AZ   |   EN

Gülüstan türbəsi

Culfa rayonunun Cuğa kəndindəki Gülüstan türbəsi XIII əsrdə tikilmiş abidələrindən biri hesab edilir. Bu abidə möhkəm, kvadrat oturacaq üzərində qurulmuş onikitinli qüllədən ibarətdir. Türbənin tinləri iki müstəvi ilə kəsildiyi üçün ikinci yarusda onikitinli olur. Oturacağı (postamenti) zəngin bəzədilmiş karnizlə tamamlanır ki, onun da üstündə günbəz ucalır. Binanın yuxarı hissəsinin müstəviləri üzərində mürəkkəb və zərif işlənmiş ornament vardır. Türbənin ən üstdə olan örtüyünün bizə gəlib çatmamasından, binanın vaxtilə hündürlüyünü demək mümkün deyil, lakin hal-hazırda türbənin hündürlüyü 9 metrdir. Türbə planının xarici, hər tərəfi 6,60 metrə bərabər olan kvadratdır. Türbə daxildən iki hissədən - aşağı sərdabə və yuxarı kameradan ibarətdir. Aşağı sərdabənin divarları dörd cərgə düzülmüş daş divarlardan hörülmüş və quruluşu etibarilə düzgün olmayan çoxbucaqlı əmələ gətirir. Türbənin yuxarı hissəsi planda diametri 4,60 metr olan düzgün çevrədir. Divarları gəclə suvanmışdır və yuxarı istiqamətdə uzanaraq tədricən günbəzə çevrilir. 

Türbənin daş üzərində oyulmuş ornamentləri zənginliyi, incəliyi, zərifliyi və mürəkkəbliyi ilə seçilir və demək olar ki, bu cəhətdən digər abidələri geridə qoyur. Abidəni inşa edən memar ornamentlər üzərində işləyərkən onları taxçalarda elə düzüb ki, onu seyr edənlər həmişə qonşu səthlərdə müxtəlif biçimli ornamentlər görür. Yüksək sənətkarlıqla işlənmiş ornamentlərin taxçalarda təkrarı ancaq yaxından baxarkən hiss edilir. Bu naxış və ornamentləri ancaq Möminə xatın türbəsinin ornamentləri ilə müqayisə etmək olar.

Burada aparılmış tədqiqatlar sərdabə ilə yuxarı hissə arasında hansısa bir əlaqənin olması müəyyən edilməmişdir. Türbə binası qırmızı qumdaşından tikilmişdir. Divarları iri çay daşından hörülmüş və onlara yaxşı yonulmuş daşdan, türbənin kürsülük hissəsinə isə səkkiz cərgə bir-birinə uyğunlaşdırılmış iri daşlardan üz çəkilmişdir. Hər cərgədə, əvvəlcə çarpazlaşdırılmış guşə daşları qoyulmuş və sonra onların arası tikilmişdir. Binanın kürsülüyünün tinləri hörgünün ikinci cərgəsindən başlayaraq, iki müstəvi ilə kəsilib, daxildən olduğu kimi, yuxarıya doğru daralır və türbənin düzgün onikiüzlü şəklində olan yuxarı hissəsinə keçid əmələ gətirir və həmən yerdən əhatə edən qabarıqlı ornament vardır. Türbənin üzərində kitabəsi yoxdur. Lakin tədqiqatçıların fikrincə, bu gözəl abidə XII əsrin yadigarıdır.

Türbə “Naxçıvan Məqbərələri” tərkibində 30 sentyabr 1998-ci ildən UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdir.
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.