bu təşkilatlara təqdim edilən subsidiyaların və ya dotasiyaların ümumi məbləği müəyyən edilərkən bu cür nəzarət üzrə xərclərin nəzərə alınması formasında kömək edirlər;

(b) antidopinq qaydalarının pozulması nəticəsində kənarlaşdırılmış ayrı-ayrı idmançılara və ya onların yardımçı heyətinə idman fəaliyyəti ilə əlaqədar maliyyə dəstəyinin onların kənarlaşdırıldığı bütün müddət üçün dayandırılmasına aid tədbirlər görürlər;

(c) Məcəlləyə və ya ona müvafiq olaraq müəyyən edilmiş, qüvvədə olan antidopinq qaydalarına riayət etməyən hər hansı idman təşkilatına və ya antidopinq təşkilatına maliyyə dəstəyini və ya idman fəaliyyəti ilə əlaqədar başqa dəstəyi qismən və ya tamamilə dayandırırlar.

Maddə 12

Dopinq nəzarətinə kömək tədbirləri

Məqsədəmüvafiq olduqda iştirakçı dövlətlər:

(a) özlərinin yurisdiksiyasında olan idman təşkilatları və antidopinq təşkilatlan tərəfindən Məcəlləyə müvafiq olaraq dopinq nəzarətinin, o cümlədən qabaqlayıcı nəzarətin, yarışdankənar və yarışla bağlı test yoxlamaları keçirilməsini təşviq edir və dəstəkləyirlər;

(b) idman təşkilatları və antidopinq təşkilatları tərəfindən onların iştirakçılarının başqa ölkələrdən olan səlahiyyətli dopinq nəzarəti qruplarının test yoxlamalarından lazımi qaydada keçirilmələrinə imkan verən sazişlər bağlanmasını təşviq edir və dəstəkləyirlər;

(c) özlərinin yurisdiksiyasında olan idman təşkilatlarının və antidopinq təşkilatlarının dopinq nəzarəti məqsədilə analizlər aparılması üçün akkreditə edilmiş dopinq nəzarəti laboratoriyasından istifadə etmək imkanı əldə etmələrinə şərait yaratmağı öhdələrinə götürürlər.

III. BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

Maddə 13

Antidopinq təşkilatları və idman təşkilatları arasında əməkdaşlıq
 
Bu Konvensiyanın məqsədlərinə beynəlxalq səviyyədə nail olmaq naminə iştirakçı dövlətlər onların yurisdiksiyasında olan antidopinq təşkilatlan, dövlət orqanları və idman təşkilatlan ilə başqa iştirakçı dövlətlərin yurisdiksiyasında olan analoji təşkilatlar və orqanlar arasında əməkdaşlığa şərait yaradırlar.

Maddə 14

Ümumdünya Antidopinq Agentliyinin missiyasının dəstəklənməsi

İştirakçı dövlətlər Ümumdünya Antidopinq Agentliyinin dopinqə qarşı beynəlxalq mübarizə sahəsində mühüm missiyasının yerinə yetirilməsində onu dəstəkləməyi öhdələrinə götürürlər.

Maddə 15

Ümumdünya Antidopinq Agentliyinin bərabər hissələrlə maliyyələşdirilməsi

İştirakçı dövlətlər Ümumdünya Antidopinq Agentliyinin təsdiq edilmiş əsas illik büdcəsinin dövlət orqanları və Olimpiya hərəkatı tərəfindən bərabər hissələrlə maliyyələşdirilməsi prinsipini dəstəkləyirlər.

Maddə 16

Dopinq nəzarəti sahəsində beynəlxalq əməkdaşlıq

Yalnız idmançıların əvvəlcədən xəbərdarlıq edilmədən test yoxlamasından keçməsi və nümunələrin analiz edilmək üçün laboratoriyalara vaxtında daşınması təmin ediləcəyi halda idmanda dopinqə qarşı mübarizənin səmərəli ola biləcəyini qəbul edərək, iştirakçı dövlətlər dövlətdaxili qanunvericiliyə və prosedurlara müvafiq olaraq və məqsədəuyğun olduğu hallarda:

(a) qəbul edən ölkələrin müvafiq normativ qaydalarına riayət edilməsi şərtilə, öz idmançılarının həm öz ərazisində, həm də öz ərazisinin hüdudlarından kənarda yarış vaxtı və yarışdankənar vaxtda Ümumdünya Antidopinq Agentliyi və Məcəlləyə müvafiq olaraq hərəkət edən antidopinq təşkilatları tərəfindən dopinq nəzarətindən keçirilməsinə kömək edirlər;

(b) dopinq nəzarəti tədbirləri keçirilərkən lazımi qaydada müvəkkil edilmiş dopinq nəzarəti qruplarının sərhədlərdən vaxtında keçə bilmələrinin təmin edilməsinə kömək edirlər;

(c) nümunələrin təhlükəsizliyini və salamatlığım təmin edən qaydada onların vaxtlı-vaxtında daşınmasına və ya sərhədlərdən keçirilməsinə kömək məqsədilə əməkdaşlıq edirlər;

(d) müxtəlif antidopinq təşkilatları tərəfindən keçirilən dopinq nəzarəti tədbirlərinin beynəlxalq səviyyədə əlaqələndirilməsinin təmin olunmasına kömək edir və bu məqsədlə Ümumdünya Antidopinq Agentliyi ilə əməkdaşlıq edirlər;

(e) öz yurisdiksiyalarında olan dopinq nəzarəti laboratoriyaları ilə başqa iştirakçı dövlətlərin yurisdiksiyalarında olan müvafiq laboratoriyalar arasında əməkdaşlığı genişləndirirlər. O cümlədən akkreditə edilmiş dopinq nəzarəti laboratoriyaları olan iştirakçı dövlətlər başqa iştirakçı dövlətlərin arzusu olduqda onların özlərinin laboratoriyalarının yaradılması üçün onlara zəruri təcrübə və vərdişlər qazanmaq, zəruri metodologiyanı mənimsəmək imkanı vermək məqsədilə özlərinin yurisdiksiyasında olan laboratoriyalar vasitəsilə həmin iştirakçı dövlətlərə kömək göstərilməsinə şərait yaratmalıdırlar;

(f) Məcəlləyə müvafiq olaraq təyin edilmiş antidopinq təşkilatları arasında qarşılıqlı test yoxlamaları barədə müqavilələr bağlanmasına və onların reallaşdırılmasına şərait yaradırlar;

(g) dopinq nəzarəti prosedurlarını və test yoxlamalarından sonrakı prosedurları, o cümlədən bununla əlaqədar hər hansı antidopinq təşkilatı tərəfindən Məcəlləyə müvafiq olaraq tətbiq edilən idman sanksiyalarını qarşılıqlı əsasda tanıyırlar.

Maddə 17

Könüllü Fond

1. Bu Konvensiyaya əsasən bundan sonra "Könüllü Fond" adlandırılacaq "İdmanda dopinqin kökünün kəsilməsi Fondu" təsis edilir. Könüllü Fond YUNESKO-nun maliyyə haqqında Əsasnaməsinə müvafiq olaraq cəlb edilən məqsədli vəsaitlərdən yaranır. İştirakçı dövlətlərin, eləcə də bütün başqa iştirakçıların bütün ianələri könüllü xarakter daşıyır.

2. Könüllü Fondun vəsaitləri aşağıdakılardan ibarətdir:

(a) iştirakçı dövlətlərin ödənişləri;

(b) aşağıda göstərilən mənbələrdən təqdim edilə biləcək üzvlük haqları, ianələr və ya vəsiyyət edilmiş əmlak:

(i) başqa dövlətlər tərəfindən;

(ii) BMT sisteminə aid təşkilatlar və proqramlar, o cümlədən BMT İnkişaf Proqramı, eləcə də digər beynəlxalq təşkilatlar tərəfindən;

(iii) dövlət təşkilatları, özəl təşkilatlar və ya fiziki şəxslər tərəfindən;

(c) Könüllü Fondun vəsaitləri üzərinə hesablanan hər hansı faizlər;

(d) Könüllü Fondun xeyrinə ianələr toplanması kampaniyaları və tədbirləri çərçivəsində əldə edilmiş vəsaitlər;

(e) Tərəflərin Konfransı tərəfindən Könüllü Fond haqqında işlənib hazırlanacaq Əsasnamədə nəzərdə tutulan hər hansı başqa vəsaitlər.

3. İştirakçı dövlətlərin Könüllü Fonda ödənişləri Ümumdünya Antidopinq Agentliyinin illik büdcəsinə öz paylarını ödəmək öhdəliyinin əvəzlənməsi kimi hesab edilmir.

Maddə 18

Könüllü Fondun vəsaitlərindən istifadə edilməsi və Könüllü Fondun idarə edilməsi

Tərəflərin Konfransı Könüllü Fondun vəsaitlərini həmin konfrans tərəfindən təsdiq edilmiş tədbirlərin maliyyələşdirilməsi üçün, o cümlədən bu Konvensiyanın müddəalarına müvafiq olaraq və Ümumdünya Antidopinq Agentliyinin məqsədləri nəzərə alınmaqla iştirakçı dövlətlərin antidopinq proqramlarının işlənib hazırlanmasına və həyata keçirilməsinə kömək üçün ayrılır. Bu vəsaitlərdən bu Konvensiyanın həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün də istifadə edilə bilər. Könüllü Fonda ödənişlər hər hansı siyasi, iqtisadi və ya başqa şərtlərlə müşayiət oluna bilməz.

IV. TƏHSİL VƏ HAZIRLIQ

Maddə 19

Təhsilin və hazırlığın ümumi prinsipləri

1. İştirakçı dövlətlər öz vəsaitləri həddində dopinqə qarşı mübarizə məsələlərinə dair təhsil və hazırlıq proqramlarını dəstəkləməyi, işləyib hazırlamağı və ya həyata keçirməyi öhdələrinə götürürlər. Bütövlükdə idman ictimaiyyəti üçün bu proqramlar aşağıdakı məsələlərə dair yeniləşdirilmiş və dəqiq informasiyanın təqdim edilməsinə yönəlməlidir:

(a) dopinqin idmanın etik dəyərlərinə vurduğu zərər;

(b) dopinq qəbul etməyin sağlamlıq üçün nəticələri.

2. İdmançılar və idmançıların yardımçı heyəti üçün, xüsusən onların hazırlığının ilkin mərhələsində bu proqramlar aşağıdakı məsələlər üzrə yeniləşdirilmiş və dəqiq informasiyanın təqdim edilməsinə yönəlməlidir.

(a) dopinq nəzarəti prosedurları;

(b) dopinqə qarşı mübarizə ilə əlaqədar idmançıların hüquq və vəzifələri, o cümlədən antidopinq qaydalarının pozulmasının nəticələri barədə informasiya da daxil olmaqla, müvafiq idman təşkilatlarının və antidopinq təşkilatlarının antidopinq siyasəti və eləcə də Məcəllə barədə informasiya;

(c) qadağan olunmuş maddələrin və metodların, eləcə də qadağan olunmuş maddələrin terapevtik istifadəsi üçün icazələrin siyahısı;

(d) qida əlavələri.

Maddə 20

Peşəkar davranış məcəllələri

İştirakçı dövlətlər müvafiq səlahiyyətli peşəkar assosiasiyalar və təsisatlar tərəfindən idmanda dopinqə qarşı mübarizə ilə əlaqədar, Məcəlləyə müvafiq olan lazımi davranış, vicdanlı praktika və etika məcəllələrinin işlənib hazırlanmasını və həyata keçirilməsini təşviq edirlər.

Maddə 21

İdmançıların və idmançıların yardımçı heyətinin cəlb edilməsi

İştirakçı dövlətlər idman təşkilatlarının və digər müvafiq təşkilatların antidopinq fəaliyyətinin bütün aspektlərində idmançıların və idmançıların yardımçı heyətinin fəal iştirakına şərait yaradır və öz vəsaitləri həddində buna kömək edirlər, özlərinin yurisdiksiyasında olan idman təşkilatlarını buna sövq edirlər.

Maddə 22

İdman təşkilatları və dopinqə qarşı mübarizə məsələlərinə dair daimi əsasda təhsil və hazırlıq

İştirakçı dövlətlər 19-cu maddədə göstərilən məsələlər üzrə bütün idmançılar üçün və idmançıların yardımçı heyəti üçün daimi əsasda idman təşkilatları və antidopinq təşkilatlan tərəfindən təhsil və hazırlıq proqramlarının həyata keçirilməsinə kömək edirlər.

Maddə 23

Təhsil və hazırlıq sahəsində əməkdaşlıq

İnformasiya və mütəxəssislər mübadiləsi və səmərəli antidopinq proqramlarının həyata keçirilməsi məsələlərinə dair təcrübə mübadiləsi məqsədilə, zəruri hallarda, iştirakçı dövlətlər bir-biri ilə və müvafiq təşkilatlarla əməkdaşlıq edir.

V. TƏDQİQATLAR

Maddə 24

Dopinqə qarşı mübarizə məsələlərinə dair tədqiqatlar aparılmasına kömək

İştirakçı dövlətlər öz sərəncamlarında olan vəsaitlər həddində, idman təşkilatları və başqa müvafiq təşkilatlarla əməkdaşlıq şəraitində aşağıdakı məsələlərə dair antidopinq araşdırmalarının aparılmasına şərait yaratmağı və kömək etməyi öhdələrinə götürürlər:

(a) dopinqin istifadə edilməsinin qarşısının alınması və onun aşkar edilməsi metodları, dopinqdən istifadə edilməsinin davranış və sosial aspektləri, eləcə də onun sağlamlıq üçün doğurduğu nəticələr;

(b) idmançının sağlamlığına zərər vurmayan elmi cəhətdən əsaslandırılmış fizioloji və psixoloji hazırlıq proqramlarının işlənib hazırlanması yolları və vasitələri;

(c) elmi tərəqqinin nəticəsi olan bütün yeni maddələrin və metodların tətbiq edilməsi.

Maddə 25

Antidopinq tədqiqatlarının xarakteri

İştirakçı dövlətlər 24-cü maddədə göstərilən antidopinq tədqiqatlarının aparılmasına kömək edərkən bu tədqiqatların aşağıdakı qaydalara riayət edilməklə aparılmasını təmin edirlər:

(a) beynəlxalq səviyyədə qəbul edilmiş etik praktikaya müvafiq olaraq;

(b) idmançıların orqanizminə qadağan olunmuş maddələrin yeridilməsinə və qadağan olunmuş metodların tətbiq olunmasına yol verilmədən;

(c) antidopinq tədqiqatlarının nəticələrinin qanunsuz tətbiq edilməsinin və onlardan dopinq məqsədilə istifadə edilməsinin qarşısını almaq məqsədilə yalnız lazımi ehtiyat tədbirlərinə riayət edilməklə.

Maddə 26

Antidopinq tədqiqatlarının nəticələrindən birgə istifadə edilməsi

Məqsədəmüvafiq hallarda, iştirakçı dövlətlər müvafiq milli qanunvericiliyə və beynəlxalq hüququn normalarına riayət etmək şərtilə, aparılmış antidopinq tədqiqatlarının nəticələrini digər iştirakçı dövlətlər və Ümumdünya Antidopinq Agentliyi ilə mübadilə edirlər.

Maddə 27

İdman sahəsində elmi tədqiqatlar

İştirakçı dövlətlər:

(a)    Məcəllənin prinsiplərinə müvafiq olaraq elmi və tibbi işçilər tərəfindən idman sahəsində elmi tədqiqatlar aparılmasına;

(b) özlərinin yurisdiksiyasında olan idman təşkilatları və idmançıların yardımçı heyəti tərəfindən Məcəllənin prinsiplərinə müvafiq olaraq idman sahəsində elmi araşdırmalar aparılmasına şərait yaradırlar.

VI. KONVENSİYANIN MONİTORİNQİ

Maddə 28

Tərəflərin Konfransı

1. Bu Konvensiyaya əsasən Tərəflərin Konfransı təsis edilir. Tərəflərin Konfransı bu Konvensiyanın ali orqanıdır.

2. Bir qayda olaraq, Tərəflərin Konfransının növbəti sessiyaları iki ildə bir dəfə keçirilir. Tərəflərin Konfransı müvafiq qərar qəbul edərsə, yaxud iştirakçı dövlətlərin ən azı üçdə bir hissəsi bu cür xahişlə ona müraciət edərsə, Tərəflərin Konfransının növbədənkənar sessiyaları keçirilə bilər.

3. Tərəflərin Konfransında hər bir iştirakçı dövlət bir səsə malikdir.

4. Tərəflərin Konfransı özünün prosedur qaydalarını qəbul edir.

Maddə 29

Məsləhətçi təşkilat və Tərəflərin Konfransında müşahidəçilər

Ümumdünya Antidopinq Agentliyi Tərəflərin Konfransına məsləhətçi təşkilat qismində dəvət edilir. Beynəlxalq Olimpiya Komitəsi, Beynəlxalq Paraolimpiya Komitəsi, Avropa Şurası və Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitə (SİQEPS) müşahidəçi qismində dəvət edilirlər. Tərəflərin Konfransı müşahidəçi qismində digər müvafiq təşkilatların da dəvət edilməsi barədə qərar qəbul edə bilər.

Maddə 30

Tərəflərin Konfransının funksiyaları

1. Bu Konvensiyanın başqa müddəalarında qeyd edilən funksiyalardan əlavə, Tərəflərin Konfransının aşağıdakı funksiyaları vardır:

(a) bu Konvensiyanın məqsədinə nail olmağa kömək etmək;

(b) Beynəlxalq Antidopinq Agentliyi ilə qarşılıqlı münasibət məsələlərinin müzakirə edilməsi və Agentliyin əsas illik büdcəsinin maliyyələşdirilməsi mexanizminin öyrənilməsi. Konvensiyanın iştirakçısı olmayan dövlətlərə bu müzakirədə iştirak etmək təklif oluna bilər;

(c) 18-ci maddəyə uyğun olaraq Könüllü Fondun vəsaitlərindən istifadə edilməsi planının təsdiq edilməsi;

(d) 31-ci maddəyə müvafiq olaraq iştirakçı dövlətlər tərəfindən təqdim edilən məruzələrə baxılması;

(e) 31-ci maddəyə müvafiq olaraq antidopinq sistemlərinin işlənib hazırlanması ilə əlaqədar bu Konvensiyaya riayət edilməsinin monitorinqinin nəticələrinin daimi əsasda nəzərdən keçirilməsi. 31-ci maddənin hüdudlarından kənara çıxan hər hansı monitorinq mexanizmləri və ya tədbirlər 17-ci maddəyə müvafiq olaraq təsis edilən Könüllü Fondun vəsaitləri hesabına maliyyələşdiriləcəkdir;

(f) bu Konvensiyaya düzəlişlərə onların sonradan qəbul edilməsi üçün baxılması;

(g) Ümumdünya Antidopinq Agentliyi tərəfindən qəbul edilmiş Qadağan olunmuş siyahıya və Qadağan olunmuş maddələrin terapevtik istifadəsinə icazələr verilməsinə dair standartlara təklif edilən düzəlişlərə onların 34-cü maddəyə müvafiq olaraq təsdiq edilməsi üçün baxılması;

(h) iştirakçı dövlətlərlə Ümumdünya Antidopinq Agentliyi arasında bu Konvensiya çərçivəsində əməkdaşlığın istiqamətlərinin və mexanizmlərinin müəyyən edilməsi;

(i) Məcəllənin həyata keçirilməsi barədə məruzəyə hər bir sessiyada baxılması üçün Ümumdünya Antidopinq Agentliyinə bu barədə məruzə təqdim edilməsinə dair müraciət göndərilməsi.

2. Tərəflərin Konfransı öz funksiyalarını yerinə yetirərkən digər hökumətlərarası orqanlarla qarşılıqlı fəaliyyət göstərə bilər.

Maddə 31

İştirakçı dövlətlərin Tərəflərin Konfransına təqdim etdiyi məruzələr

İştirakçı dövlətlər iki ildə bir dəfə, Tərəflərin Konfransının Katibliyi vasitəsilə, bu Konvensiyanın müddəalarını yerinə yetirmək məqsədilə gördükləri tədbirlər haqqında bütün müvafiq informasiyanı YUNESKO-nun rəsmi dillərindən birində Tərəflərin Konfransına təqdim edirlər.

Maddə 32

Tərəflərin Konfransının Katibliyi

1. Tərəflərin Konfransının Katibliyi YUNESKO-nun Baş direktoru tərəfindən təyin edilir.

2. Tərəflərin Konfransının xahişinə əsasən, YUNESKO-nun Baş direktoru Ümumdünya Antidopinq Agentliyinin xidmətlərindən Tərəflərin Konfransı ilə razılaşdırılmış şərtlər daxilində mümkün qədər maksimum həcmdə istifadə edir.

3. Konvensiya ilə əlaqədar operativ xərclər müvafiq səviyyədə mövcud olan vəsaitlər həddində YUNESKO-nun adi büdcəsindən, 17-ci maddəyə müvafiq olaraq təsis edilən Könüllü Fonddan və ya onların iki ildən bir müəyyən edilən müvafiq birgə vəsaitindən maliyyələşdiriləcəkdir. Katibliyin adi büdcə vəsaitlərindən maliyyələşdirilməsi ciddi minimal əsasda həyata keçirilir, çünki Konvensiyanın dəstəklənməsi üçün könüllü maliyyələşdirmədən də istifadə ediləcəkdir.

4. Katiblik Tərəflərin Konfransı üçün sənədləri və onun iclaslarının ilkin gündəliyini hazırlayır, eləcə də onun qərarlarının yerinə yetirilməsini təmin edir.

Maddə 33

Konvensiyaya düzəlişlər

1. Hər bir iştirakçı dövlət YUNESKO-nun Baş direktoruna ünvanlanmış yazılı müraciət vasitəsilə bu Konvensiyaya düzəlişlər təklif edə bilər. Baş direktor bu cür məlumatı bütün iştirakçı dövlətlərə göndərir. Əgər məlumatın göndərildiyi tarixdən etibarən altı ay ərzində iştirakçı dövlətlərin ən azı yarısı bu təklifə öz razılığını bildirərsə, Baş direktor həmin təklifi Tərəflərin Konfransının növbəti sessiyasına təqdim edir.

2. Düzəlişlər Tərəflərin Konfransında iştirak edən və səs verən iştirakçı dövlətlərin üçdə iki hissəsinin səs çoxluğu ilə qəbul edilir.

3. Bu Konvensiyaya düzəlişlər qəbul edildikdən sonra iştirakçı dövlətlər tərəfindən ratifikasiya olunmaq, qəbul edilmək, təsdiq edilmək və ya ona qoşulmaq üçün həmin dövlətlərə təqdim edilir.

4. Bu Konvensiyaya düzəlişləri ratifikasiya etmiş, qəbul etmiş, təsdiq etmiş və ya həmin düzəlişlərə qoşulmuş iştirakçı dövlətlərə münasibətdə bu düzəlişlər iştirakçı dövlətlərin üçdə iki hissəsinin bu maddənin üçüncü bəndində qeyd olunan sənədləri saxlanılmaq üçün təhvil verdiyi tarixdən üç ay keçdikdən sonra qüvvəyə minir. Bundan sonra düzəlişi ratifikasiya edən, qəbul edən, təsdiq edən və ya ona qoşulan hər bir iştirakçı dövlət üçün göstərilən düzəliş onun ratifikasiyası, qəbul edilməsi, təsdiq edilməsi və ya ona qoşulma barədə sənədin həmin iştirakçı dövlət tərəfindən saxlanılmağa təhvil verildiyi tarixdən üç ay keçdikdən sonra qüvvəyə minir.

5. Bu maddənin 4-cü bəndinə müvafiq olaraq düzəlişlər qüvvəyə mindikdən sonra bu Konvensiyanın iştirakçısına çevrilən dövlət, əgər başqa niyyətini bildirməzsə:

(a) bu qayda ilə edilmiş düzəlişlərlə bu Konvensiyanın iştirakçısı sayılır;

(b) düzəlişlərlə öhdəlikli olmayan hər hansı iştirakçı dövlətə münasibətdə bu Konvensiyanın ona edilmiş düzəlişlər nəzərə alınmadan iştirakçısı sayılır.

Maddə 34

Konvensiyaya qoşmalara düzəlişlərin qəbul edilməsinin xüsusi qaydası

1. Əgər Ümumdünya Antidopinq Agentliyi Qadağan olunmuş siyahıya və ya Terapevtik istifadə üçün icazələr verilməsinə dair standartlara dəyişikliklər edərsə, Agentlik YUNESKO-nun Baş direktoruna ünvanlanmış yazılı müraciətində ona bu dəyişikliklər barədə məlumat verə bilər. Baş direktor bu dəyişikliklər barədə Konvensiyanın müvafiq qoşmalarına təklif olunan düzəlişlər kimi, bütün iştirakçı dövlətlərə operativ qaydada məlumat verir. Qoşmalara düzəlişlər Tərəflərin Konfransı tərəfindən onun sessiyalarının birində və ya yazılı məsləhətləşmələr yolu ilə təsdiq edilir.

2. İştirakçı dövlətlər təklif olunan düzəlişlər barədə öz etirazlarını bildirmək üçün ya (yazılı məsləhətləşmədən söhbət gedirsə) Baş direktorun onlara bu barədə məlumat verdiyi tarixdən etibarən 45 gün müddətində Baş direktora ünvanlanmış yazılı bildiriş göndərir, ya da öz etirazlarını Tərəflərin Konfransının sessiyasında bildirirlər. Əgər iştirakçı dövlətlərin üçdə iki hissəsi öz etirazlarını bildirməzsə, təklif olunmuş düzəlişlər Tərəflərin Konfransı tərəfindən qəbul edilmiş sayılır.

3. Baş direktor Tərəflərin Konfransı tərəfindən qəbul edilmiş düzəlişlər barədə iştirakçı dövlətlərə bildiriş göndərir. Bu bildirişin göndərildiyi tarixdən 45 gün sonra həmin düzəlişlər qüvvəyə minir, lakin həmin düzəlişləri qəbul etmədiyini Baş direktora əvvəlcədən bildirmiş iştirakçı dövlətə münasibətdə həmin düzəlişlər qüvvəyə minmir.

4. Əvvəlki bəndlərə müvafiq olaraq təsdiq edilmiş düzəlişi qəbul etmədiyini Baş direktora bildirmiş iştirakçı dövlət, qoşmalarla onlara edilmiş düzəlişlər nəzərə alınmadan, öhdəlikli qalır.

VII. YEKUN MÜDDƏALAR

Maddə 35

Federal və ya qeyri-unitar konstitusion sistemlər

Federal və ya qeyri-unitar konstitusion sistemə malik olan iştirakçı dövlətlər barəsində aşağıdakı müddəalar qüvvədədir:

(a) bu Konvensiyanın müddəalarının yerinə yetirilməsi federal və ya mərkəzi qanunvericilik orqanının hüquqi yurisdiksiyasına aid olduqda, həmin müddəalar barəsində federal və ya mərkəzi hökumət federativ dövlətlər olmayan iştirakçı dövlətlərlə eyni öhdəliklər daşıyır;

(b) bu Konvensiyanın müddəalarının yerinə yetirilməsi dövlətin tərkibinə daxil olan və federasiyanın konstitusion sisteminə müvafiq olaraq qanunvericilik tədbirləri görməyə borclu olmayan ayrı-ayrı ştatların, vilayətlərin, əyalətlərin və ya kantonların yurisdiksiyasına aid olduqda, federal hökumət bu cür ştatların, vilayətlərin, əyalətlərin və ya kantonların səlahiyyətli hakimiyyət orqanlarına bu müddəalar barədə məlumat verir və həmin müddəaların qəbul edilməsi barədə öz tövsiyələrini bildirir.

Maddə 36

Ratifikasiya, qəbuledilmə, təsdiqedilmə və ya qoşulma

YUNESKO-nun üzvü olan dövlətlər özlərinin müvafiq konstitusion proseduralarına uyğun olaraq bu Konvensiyanı ratifikasiya, qəbul, təsdiq etməli və ya bu Konvensiyaya qoşulmalıdırlar. Ratifikasiya, qəbul, təsdiqedilmə və ya qoşulma barədə sənədlər saxlanılmaq üçün YUNESKO-nun Baş direktoruna təhvil verilir.

Maddə 37

Qüvvəyə minmə

1. Bu Konvensiya onun ratifikasiya, qəbul, təsdiq edilməsi və ya ona qoşulma haqqında 30-cu sənəd saxlanılmaq üçün təhvil verildiyi tarixdən bir ay keçdikdən sonrakı ayın birinci günündən qüvvəyə minir.

2. Bu Konvensiya üzrə öz üzərinə öhdəliklər götürməyə öz razılığını sonradan bildirən hər bir dövlət üçün bu Konvensiya həmin dövlətin ratifikasiya, qəbul, təsdiqetmə və ya qoşulma barədə sənədini saxlanılmaq üçün təhvil verdiyi tarixdən bir ay keçdikdən sonrakı ayın birinci günündən qüvvəyə minir.

Maddə 38

Konvensiyanın qüvvəsinin ərazilərə şamil edilməsi

1. Hər bir dövlət bu Konvensiyanın ratifikasiya, qəbul, təsdiq edilməsi və ya ona qoşulma barədə öz sənədini saxlanılmaq üçün təhvil verərkən, beynəlxalq münasibətlərinə görə onun məsuliyyət daşıdığı və bu Konvensiyanın qüvvəsinin şamil edildiyi ərazini və ya əraziləri göstərə bilər.

2. Hər bir iştirakçı dövlət sonradan YUNESKO-ya ünvanlanmış müraciətində bu Konvensiyanın qüvvəsini həmin müraciətdə göstərilən hər hansı başqa əraziyə şamil edə bilər. Bu cür əraziyə münasibətdə Konvensiya həmin müraciətin depozitari tərəfindən alındığı tarixdən etibarən bir ay keçdikdən sonrakı ayın birinci günündən qüvvəyə minir.

3. Əvvəlki iki bəndə müvafiq olaraq verilmiş hər hansı müraciət həmin müraciətdə göstərilmiş istənilən əraziyə münasibətdə YUNESKO-nun ünvanına bildiriş göndərmək yolu ilə geri götürülə bilər. Bu cür geri götürmə həmin bildirişin depozitari tərəfindən alındığı tarixdən etibarən bir ay keçdikdən sonrakı ayın birinci günündən qüvvəyə minir.

Maddə 39

Denonsasiya

Hər bir iştirakçı dövlət bu Konvensiyanı denonsasiya edə bilər. Denonsasiya barədə məlumat yazılı sənəd formasında YUNESKO-nun Baş Direktoruna saxlanılmaq üçün təhvil verilir. Denonsasiya bu barədə sənədin alındığı tarixdən altı ay keçdikdən sonrakı ayın birinci günündə qüvvəyə minir. Denonsasiya müvafiq iştirakçı dövlətin Konvensiyadan çıxması qüvvəyə mindiyi tarixə qədər həmin dövlətin maliyyə öhdəliklərinə heç bir şəkildə təsir göstərmir.

Maddə 40

Depozitari

Bu Konvensiyanın və ona düzəlişlərin depozitarisi YUNESKO-nun Baş Direktorudur. YUNESKO-nun Baş direktoru depozitari olmaqla bu Konvensiyanın iştirakçısı olan dövlətlərə, eləcə də təşkilatın üzvü olan digər dövlətlərə aşağıdakılar barədə məlumat verir:

(a) ratifikasiya, qəbul, təsdiqetmə və ya qoşulma barədə hər hansı sənədin saxlanılmaq üçün təhvil verilməsi barədə;

(b) 37-ci maddəyə müvafiq olaraq bu Konvensiyanın qüvvəyə minmə tarixi barədə;

(c) 31-ci maddənin müddəalarına müvafiq olaraq hazırlanmış hər hansı məruzə barədə;

(d) 33-cü və 34-cü maddələrə müvafiq olaraq Konvensiyaya və ya qoşmalara edilən hər hansı düzəliş və bu düzəlişin qüvvəyə minmə tarixi barədə;

(e) 38-ci maddənin müddəalarına müvafiq olaraq təqdim edilmiş hər hansı müraciət və ya bildiriş barədə;

(f) 39-cu maddəyə müvafiq olaraq təqdim edilmiş hər hansı bildiriş və denonsasiyanın qüvvəyə minmə tarixi barədə;

(g) bu Konvensiya ilə əlaqədar hər hansı başqa akt, bildiriş və ya məlumat barədə.

Maddə 41

Qeydiyyat

BMT-nin Nizamnaməsinin 102-ci maddəsinə müvafiq olaraq YUNESKO-nun Baş direktorunun xahişi ilə bu Konvensiya BMT-nin Katibliyi tərəfindən qeydiyyata almır.

Maddə 42

Mətnlərin autentikliyi

1. Bu Konvensiya, ona qoşmalar da daxil olmaqla, Çin, ərəb, fransız, ingilis, ispan və rus dillərində tərtib edilmişdir və bu altı mətnin hər biri eyni qüvvəyə malikdir.

2. Bu Konvensiyaya əlavələr Çin, ərəb, fransız, ingilis, ispan və rus dillərində tərtib edilmişdir.

Maddə 43

Qeyd-şərtlər

Bu Konvensiyanın mahiyyəti və məqsədilə bir araya sığmayan hər hansı qeyd-şərtə yol verilmir.

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.