AZ   |   EN

Bayıl qalası

Bakı şəhərinin Şirvanşahlar sarayına gələn hər bir adamın marağını sarayın aşağı həyətində nümayiş etdirilən, üzərində yazılar və müxtəlif rəsmlər həkk edilmiş birölçülü daş lövhələr özünə cəlb edir. Bu daşlar haradan buraya gətirilib? Hansı məzmunlu yazılardır? Bütün bu daşlar birlikdə hansı tikintiyə mənsub olub? Hansı mədəniyyətin qalıqlarıdır? Bu suallara cavab vermək üçün Azərbaycanın memarlıq tarixinin qədim səhifələrinə nəzər salmaq lazımdır. Azərbaycanın orta əsr dövründən bizə qalmış maraqlı abidədən biri də, Bakı limanının suyu altında bir neçə əsr qalan və XIX əsrin əvvəlində, dəniz səthinin azalması ilə əlaqədar olaraq aşkar olmuş sualtı tikintidir. Lakin son illər, dəniz suyunun yenə də artması ilə əlaqədar olaraq abidə yenə də suya qərq olmuşdur.

«Bayıl qəsri» adlanan bu tikintinin sirri əsrlər boyu Bakıya gələn hər bir alim və səyyahın, tədqiqatçı və peşəkar tarixçinin, yazıçı və hətta şairlərin diqqətini özünə cəlb etmiş, onun haqqında müxtəlif rəvayətlərin və miflərin yaranmasına səbəb olmuşdu. 

XIX əsrdə burada olmuş rus alimləri və şərqşünasları - İ.Berezin, S.Qmelin, B.Dom, V.Bartold və bir çox başqaları tikinti haqqında məlumatlar vermişlər. Hətta məşhur fransız yazıçısı A.Dyuma (ata) belə, Bakıda olarkən bu tikinti ilə maraqlanıbmış. Tədqiqatçılar bu tikintini gah «Bayıl qəsri», gah «Səbayıl», gah «Sualtı şəhər», gah «Karvansara», «Kömürxana», «Bənd», «Müdafiə istehkamı», «Nouşəhr», «Qala» və s. adlandırmış, qəsrin nə məqsədlə tikilməsi, onun hansı fəlakətə uğramasının səbəbləri haqqında müxtəlif fikirlər söyləmiş, müxtəlif ehtimallar irəli sürmüşlər. 

Hələ XIX əsrin əvvəllərində görkəmli Azərbaycanın tarixçisi A.Bakıxanov yazırdı: «... inkar etmək olmaz ki, Bakı ölkəsində Bilgəh, Zirə, Bibiheybət və s. kəndlərdə bəzi adalarda daşlar üzərində dənizə doğru gedən araba yolları görünür. Bakı şəhərində Hacı Ağa Hüseyn oğlu Hacı Babanın otağının yerində quyu qazdıqları zaman dəniz səthindən aşağıda daşla döşənmiş bir yol çıxmışdır». Sonra qeyd edir ki, Bakı önündə görünən bürclər, divarlar və qəbirüstü 72 daşlar və həmçinin onların tarixindən məlumat verən yazılı mənbələr, bütün bunlar təsdiq edir ki, 400-500 il bundan əvvəl burada mövcud olmuş abad bir şəhər dənizə qərq olmuşdur. XIV əsrdə yaşamış tarixçi Arif Ərdəbilli qeyd etmişdir ki, «Bakıda dənizin qarşısını almış Nouşəh (yəni şəhər) adlı bir qala vardır, lakin o suya qərq olmuşdur». Tikintinin suya qərq olunmasının səbəblərindən birini də məşhur rus qeoloqu, akademik İ.M.Qubkin 1306-cı ildə Xəzər dənizinin cənub hissəsində baş vermiş güclü və dağıdıcı zəlzələ ilə əlaqələndirir. 1683-cü ildə Bakıda olmuş alman səyyahı S.Kempfer çəkdiyi rəsmdə, dənizə uzanan qala divarının ucunun yaxınlığında, suyun altından görünən bir neçə bürcün dağılmış üstləri görünür. O qeyd edirdi ki, dənizin səthinin nisbətən aşağı düşməsi və suyun çəkilməsi nəticəsində həmin tikinti üzəçıxmışdı və o, tikintinin qalıqlarını görmüşdü. 

Alimlərin fikrincə XIII əsrin sonuna qədər Xəzərin səthi aşağıda idi, lakin XIII əsrin sonundan başlayaraq, təxminən 100 il ərzində, suyun səthi 10 metrə qədər qalxır və XX əsrin əvvəllərinə qədər dənizin suyunun səviyyəsi yüksək idi. Əsrimizin 20-40-cı illərində su çəkilməyə başlayır, belə ki, 40-cı illərdə 2 metrə qədər aşağı düşmüşdü və nəhayət, 60-cı illərin axırlarından bu günə kimi yenə də Xəzər dənizinin dəli dalğaları dənizkənarı şəhər və qəsəbələri dağıdır. Yenə də abidə suya qərq olmuşdur. 1830-cu ildə Bakıda olmuş akademik S.Lente yerli əhaliyə istinad edərək qeyd edirdi: «... Çox illər bundan əvvəl dəniz sahildən, təxminən 20 verst uzaqda idi. Böyük Zirə, Daş Zirə və həmçinin Pir-Allahı və Cilov adaları heç də ada deyildilər. Birdən-birə dənizin suyu qalxır və sahil bugünkü görkəmini alır...». XX əsrin 30-cu illərində tərixçilər və arxeoloqlar tərəfindən aparılmış tədqiqatlar zamanı müəyyən edilmişdir ki, doğrudan da, Şirvanşah III Fəhriburzun dövründə Bakı limanında istehkam tipli bir tikinti inşa edilir. Sonra tikintinin ölçüsü müəyyən etmişdir ki, yüksək təpəciyin üstündə qala şəklində tikilmiş qəsrin yan divarları tamamilə düz olmayan uzunsov bir düzbucaqlı şəklindədir. Bu forma, ehtimal ki, divarların üzərində durduğu qayanın relyefinə uyğunlaşdırılmışdır. Qəsrin uzunluğu 175, eni isə 35 metrdir. (Qəsrin uzunluğunun 180, eninin isə 40 metr göstərilməsi də elmi ədəbiyyatda vardır.) Tikinti aralarında olan məsəfə - (16 metrdən 38 metrə qədər) yarımdairəvi qüllələr vasitəsilə divarla birləşdirilmişdir. Divarın qalınlığı 1,2 metrdən 1,5 metrə qədərdir. Abidənin 15 qülləsi vardır. Bunlardan yalnız şimal-qərb tindəki və cənubdakı iki qüllə dairəvi formada olub, içərisi boşdur. İçərisi bütöv qalan 12 qüllənin hamısı yarımdairə şəklindədir. Qəsrə iki tərəfdən daxil olmaq olardı: cənub və şimal-qərb səmtdən. Həmin səmtlərdə olan üç dairəvi qüllənin qəsrə girmək üçün 1,3 metr enində ensiz qapısı vardır. Səkkizinci və doqquzuncu qüllələri birləşdirən cənub divarında və həmçinin ondördüncü və onbeşinci qüllələri birləşdirən şimal-qərb divarında da qapılar vardır. Ensiz qurulmuş qapılar onu göstərir ki, qəsrə ancaq piyada şəkildə daxil olmaq mümkün idi. Qüllələrin bəzilərində yuxarıya çıxmaq üçün daş pilləkənlər olmuşdur. Tikintinin cənub içəri hissəsində bir neçə binanın özül hissələri aşkar edilmişdi. Otaqların döşəmələrində qala divarından xaricə çıxan su axarları tapılmışdı. Qəsr əhəngdaşından tikilmişdir. Aparılmış axtarışlar və tədqiqatlar müəyyən etmişdir ki, vaxtilə qala divarının üst hissəsi bütünlüklə friz kəməri şəklində daş laylardan düzəldilmiş yazılarla əhatə edilmişdir. Layların ölçüsü bunlardır: hündürlüyü 70 sm, eni 25-50 sm, qalınlığı isə 12-15 sm-dir. İlk dəfə bu yazılı daşlardan bir neçəsini 1861-ci ildə Xəzər dənizində tədqiqat işləri aparan xüsusi dəniz ekspedisiyasının rəisi A.İvaşintsev suyun altından çıxartmışdı. Daşların üzərindəki rəsmlərin fotoşəkillərini çəkərək Peterburq Arxeoloji cəmiyyətinə göndərmişdi. Sonrakı illərdə daha bir neçə belə rəsm və yazılı daş laylar tapılır. 1939-1969-cu illər ərzində suyun altında 700-ə qədər belə daşlar tapılır və sudan çıxarılır. Hal-hazırda Şirvanşahlar sarayının həyətində nümayiş etdirilən daşlar, məhz həmin daşlardır. Yazılar fars-ərəb dilli yazılardır. Lakin əksər hissəsi fars dilində tərtib olunmuşdur və müxtəlif bəzək elementlərlə, əsasən nabatı xarakterli bəzəklərlə bəzənmişlər. Yazılardan başqa, bəzi daş layların üzərində mifi canlı heyvan, hətta insan surətləri də tapılmışdır. Bütün bu rəsmlər olduqca ustalıqla işlənilmişdir. Ustaların böyük bədii-estetik zövqündən və bədii daşyonma sənətinin kamilliyindən xəbər verir. Xüsusilə böyük ustalıqla iki cavan qadının portretləri işlənmişdir. Portretlərə diqqətlə baxdıqda müəyyən olunur ki, bunlar ümumiləşdirilmiş qadın obrazları yox, real şəxslərin surətləridir... Suyun altından çıxarılmış lövhələrin hamısının keyfiyyəti eyni dərəcədə deyildir: bunlara su və zaman özünün mənfi təsirini göstərmişdir. Daşların bir çox hissəsi əsrlər boyu ləpənin təsirindən əsaslı surətdə ziyan çəkmiş, üzrilərindəki yazı və təsvirlər pozulmuşdur.

1939-cu ildə tikinti ilk dəfə tədqiq olunarkən, yarım bürclərin birində Şirvanşah III Fəribürzun adı həkk olunmuş mis pul dəyəri tapılmışdı. Oxunmuş daşların üzərindəki yazılar IX-XIV əsr Şirvan və Şirvanşahların tarixini, o dövrün görkəmli şəxsiyyətlərini abidənin inşasında iştirak etmiş Zeynəddin bin Əbu-Rəşid, Əbu-Rəşid bin Zeynəddin kimi sənətkarlar sülaləsi və b. haqqında məlumatlar verir. Yazılar, eyni zamanda, abidənin tikilmə tarixini də dəqiqləşdirir. Müəyyən edilmişdir ki, bina-qəsr Bayıl təpələrindən birində 1232-1233-cü illərdə Şirvanşah Güştasb Gərşəsbin oğlu III Fəribürzun dövründə (1225-1243) tikilmişdir. Frizli yazıların içərisində qəsrin memarı Əbdül-Məcid Məsud oğlunun adı bərpa edilə bilən yazı fraqmenti tapılmışdır. Bu memar eyni vaxtda Mərdəkan dəyirmi qalasını da tikmişdir. Başqa daşlardan «Əzəmətli dəniz mülkü», «Şirvan», «Gilan», «Fərruxzad bin Mənuçöhr», «Xosrov şahi», «Bakıdan Mahmud», «Camaat», «Seyid əl-Məruf» və başqa sözlər oxunmuşdur. Bunlardan başqa: «Zeyn Əd-Din bin Əbu-Rəşid Əl-Nəqqaş» və «Ustad Zeyn-Əd-Din bin Əbu-Rəşid Şirvaninin işi» yazılmış sözlər oxunmuşdur. Bayıl daşları Azərbaycan xalqının keçmişini, mədəniyyətini, incəsənətini öyrənmək üçün dəyərli bir mənbədir. Bayıl daşları üzərində tədqiqat işləri indi də davam etməkdədir.

Bu tarixi abidənin qalıqları “Xəzər sahili mühafizə konstruksiyaları” daxilində 24 oktyabr 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdir.
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.