YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakla əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Müəyyən edilsin ki, YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün Azərbaycan Respublikasına gələn, YUNESKO-nun rəsmi dəvət məktubunu və həmin təşkilatın müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiqləyən sənədi təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2019-cu il iyunun 20-dən iyulun 10-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:
2.1. YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakla əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə YUNESKO-ya və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;
2.2. YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakla əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakla əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat versin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 aprel 2019-cu il.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.