AZ   |   EN

Möminə Xatun türbəsi

Azərbaycanın qədim memarlıq nümunələrindən biri də özünün yüksək inşaat texnikasının səviyyəsi və zəngin memarlıq bəzəyi ilə başqa tarixi-memarlıq abidələrinin içərisində xeyli fərqlənən Memar Əcəminin şah əsəri, ömrü amansız ruzigarlarla qarşılaşmış vüqarlı, dəyanətli, əzəmətli Möminə xatun türbəsidir ki, o, sanki eşq mücəssəməsidir. Həm həcmi, həm də bəzəyinin zənginliyi cəhətdən bu abidə Yusif ibn Küseyir türbəsini xeyli geridə qoymuşdur. Türbənin hündürlüyü vaxtilə təqribən 35 metrə qədər olmuşdur. Lakin zəmanəmizədək gəlib çatan hissəsi 26 metrdir. Binanın səthinə başdan-başa müxtəlif növ naxışlar vurulmuşdur. Türbənin bütün 10 guşəsinin bir-birini təkrarlamayan, bir-birinə azacıq da belə oxşamayan mürəkkəb həndəsi naxışlarla işlənməsi memarın zəngin təfəkküründən, onun böyük istedadından xəbər verir.

Monumental və artıq dərəcədə əzəmətli bir tikinti olan Möminə xatun türbəsi Naxçıvana gələn səyyah və alimlərin diqqətini özünə cəlb etmişdir. Bu abidə bir çox əsərlərdə də öz əksini tapmışdır. Hələ XIX əsrin əvvəllərində Naxçıvana gəlmiş fransız səyyahı Dyubua de-Monlere abidəyə diqqət yetirmiş və onun kitabələrinin surətini çıxarmış, Peterburqa, şərqşünas Frenə göndərmişdir. Abidə ilə həmçinin N.Xanıkov, ər. De-Lyafya və başqa alim, şərqşünas və səyyahlar maraqlanmış və bu abidə haqqında qeydlərini dərc etdirmişlər. 

Möminə xatun türbəsi iki hissəlidir - yeraltı hissədən və yerüstü qurğudan ibarətdir. Yerüstü hissənin (kameranın) xarici görünüşü planda onbucaqlı, daxili görünüşü isə dairəvidir. Məqbərənin yerüstü hissəsi üç cərgə qırmızı tuf parçalarından düzəldilmiş möhkəm kürsülük üzərində ucaldılmışdır. Bina bişmiş kərpicdən hörülmüşdür, onun bütün səthini örtən piltələrin üzəri həmin kərpicdən düzəldilmiş zəngin ornamentlə, bəzi yerlərdə isə mavi mina ilə bəzədilmişdir. Türbənin bütün səthi üzərində bəzəkli tağlar var. Burada: «Və-əl lahu əkbər» («Allah cümlə aləmdə böyük dağdır») sözləri yazılmışdır.

Ümumiyyətlə, memar türbənin hədlərinin bəzəyində külli miqdarda kufi xətlə yazılmış kitabələrdən istifadə etmişdir. «Qurani - Kərimin ayələrindən ibarət olan bu kitabələrin türbənin ümumi quruluşunda nə dərəcə əhəmiyyətli mövqe tutduğunu göstərmək üçün təkcə bunu qeyd etmək kifayətdir ki, bu kitabələrin ümumi uzunluğu 500 metrdir. Lakin onlar üstünlük təşkil etmir, əksinə, vahid, zərif şəbəkəli naxış yaradırlar. 

Türbənin kimin üçün tikilməsi onun qurşağındakı kufi xətlə ərəb dilində həkk olunmuş yazıda göstərilir. Kitabədən aydın olur ki, türbənin Cahan Pəhləvan Atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz Möminə xatun adlı qadının xatirinə ucaltdırmışdır. Möminə xatın Azərbaycanın diplomat qadınlarındandır. O, Atabəylər dövlətinin xarici və daxili siyasətində həyat yoldaşının və oğlanlarının yaxın köməkçisi olub. Elə bu sədaqətinə görə əri Şəmsəddin Eldəniz onun məzarı üzərində əzəmətli məqbərə tikdirmək qərarı verib. 

Binanın tikilməsi tarixi hicri 582 (miladi 1186-cı) il göstərilir. Kitabədə Azərbaycan atabəyi Nüsrəd-əd-Din Məhəmməd Cahan Pəhləvanın (1175-1186) adı çəkilir. Bu maraqlı kitabədə: «...dünyanın və dinin işıqlığı (Cəlalı) Möminə xatun» qadın adına rast gəlirik ki, bu da 1175-ci ildə Naxçıvanda vəfat etmiş Böyük atabəy Şəmsəddin Eldənizin hərəminin adıdır, atabəy Cahan Pəhləvanın anasıdır. Kitabədə iki maraqlı misralar vardır. Birində belə sözlər yazılıb: «Biz gedərik, dünya qalandır», «Biz ölərik - bu yadigardır». İkinci misrada: «İlahi! Bəd nəzərdən saxla!». Burada, əlbəttə 800 amansız illərin keçməsinə baxmayaraq indi də insanı özünün təsəvvür olunmaz gözəlliyi ilə valeh edən şərq dünyasının ən gözəl tikinti abidəsi nəzərdə tutulur. Türbəyə giriş tağından bir az yuxarı, memarın adını daşıyan kitabə vardır. Bu kitabədə deyilir ki, «Naxçıvan memarı Əbu-Bəkr oğlu Əcəminin işidir». Burada maraqlı cəhət gözə çarpır. Əgər, 1162-ci ildə tikilmiş Yusif Küseyir oğlu türbəsində memarın adı türbənin yan səthində yerləşdirilmişdisə, Möminə xatun türbəsində isə memarın adı müstəqil olaraq, türbəninin şərəfli hissəsində, giriş qapısının üstündə ayrılmış xüsusi yerdə həkk edilmişdir ki, bu da, memarın artıq tanınmış bir sənətkar kimi mövqe tutduğuna işarədir. 

Türbənin daxili hissəsi bəzəksizdir. Divar malalanıb və əhənglə ağardılmışdır. Yeganə bəzək ünsürü - günbəzin iç tərəfində yerləşdirilmiş dörd böyük qönçədir. Bu qönçələrin tədqiqi bir neçə maraqlı faktları aşkar etmişdir. Qönçələr gəcdən düzəldilmişlər. Diametrləri 145-150 sm qədər olub, qalınlıqları 6,5 sm-dir. Bəzəkli haşiyə ilə haşiyələndirilmişlər. Bütün qönçələrin ortasında «Allah» kəlməsi yazılmışdır. Sol divardakı qönçənin içərisində konsentrik xətlə beşguşəli ulduz çəkilmişdir. Birinci ulduzu, beş dəfə təkrarən yazılan «Ömər» - sözü, ikinci beş düz xətlə yazılmış - «Mühəmməd, Əbu-Bəkr, Ömər, Osman, Əli» - sözləri təşkil edir. Beləliklə ustad, bir tərəfdən qönçənin içərisində yazıları ornament şəklində yerləşdirməyə müvəffəq olmuş, digər tərəfdən isə müsəlman aləminin əsas kəlamı - «Allah, Məhəmməd, Əli» və xilafətin dörd ilk xəlifələri olan - Əbu-Bəkrin (632-634), Ömərin (634-644), Osmanın (644-656) və Əlinin (656-661) adlarını çəkmişdir. Həmçinin, cənub divardakı qönçənin içindəki dairənin içərisində - «Allah» sözü, ətrafında isə səkkiz düz xətlə: «Mühəmməd, Əbu-Bəkr» və iki dəfə təkrarlanan: «Ömər, Osman, Əli, Həsən» və «Hüseyn» sözləri yazılmışdır. Şöhrəti bütün yaxın Şərqdə yayılmış və dahi Nizaminin qəhrəmanlarının prototipinə çevrilmiş Əcəmi bu abidə ilə həm özünü, həm də şərəfinə ucaltdığı qadının xatirəsini əbədiləşdirmişdir. 

Azərbaycan memarlığının ən nadir və unikal abidələrindən biri olan Möminə Xatun türbəsi “Naxçıvan Məqbərələri” tərkibində 30 sentyabr 1998-ci ildən UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdir.
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.