AZ   |   EN

“Xınalıq və Köç Yolu” mədəni landşaftı

Xınalıq kəndi Qafqaz sıra dağlarının cənubunda, Qudyalçayın şərq hissəsində yerləşir. Tarixçilərin ilkin araşdırmalarına görə, Xınalıq kəndi bizim eramızdan əvvəl salınıb. Əsasən Xınalıq etnosunun və dilinin tarixi araşdırmalarına və rəvayətlərə əsaslanan tədqiqatçılar Xınalıq kəndinin tarixinin təxminən 5000 il olduğu ehtimal edirlər. 

Tunc dövrünün sonundan Albaniya hökmranlığı dövrünə kimi bu ərazilərdə məskunlaşma haqqında çox az məlumatlar vardır. Xınalıqlılar özlərini "kətdid” kəndlərini isə "Kətiş” adlandırırlar. Bununla belə onlar 26 Alban tayfalarından birinin nəsilləri olduqları göstərilir. A.A. Bakıxanovun "Gülüstani İrəm” adlı kitabında Alban tayfası olan "Ket" tayfaları haqqında qeydlər mövcuddur.

"Ket” yaxud "Kətiş" özümüzünkü mənası verən Ket-did - Ketiş sözləri ilə əlaqələndirilə bilər. Xınalıqlılardan başqa, udinlər və qrızlar da özlərini Albanların varisləri hesab edirlər. Bu xalqlarla birlikdə xınalıqlılar da özlərinin Nuhun nəslindən olduqlarına inanırlar. Bəzi Xınalıq əfsanələrində Albaniya şəxsiyyətlərinə istinad edilir. Xınalıq sözünün açımını hər alim, araşdırıcı, yozarlar və yazarlar, hərə bir cür izahını verirlər. “Xınalıq” sözü Xınalıq, Xanalıq, Xınalı-Xınalıq, Xanəlik və s. anlamlarda təqdim olunur.

Qədim dövr tarixçisi Musa Kalankatlının “Alban tarixi” əsərində Albaniyanın şimal-qərbində yerləşən əyalət “Xeni” adlandırılır. Bəzi fərziyyələrə görə Xınalıq həmin əyalətin adını əks etdirir. Qədim Yunan tarixçisi Strabon isə yazır ki, Albaniyada Xan şəhəri divarlarla əhatə olunan qaladır.

Xınalıq yer adına ilk dəfə XV əsrdə Mahmud Əl Xinaluqinin "Şirvan və Dağıstan hadisələri" (1457-1459) adlı əlyazmasında rast gəlinir. Mahmud özünə Xınalıqlı təxəllüsünü götürmüşdür. Bu da Xınalıq adından istifadə olunan ilk yazılı mənbədir. 1860 - cı ildə qeyd olunan əlyazma rus alimi Berje tərəfindən aşkar olunaraq Sankt-Peterburq şəhərinə aparılmış, rus dilinə tərcümə edilmişdir. Mahmud Əl Xinaluqinin "Şirvan və Dağıstan hadisələri" adlı rus dilinə tərcümə edilmiş əsəri 1996-cı ildə Dağıstan Milli Elmlər Akademiyası tərəfindən kitabça halında çap olunmuşdur.

VIII əsrdə xınalıqlılar Dərbənd hakimi Hişamın qardaşı Abu Müslüm vasitəsilə islam dinini qəbul edirlər. Abu Müslüm Qafqazın çox geniş ərazilərinə İslam dinini yaymışdır. Bu ərazidə ən qədim məscid də məhz Xınalıqda elə Abu Müslümün əmri əsasında tikilmişdir ki, bu gündə də həmin məscid Abu Müslüm məscidi adlanır. XII - XVIII əsrlər aralığında burada dini rəhbərlər tərəfindən çoxlu sayda türbələr və məscidlər tikilmişdir. VIII əsrdə Ərəb alimi Yaqut Əl-Həməvi özünün lüğət "Mücəm əl-buldan” (Ölkələrin adları əlifba sırası ilə) adlı kitabında Xazaran dağ keçidində kiçik bir qəsəbənin (şəhər) olduğunu qeyd etmişdir. Yunan alimi Strabonun (e.ə. 64 - 24) "Coğrafiya" kitabında verilən məlumata görə, həmin ərazidə VII əsrdən X əsrə kimi bir şəhər mədəniyyət mərkəzi kimi fəaliyyət göstərmişdir. Həmin şəhərin adı haqqında heç bir məlumatın olmamasına baxmayaraq, onların Xınalığı nəzərdə tutduğunu demək olar. Pir Comərd və ya Əbu Müslüm məscidi Xınalığın ən qədim və əsas piri sayılır. Cümə məscidi Xınalığın ən böyük tikililərindəndir. Kənddə Şeyx Salbuzbaba məscidi, Qəmik məscidi, Cabbar baba piri, Möhüc baba piri və Şixsalburuz baba, Xıdır Nəbi piri və Qüllə pirləri vardır. 

XIX əsrin I yarısında rus və alman dilçi alimlərinin apardığı araşdırmalara görə, Alban tayfalarından olan Xınalıqlılar Şahdağ etnik qrupuna daxildirlər. Azərbaycanın aborigen azsaylı xalqları içərisində özünəməxsus etnoqrafik xüsusiyyətləri ilə seçilir. Bu etnos Qafqaz dil ailəsinə daxil olub, Şahdağ ətrafında yerləşmələrinə görə tarixi-etnoqrafik ədəbiyyatda “Şahdağ xalqları” adlandırılır. Xınalıqlılar Azərbaycanın ən qədim sakinlərindən sayılır. Bu etnos dünyada yeganə dilə və yaşayış məskəninə mənsubdur. Yəni dünyanın etnik xəritəsində ancaq bir Xınalıq kəndi və yeganə xınalıq dili mövcuddur ki, bu da Azərbaycanın Quba rayonuna məxsusdur.

Xınalıq dəniz səviyyəsindən 2300 m yüksəklikdə yerləşir. Kənd əhalisi keçən əsrin 60-cı illərinin sonuna kimi qonşu kəndlər və rayonlarla dağ cığırları vasitəsilə əlaqə saxlayıblar. Xınalıqlıların ən yaxın əlaqələri qonşu Qəbələ və Şamaxı rayonları ilə ancaq yay aylarında olmuş, nəqliyyat vasitəsi kimi at və öküzdən istifadə edilmişdir. Xınalıqlılar dindar müsəlmanlar olaraq etiqadlı bir icmadır. Özlərinə məxsus xüsusi adət-ənənələri, geyimləri və mərasimləri olan xınalıqlılar, xüsusi memarlıq quruluşuna malik, çay daşlarından hörülmüş evlərdə yaşayırlar.

Kəndin struktur quruluşuna baxdıqda aydın görünür ki, köhnə və yeni salınmış qəbirlər bütövlükdə kəndin ətrafında sıx şəkildə yerləşir. Dəqiq söyləmək olar ki, qədim zamanlarda Xınalıqda insanlar daha yaxın yerlərdə dəfn olunmuş, daha sonra kənd böyüdükcə ətrafına doğru Xınalıq qəbiristanlıqlar genişlənmişdir. Çox maraqlıdır ki, Xınalıq xəttatları sərt, vulkanik qayalardan peşəkarcasına başdaşları hazırlayaraq, onların səthlərində yazı və rəsm nümunələri cızmışdılar. 40 hektara yaxın ərazini əhatə edən qəbiristanlıqda bu cür qədim başdaşları görmək mümkündür. Xınalıqda 160 tarixi yaşayış evi olmaqla 210 ev var. Hal-hazırda Xınalıqda 1905 nəfər əhali yaşayır. Azərbaycanda yaşayan Xınalıq etnik qrupunun üzvlərinin dəqiq sayı təyin olunmayıb. Demək olar ki, hal-hazırda təxminən Quba rayonun Vladimirovka (Gülüstan) kəndində 250-ə yaxın, Qaraçay kəndində 120, Ərəbxan yaşayış məskənində 20, Dağlı kəndində 130, Alekseyevka kəndində 100, Nərimanabad kəndində 20, İqriq kəndində 15, Əlibəyqışlaq kəndində 15, Barlı kəndində 10, Aşağı Atuc kəndində 100, Quba şəhərində 100-ə yaxın, Timiryazev qəsəbəsində 30, Qırmızı qəsəbədə 20, Ağbil, Pirvahid, Xucbala, Digah, Nügədi kəndlərinin hər birində 10-a yaxın, Qəbələ rayonunun Vəndam kəndində 60, Qəbələ şəhərində 30-ayaxın, Bakı şəhərində 20, Sumqayıt şəhərində 30-a yaxın xınalıqlı ailə yaşamaqdadır. Bundan əlavə Rusiyanın Moskva, Ufa, Surgut, Tumen və s. kimi şəhərlərində 50-yə yaxın xınalıqlı ailə yaşayır. Bir faktı qeyd etmək lazımdır ki, XVII – XVIII əsrlərdə bir neçə Xınalıqlı ailə təsərrüfatla bağlı olaraq Ağdaş rayonuna köçmüş və burada Xınaxlı kəndinin əsasını qoymuşdular.

XIX əsrdən başlayaraq keçən əsrin 40-cı illərinə kimi Xınalıqda 9 məscid və 9 su dəyirmanı mövcud olmuşdur. Hal-hazırda 9 məsciddən 6-sı mühafizə edilmişdir. Doqquz su dəyirmanından yalnız biri dövrümüzə gəlib çatmışdır. Xınalıq ərazisində 8 məhəllə mövcuddur ki, bunlar da aşağıdakılardır:

Təpə məhəllə, Yuxarı məhəllə (Gəmk), Yelqovan məhəllə, Məlikli məhəllə, Aşağı məhəllə (Кəмk), Gadaxe məhəlləsi, Çuxur məhəllə və Müasir Dəyirmançay yaşayış massivi.

Azərbaycan müstəqillik qazandıqdan sonra Xınalıqda da həyat yenidən köklü şəkildə dəyişildi. Kolxoz və sovxozlarda birləşdirilmiş zəif iqtisadi inkişafa malik olan kənd təsərrüfatı yenidən özəlləşdirildi. Beləliklə, xınalıqlılar özlərinin ənənəvi həyat tərzinə qayıda bildilər. Xınalıq 2001-ci ildə "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri", 2007-ci ildə isə Dünya Abidələr Fondunun siyahısına daxil edilmişdir.

2006-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xınalığa rəsmi səfərindən sonra Xınalıqda yeni poçt ofisi tikildi, telefon xətləri çəkildi, mobil operatorların stansiyaları fəaliyyətə başladı. 2007-ci ilin sentyabr ayının 15-də Xınalıqda Xınalıq kənd İnternat tam orta məktəbi istifadəyə verildi. Xınalıq camaatının əsas məşğuliyyəti qoyunçuluq və maldarlıq olduğundan bir hissəsi 7-8 ay qışlaqlara köçməli olur. Həmin ailələrin övladları Xınalıq kənd İnternat tam orta məktəbində təhsil alır, onların bütün qayğıları dövlət tərəfindən qarşılanır. Bununla yanaşı qonşu kəndlərin şagirdləri də bu məktəbdə təhsil ala və daimi qala bilirlər.

2015-ci ilin iyun ayının 10-da Xınalıq ATES-də xüsusi texniki imkanlara malik avadanlıqlar quraşdırıldıqdan sonra xınalıqlılar sürətli internetdən istifadə etmək imkanına malik oldular.

Azərbaycan Respublikasının Quba rayonunda yerləşən Xınalıq kəndi özünün ecazkar tarixi məkanları, ləzzətli mətbəxi və mənzərəli təbiəti ilə heyrətamiz bir turizm məkanıdır.

Azərbaycan hökuməti kəndin özünəməxsus tarixinin və təbiətinin qorunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci il 19 dekabr sərəncamı ilə ərazini “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu elan edib.

Bütün bunlarla bərabər dövlətimzın böyük səyi nəticəsində bu tarixi abidə 15 iyun 2020-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdir.

UNESCO-ya təqdim edilən sənədin əsasını Xınalığın köçəri mədəniyyəti təşkil edir. Əks etdirdiyi ümumbəşəri dəyərlər nəzərə alınmaqla, unikallığı ilə seçilən bu zəngin irs “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiya sənədi 2021-ci ildə Ümumdünya İrs Komitəsinə təqdim edilib.

Azərbaycanın mədəni irsi üçün əhəmiyyətini, köç yolunun yerləşdiyi ərazinin qorunması, vahid idarəetmə modelinin yaradılması və burada məsuliyyətli turizmin inkişaf etdirilməsi məqsədilə 4 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb.

Azərbaycanın “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiya ərazisi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu haqda qərar 2023-cü ilin 18 sentyabr tarixində UNESCO-nun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında qəbul edilib.

Beləliklə, “Xınalıq və Köç yolu” Azərbaycanda UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən dördüncü mədəni irs ərazisi oldu. Bundan əvvəl Şirvanşahlar Sarayı və Qız qalası ilə birlikdə İçərişəhər, Qobustan Qaya Sənəti Mədəni Landşaftı, Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi də Ümumdünya İrs Siyahısına daxil edilib.
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.