Bakı şəhərinin “dizayn” tematikası
Bakı Xəzər dənizinin qərb sahillərində, Abşeron yarımadasının cənubunda yerləşən tarixi bir şəhərdir. Bakı - müstəqil Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin memarlıq abidələri ilə zəngin ən böyük şəhərlərindən biridir. Ümumi sahəsi 2200 km²-dir, 11 administrativ rayondan ibarətdir və əhalisinin sayı 2 milyondan artıqdır.
Qədim Bakı-Qala şəhərinin müxtəlif adları olmuşdur. Fars tarixi mənbələrinə istinad etsək məlum otur ki, Bakı «Badi-Kubə» şəhər qalası adlandırılıb ki, onun da mənası «küləklər şəhər qalası» deməkdir. Məlumdur ki, qədim dövrlərdə dəniz-okean sahillərində tikilən şəhərlər küləkli olub, sunamilərlə üzləşiblər. Lakin heç biri küləklər şəhəri adlandırılmayıb. Ərəb lüğətinə müraciət etsək «Badi-Kubə» adı ilə səsləşən «Badi-Kaaba» adı ilə rastlaşarıq ki, o da tərcümədə Müqəddəs Kəbədən sonra şəhər mənasındadır.
Bakı şəhərinin adının qorunub saxlandığı sənədlər arasında köhnə qala - İçərişəhər ərazisindəki məscidlərin divarlarındakı kitabələr çox qiymətlidir. Qız qalası yaxınlığındakı Cümə məscidi minarəsinin bünövrə daşındakı kitabədə Elxani sultanı Məhəmməd Əlcayrunun (hakimiyyət illəri 1304-1316) yarlığının mətni həkk olunmuşdur. Orada "Bakı" sözü “Bakuyə” şəklində çəkilir. Elxanilərin, Cəlairilərin və Şirvanşahların XIV-XV əsrlərdə Bakıda kəsdirdikləri sikkələrdə "Bakı" sözü “Bakuyə” şəklində yazılmışdır. Rus mənbələrində Bakının adı "Baka" kimi yazılır. Nəhayət, azərbaycanlılar, o cümlədən Abşeron əhli öz şəhərlərini Bakı (i) adlandırmışlar.
XII əsr və XIII əsrin 20-ci illərinə qədərki dövr Bakının ilk çiçəklənmə dövrü olmuşdur. Bakının Azərbaycan ərazisində mühüm feodal qurumlarından olan Şirvanşahlar dövlətinin paytaxtına çevrildiyi XV əsr şəhər mədəniyyətinin inkişaf dövrü olmuşdur.
Azərbaycan qədim zamanlardan bəri təsviri sənət əsərləri ilə yanaşı, xalq sənətinin bir qolu olan memarlıq əsərləri ilə də zəngindir. Bu baxımdan Bakıdakı Qız qalası abidəsi memarlıq sənətinin nadir inciləridir. Bayıl qəsrindəki daşoyma nümunələri (XIII əsr), məzarlar üzərinə qoyulan at və qoç fiqurlarını (XV-XIX əsrlər) da heykəltəraşlığın yeni və yaddaqalan səhifəsi saymaq mümkündür. Friz xarakteri daşıyan "Bayıl daşları" vaxtilə quruda yerləşən möhtəşəm memarlıq abidəsinin dekorativ elementini təşkil edib.
Müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı xalçaçılıq məktəblərində, o cümlədən də Bakıda toxunmuş xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir. Onların bir çoxu dünyanın məşhur muzeylərində mühafizə olunur.
Qobustan qayaüstü təsvirləri arasında "Yallı" (rəqs) oynayan insanların təsviri xüsusi maraq doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrlərdən musiqiyə olan marağından xəbər verir. Şərqlə Qərb arasında bir körpü olan Bakıda əsrlər boyu müxtəlif mədəniyyət və sivilizasiyalar qovuşmuşdur. Mərkəzi Asiya və Yaxın Şərqlə yanaşı digər ərazilərlə də karvan, eləcə də dəniz ticarət yolu ilə sıx iqtisadi-mədəni əlaqələr saxlayan Bakı neft və duz ixracatçısı kimi tanınmışdır. Bakı özünəməxsus inkişaf yolu keçərək mədəniyyət və ticarət mərkəzinə çevrilmişdir.
Bakının tarixi Azərbaycan xalqının qiymətli sərvətlərindən olan neftlə sıx bağlıdır. Strateji əhəmiyyətli neft ilk dəfə Abşeron yarımadasında kəşf və hasil edilmişdir. Neftin sənaye məqsədilə istehsalı üçün ilk mexaniki qurğu 1847-ci ildə Bakıda qazılıb.
Dünyada ilk neft tankeri "Zoroaster" 1879-cu ildən Bakıda Nobel qardaşları tərəfindən istifadə olunmuşdur. Lakin 70 il sonra Sovetlər dövründə dünyanın ilk açıq dəniz platforması olan məşhur Neft Daşlarını yaratmaq məqsədilə həmin gəmi batırılmışdır. Əsası 1947-ci ildə qoyulan Neft Daşlarında Azərbaycan neftçiləri dənizin dibindən karbohidrogen əldə etməklə tarixdə yeni bir səhifə açdılar. Hazırda Neft Daşları yaşayış məntəqəsinə çevrilmişdir. 1999-cu ildə "Dünya kifayət etmir" ("World Is Not Enough") filminin bəzi hissələri məşhur Ceyms Bondun iştirakı ilə məhz burada - Bakının Neft Daşlarında çəkilmişdir.
Neftdən başqa Bakı həm də Azərbaycanın elm, təhsil, mədəniyyət və idman mərkəzidir. Bura İslam şərqində ilk opera, balet və universitetin vətənidir. 1901-ci ildə müsəlman qızları üçün ilk məktəb də məhz Bakıda, neft maqnatı olan və qızların təhsilini çox vacib sayan Hacı Zeynalabdin Tağıyevin şəxsi vəsaiti hesabına açılmışdır. O, savadlı qadını millətin aparıcı qüvvəsi kimi görürdü. Lümyer qardaşlarının ilk filmlərindən olan "Bakının neft quyuları: Yaxından Baxış" 1896-cı ildə Kamil Şərf tərəfindən çəkilmişdir. 1900-cü illərdə Rusiya İmperiyasının böyük limanlarından olan Bakı ilk sovet tramvaylarının (1924) və şəhərdaxili qatarların (1926) vətəni sayılır.
Şərq və Qərb memarlığının möhtəşəm harmoniyası, həmçinin ilk neft bumunda (1872-1920) inşa edilən binalar bu gün də Bakıda özünəməxsus ab-hava yaradır və şəhər arxitekturasına öz təsirini göstərir. Bakının ən qədim tarixinin izləri İçərişəhərdədir. Bakı minilliklər ərzində sıx və kompakt infrastrukturu ilə Qala divarları arasında yerləşmişdir. Burada hazırda 50-dən artıq tarixi və memarlıq abidəsi qorunub saxlanılır. Bunların arasında öz misilsiz forması ilə Bakının simvollarından sayılan 12-ci əsr abidəsi Qız Qalası, Şirvanşahlar Sarayı (1420-1460) da var. 2000-ci ildə İçərişəhər Qala divarları, Qız Qalası və Şirvanşahlar Sarayı UNESCO-nun Dünyanın Mədəni İrsi Siyahısına daxil edilmişdir. Açıq səma altında yerləşən Qala Arxeoloji-Etnoqrafik Muzeyi Bakının qədim tarixini yaşadan abidələrdəndir. Qala ərazisindəki arxeoloji tapıntılar və memarlıq abidələri e.ə 3-cü əsrdən başlamış eramızın 20-ci əsrinə qədərki tarixi əhatə edir.
Ölkənin ən böyük mədəniyyət mərkəzi olan Bakı, müsəlman Şərqində ilk pərdənin açıldığı milli teatr, ilk operanın ifa olunduğu, ilk Azərbaycan qəzetinin nəşr edildiyi və ilk Azərbaycan kitabxanasının açıldığı şəhərdir. Şəhərin ən gözəl ve xüsusi memarliq üslubu ilə seçilən binaları əsasən muzeylərə, teatrlara və kitabxanalara məxsusdur.
Müasir Bakının ruhu həqiqətən də cəlbedicidir. Qədim tarixlə zəngin Bakı bu gün də dinamik inkişaf edir. Müasir üslublu muzeylər, teatrlar, konsert zalları, Dənizkənarı Milli Park, eyni zamanda milli və xarici mətbəxi ilə seçilən kafelər, restoranlar fəaliyyət göstərir.
Bakının müasir mənzərəsini gözəlləşdirən tikililərdən Heydər Əliyev Mərkəzini (memar Zaha Hadid, 2013), Muğam mərkəzini (2008), Xalça muzeyini (memar Frans Yants, 2014), Beynəlxalq avtovağzalı (2010), Beynəlxaq Hava Limanını (2014) və s. göstərmək olar. Şüşə və metal konstruksiyalardan qurulmuş bu tikililər şəhərə tamamilə yeni görkəm verir. Dənizkənarı bulvarda yerləşən Xalça muzeyinin binası yarımbükülmüş xalça örtüyü formasında qurulmuşdur.
Bakı şəhəri UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Mədəniyyət nazirliyinin, Xarici İşlər nazirliyinin və Azərbaycan Respublikasının UNESKO yanındakı daimi nümayəndəliyinin səyləri nəticəsində Bakı şəhəri şəbəkənin “dizayn” tematikası üzrə siyahıya salınıb.
2019-cu il 31 oktyabr - Dünya Şəhərlər Günü münasibətilə UNESKO 48 ölkədən 66 şəhəri “yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edib. Bu şəbəkə inkişafını yaradıcılıq - musiqi, sənət və sənətkarlıq, dizayn, kino, ədəbiyyat, rəqəmsal incəsənət və qastronomiya üzərində quran şəhərləri bir araya gətirir. Şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru hesab edir.
UNESKO-nun yaradıcı şəhərləri mədəniyyəti inkişaf strategiyalarının əsas qayəsi kimi götürərək ən yaxşı təcrübələrini bölüşürlər. 2004-cü ildən bəri şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi tematika üzrə müəyyən olunur: incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi. Hazırda şəbəkəyə 246 şəhər daxildir.
Qeyd edək ki, Şəki şəhəri “sənət və sənətkarlıq” tematikası üzrə 2017-ci ildən bu şəbəkənin üzvüdür.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.