AZ   |   EN

Baramaçılıq və toxuculuq üçün ənənəvi ipək istehsalı

Azərbaycanda baramaçılığın tarixi çox uzaq keçmişə - V əsrə gedib çıxır. XII əsrdən isə Azərbaycan ipəyi Böyük İpək Yolu ilə Avropa və Asiya ölkələrinə ixrac olunmağa başlanılmışdı.

Tədqiqatçıların bildirdiklərinə görə, XI əsrin 70-ci illərində Şamaxı şəhərində olmuş İtaliya səyyahı Kontarini yazırdı ki, bu şəhərdə yüksək keyfiyyətli ipək parçalar hazırlanır. Həmin dövrlərdə Şamaxıdan Rusiyaya, İraqa, Suriyaya və başqa ölkələrə ipək aparılırdı.

XVI-XVII əsrlərdə də Şirvan ipək istehsalına görə Yaxın Şərqdə öz üstünlüyünü saxlaya bilmişdi. Şirvan ipəyinin xeyli hissəsi Asiya və Avropanın bir çox ölkələrinə göndərilirdi. Bundan əlavə, məhsulun xeyli hissəsi ölkədə ipək toxuculuğunu təmin etmək üçün istifadə edilirdi. XVII əsrin 30-cu illərində Azərbaycana səfər etmiş Adam Olearinin verdiyi məlumata görə, burada hər il 10-20 min tay xammal toplanırdı. Ondan 3000 tay Şirvanın, 2000 tay Qarabağın payına düşürdü (hər tayın çəkisi təxminən 5,5 pud idi). Deməli, hər il Şirvanda 16,5 min pud, Qarabağda isə 11 min puda qədər xammal istehsal olunurdu.

Hazırda dünyanın ən böyük ipək istehsalçıları Çin, Hindistan, Özbəkistan, Braziliya və Yaponiyadır. Hər il Çində 146 min ton, Hindistanda isə 28,7 min ton ipək istehsal edilir. Barama və xam ipək istehsalı ilə həmçinin Cənubi Koreya, Tailand, Vyetnam, Şimali Koreya, İran, Türkiyə və s. ölkələrdə də məşğul olurlar.

Dünyanın böyük ipək istehlakçıları isə ABŞ, İtaliya, Yaponiya, Hindistan, Fransa, Çin, Böyük Britaniya, İsveçrə, Almaniya, Cənubi Koreya, Vyetnam və digər ölkələrdir. İpək istehsalının dünya tekstil bazarının yalnız 0,2 faizini təşkil etməsinə baxmayaraq, ipəkçilik dünyanın 60-dan çox ölkəsində yayılıb.

Azərbaycanda isə baramaçılığın və ipəkçiliyin inkişafında əsaslı dönüş keçən əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir. O vaxt ölkəmizə rəhbərlik edən Heydər Əliyevin təşəbbüsü ilə Nazirlər Soveti “Azərbaycan Respublikasında ipəkçiliyin gələcək inkişafına dair tədbirlər haqqında” 1971-ci il 3 mart tarixli qərar qəbul etmişdi. Bu qərar baramaçılığın və ipəkçiliyin inkişafına böyük təkan verməklə, onun maddi-texniki bazasını, sənaye potensialını genişləndirmiş və nəticədə, respublikada barama tədarükü 36,1 faiz artmışdı. Kolxoz və sovxozlara məxsus istifadəyə yararsız torpaq sahələrində, yol kənarlarında, şəhər və qəsəbələrdə çoxlu tut tingləri əkilməsi baramaçılığın yem bazasını əhəmiyyətli dərəcədə möhkəmləndirmişdi. Eyni zamanda, bu sahədə elmi-tədqiqat işlərinə diqqət artırılmışdı.

Sövet dönəmində Azərbaycanda ipəkçilik kompleksi geniş bir şəbəkə təşkil edirdi. Buraya Elmi Tədqiqat İpəkçilik İnstitutu, Qax və Gəncə damazlıq ipəkçilik stansiyaları, 7 barama toxumu zavodu, 30-dək rayon barama qurutmaxanası, 80-ə yaxın barama tədarükü və ilkin emalı məntəqələri, 4 tinglik təsərrüfatı, 31 ipəkçilik idarəsi, Ordubad baramaaçma fabriki, Qarabağ və Şəki ipək kombinatları daxil idi.

Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu nəzərə alaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən, 2016-cı ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında" 2016-cı il 15 sentyabr tarixli və "İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2016-cı il 16 noyabr tarixli sərəncamları bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, barama istehsalı ilə bağlı əhalinin məşğulluğunun artırılmasına və sosial rifahının daha da yaxşılaşdırılmasına şərait yaradıb.

Həmçinin dövlətimizin başçısının "Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 19 may tarixli və "İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında" 2017-ci il 6 oktyabr tarixli sərəncamlarına uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması, habelə tut (çəkil) tinglərinin və barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə maliyyə vəsaiti ayrılıb.

Azərbaycanda qədim ənənələri olan baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, ixrac potensialının artırılması, kənd yerlərində məşğulluğun təmin edilməsi və nəzərdə tutulan digər işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədilə 2017-ci il noyabrın 27-də “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib.

Dövlət Proqramında Azərbaycanda 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planında Azərbaycanda barama istehsalçılarının assosiasiyasının yaradılması da əksini tapır. Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri bu işi 2018-2019-cu illərdə başa çatdırmalıdırlar.

Tədbirlər Planına baramaçılıq və ipəkçilik sahəsində klaster yanaşmanın tətbiqinin dəstəklənməsi, yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, ilkin toxumçuluğun təşkili istiqamətində elmi tədqiqat işlərinin genişləndirilməsi, baramaçılıqla məşğul olan təsərrüfat subyektlərini sənaye tut ipəkqurdu toxumu ilə təmin edəcək toxumçuluq (qren) zavodlarının yaradılmasının dəstəklənməsi də daxil olunub. Həmçinin tədarük olunmuş baramanın ilkin emalı üçün baramaqurutma məntəqələri, o cümlədən Ağcabədi, Balakən, Bərdə, Göyçay, Tovuz, Zaqatala və Zərdab rayonlarında barama qəbulu və emalı məntəqələri yaradılacaq, barama istehsalı və emalına yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlər görüləcək.

Dövlət Proqramının həyata keçirilməsi, ümumilikdə, ölkədə ipəkçiliyin və ona xidmət edən altsahələrin kompleks inkişafı istiqamətində aparılan işlərin daha da gücləndirilməsinə təkan verəcək.

2022-ci il noyabrın 28-dən dekabrın 3-dək Mərakeş Krallığının Rabat şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında ölkəmiz üçün xüsusilə əlamətdar qərarlar qəbul olunub. Bu sıradan ilk olaraq Azərbaycan, Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə təqdim etdiyi “Baramaçılıq, ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı” elementi UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb.

Sözügedən nominasiya sənədi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, eləcə də Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə əməkdaşlığı şəraitində təqdim edilmişdi.

UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün meyarlara dair müsbət rəy alan nominasiya faylına dair qərar dekabrın 1-də elan edilib.

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.