Azərbaycan xalçaçılıq sənəti
Xalçaçılıq özünün adi toxuculuğa əsaslanan inkişafında uzun bir təkamül yolu keçmişdir. Eneolit dövründən məlum olan toxuculuğun mənşəyini Qobustandan tapılan Neolit dövrünə aid bitki xammalından sadə hörmə metodu ilə müxtəlif əşyaların hazırlanması üçün işlədilən alətlər və Kültəpədən, Üzərliktəpədən, Sarıtəpədən, Xanlardan və s. tapılan Eneolit dövrünə aid gil, sümük tağalaqlar, iylər sübut edir.
Tədqiqatçıların fıkrincə, yun xalçalar hələ Tunc dövründə mövcud olmuşdur. Eramızın VII əsrindən başlayaraq Azərbaycan xalçaları tarixi sənət nümunəsi kimi həmişə xatırlanır, onların zərif toxunuşu və nadir gözəlliyi qeyd olunur.
VII əsr alban tarixçisi Musa Kalankatuklu Albaniyada xalça istehsalı və zadəganların məişətində onlardan istiladə edilməsi barədə məlumat verir. VII əsr Çin səyyahı Xuan-Tes-ank Azərbaycanı iri xalça istehsalı mərkəzi adlandırır. Bunu arxeoloji tədqiqatlar da sübut edir. VII əsr katakomba mağaralarından toxuculuq dəzgahının, yun iplərin qalıqları, xalçaçının əmək alətləri, keçə, çürümüş xalı və palaz parçaları tapılımışdır.
VI əsrə aid edilən "Xosrovun baharı adlı xalça bir çox mənbələrdə təsvir olunmuşdur. Həmin xalçadakı süjet sonrakı əsrlərdə inkişaf etdirilmiş və öz davamını “Dörd fəsıl” adlanan çoxsaylı Təbriz xalçalarında tapmışdır. Orta əsr mənbələrində Azərbaycan xalçalarının xüsusiyyətlərindən və tiplərindən də bəhs edilir. IX-X əsr ərəb tarixçisi Təbəri Azərbaycan xalçalarının yüksək keyfiyyəti barədə məlumat verir. X əsrə aid Hüdud-əl-Aləm” adlı mənbədə Azərbaycanın Mərənd Gəncə, Səmkir şəhərlərində yüksək keyfiyyətli yun məmulatlar istehsal olunduğu qeyd edilir. Naxçıvanda, Xoyda, Muğanda, Səlmasda və Ərdəbildə toxunan xalça və palazlar böyük şöhrət qazanmışdı. X əsr ərəb səyyahı Əl-Məsudi yazırdı ki, Mərənddə, Təbrizdə, Ərdəbildə “Məxfur” adlı xalçalar istehsal edilir. Ərəb müəllifı Əl Müqəddəsi (X əsr ) gözəl Qarabağ xalçaları, xüsusən “... misli-bərabəri olmayan” Bərdə xalçaları haqqında məlumat verir. X əsr ərəb müəllifləri Əl-İstəxri Bərdədən Hindistana ixrac edilən qızılı boyaq maddəsi (boyaqotu), Əl Müqəddəsi, Gövhəl isə al-qırmızı boya alınan və hətta Avropaya ixrac edilən “qırmız” adlı xüsusi qurdlar barədə məlumat verirlər.
Xalça yun, pambıq, ipək və başqa materiallardan hazırlanmış iplərdən ibarətdir; ip nə qədər burulubsa, bir o qədər də möhkəmdir. Bizim qədim əcdadlarımız əmək və yaxud ov üçün alətlər hazırlayanda, onları lifli bitkilərdən əldə edilmiş kəndir vasitəsilə bağlayarkən, bu biliklərindən praktikada istifadə etməyi bacarırdılar. Çox illər ərzində onların əməli təcrübələri artdı və aşkar etdilər ki, ipin möhkəmliyi, onun burulma dərəcəsindən asılıdır. Əcdadlarımız özlərini soyuqdan qorumaq üçün əyinlərinə heyvan dərisi geyirdilər. Sonralar onlar dərk etdilər ki, heyvanların yunu qiymətli alternativdir və onlar yunu əyirmək vasitəsilə ip düzəltməyə başladılar. Amma buna baxmayaraq, hörmə və toxuma yalnız çoxlu təcrübə və səhvlərin uzun bir dövründən sonra meydana gəldi. Çox ola bilsin ki, model kimi ilkin olaraq hörümçək toru götürülüb. Bu nümunəyə əsaslanaraq əcdadlarımız qamış və budaqlardan hasarlar, həsirlər, daldalanmaq və qorunmaq üçün örtüklər və başqa əşyalar hörə biliblər. Elə bu metoddan istifadə edərək onlar lifli bitkilərdən balıqçılıq üçün torlar hazırlayıblar. Uzun zaman ərzində müxtəlif hörmə texnikasından istifadə olunub və toxuculuq dəzgahı icad olunub. Tədricən əcdadlarımız əriş və arqacın təyinatını və beləliklə də, toxuculuq üçün vacib olan ilk şərtləri kəşf ediblər.
Tədqiqatçılar XVI-XVII əsrlər Səfəvilər dövrünü Azərbaycan xalça sənətinin yüksək inkişaf mərhələsi hesab edirlər. Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin XVI əsrin əvvəllərində Təbrizdə, öz sarayında yaratdığı kitabxana sənət mərkəzinə çevrilmişdi. Buraya şairlər, elm və mədəniyyət xadimləri ilə birlikdə rəssamlar da toplaşmışdılar. Kitabxananın nəzdində bədii emalatxana yaradılmış və burada Sultan Məhəmməd, Sadiq bəy Əfşar, Dust Məhəmməd kimi qüdrətli fırça ustaları fəaliyyət göstərmişlər. Onlar xalça və bədii parçaların çeşnilərini vermiş və bunların əsasında toxunmuş zərif xalçalar və parçalar geniş yayılmışdı.
Azərbaycanda yaradılmış müxtəlif sənət nümunələrindən, o cümlədən Azərbaycan xalçalarından seçmələr 1872-ci ildə Moskvada, 1873-cü ildə Vyanada, 1918-ci ildə Peterburqda Ümumrusiya sərgilərində,1924-cü ildə Parisdə Ümumdünya sərgilərində nümayiş etdirilib. Bununla yanaşı, xalça sənətinin bir sıra nadir sənət nümunələri zaman-zaman dünyanı dolaşıb, ayrı-ayrı ölkələrin muzeylərinin fondlarını zənginləşdirib, şəxsi kolleksiyaların bəzəyinə çevrilib. Bu əşyaların bəziləri ayrı-ayrı şəxslərdən alınıb, bəziləri isə qarət edilərək Azərbaycandan aparılıb.
Azərbaycanda xalçaçılığın inkişafı üçün mühüm tədbirlər həyata keçirilmişdir. Xalçaçılıq sənət və elm sahəsi kimi Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də, incəsənət yönümlü kolleclərdə tədris edilir. Xalçaçılıq sənət kimi texniki peşə məktəblərində, uşaq rəsm qalereyalarında və digər yerlərdə öyrədilir. Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və professional rəssamların yaradıcılığında müasir inkişafı Azərbaycanın xalq rəssamı Lətif Kərimovun adı ilə bağlıdır. Şərq, o cümlədən, Azərbaycan xalçası və dekorativ - tətbiqi sənətinin mahir bilicisi, görkəmli ornamentalist - rəssam, tədqiqatçı-alim kimi tanınan Lətif Kərimov uzun illər Azərbaycan xalçalarını tədqiq etmiş, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirmiş, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaratmışdır.
Azərbaycan qadın ustalarının əlləri ilə yaradılan gözəl xalçalar və xalça məmulatları Sankt-Peterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Vaşinqtonda Tekstil, Parisdə Luvr, İstanbulda Topqapı kimi dünyanın böyük muzeylərini, habelə, Bakıda Azərbaycan Xalçaçılıq və Azərbaycan Tarixi muzeylərini bəzəyir.
Bu gün Bakıda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi fəaliyyət göstərir. Bu muzeyin fondlarında müxtəlif növ çeşnidə xalçalar qorunur. Azərbaycanda xalçaçılıq məktəbi özünün inkişaf dövrünü yaşayır. "Azərilmə" MMC-nin yaradılması isə xalçaçılıq sənətinin yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə orijinal memarlığı ilə diqqəti çəkən Xalça Muzeyi binasının tikilməsi bu nadir və gözəl sənət növünə dövlətimizin qayğısından xəbər verir. Azərbaycan mədəniyyətinin yorulmaz təbliğatçısı və böyük hamisi kimi məşhurlaşan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdə isə xalçalarımızın milli və dünyəvi dəyəri daha da artmaqdadır.
Məhz bunun nəticəsidir ki, 2010-cu ilin 15-19 noyabr tarixində Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyasında Azərbaycan xalçaçılıq sənəti bu mötəbər qurumun Ümundünya Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilib. Bu, Azərbaycan mədəniyyətinin növbəti uğurudur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.