AZ   |   EN

“Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiya

“Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın təsdiq edilməsi haqqında
 
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

YUNESKO-nun 1958-ci il 3 dekabr tarixli “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyası Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiq edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 may 2020-ci il
№ 81-VIQ

Nəşrlərin beynəlxalq mübadiləsinə dair
KONVENSİYA
 
3 dekabr 1958-ci il

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş Konfransı 1958-ci il noyabrın 4-dən dekabrın 5-dək Paris şəhərində keçirilən 10-cu sessiyasında,

fikir və biliklərin dünya xalqları arasında sərbəst yayılmasında nəşrlərin beynəlxalq mübadiləsinin inkişafının vacibliyinə əmin olaraq,

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının Nizamnaməsində nəşrlərin beynəlxalq mübadiləsinə verilən əhəmiyyəti nəzərə alaraq,

nəşrlərin mübadiləsi ilə bağlı yeni beynəlxalq konvensiyaya zərurət olduğunu etiraf edərək,

hazırkı sessiyanın gündəliyinin 15.4.1-ci bəndində qeyd olunan nəşrlərin beynəlxalq mübadiləsinə dair təkliflərlə tanış olaraq,

doqquzuncu sessiyada bu təkliflərin beynəlxalq konvensiya vasitəsilə beynəlxalq tənzimləmə predmeti olmasına qərar verərək,

1958-ci il dekabrın üçüncü günündə bu Konvensiyanı qəbul edir.
 
Maddə 1

Nəşrlərin mübadiləsi
 
Bu Konvensiyanın müddəalarına uyğun olaraq, razılığa gələn dövlətlər hökumət orqanları, eyni zamanda kommersiya məqsədi daşımayan təhsil, elm, texnika və ya mədəniyyət profilli qeyri-hökumət qurumları arasında nəşrlərin mübadiləsini təşviq etmək və asanlaşdırmaq öhdəliyini öz üzərinə götürürlər.
 
Maddə 2

Nəşrlərin mübadiləsinin əhatə dairəsi
 
1. Bu Konvensiyanın məqsədinə uyğun olaraq, yenidən satışı nəzərdə tutulmayan aşağıdakı nəşrlər bu Konvensiyanın 1-ci maddəsində göstərilən orqanlar və qurumlar arasında istifadə oluna və mübadilə obyekti kimi xidmət edə bilər:
(a) təhsil, hüquqi, elmi-texniki, mədəniyyət və informasiya sahəsi üzrə nəşrlər, məsələn: kitablar, qəzetlər və dövri nəşrlər, xəritələr və planlar, reproduksiyalar, fotoşəkillər, mikrosurətlər, musiqi əsərləri, Brayl nəşrləri və digər təsviri materiallar;

(b) Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş Konfransı tərəfindən 1958-ci il dekabrın üçüncü günündə qəbul edilmiş dövlətlər arasında rəsmi nəşrlərin və hökumət sənədlərinin mübadiləsi haqqında Konvensiyada nəzərdə tutulan nəşrlər.

2. Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş Konfransı tərəfindən 1958-ci il dekabrın üçüncü günündə qəbul edilmiş dövlətlər arasında rəsmi nəşrlərin və hökumət sənədlərinin mübadiləsi haqqında Konvensiyaya əsasən aparılan mübadilələrə heç bir təsir göstərmir.

3. Bu Konvensiya məxfi sənədlərə, sirkulyar məktublara və açıqlanmayan digər sənədlərə şamil edilmir.
 
Maddə 3

Mübadilə xidmətləri
 
1. Razılığa gələn dövlətlər milli mübadilə xidmətinə, belə mübadilə xidməti olmadıqda mərkəzi mübadilə orqanına və orqanlara bu Konvensiyanın 1-ci maddəsində göstərilən orqanlar və qurumlar arasında nəşrlərin mübadiləsini inkişaf etdirmək və əlaqələndirmək üçün aşağıdakı funksiyaları həvalə edə bilərlər:

(a) nəşrlərin beynəlxalq mübadiləsinin asanlaşdırılması, xüsusən ehtiyac yarandıqda mübadilə olunacaq materialların ötürülməsi;

(b) öz ölkələrində və xaricdə orqanlar və qurumlar üçün mübadilə imkanları barədə məsləhət və informasiyanın verilməsi;

(c) məqsədəuyğun olduqda, dublikatların (materialların surətlərinin) mübadiləsinin təşviq edilməsi.

2. Lakin bu Konvensiyanın 1-ci maddəsində göstərilən orqanlar və qurumlar arasında mübadilənin inkişafı və əlaqələndirilməsinin milli mübadilə xidməti və ya mübadilə mərkəzlərində cəmləşdirilməsi arzuolunmaz hesab edildikdə, bu maddənin 1-ci bəndində göstərilən hər hansı və ya bütün funksiyalar digər səlahiyyətli orqan və ya orqanlara həvalə edilə bilər.
 
Maddə 4

Göndərilmə qaydası
 
Göndərilmə aidiyyəti orqanlar və qurumlar arasında ya birbaşa, yaxud milli mübadilə xidmətləri və ya mübadilə orqanları vasitəsilə həyata keçirilə bilər.
 
Maddə 5

Nəqliyyat xərcləri
 
Göndərilmə birbaşa mübadilə tərəfləri arasında baş tutduqda, razılığa gələn dövlətlər tərəfindən xərclərin ödənilməsi tələb olunmur. Göndərilmə mübadilə orqanı və ya orqanları vasitəsilə həyata keçirildikdə, razılığa gələn dövlətlər göndərilmə ilə bağlı yalnız təyinat məntəqəsinə qədər olan xərcləri, göndərilmə dənizlə baş tutduqda isə təyinat limanındakı gömrük məntəqəsinə qədər qablaşdırma və çatdırılma xərclərini ödəyirlər.
 
Maddə 6

Tariflər və daşınma şərtləri
 
Razılığa gələn dövlətlər istifadə olunan nəqliyyat növündən (poçt, avtomobil nəqliyyatı, dəmir yolu, çay və dəniz nəqliyyatı, hava poçtu və ya hava nəqliyyatı) asılı olmayaraq, mübadilə mərkəzlərinin ən əlverişli tariflərdən və daşınma şərtlərindən istifadəsini təmin etmək üçün bütün zəruri tədbirləri görürlər.
 
Maddə 7

Gömrük və digər güzəştlər
 
Razılığa gələn hər bir dövlət bu Konvensiyaya, eyni zamanda tətbiq olunan hər hansı bir razılaşmaya əsasən öz mübadilə mərkəzlərini idxal və ixrac edilən nəşr məhsullarına olan gömrük rüsumundan azad edir və gömrük və digər prosedur qaydalarının icrası zamanı onlara ən əlverişli şəraiti yaradır.
 
Maddə 8

Mübadilənin beynəlxalq əlaqələndirilməsi
 
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına onun Nizamnaməsində mübadilənin beynəlxalq əlaqələndirilməsi ilə bağlı üzərinə qoyulmuş funksiyaların yerinə yetirilməsinə kömək göstərilməsi üçün razılığa gələn dövlətlər bu Konvensiyanın işi ilə bağlı illik hesabatları və 12-ci maddəyə uyğun olaraq bağlanılmış ikitərəfli müqavilələrin surətlərini təşkilata göndərirlər.
 
Maddə 9

İnformasiya və tədqiqatlar
 
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı razılığa gələn dövlətlərdən 8-ci maddənin tətbiqi ilə əlaqədar qəbul etdiyi məlumatları dərc edir və bu Konvensiyanın işinə dair tədqiqatlar hazırlayır və nəşr etdirir.
 
Maddə 10

UNESCO tərəfindən dəstək
 
1. Razılığa gələn dövlətlər bu Konvensiyanın tətbiqindən irəli gələn hər hansı bir texniki məsələdə dəstək üçün Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına müraciət edə bilərlər. Təşkilat öz proqramı çərçivəsində və imkanları daxilində, xüsusilə də milli mübadilə xidmətlərinin yaradılması və təşkilinə dəstək göstərir.

2. Təşkilat öz təşəbbüsü ilə razılığa gələn dövlətlərə bu barədə təkliflər vermək səlahiyyətinə malikdir.
 
Maddə 11

Əvvəllər bağlanılmış müqavilələrə münasibət
 
Bu Konvensiya razılığa gələn dövlətlər tərəfindən beynəlxalq müqavilələr üzrə əvvəllər qəbul edilmiş öhdəliklərə təsir etmir.
 
Maddə 12

İkitərəfli müqavilələr
 
Zərurət yaranarsa və ya arzu olunarsa, razılığa gələn dövlətlər bu Konvensiyaya əlavələr etmək və onun tətbiqindən irəli gələn ümumi maraq doğuran məsələləri tənzimləmək məqsədilə ikitərəfli müqavilələr bağlayırlar.
 
Maddə 13

Dillər
 
Bu Konvensiya ingilis, fransız, rus və ispan dillərində tərtib edilmişdir və hər dörd mətn eyni hüquqi qüvvəyə malikdir.
 
Maddə 14

Ratifikasiya və qəbuletmə
 
1. Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına üzv dövlətlər tərəfindən onların konstitusiya qaydalarına uyğun olaraq ratifikasiya və ya qəbul edilir.

2. Ratifikasiya və ya qəbuletmə sənədləri Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoruna saxlanılmaq üçün təhvil verilir.
 
Maddə 15

Qoşulma
 
1. Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının İcra Şurasından qoşulmaq üçün dəvət almış, təşkilata üzv olmayan bütün dövlətlər üçün açıqdır.

2. Konvensiyaya qoşulma Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoruna qoşulma haqqında müvafiq sənədin təhvil verilməsi yolu ilə həyata keçirilir.
 
Maddə 16

Qüvvəyəminmə
 
Bu Konvensiya üçüncü ratifikasiya, qəbuletmə və ya qoşulma haqqında sənədin saxlanılmağa verildiyi tarixdən on iki ay sonra və yalnız o tarixdə və ya ondan öncə müvafiq sənədlərini təqdim etmiş dövlətlərə münasibətdə qüvvəyə minir. Ratifikasiya, qəbuletmə və ya qoşulma haqqında öz sənədini saxlanılmağa verən hər hansı digər dövlətə münasibətdə bu Konvensiya, onun ratifikasiya, qəbuletmə və ya qoşulma haqqında sənədinin saxlanılmağa verildiyi tarixdən on iki ay sonra qüvvəyə minir.
 
Maddə 17

Konvensiyanın ərazi əhatəsi

Razılığa gələn hər bir dövlət ratifikasiya, qəbuletmə və ya qoşulma zamanı və ya bundan sonra istənilən vaxt Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoruna ünvanlanan bildirişlə bu Konvensiyanın beynəlxalq əlaqələri üçün cavabdeh olduğu ərazilərin hamısına və ya hər hansı birinə şamil ediləcəyini bəyan edə bilər. Qeyd olunan bildiriş qəbul edildiyi tarixdən on iki ay sonra qüvvəyə minir.
 
Maddə 18

Denonsasiya
 
1. Razılığa gələn hər bir dövlət bu Konvensiyanı öz adından və ya beynəlxalq əlaqələrinə görə cavabdeh olduğu hər hansı bir ərazi adından denonsasiya edə bilər.

2. Denonsasiya barədə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoruna yazılı sənəd göndərməklə məlumat verilir.

3. Denonsasiya bu haqda sənədin qəbul edilməsindən on iki ay sonra qüvvəyə minir.
 
Maddə 19

Bildirişlər
 
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru təşkilata üzv olan dövlətlərə, 15-ci maddədə qeyd edilən təşkilata üzv olmayan dövlətlərə, habelə Birləşmiş Millətlər Təşkilatına 14-cü və 15-ci maddələrdə nəzərdə tutulmuş ratifikasiya, qəbuletmə və qoşulma haqqında sənədlərin saxlanılmağa verilməsi, həmçinin 17-ci və 18-ci maddələrdə nəzərdə tutulan bildiriş və denonsasiyalar barədə məlumat verir.
 
Maddə 20

Konvensiyaya yenidən baxılma
 
1. Bu Konvensiyaya Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş Konfransı tərəfindən yenidən baxıla bilər, lakin yenidən baxılmanın yekunları yalnız yenilənən Konvensiyaya tərəf olan dövlətlər üçün məcburidir.

2. Baş Konfrans bu Konvensiyanın bütövlüklə və ya qismən yenidən baxılması ilə əlaqədar yeni bir konvensiya qəbul etdiyi və yeni konvensiyada başqa halın nəzərdə tutulmadığı təqdirdə, bu Konvensiya yenilənmiş konvensiya qüvvəyə mindiyi tarixdən etibarən ratifikasiya, qəbuletmə və ya qoşulma üçün bağlı elan edilir.
 
Maddə 21

Qeydiyyat
 
Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq, bu Konvensiya UNESCO-nun Baş direktorunun müraciətinə əsasən Birləşmiş Millətlər Təşkilatının Katibliyi tərəfindən qeydiyyata alınır.

Bu Konvensiya 1958-ci il dekabrın beşinci günündə Paris şəhərində Baş Konfransın onuncu sessiyasının Prezidenti və Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru tərəfindən iki autentik nüsxədə imzalanmışdır, onlar saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının arxivinə təhvil verilir və təsdiq edilmiş əsl nüsxələr 14-cü və 15-ci maddələrdə göstərilən bütün dövlətlərə, həmçinin Birləşmiş Millətlər Təşkilatına çatdırılır.


UNESCO-nun “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyası üzrə Azərbaycan Respublikasının
 
BƏYANATI

Azərbaycan Respublikası bəyan edir ki, UNESCO-nun “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyasının müddəaları Ermənistan Respublikasına münasibətdə Azərbaycan Respublikası tərəfindən tətbiq edilməyəcəkdir.

Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonu) UNESCO-nun “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyasının müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermir (Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin sxematik xəritəsi əlavə olunur).*
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.