AZ   |   EN

Bakı dağ mərhələsi

Azərbaycan Respublikası ərazisinin yarıya qədəri dağlardır. Onlar 200-300 metr mütləq yüksəklikdən 4466 metrə qədər ucalır. Bu dağları gözəlləşdirən onların ətəyindən zirvəsinə qədər yarımsəhra, çöl, meşə, çəmən və qayalıq kimi müxtəlif landşaft qurşaqlarının bir-birini əvəz etməsidir.

İnsanların dağlardakı mağaraları ilk mənzilə-sığınacağa çevirməsi və dağların qoynunda əbədi məskən salması, onun təbii sərvətlərindən geniş istifadə etməsi insanı – dağa, dağı isə insana qovuşdurmuşdur. Buna görə də bəşəriyyət tarixinin bir şaxəsi uzaq keçmişdən dağlara uzanmışdır.

Yer səthinin relyefi zaman və məkan daxilində dəyişmələrə məruz qalmışdır. Vaxtilə indiki Bakının çox hissəsi su altında olmuşdur. Abşeron dövründə olan antiklinal quruluşlu qalxmalar yuyularaq alçaq sahələrə - körfəzlərə çevrilmiş, əhəngdaşı ilə örtülmüş suxurlar isə, əksinə qalxaraq indiki yastanları yaratmışdır. Abşeronda geri çəkilməkdə olan dəniz yastanların üstündəki əhəngdaşları parçalayıb yamaca toplamışdır. Yaranmış dağ mərhələsində zəngin palçıq vulkanları, iri daş karxanaları aşkar olunmuş və istifadə olunmaqdadır. Abşeron yarımadasının Bakı ərazisinə düşən hissəsində isə aparılan geoloji axtarışlar zamanı maraqlı dağ mərhələsinə rast gəlinmişdir.

“Bakı dağ mərhələsi” Bakı şəhəri Səbayıl rayonu Bibi-Heybət qəsəbəsi yaxınlığında 40° 20' 50" şimal enliyi və 49° 45' 55" şərq uzunluğunda yerləşir. “Bakı dağ mərhələsi” Azərbaycan Respublikası hökumətinin 1982-ci il 16 mart tarixli 167 nömrəli Qərarı ilə xüsusi əhəmiyyətli təbiət abidəsi kimi dövlət tərəfindən mühafizə olunur. Bu dağın ətəyində 70 metr dərinliyində aşağı antropogen qatlara aid klassik sütün aşkar edilmişdir. İlk dəfə D. F. Qolubyatnikov tərəfindən təsvir edilən bu qatların sütunu Dünya geoloji ədəbiyyatına stratiqrafik sütun kimi daxil edilmişdir. “Bakı” dövrünün geoloji yataqları və paleontoloji qalıqlarla zəngin olan bu təbii abidə unikaldır və çox böyük əhəmiyyətə malikdir. Xəzər dənizinin sahilində və Bakı şəhərinin mərkəzinə yaxın yerləşməsi, Xəzərin bu hündürlükdən geniş panoraması bu dağın estetik dəyərini artırır.

“Bakı dağ mərhələsi” də bəzi irs nümunələri kimi dövlətimizin səyi nəticəsində 30 sentyabr 1998-ci ildən UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdir.
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.