AZ   |   EN

Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə

Tarixən Azərbaycanda çörəkbişirmə vasitələri, əsasən, ocaqlar, gil və çuqun saclar, gil tavalar, təndirlər olub. Onların arasında təndirlər daha geniş yayılıb. 

Tarixi mənbələrdə “təndir” sözünün qədim türk xalqlarına (şumerlərə) məxsus olduğu qeyd edilir. Təndirin tarixi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bir sıra müəlliflərə görə, döymə üsulu ilə düzəldilən təndirlər qədim tarixə malik olsalar da, onlardan təkcə çörək bişirilmədə istifadə edilməmişdir.

Qədim diyarımız Naxçıvan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində tapılmış materiallara əsasən demək mümkündür ki, eneolit və ondan sonrakı dövrlərdə də diyarımızda yeməklər hazırlamaq üçün ayrıca yerlər olmuşdur. Arxeoloji tədqiqatlar sübut edir ki, daşdan keramikaya, saxsı çanağa, sonra isə metala keçilməsi məişətdə böyük dəyişikliklərə gətirib çıxarmışdır. Bununla belə, qab-qacaqların, məişət alətlərinin bir çoxu bu gün də həyatımızda yerini qorumaqdadır. Aparılan arxeoloji qazıntılar nəticəsində bir çox ocaqlar, təndirlər də meydana çıxıb. Keçmişdə təndiri, hətta evlərin içində quraşdırardılar ki, qışda ondan təkcə çörəkbişirmə məqsədilə deyil, həm də otaqları qızdırmaq üçün istifadə etsinlər.

Bu gün də təndirə tələbatın artması bizi ondan məişətdə hələ uzun illər istifadə olunacağına inandırır. Amma nə etmək olar. Son dövrlər təndir düzəldənlərin sayı azalır. Artıq bu xalq sənətkarlığı nümunəsini günümüzdə yaşadanlar azlıq təşkil edir. Amma Sədərək rayon Sədərək kənd sakini Gültəkin Mahmudova, Culfa rayonunun Yayıcı kənd sakini Sevda Kərimova, Lənkəranın Aşağı Nüvədi kənd sakini Adilə Manafova kimi insanlar bu qədim sənətkarlıq növünü yaşatmaqdadırlar. Onların düzəltdiyi təndirlər nəinki ölkəmizdə, hətta onun hüdudlarından kənarda da məşhurdur. Özlərinin də qeyd etdiklərinə görə onların  düzəltdiyi təndirləri Ukrayna, Rusiya və digər ölkələrdən (hətta Finlandiyadan) gəlib, alıb aparırlar. 

Bu el sənətkarlığı ilə məşğul olanlar qeyd edirlər ki, təndirin qurulması üçün əsas xammal gilli torpaqdan yoğurulmuş palçıqdır. Təndir qoymaq, düzəltmək üçün hazırlanacaq torpaq təmiz hesab edilən yerdən götürülməlidir. Onun möhkəm olması üçün yoğurulan palçığın içərisinə keçi qəzili də qatılır. Gil və qum su ilə isladılıb qarışdırılır. Gil qarışığı hazır olandan sonra təndir qurulur. Sonra onun rənginin bir qədər ağarmasını gözləyir, ətrafına odun qoyub yandırırlar. Bundan sonra 15 gün təndirin qurumasını gözləmək lazımdır. Təndirlər əvvəlki dövrlərdə, yəni dədə-baba zamanında necə idisə, indi də eyni qaydada hazırlanır. Alt tərəfində hava çəkmək üçün kiçik bir dəlik də açılır. Ona “külfə” və ya “külüfürən” deyilir. Onun alt hissəsi 1,1 metr ağız hissəsi 50 sm, hündürlüyü 1 metr, qalınlığı isə 5 santimetrdir. Təndiri alandan sonra isə onu xüsusi palçıq şirəsi ilə üzləyir, ya da ətrafını kərpiclə hörürlər. Təndiri qorumaq, həm də burada çörək bişirmək hər fəsildə mümkün olsun deyə, təndiri çardaqda qoymaq daha məsləhətlidir.

Çörəkbişirmə də bir sənətdir. Təndirdə çörəkbişirənlər qeyd edirlər ki, təndirə od salınanda, adətən, xəmir kündələnir ki, köz düşənəcən kündə də bişirilməyə hazır olsun. Təndir qalanandan sonra əvvəlcə adəti üzrə qaralır, sonra isə aşağıdan yuxarıya doğru ağarmağa başlayır. Bu zaman təndir həddindən artıq isti və qızmar olduğundan çörəyi tez yapmırlar, bir az gözləməlisən, yoxsa çörək küt gedər. Bunun qarşısını almaq üçün həm də kündəni yastılayıb yapmağa hazırlayanda onun arxa hissəsinə duzlu su vurarlar. Bu, kündənin təndirin badına yaxşı yapışmasına səbəb olur. Təndirdə bişən çörəyin öz dadı, öz ləzzəti var. Təndir çörəyi bişirilən məhəllənin yanından ötüb keçən hər kəs onun ətrini duyur. Adətə görə, təndirdən çıxan ilk çörəyi uşaqlara, evin qonağına vermək xeyir-bərəkət, ruzi gətirər.

Onu da qeyd edək ki, ta qədimdən milli mətbəximizdə təndirdən təkcə çörək bişirmək məqsədilə istifadə olunmur, onun vasitəsilə həm də müxtəlif yeməklər hazırlanır. Təndir çörəyi kimi təndir kababı, təndir külləməsi, təndir qovurması da öz dadı və ləzzəti ilə məşhurdur. Müasir dövrdə cürbəcür metal qablar, elektrik mətbəx əşyaları olsa belə, təndirdə bişən çörəyin, müxtəlif növ kətələrin, şirin çörəklərin, kababın, yeməklərin dadını heç bir avadanlıqda bişirilən yemək vermir. Çörəkbişirmə sahəsində müxtəlif texnologiyalardan istifadə olunsa da, təndir çörəyinin ətri və dad-tamı bir başqa olur.

Dövlətimizin təşəbbüsü ilə Paraqvayın paytaxtı Asunsion şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı milli nominasiya faylının UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi qərara alınıb. UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən müvafiq meyarlar üzrə müsbət rəy alan nominasiya faylına dair qərar 2024-cü ilin dekabrın 3-də elan edilib.

Bununla da, UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alan elementlərimizin sayı 24-ə çatdırılıb.

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.