AZ   |   EN

UNESCO-nun fəaliyyəti

UNESCO-nun uğurlu fəaliyyətinin əsas amillərindən biri onun fəaliyyətində üzv ölkələrin milli maraqlarının nəzərə alınması, dövlətlərin siyasi maraqlarının fövqündə durması, əyaniliyin və aşkarlığın təmin olunmasıdır. UNESCO öz metodoloji, təşkilati və təşviqedici rolunu plüralist dünya düzəninə nail olmaq üçün milli hökumətlərə öz tövsiyyə və mexanizmlərini təklif etməkdə ğörür. 

Dünyanı mədəniyyətlərin qarşıdurmasından, eləcə də qloballaşmanın onları eyniləşdirmək təsirindən qorumaq üçün UNESCO çoxçalarlılığın vəhdətinə əsaslanan universal beynəlxalq əməkdaşlıq prinsipini təklif etmişdir. Bu idealda mədəniyyətlərarası ünsiyyətin əsas baza elementi ola biləcək mədəni tolerantlıq prinsipi əsas götürülmüşdür.

XXI əsrin əvvəllərindən başlayaraq UNESCO mədəni müxtəlifliyin qorunub saxlanılması ilə bağlı uzunmüddətli və qısamüddətli strategiyanın həyata keçirilməsinə başlamışdır. Bu strategiya mədəni plüralizmin və mədəniyyətlərarası dialoqun təşviqini, ümumdünya maddi və qeyri-maddi mədəni irsin qorunmasını, dil müxtəlifliyinin qorunması və itməkdə olan dillərin dəstəklənməsi, xalq yaradıcılığı, mədəniyyət məhsullarının istehsalı, mədəni turizmin inkişafı, mədəniyyət kadrlarının hazırlığı və s. özündə ehtiva edən proqram və layihələrin həyata keçirilməsini nəzərdə tutur. 

UNESCO dövlətlərə və hökumətlərə müraciətində onlardan öz daxili strategiyalarını həyata keçirərkən ənənəvi mədəniyyətlərin qorunması, beynəlxalq dialoqun inkişaf etdirilıməsinin sabit arqumenti kimi nəzərə almağı tövsiyyə etmişdir. 

Təşkilat, ilk növbədə, UNESCO-nun Nizamnamə vəzivəsindən – “ədalətə, qanunçuluğa və insan hüquqlarına hamılıqla hörmətin təmin edilməsi naminə xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığıni genişləndirməklə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım etmək”dən – çıxış edərək, əsas fəaliyyət istiqaməti və formaları sırasında, “bu məqsədlə beynəlxalq sazişlər bağlamağı tövsiyə edir”.

Beynəlxalq aktların işlənib hazırlanması və qəbul edilməsi üç kateqoriyaya bölünür:

-    UNESCO-nun Baş Konfransının qəbul etdiyi konvensiya və tövsiyələr;

-    Baş Konfransın qəbul etdiyi digər sənədlər (konvensiya və tövsiyələrdən savayı) bəyannamələr, nizamnamələr, əsasnamələr və statutlar, qətnamələr, qaydalar, prosedurlar və s.;

-    Dövlətlərin UNESCO-nun təklikdə və ya digər beynəlxalq təşkilatlarla birgə çağırdığı konfransların qəbul etdiyi sənədlər.

Bunlara müvafiq olaraq UNESCO-nun işləyib hazırladığı beynəlxalq aktların hüquqi səviyyəsi müəyyən edilir;

-    Dövlətlərin müəyyən sahədə müvafiq nizamlama müəyyən edilməsi barədə razılıqlarını və öhdəliklərini ifadə edən və UNESCO-nun Baş Konfransı qəbul etdikdən sonra dövlətlərin ratifikasiya etməli olduqları konvensiyalar;

-    Dövlətlərə tövsiyələr, bir tərəfdən hər bir ayrıca ölkəni həyata keçirilmələri üçün könüllü olaraq, qanunvericilik və ya qeyri xarakterli müvafiq tədbirlər görməyə yönəldən konsepsiya, prinsip və normaların xülasə edildiyi aktlardır;

-    Bununla gələcəkdə onların əsasında daha yüksək hüquqi səviyyədə beynəlxalq konvensiyada məcburi norma və qaydaların bərqərar olunmasının mümkünlük meyarları da təsbit edilir.

Konvensiyanın qəbul edilməsi haqqında qərarı Baş Konfrans qəbul edir. Bunun üçün üzv – dövlətlərin üçdə ikisinin səs çoxluğu tələb olunur ( xatırlanan hökumətlərarası konfransların müzakirə etdiklərı konvensiyalar, təbii ki, onların öz reqlamentləri əsasında qəbul edilir). Tövsiyələr barəsində onların Baş Konfransda adi səs çoxluğu ilə qəbul edilməsi haqqında müddəa qüvvədədir .
 
Hal-hazırda UNESCO-nun kompetensiyasında qüvvədə olan onlarla konvensiya var ki, onlardan əksəriyyəti təhsil və mədəniyyət məsələləri ilə bağlıdır. Xüsusilə dünya ictimaiyyəti tərəfindən UNESCO-nun 1972-ci ildə işləyib hazırladığı və 161 ölkə tərəfindən ratifikasiya edilmiş Ümumdünya Mədəni və Təbii İrsin qorunması haqqında Konvensiya geniş dəstəklə qarşılanmışdır. Bu sənədə əsasən unikal xarakter daşıyan yüzlərlə mədəniyyət və təbiət abidələrı Beynəlxalq Birlik tərəfindən qorunur. Onların hamısı Ümumdünya Mədəni İrs siyahısına daxil edilib. Ümumdünya Mədəni və Təbii İrsin qorunması üzrə Hökumətlərarası Komitənin qərarı ilə bu siyahı hər il yeni obyektlərlə genişlənir. 

2019-cu ilin iyun ayının 7-də Parisdə, UNESCO-nun Baş qərargahında keçirilən “Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında” Konvensiyanın Tərəflərinin Konfransının 7-ci sessiyasında  2019–2023-cü illər üçün “Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında” Konvensiyanın Hökumətlərarası Komitəsinə seçkilər keçirilib.

Şərqi Avropa qrupundan öz namizədliyini irəli sürən Azərbaycan Komitəyə 4 illik üzv seçilib.

Qeyd edək ki, Azərbaycandan əlavə Komitəyə Avstriya, Danimarka, Braziliya, Ekvador, Sent Vinsent və Qrenadin, Monqolustan, Burkina Faso, Efiopiya, Seneqal, Qətər və Ermənistan da seçiliblər. 24 üzv ölkənin nümayəndələrini ildə bir dəfə hesabat xarakterli görüşə toplayan Hökumətlərarası Komitənin əsas funksiyası 2005-ci ildə qəbul olunmuş Konvensiyanın tətbiq və təşviqinə təkan verməkdir.

UNESCO-nun missiyasınin əsasını etik başlanğıc təşkil edir. Belə ki, bu ixtisaslaşmış qurum öz missiyasını həyata keçirərkən ədaləti, hüququn aliliyi prinsipini və insan hüquqlarına hörməti təmin etmək naminə xalqların səmərəli əməkdaşlığının inkişafını əsas götürərək, sülh ideyasını, ümumbəşəri dəyərlərin möhkəmləndirilməsinə əhəmiyyət verir. Onun çağdaş fəaliyyətinin bir-birindən asılı olan prinsipial istiqamətləri məhz belə etik missiya ilə aşılanmışdır: sülh, beynəlxalq qarşılıqlı anlaşma, insan hüquqlarına və əsas azadlıqlara hörmət; insan və cəmiyyətin qarşılıqlı münasibətləri zəminində ətraf mühitin qorunması. 

Belə qlobal kurs UNESCO üçün müəyyən edilmiş təhsili, təbiət elmlərini, dəqiq elmlər və texnikanı, sosial və humanitar elmləri, mədəniyyət və incəsənəti, informasiya və kommunikasiyanı, müəlliflik hüququnu və onunla əlaqəli hüquqları, kitabxana, muzey və nəşriyyat işini, bu məsələlərə dair statistikanı əhatə edən konkret səlahiyyət sahələrində praktiki işlə həyata keçirilir. Normativ fəaliyyət bu sahədə işin mühüm formalarından biridir. 

Bir vaxtlar X.Peres de Kuelyar tam əsaslı olaraq UNESCO-nu BMT sisteminin “düşünən beyni” adlandırmışdır. UNESCO-nun gücü birinci növbədə böyük, ümumi əhəmiyyət kəsb edən, qlobal məsələlərin həllinə intellektual potensialı səfərbər edə bilmək bacarığındadır. Misal üçün, inkişaf etməkdə olan ölkələrdə UNESCO-nun səlahiyyətinə aid sahələrlə bağlı milli qanunvericilik aktlarının işlənib hazırlanması ilə bağlı ciddi problemlər var. Bu isə mədəni dəyərlərin oğurlanmasına, təhsillə bağlı sənədlərdə çaşqınlığa, KİV-in fəaliyyətinin idarəedilməsinin effektsizliyinə gətirib çıxarır. UNESCO “model qanunları” hazırlamaqla, ekspertləri yerli şəraitə adaptasiya olmaları üçün ezam etməklə, seminarlar təşkil etməklə yardım göstərir.
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.