AZ   |   EN

Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti

Müqəddəs kitablarda adı cəkilən nar qədim zamanlarda Şərqdə “meyvələrin şahı” sayılırdı. Bu meyvənin, demək olar ki, hər dənəsi insan sağlamlığı üçün  faydalıdır. Yetişdiyi məkandan asılı olmayaraq nar ağacı “həyat ağacı”, nar şirəsi isə “sevgi içkisi” adlandırılıb.

Nar ağacı qədim zamanlardan çiçəklərinin, meyvəsinin, al qırmızı, şirəli, dadlı dənəciklərinin gözəlliyi ilə məşhurdur. Əbəs yerə narı meyvələrin şahı adlandırmırdılar. Deyilənə görə, padşahların tacının forması nar tacının formasından götürülüb. Nar təkcə gözəlliyinə, dadına görə deyil, həm də faydasına görə meyvələrin şahı sayıla bilər.

Hələ qədim zamanlarda Şərqdə böyük məna kəsb edən nar meyvəsi Çində məhsuldarlıq rəmzi sayılırdı. Məhəmməd peyğəmbər öz sələflərinə nar meyvəsini yeməyi tövsiyə edərək deyirdi ki, nar insanın qəlbini paxıllıqdan və nifrətdən təmizləyir. Narın çox maraqlı tarixcəsi var. Qədim Yunan mifologiyasında deyilir ki, Aidin çarlığında yaşayan Persifona adlı ilahə altı ədəd nar dənəsini daddığına görə hər ilin altı ayını yeraltı dünyada yaşamağa məhkum edilmişdi. Qədim Babilistanda cəngavərlər döyüşə getməzdən öncə nar dənələrini çeynəməklə məğlubedilməzlik qazanacaqlarına inanırdılar.

Onun ən qiymətli sortu eramızdan əvvəl qədim Yunanıstanın Karfagen vilayətində becərilmişdir. Narın müalicəvi xassəsi eramızdan hələ çox-çox əvvəl assuriyalılara, misirlilərə, yəhudilərə, yunanlara və romalılara məlum idi.

Eramızdan 1500 il əvvəl Çin təbibləri nar qabığını qurd dərmanı kimi işlətmişlər. Azərbaycanda da nardan və onun meyvələrinin qabığından istifadə olunur. Narın növündən və sortundan asılı olaraq, meyvələri şirin və turş olur. Nara turş dad verən onun şirəsindəki limon turşusudur.

Nar meyvəsinin tərkibi şəkər və limon turşusu ilə yanaşı, vitaminlərlə, boyayıcı maddələrlə, makro və mikroelementlərlə də zəngindir. Cır nar meyvəsinin şirəsindən təbabətdə və yeyinti məhsulları sənayesində istifadə etmək üçün limon turşusu istehsal olunur. Meyvəsinin qabığı da faydalıdır. Onu çay kimi dəmləyib, mədə bağırsaq xəstəliklərində ishala və dezinteriyaya qarşı qəbul edirlər. Böyrək və qaraciyər xəstəliklərinə tutulanlara nar şirəsi içmək çox xeyirlidir. Şəkər xəstəliyi olanlara cır narın şirəsindən içmək məsləhətdir.

Nar şirəsi yüksək vitaminli içki kimi yorğunluq, qanazlığı, bronxial astma, angina, şüalanma zamanı içilir. Bərpaedici vasitə kimi yoluxucu xəstəliklərdən, mədə-bağırsaq pozuntularından sonra qəbul edilməsi də çox faydalıdır. Nar iştahanı yaxşılaşdırır,  diatezin, başağrılarının, hipertoniyanın müalicəsində istifadə edilir. Sinir sisteminin möhkəmləndirilməsi üçün meyvənin pərdəli arakəsmələri qurudularaq çay kimi dəmlənilib içilir. Narın tərkibi kalium, dəmir, kalsium, fosfor mineralları, C və B1, B2 vitaminləri ilə zəngindir.

Azərbaycan tarixi uzaq əsrlərə gedib çıxan narın yetişdirilməsi mədəniyyəti ilə qırılmaz surәtdә bağlıdır. Narlar tarixən Azərbaycanın demәk olar ki, bütün regionlarında yetişdirilir. Lakin quru subtropik zonada yerləşən Şirvan ən yaxşı nar sortlarının yetişdirilmәsi mərkəzi kimi qəbul edilmişdir. Şirə istehsalı üçün əsas etibarı ilə Göyçay rayonunda yetişən narlardan istifadə olunur.

Məhz Göyçay narı dünyada tanınaraq, "əsl Azərbaycan narları" üçün sinonimə çevrilmişlər. Göyçay narlarının əla dadı və dəyişməz keyfiyyətinin sirri dünyanın heç bir yerində rast gəlinməyən unikal mikroiqlimin mövcudluğu və rayonun torpaq tərkibidir. 

Azərbaycanda narın müxtəlif növləri yetişdirilir, bu da Azərbaycan təbiətinin zənginliyindən, burada doqquz iqlim zonasının mövcudluğundan irəli gəlir. Al qırmızı rəngli nar meyvəsi ölkəmizin milli simvoluna çevrilmişdir. Hər il oktyabr ayının sonu – noyabr ayının əvvəllərində Azərbaycanın Göyçay rayonunda “Nar festivalı” keçirilir.

"Nar bayramı" ilk dəfə Azərbaycan Respublikası Mədəniyyət nazirliyi və Göyçay rayon İcra hakimiyyətinin birgə təşəbbüsü ilə 3 noyabr 2006-cı ildə keçirilmişdir. 

Nar bayramında Göyçay rayonun ayrı-ayrı kəndlərində yetişən nar növləri və onlardan hazırlanmış məhsullar rayon mərkəzinə gətirilir və şəhər meydanında təşkil olunmuş sərgidə nümayiş etdirilir. Şəhər mərkəzində gənc idmançıların çıxışları və konsert proqramlarına tamaşa edilir. Bayramların keçirilməsində əsas məqsəd regionların təbliği, mədəni və iqtisadi potensialın nümayişi və turizmin inkişaf etdirilməsindən ibarətdir.

Bu tədbirlərdə bir sıra xarici ölkə səfirləri, habelə respublikadan kənarda yaşayan göyçaylı iş adamları da iştirak edirlər. Tədbir iştirakçıları şəhərin mərkəzi meydanında nar məhsullarından hazırlanmış şirələrə qonaq edilirlər.

Nar mədəniyyəti və ənənələrinin Azərbaycan xalqının mədəni həyatında, mifologiyasında, qədim adət-ənənələrində, mətbəxində, kənd təsərrüfatında xüsusi yer tutmaqdadır. Bir çox Azərbaycan rəssamları öz yaradıcılığında nar mövzusuna müraciət ediblər. Azərbaycan təsviri sənətinin böyük şəxsiyyətlərindən olan Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Tahir Salahov, Sakit Məmmədov, Arif Hüseynov öz əsərlərində nar mövzusuna dəfələrlə müraciət etmişlər.

2020-ci ilin 14-19 dekabrında Parisdə (Qlobal pandemiya şəraiti ilə əlaqədar ilk dəfədir ki, virtual formatda baş tutub) UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 15-ci iclası keçirilib. Dekabırın 16-da Azərbaycan Respublikasının təqdim etdiyi “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” adlı nominasiya sənədi UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında qərar qəbul olunub. Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Xarici İşlər Nazirliyi, UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində mümkün olub.

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.