AZ   |   EN

Ramana qalası

Ramana qalasının XIII-XIV əsrlərə aid olduğu qeyd edilsə də, abidənin dəqiq tarixi məlum deyil. Həmçinin, qalanın kim tərəfindən, nə üçün inşa edildiyi də bilinmir. Qalanın daş kitabəsinin itməsi onun haqqında məlumatlar əldə etməyi çətinləşdirib. Tikilinin XIII-XIV əsrlərə aid edilməsi təsadüfi deyil. Belə ki, həmin dövrdə Abşeronda silsilə qalalar ucaldılırdı. Buna Mərdəkan və Nardarandakı qalaları, eləcə də, Qız qalasını misal göstərmək olar. 

Hündür qayanın üstündə tikilmiş bu möhtəşəm abidə bütün ətraf kəndlərdən görünür. Qala Abşeronun digər analoji tikintilərinə xas olan üslublar əsasında inşa edilmişdir, lakin başqa qalalardan fərqli olaraq, bu qalanın həyəti və divarları planda uzunsov dördbucaqlıdır. Qala divarının tinlərində və şərqə baxan tərəfində, divarların ortasında qüllələr vardır. Qapısı qərb divarda olub portal şəklindədir. Düzbucaqlı qüllə şaquli xətt üzrə dörd yarusa bölünərək, bunlardan birincisi və axırıncısı daş qübbə ilə, aralıqda olan ikisi isə ağac materialla örtülmüşdür. Bunlar hazırda yoxdur. Mərtəbələr arasında dolama pilləkənlər vardır. Qəsrin divarlarla birlikdə uzun tərəfinin ölçüsü 30 metrə yaxın, qısa tərəfi isə 20 metrdir. Divarların hündürlüyü 7,8, mərkəzi qüllənin hündürlüyü isə 18 metrdir. Abidənin bütün hissələri ağ əhəngdaşından hörülmüşdür. Qalanın kitabəsi saxlanılmamışdır, lakin quruluşu və plan xüsusiyyətinə görə tədqiqatçılar onu XIV yüzillikdə tikildiyini ehtimal edirlər. Buna baxmayaraq qala ilk görünüşdə Mərdəkan dördkünc qalasına bənzəyir. Həmin qala da XIII əsrin abidəsidir.

Bu tarixi abidə “Xəzər sahili mühafizə konstruksiyaları” daxilində 24 oktyabr 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdir.

 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.