UNESCO-nun rəhbər orqanları
BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESCO dünyada təhsil, elm, mədəniyyət, informasiya və kommunikasiya sahəsindəki əməkdaşlıq üzrə ən böyük hökumətlərarası forumdur. Təşkilatın Nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanmış, 4 noyabr 1946-cı ildə 20 üzv dövlətlə UNESCO öz rəsmi fəaliyyətinə başlamışdır.
UNESCO üç əsas işçi orqandan ibarətdir: Baş Konfrans, İcraiyyə Şurası və Katiblik.
Baş Konfrans
Baş Konfrans UNESCO-nun ali orqanıdır. Təşkilata bütün üzv dövlətlərin nümayəndələri Baş konfransda təmsil olunur. Baş konfrans iki ildən bir toplanır və təşkilata üzv dövlətlərlə yanaşı təşkilatla əməkdaşlıq edən dövlətlər də konfransın işində iştirak edirlər. Baş konfransın işində, nəzarətçi qismində iştirak etmək üçün UNESCO-nun üzvü olmayan dövlətlərlə yanaşı, hökumətlərarası təşkilatlar, qeyri-hökumət təşkilatları və fondlar da dəvət olunurlar.
UNESCO-nun ali orqanı olaraq Baş Konfrans qətnamələrin qəbulunu və nəzarəti həyata keçirir (Nizamnamənin IV maddəsi), 1954-cü ildən başlayaraq hər iki ildən bir yeni sessiya toplanır (Baş Konfransın 30-cu sessiyası 1999-cu ilin oktyabr/noyabr ayları Parisdə keçirilmişdir) Baş Konfrans BMT-nin Baş Assambleyası və bir çox ixtisaslaşmış müəssisələrdə qüvvədə olan “Bir ölkə - bir səs” prinsipinə əsasən fəaliyyət göstərir. Baş Konfransda siyasi məqsədlər və UNESCO fəaliyyətinin əsasını təşkil edən istiqamətlər müəyyən edilir, burada müzakirələrin əsasını üzv-dövlətlərlə razılaşma üzrə katiblik tərəfindən hazırlanmış ikiillik fəaliyyət proqramı təşkil edir (proqramda dəyişikliklər ancaq əhəmiyyətli olmayan məsələlərlə bağlı edilə bilər).
Baş Konfrans təşkilatın fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir. Eyni zamanda dövlətləri beynəlxalq konfranslarına çağırır, tövsiyyə və konvensiyalar qəbul edir və üzv-dövlətlərin təşkilat qarşısında tövsiyyə və konvensiyaların həyata keçirilməsi üzrə tədbirlərlə bağlı hesabatları müzakirə edir. Qərarlar sadə çoxluqla qəbul olunur, əhəmiyyətli məsələlər üzrə qərarlar isə üzvlərin üçdə ikisi səs verdikdə qəbul olunur. Baş Konfransın Nayrobidə keçirilən 19-cu sessiyasında Baş direktor olmuş M’Bounun təşəbbüsü ilə qərarların konsensus yolu ilə qəbul olunması müsbət qarşılandıqdan sonra son iki onillikdə qərarların qəbul olunması bu təcrübəyə əsaslanır. İnkişaf etmiş sənaye ölkələrinin büdcə ilə bağlı qərarların da konsensus yolu ilə qəbul olunması tələblərinə baxmayaraq, bu mandat bütün qərarların qəbul edilməsinə şamil edilmirdi. 1986/1987-ci illər üçün ikiillik büdcənin qəbul edilməsindən sonra bu tələb bir qaydaya çevrildi.
Hər bir üzv dövlət, əhalisinin sayından və büdcəyə etdiyi ödənişdən asılı olmayaraq Baş konfransda bir səsə malikdir. Baş konfrans UNESCO-nun istiqaməti və ümumi fəaliyyət xəttini müəyyən edir. O, növbəti iki il üçün UNESCO-nun proqramı və büdcəsini qəbul edir. O, dörd ildən bir İcra Şurasının üzvlərini seçir və Baş direktoru təyin edir. Baş konfransın iş dilləri ingilis, ərəb, ispan, çin, rus və fransız dilləridir.
İcra Şurası
Müəyyən mənada UNESCO-nun idarəedici şurasıdır. O, Baş konfransın işini hazırlayır və öz qərarlarının realizə edilməsinə nəzarəti həyata keçirir. İcra şurasının funksiya və vəzifələri Baş konfrans tərəfindən qəbul olunmuş Nizamnamə, Prosedur qaydaları və yaxud Direktivlərdə müəyyən olunmuşdur. Baş konfransın qətnamələri bu normativ əsasnamələrə əlavə kimi qəbul olunur. İki ildən bir Baş konfrans İcra Şurasına konkret məsələlərin həll olunmasını tapşırır. Digər funksiyalar UNESCO ilə Birləşmiş Millətlər Təşkilatı, ixtisaslaşmış müəssisələr və digər hökumətlərarası təşkilatlarla razılaşmalar əsasında müəyyən olunur.
İldə iki dəfə toplaşan İcra Şurasının üzvləri Baş Konfrans tərəfindən seçilir. İcra Şurası Baş Konfransla Katiblik arasında əlaqələndirici rola malik olaraq, bir tərəfdən Baş Konfransın gündəlikdə duran məsələlərinin hazırlanması, iş proqramı və müvafiq büdcə planının yoxlanılmasına, digər tərəfdən isə Baş Konfrans tərəfindən qəbul edilmiş iş proqramının Katiblik tərəfindən həyata keçirilməsinə nəzarətə cavabdehdir. İcra Şurasının bütün üzvlərinin avtomatik olaraq daxil olduğu proqramlar və maliyyə-inzibati məsələlər üzrə komissiyalarla yanaşı 1956-cı ildən Xüsusi Komitə fəaliyyət göstərir. Hansı ki, 1986-cı ildən UNESCO-nun fəaliyyətini səmərələşdirmək məqsədilə islahatların həyata keçirilməsinə nəzarət edir. Bundan əlavə daha iki komitə fəaliyyət göstərir: onlardan biri beynəlxalq qeyri-hökumət təşkilatları ilə iş üzrə, ikincisi isə konvensiya və tövsiyyələr üzrə, həmçinin UNESCO-nun kompetensiyası çərçivəsində insan haqlarının pozulması məsələləri üzrə (CRE).
Son 50 ildə İcra Şurasında üzvlərin statuslarının dövlətiləşdirilməsi müşahidə olunur. 1954-cü ilədək Şuraya şəxsi keyfiyyətlərinə görə tanınmış intellektuallar üzv seçilirdilər, hansılar ki, Baş konfransın tapşırığına əsasən fəaliyyət göstərməli idilər. Sonralar ABŞ və Böyük Britaniyanın təklifi ilə, burada artıq Baş Konfransın müstəqil nümayəndələri və eyni zamanda öz dövlətlərinin siyasi nümayəndələri təmsil olunmağa başladılar. Bu səbəbdən, 1976-cı ildən başlayaraq hər bir hökumət fövqəladə vəziyyəti əsas tutaraq öz nümayəndəsini dördillik səlahiyyət müddəti başa çatmamış və razılığından asılı olmayaraq geri çağıra və yaxud dəyişdirə bilərdi. Şura üzvləri proporsional regional prinsipə əsasən 4 il müddətinə seçilirdi və müddəti bitdikdən sonra təkrar seçilə bilməzdi. 1993-cü ildən İcra Şurası 51, 1995-ci ildən isə 58 üzv-dövlətin nümayəndəsindən ibarət olaraq üzvlər dörd il müddətinə seçilir və sonradan yenidən seçilə bilərdilər.
UNESCO nizamnaməsinin V maddəsinin 2 abzasına əsasən 1991-ci ilin dəyişdirilmiş şərhində üzv-dövlətlər UNESCO-nun bir və yaxud bir neçə sahələri üzrə səriştəsi olan və Şuranın inzibati və icraedici funksiyalarını yerinə yetirmək üçün zəruri olan təcrübə və keyfiyyətlərə malik olan ekspertləri təyin etməlidirlər. Bu dəyişikliklər “UNESCO fəaliyyətinin effektivliyini yüksəltmək” üçün Yaponiyanın təşəbbüsü ilə edilmişdir. Öz növbəsində Almaniya və Fransa İcra Şurasına Xüsusi Konsultasiya forumunun (Forum Ad – Hoc) yaradılmasını təklif etmişlər, hansının ki, tərkibinə dünyanın hər yerindən məhdud sayda tanınmış şəxsiyyətlərlə yanaşı UNESCO-nun kompetensiyasında olan müxtəlif sahələrdən də üzvlər daxil olmalı idi. Lakin, hələlik Baş Konfrans zərurət yarandıqda bu ideyaya qayıtmaq hüququnu özündə saxlamışdır.
YUNESKO-nun Baş Qərargahı Parisdə iki müxtəlif ofisdə yerləşir.
Ünvan: 7, place de Fontenoy, 75352 Paris 07 SP, France
1, rue Miollis , 75732 Paris Cedex 15, France
Tel: +33 1 45 68 10 00
Faks: +33 1 45 67 16 90
İnternet səhifəsi: www.unesco.org
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.