Suraxanı Atəşgahı
Tarixi mənbələrdə yazıldığına görə, "Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi, sönməz alovların yerində inşa edilmiş müqəddəs ziyarətgahdır. Məbədin ən erkən tikilişi təqribən eramızın 1713-cü ilinə aid edilir. Mərkəzi məbəd-səcdəgah isə 1810-cu ildə hindistanlı tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir.
Atəşgah dənizdən azacıq aralı, Abşeron yarımadasındakı Suraxanı kəndinin cənub-şərq qurtaracağında, neft mədənlərinin yaxınlığında yerləşir.
Beşbucaq forması təşkil edən abidə 24 hücrədən, bir otaqdan (“balaxana”) ibarətdir. Məbədin əsas binası həyətinin ortasında yerləşən – səcdəgahdır. Məbədin içərisində və damında od püskürməsi üçün çıxıntılar quraşdırılmışdır. Hücrələrin damında isə tüstünün çıxması üçün deşiklər açılmışdır. Səcdəgahın yanında qazılmış çalada tədqiqatçıların fikrincə, müqəddəs yerdə ölmüş atəşpərəstlərin meyidlərini yandırırdılar. Tikintinin inşa xüsusiyyətləri göstərir ki, bütün bu kompleks, hindlilərin layihəsi əsasında yerli ustalar tərəfindən tikilmişdir.
IX əsrdən başlayraq ərəb, fars və türk mənbələri atəşpərəstlər yaşayan Bakı haqqında qeyd edirdilər ki, “burada daim odlar yanır” 1683-cü ildə alman səyyahı Kempfer Suraxanıda bir tikintinin qalıqları haqqında danışarkən qeyd edirdi ki, “qədim fars qəbiləsinin nəslındən olan iki gəlmə hindistanlılar tikdikləri divarın ətrafında oturaraq və yerdən çıxan, püskürən oda baxaraq, ibadət edir, daima Allaha dua edirdilər”. 1733 – cü ildə ilk dəfə burada olmuş İ.Y.Lerx yazır ki, “20 il ərzində orada, kiçik binanın əvəzinə altıotaqlı bina tikilmişdi ki, bu otaqlaqlarda 12 oda sitayiş edənlər var idi”. Bu məlumata əsasən burada ilk binanın 1713-cü ilə aid olduğunu demək olar.
XIX əsrin əvvəllərində burada artıq 70-ə qədər atəşpərəst yaşayırdı. XIX əsrin ortalarında isə 30-a qədər adam yaşamışdır.
Fransız səyyahı Orsol 1883-cü ildə burada olandan sonra gündəliyində yazırdı ki, məbəddə 30-a qədər müxtəlif həcmli otaqlar vardır. Sonra qeyd edir ki, 1864-cü ildə axırıncı kahin öldürüldükdən sonra, bir neçə il keçmiş Bombeydən buraya başqa bir kahin göndərilir. Lakin o, burada çox qalmır və 1880-ci ildə Hindistana qayıdır.
Məbədin divarlarında çoxlu kitabələr vardır. Kitabələrdən biri fars dilində, qalanları hind dilində yazılmışdır. Xronoloji çərçivələri 1713-1827-ci illəri əhatə edir.
Sahəsi 1368 kvadrat metr, yaxud 0,14 hektar olan «Atəşgah» 1972-ci ildən muzey kimi fəaliyyət göstərsə də 1975-ci ildə bərpa edildikdən sonra Dövlət Tarix-Arxitektura Muzey-Qoruğunun (“Şirvanşahlar Sarayı Kompleksi”) filialına çevrilmişdir. Əvvəllər olduğu kimi buraya yenə də hər il yüzlərlə turist gəlir. Onların arasında müxtəlif dinlərin nümayəndələri də var. Bu insanların əksəriyyətini Atəşgaha gətirən heç də turist marağı deyildir. Onlar bu müqəddəs məkana - Od Məbədinə öz ulu əcdadları kimi həm də ziyarətə gəlir, oda, atəşə, xeyirxah ruhlara dualar oxuyurlar. Novruz bayramlarında isə bura gələn müsəlmanlar həm də qurbanlar kəsirlər. Suraxanı Atəşgahı unikal şedevr və milli maddi sərvət kimi bu gün də qədim din olan zərdüştiliyin ardıcılları haqqında ən müfəssəl məlumat verən, bütün yer üzündəki iki nadir atəşgahdan birincisi olaraq qalmaqdadır.
Heç də təsadüfi deyil ki, dünyanın unikal turizm guşələrindən olan Abşeron yarımadası və bu məkandakı qədim tarixə malik maddi-mədəniyyət abidələri Azərbaycana gələn hər bir əcnəbi qonaqda xalqımızın zəngin keçmişi və təkrarsız mədəniyyəti barədə güclü təəssürat yaradır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin 19 dekabr 2007-ci ildə Suraxanıdakı Atəşgah ərazisinin “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu elan edilməsi ilə bağlı imzaladığı sərəncam mühüm əhəmiyyət kəsb edir.
Hazırda Atəşgah məbədi “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyinin filialı kimi fəaliyyət göstərir, lakin onun özünəməxsusluğu, unikallığı və UNESCO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilməsi “Atəşgah məbədi” abidəsinin müstəqil fəaliyyəti və mühafizəsinə zərurət yaratmışdır. Elə buna görə də, dövlətimizin səyi nəticəsində “Atəşgah məbədi” 30 sentyabr 1998-ci ildən mədəni irs nümunəsi kimi "gücləndirilmiş mühafizə" statusu verilmiş və UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi- Mədəni İrsin İlkin siyahısına daxil edilmişdir.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.