AZ   |   EN

UNESCO-nun Baş direktorları

Baş direktor - Baş Konfrans tərəfindən təsis edilmiş proqramların həyata keçirilməsində mühüm rol oynayan Katibliyə rəhbərlik edir.

UNESCO-nun Nizamnaməsinə görə, Baş direktorun vəzifəsi təşkilatın birinci vəzifəli şəxsi kimi müəyyən edilir və ona geniş hüquq və səlahiyyətlər verilir. O, büdcə ilə bağlı müvafiq təklifləri əks etdirən iş proqramını planlaşdırır, üzv-dövlətlərin dəyişikliklərlə bağlı müraciətlərinə münasibət bildirir və fəaliyyəti ilə bağlı mütamadi olaraq hesabatlar tərtib edir. Onun səlahiyyəti çərçivəsinə, həmçinin personalın qəbulu (direktorlar səviyyəsində İcra komitəsi ilə konsultasiya edildikən sonra) və katiblik strukturu ilə bağlı qərar da daxildir.

Baş direktor seçkiləri zamanı aktual maraqlar, müxtəlif regional qruplar arasında razılaşma, rotasiya məsələləri ilə yanaşı namizədin şəxsiyyəti böyük rol oynayır. Nizamnamənin VI maddəsinə əsasən Baş direktor İcra Şurasının təklifi ilə Baş Konfrans tərəfindən təyin edilir. Namizədlərlə bağlı konsultasiyalar Baş Konfransda olduğu kimi İcra Şurasında da keçirilir. Qərarlar gizli səsvermə yolu ilə qəbul olunur. İcra Şurası tərəfindən seçilən namizəd Baş Konfransda adi səs çoxluğu qazana bilmədiyi halda, Şura 48 saat ərzində yeni namizədin adını açıqlamalıdır. İcra Şurası, həmçinin Baş direktrorla onun şəxsi əmək müqaviləsini də müzakirə edir. Əvvəllər altı ilə təyin edilən Baş direktor hal-hazırda dörd ildən bir Baş Konfrans tərəfindən təyin edilir.

UNESCO-nun müvafiq inkişaf mərhələləri Baş direktorların fəaliyyəti ilə bağlı olması ictimaiyyət tərəfindən təşkilatın fəaliyyəti ilə identifikasiya edilir. Sabiq Baş direktorların fikirlərinə görə, bu post onlar üçün böyük uğurlarla yanaşı şəxsi dramlara gətirib çıxaran ağır zərbələrlə də dolu olmuşdur.

Baş direktorlar: 

1.    Culian Haksli (Julian Huxley)

(Böyük Britaniya, 1887 - 1975)

6 dekabr 1946-cı idən - 9 dekabr 1948-cı ilədək Baş direktor olmuşdur. Zooloq, filosof, yazıçı və tərbiyəçi olan Haksli müasir universal alim hesab olunmaqla yanaşı təhsil, elm, və mədəniyyət sahəsində tanınmış mütəxəssis idi.1945-1946-cı illər o, UNESCO-nun yaranması ilə bağlı Hazırlıq Komissiyasında Baş katib kimi işləyirdi. Onun UNESCO-nun bazis konsepsiyası kimi humanizm fəlsəfəsinin rəsmi olaraq UNESCO-nun birinci Baş Konfransı tərəfindən qəbul edilməməsindən sonra, o mandatının iki il müddətinə məhdudlaşdırılmasını xahiş etmişdir. Özünün yazdığı kimi, bəziləri onun humanizmini anti-dini, bəziləri isə kommunist yönümlü hesab etmişlər. O, dəfələrlə üzv-dövlətlər tərəfindən proqramlar üzrə təkliflərinin (Təbiətin mühafizəsi ilə bağlı), onun həmişə şübhə ilə yanaşdığı dünyanın qorunması işinə birbaşa töhvələr verə bilməməsi ilə bağlı tənbehlər dinləməli olurdu. O, həmişə ümid bəsləyirdi ki, təhsil, elm və mədəniyyət məsələləri ilə bağlı texniki mübahisəli məsələlərə qeyri-siyasi yanaşma “qərb demokratiyaları ilə sovet təsirində olan ölkələr arasında körpü ola bilər”. Culian Haksli UNESCO üzrə qeyri-hökumət təşkilatları ilə milli komissiyaların əməkdaşlığına xüsusi əhəmiyyət verirdi. 1950-1969-cu illər o, UNESCO-nun bəşəriyyətin elmi və mədəni tarixi ilə bağlı birinci nəşrinin Beynəlxalq komissiyasının sədr müavini kimi işləmişdir.

2. Hayme Torres Bodet (Jaime Torres Bodet)

(Меksika, 1902 - 1974)

UNESCO-nun 10 dekabr 1948-cı ildən – 1 dekabr 1952-ci ilədək Baş direktoru olmuşdur. Fransız ədəbiyyatı professoru, şair, yazıçı və diplomat olan Bode UNESCO-nun Baş Konfransının 1948-ci ildə Beyrutda keçirilən 3-cü sessiyasında özünün seçildiyi vaxt Meksikanın xariçi işlər naziri idi. Xüsusilə, onu məşhur edən Meksikanın təhsil naziri işlədiyi dövrdə (1943-1946) ölkəsində savadsızlıqla mübarizə işinə verdiyi qeyri-adi və böyük töhfə olmuşdur. O, 1945-ci ildə UNESCO-nun yarandığı ilk London konfransında iştirak etmişdir. O, problemin əsasını təşkil edən məsələlərə xüsusi diqqət yetirirdi. Özünün diplomat təcrübəsinə söykənərək və 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Haqları Bəyannaməsinin məqsədlərini nəzərə alaraq o, iqtisadi cəhətdən zəif inkişaf etmiş üzv-dövlətlərlə inkişaf etmiş ölkələrin maraqlarını uyğunlaşdırmağa çalışırdı. Baş Konfransın Florensiyada keçirilən 5-ci sessiyasında o, üzv-dövlətlərin hərbi büdcəsini əsas tutaraq büdcənin dəqiq artırılmasını söyləmişdir. Bununla Təşkilat dünya işinə effektiv töhfə verilməsi üzrə proqramını tətbiq edə bilərdi. Şərq-Qərb münaqişəsindəki ziddiyyətlərə qarşı Bode balanslaşdırılmış proqram ortaya qoymaq istəyirdi. O, 1952-ci ildə Baş konfransda büdcə ilə bağlı sərt məhdudiyyətləri gördükdən sonra Baş direktor vəzifəsindən istefa vermişdir.

3. Con V. Teylor (John W.Taylor)

(ABŞ, 1906-2001)

Fəlsəfə elmləri doktoru, professor Con V. Teylor Avropa və ABŞ-ın aparıcı Universitetlərində dərs demişdir. Luisvil Universitetinin Prezidenti olaraq 1947 – 1949-cu illər irqi seqreqasiya ilə mübarizəyə öz töhvəsini vermişdir, etnik icmalar üçün dərs proqramlarının təşəbbüskarı olmuşdur. 1950-ci ildə UNESCO Baş direktorunun müavini vəzifəsini tutmuşdur. 2 dekabr 1952-ci ildən – 2 iyul 1953-cü ilədək Con V.Teylor Baş direktorun vəzifəsini müvəqqəti icra etmişdir.

 

 

4. Lüter Evans  (Luther Н. Evans)

(ABŞ, 1902 - 1981)

4 iyul 1953-cü ildən – 4 dekabr 1958-ci ilədək Baş direktor vəzifəsini tutmuşdur. Politoloq, arxivarius və ali təhsil müəssisələrində müəllim işləyən L.Evans Baş direktor seçildiyi vaxt ABŞ konqresi Kitabxanasının direktoru vəzifəsini tuturdu. Öz ölkəsinin nümayəndə heyəti tərkibində o, 1945-ci ildən Baş Konfransın bütün toplantılarında iştirak edirdi və 1949-cu ildən Təşkilatın İcra Şurasında ABŞ-ı təmsil edirdi. O, həmçinin ABŞ-ın UNESCO üzrə Milli Komissiyasının sədri idi. Əvvəllər o, özünü peşəkar inzibatçı kimi görürdü və proqramlarda məhdudiyyətlər edirdi. Bu UNESCO-nun “soyuq müharibə” dövründə üzv-dövlətlərin xarici siyasətində zəif mövqeyinin təzahürü idi. Sonralar o öz şəxsi yeni ideyaları ilə çıxış etdi, bu ideyalar sırasına nüvə enerjisinin sülh məqsədləri üçün istifadəsi də daxil idi. Onun təşəbbüsü ilə üzv-dövlətlər, İcra Şurası və Katiblik ilə başlayan açıq və işgüzar dialoq təşkilatda müsbət abu-hava yaratdı, Baş direktorun UNESCO-nun işində təşəbbüskar və vasitəçi kimi rolunu gücləndirdi. SSRİ-nin Təşkilata üzv seçilməsi bir tərəfdən Baş direktorun rolunu gücləndirdisə, digər tərəfdən onun fəaliyyətini çoxşaxəli və mürəkkəb etdi. Makkarti Komissiyasının tələbi ilə amerikalı əməkdaşların Katiblikdən xaric edilməsi ilə bağlı Evans tərəfindən başlanmış prosesin Haaqadakı Beynəlxalq məhkəmə palatası tərəfindən təmin edilməməsindən sonra o öz fəaliyyətinə son qoymuşdur.

5. Vittorino Veroneze (Vittorino Veronese)

(İtaliya, 1910 - 1986)

5 dekabr 1958 – 2 noyabr 1961-ci illər Baş direktor vəzifəsini tutmuşdur. Antifaşist vəkil, publisist, ali təhsil müəssisələri müəllimi və yeddi uşaq atası olan Veroneze gənc yaşlarından sosial məsələlər, tərbiyə və onların beynəlxalq əhəmiyyəti ilə maraqlanmağa başlamışdır. Faşizmin süqutundan sonra o, bank işində yüksək postlara dəvət almışdır və “Azione cattolica”nın (“katolik ideya və prinsiplərinin təbliğini həyata keçirən cəmiyyət”) Baş Katibi və Prezidenti (1944 – 1952) işləmişdir. Veroneze İtaliyanın siyasi və mədəni həyatında böyük hörmət sahibi olaraq, kompromis və sülh tərəfdarı idi. O, çox yüksək danışıqlar aparmaq məharətinə malik idi. 1958-ci ilə qədər sədri olduğu UNESCO-nun İcra Şurasında o ölkəsini 1952-56-cı illər təmsil etmişdir.

Xəstəliyi ilə əlaqədar olaraq vəzifəsini tərk etmişdir.

6. Rene Mayo (Rene Maheu)

(Fransa, 1905 - 1975)

5 iyun 1959 – 10 sentyabr 1959-cu illər və 7 iyun 1961 – 14 noyabr 1962-ci illər Baş direktorun vəzifəsini müvəqqəti icra etmişdir. 15 noyabr 1962-ci ildən – 14 noyabr 1974-cü ilədək Baş direktor (iki mandat dövrü) vəzifəsini tutmuşdur. Rene Mayo 1949-cu ildən UNESCO-nun Katibliyində çox məsuliyyətli funksiyaları yerinə yetirirdi. O, azad informasiya axını şöbəsinin müdiri kimi işləməyə başlamışdır, 1949-cu ildən Baş direktor Torres Bode kabinetinin şefi, 1954-cü ildə Baş direktorun müavini, 1955-1958-ci illər UNESCO-nu BMT-də Nyu-Yorkda təmsil etmiş və 1959-cu ildə Baş direktorun müavini olmuşdur. Bundan əvvəl o, fəlsəfə dosenti, diplomat və nəhayət Rabat qubernatoru kabinetinin üzvü işləmişdir. Mayo Baş direktora xas olan bütün keyfiyyət və bacarıqları özündə cəmləşdirmişdir: böyük intellektual dərketmə qabiliyyəti, fövqəladə diplomatik bacarıq və kompleks inzibatiləşdirmədə yüksək kompetensiya. Məhz buna görə onu adətən Monsenyor UNESCO adlandırırdılar. Onun məqsədi UNESCO-nun köməyi ilə yeni humanizm, siyasətdən kənar etika yaymaq idi. O, UNESCO fəaliyyətinin bütün aspektlərinə dair çoxsaylı məqalələr yazmışdır. Ümumdünya İrsinin qorunması məsələsinə xüsusi diqqət yetirirdi. Onun rəhbərliyi altında Katiblikdə bir neçə mərhələ islahatlar aparılmışdır.

7. Amadu Maxtar M’Bou (Amadou-Mahtar M'Bow)

(Seneqal, 1921-ci ildə anadan olmuşdur)

15 noyabr 1974-cü idən – 14 noyabr 1987-ci ilədək Baş direktor vəzifəsini tutmuşdur. Ali təhsilini Parisdə almışdır, sonra Seneqalda tarix və coğrafiya müəllimi işləmişdir. Seneqalın müstəqillik qazandığı dövrədək təhsil sistemində rəhbər funksiyaları yerinə yetirmişdir. 1966-1968-ci illər tərbiyə üzrə nazir, 1968-1979-cu illər Seneqalın Mədəniyyət və Gənclər naziri kimi fəaliyyət göstərmişdir. UNESCO ilə iş birliyinə 1966-cı ildən ölkəsinin nümayəndə heyətinin rəhbəri kimi Baş konfransın 14-cü sessiyasında iştirakı ilə başlamışdır. Elə həmin il o, İcra Şurasının üzvü seçildi. 1970-ci ildə o Baş direktorun təhsil məsələləri üzrə müavini oldu. M’Bou öz missiyasını birinci növbədə “üçüncü dünya” və Afrika maraqlarının vəkili kimi anlayırdı. O, UNESCO-nu Afrika, Asiya və Latın Amerikası ölkələrinin inkişaf problemlərinə daha da artıq diqqət yetirməsinə çalışırdı. Həmçinin M’Bou çalışırdı ki, Şərq və Qərb, Şimal və Çənub arasında olan ziddiyyətləri tarazlaşdırsın, hansıların ki, üzv-dövlətlərin əksəriyyəti tərəfindən İsrailə qarşı qəbul olunmuş qərar kulminasiya nöqtəsinə çatmışdı və “Ümumdünya informasiya və kommunikasiyasının yeni qaydası” konsepsiyasında öz təcəssümünü tapmışdır. 70-ci illərin axırlarından başlayaraq M’Bounun təşəbbüsü ilə UNESCO-da qərarlar konsensus yolu ilə qəbul olunmağa başlamışdır. ABŞ-ın UNESCO-nu 1984-cü ildə tərk etməsinə görə M’Bou tənqidlərə məruz qalmış və günahlandırılmışdır. Bunun ardınca Böyük Britaniya və Sinqapurun təşkilatdan çıxması və böhranların başlaması M’Bounun üçüncü müddətə seçilməsinə maneə yaratmış oldu.

8. Federiko Mayor Saraqosa (Federico Mayor Zaragoza)

(İspaniya, 1934-cü ildə anadan olmuşdur)

15 noyabr 1987-ci ildən – 11 noyabr 1999-cu ilədək UNESCO-Nun baş direktoru olmuşdur. Tanınmış biokimyaçı və molekulyar biologiya üzrə mütəxəssis olaraq Qranada Universitetinin 1968 – 1972-ci illər rektoru, 1970 – 1976-cı illər Dövlət katibi, 1981 – 1982-ci illər Təhsil və Elm naziri, İspaniya parlamentinin 1977-ci ildə üzvü və Avropa Parlamentinin 1987-ci ildə üzvü olmuşdur. Mayor əvvəl UNESCO Baş direktorunun müavini təyin olunmuş sonra isə xüsusi məsləhətçisi olmuşdur. Roma klubu və bir çox elmi cəmiyyətlərin üzvü olaraq, eləcə də müxtəlif nəşrlərdə o elmi-ictimai məsələlər və tədqiqtlarla bağlı diskussiyalar aparmışdı. Güc tətbiq edilməsi məsələləri ilə bağlı Sevilyada (1986) sənədə ilk imza atanlardan biri o olmuşdur. Özünün uzaqgörənlik qabiliyyəti, diplomatik bacarığı ilə o proqramlar üzrə əsaslı islahatlar apara bilirdi. UNESCO-da daha da güclü çoxsahəli fəaliyyət istiqaməti yaratmış, həmçinin minilliyin sonunadək təşkilatı prestijli orta müddətli strategiya ilə təchiz etmişdir. O, güc tədbiq etmədən azad və insan haqlarına söykənən Dünya mədəniyyətinə nail olmağa yardım göstərməyə çalışırdı.

9. Koişiro Matsuura (Koichiro Matsuura)

(Yaponiya, 1935-ci ildə anadan olmuşdur)

12 noyabr 1999-cu ildən – 2009-cu ilin axırınadək UNESCO-nun Baş direktoru olmuşdur. 1959-cu ildə Tokio Universitetinin hüquq fakültəsini, 1961-ci ildə ABŞ-ın Penselvaniya ştatının Heyverford kolecinin iqtisadiyyat fakültəsini bitirmişdir. Yaponiyanın ABŞ və Qonkonqdakı diplomatik nümayəndəliklərində fəaliyyət göstərmiş, Yaponiyanın Xarici İşlər nazirinin iqtisadi əməkdaşlıq və Şimali Amerika deportamentinin rəhbəri olmuşdur. Xarici işlər nazirinin müavini və Yaponiyanın Fransadakı səfiri olmuşdur. 1999-cu ilin oktyabr ayında UNESCO-nun Baş Konfransının 30-cu sessiyasında Baş direktor seçilmişdir. Baş direktor olaraq Matsuura təşkilatın fəaliyyətinin səmərələşdirilməsi və 2000 – 2001-ci illər UNESCO-nun Baş Konfransının 30-cu sessiyasında təsis edilmiş proqram və büdcəyə ciddi surətdə uyğunlaşdırılması kursunu götürmüş oldu. Mənzil - qərargahda Katibliyin, həmçinin UNESCO-nun yerlərdəki bürolarının əhəmiyyətli dərəcədə islahatlarını başa çatdırmışdır. UNESCO-nun dünyadakı qloballaşma proseslərində rəhbər etik rolunun və xalqların qeyri-maddi mədəni irsinin qorunmasının tərəfdarı olmuşdur.

10. İrina Bokova (Irina Bokova)

(Bolqarstan, 1952-ci ildə anadan olub)

İrina Bokova 12 iyul 1952-ci ildə Bolqarıstanın Sofiya şəhərində anadan olub. 15 noyabr 2009-cu ildə UNESCO-nun Baş direktoru seçilib. 2013-cü ildə ikinci müddətə seçilib və 2017-ci ilin axırınadək bu postda qalmışdır. İrina Bokova Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, sonra Merilend Universitetinin aspirantı (Vaşinqton) və Harvard Universitetinin Con F. Kennedi adına dövlət idarəçiliyi məktəbinin idarəedicilər üçün proqram dinləyicisi olub. Peşəkar fəaliyyətə Bolqarıstan Xarici İşlər Nazirliyinin Birləşmiş Millətlər Təşkilatı ilə iş üzrə departamentində başlamışdır. İrina Bokova Bolqarıstanın Xarici İşlər Naziri vəzifəsini müvəqqəti icra etmiş, Bolqarıstanın Fransa, Monako və UNESCO-da səfiri olmuş, Beynəlxalq frankdilli ölkələr təşkilatında Bolqarıstan Respublikası Prezidentinin şəxsi nümayəndəsi olmuşdur.

UNESCO-nun Baş direktoru olaraq, İrina Bokova, hamı üçün keyfiyyətli təhsilin təmin olunması, gender bərabərliyi, humanitar imperativ kimi ümumdünya mədəni irsinin müdafiəsi və davamlı sülhün əsaslarının möhkəmləndirilməsi məqsədilə təhlükəsizlik məsələlərinə göstərilən beynəlxalq səylərdə aktiv iştirak etmişdir. 

2016-cı ildə “Forbes” jurnalı tərəfindən tərtib edilən dünyanın ən nüfuzlu qadınları siyahısına daxil edilib. İrina Bokova bir çox ölkələrin dövlət mükafatına layiq görülüb və böyük universitetlərin fəxri doktorudur. Ana dilindən əlavə, ingilis, fransız, ispan, və rus dillərini bilir.

11. UNESCO-nun yeni Baş direktoru Odre Azule 

(Fransa, 1972-ci ildə anadan olub)

Fransanın siyasi xadimi, sabiq mədəniyyət naziri Odre Azule 2017-ci ilin oktyabr ayında BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə (UNESCO) Baş direktoru seçilib.

Odri Azule baş direktor vəzifəsinə seçkinin sonuncu – beşinci turunda seçilib. Onu İcraiyyə Şurasına üzv olan 58 dövlətdən 30-u dəstəkləyib. Odri Azulenin Qatardan olan rəqibi isə 28 səs alıb.

Yeni rəhbər UNESCO-nun gələn ay keçiriləcək 39-cu baş konfransında təsdiqlənəcək.

Təşkilatın tarixində ikinci dəfədir Fransanın nümayəndəsi UNESCO-da Baş direktor seçilir.

Odri Azule 1972-ci ildə Fransada doğulub. Uşaqlığı Fransa və Mərakeşdə keçib. Orta təhsilini Fransada, ali təhsilini Fransa və Böyük Britaniyada alıb. Fransanın mədəniyyət və kommunikasiya naziri postunda 2016-2017-ci illərdə çalışıb. Ana dilindən başqa ingilis və ispan dillərini də bilir. Ailəlidir, iki övladı var.

 

UNESCO baş direktorlarının Azərbaycana səfərlərinin xronologiyası

5-8 noyabr 1996-cı il - UNESCO-nun Baş Direktoru Federiko Mayor Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə iştirak etmək məqsədilə Bakıya səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan və UNESCO arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Memorandumda Azərbaycana təhsil, mədəniyyət və digər sahələrdə yardımların göstərilməsi, həmçinin Azərbaycanın mədəniyyət abidələrinin mühafizəsi və bərpası sahəsində əməkdaşlıq məsələləri də öz əksini tapmışdı.

9 aprel 2000-ci il - UNESCO-nun Baş Direktoru Koiçiro Matsuura  Prezident Heydər Əliyevin dəvəti ilə türkdilli ölkələrin dövlət başçılarının "Kitabi-Dədə Qorqud"un 1300 illiyinə həsr edilmiş zirvə görüşündə iştirak etmək məqsədilə ilk dəfə Bakıda səfərdə olmuşdur.

24 avqust 2005-ci il - UNESCO-nun Baş Direktoru Koiçiro Matsuura Bakı şəhərində  keçirilmiş “UNESCO-Аzərbаycаn: gələcəyə körpü” mövzusunda beynəlxalq kоnfrаnsda iştirak etmiş,  kоnfrаnsın sоnundа UNESCO ilə Аzərbаycаn аrаsındа təhsil sаhəsində əməkdаşlığа dаir Qаrşılıqlı Аnlаşmа Mеmоrаndumu imzаlаnmışdır. Səfər çərçivəsində  Prezident sarayında Azərbaycan Respublikası ilə UNESCO arasında Birgə rəsmi məlumatın imzalanması və UNESCO-nun baş direktoru Koişiro Matsuuraya Azərbaycanın yüksək dövlət mükafatı olan "Şöhrət" ordeninin təqdim edilməsi mərasimi olmuşdur.

14 may 2008-ci il - UNESCO-nun Baş Direktoru Koiçiro Matsuura Heydər Əliyev Fondu və AR Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” konfransında iştirak etmək məqsədilə Bakıda səfərdə olmuşdur. Səfər çərçivəsində baş direktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir.

18-25 mart 2009-cu il - UNESCO-nun Baş Direktoru Koiçiro Matsuura  Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Birinci Beynəlxalq Muğam Festivalının rəsmi açılış mərasimində iştirak etmişdir. Səfər çərçivəsində Heydər Əliyev Fondu və UNESCO arasında Əməkdaşlıq haqqında Saziş imzalanmışdır. İmzalanma mərasimdən sonra baş direktor Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya gümüş xatirə medalı təqdim etmişdir. Səfər çərçivəsində baş direktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir. Eyni zamanda, K.Matsuura Müasir İncəsənət Muzeyinin açılış mərasimində,Novruz Bayramı münasibətilə İçəri Şəhərin qoşa qala qapıları qarşısında təşkil olunmuş mərasimdə, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının təşkil etdiyi dəyirmi masada  iştirak edərək Milli Komissiyanın üzvləri ilə görüş keçirmişdir.

28-31 iyul 2010-cu il -  UNESCO-nun Baş Direktoru xanım İrina Bokova Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın dəvətilə Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində Baş Direktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, Müasir İncəsənət muzeyi ilə tanış olmuş, Muğam Mərkəzində və UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhərdə olmuşdur. 29 iyul 2010-cu il tarixində UNESCO- nun Baş Direktoru xanım İrina Bokova UNESCO üzrə AR Milli Komissiyasının üzvləri ilə görüşmüşdür.  30 iyul 2010-cu il tarixdə UNESCO-nun Baş Direktoru xanım İrina Bokova Qəbələdə İkinci Muğam Festivalının rəsmi açılışında iştirak etmiş, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı Qızıl Motsart medalı ilə təltif etmişdir. Səfər çərçivəsində xanım İ.Bokova Şəki şəhərinə səfər etmişdir.

29-31 may 2013-cü il - İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə UNESCO-nun Baş Direktoru İrina Bokova ölkəmizə səfər etmişdir. Baş Direktor Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva tərəfindən qəbul edilmişdir. Eyni zamanda, tədbir çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşlər keçirilmişdir.

16-18 may 2015-ci il - UNESCO-nun Baş Direktoru İrina Bokova Üçüncü ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində baş direktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən qəbul edilmiş,  Bakıda “Sülh ağacı” abidəsinin açılış mərasimində iştirak etmiş, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhərdə, eləcə də Xalça muzeyini ziyarət etmişdir. 

4-6 may 2017-ci il - UNESCO-nun Baş Direktoru İrina Bokova Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində baş direktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən qəbul edilmiş,  Beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşündə,  “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda yüksək səviyyəli görüşdə, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvlərinin iştirakı ilə görüşdə iştirak etmişdir. 

30 iyun-2 iyul 2019-cu il tarixlərində UNESCO-nun Baş direktoru Odre Azule  UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında iştirak etmək üçün ölkəmizə səfər etmişdir. Səfər çərçivəsində Baş direktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ilə görüşmüşdür.
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.