AZ   |   EN

Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqslər

Azərbaycan xalq musiqisinin, musiqi folklorumuzun çox geniş yayılmış və qədim tarixə malik olan janrlarından sayılan rəqslərin çoxəsrlik tarixə malik olması faktı göstərir ki, xalq rəqslərimizin əsas qollarından biri sayılan “Yallı”ların yaranması prosesi də çox qədim dövrlərdən başlanıb. Yallı sözünün kökü, ilkinliyi barədə günümüzə kimi gəlib çatan maraqlı məlumatlar da deməyə əsas verir ki, xalq mədəniyyətində mərasim rəqsi olan yallıların kökləri miladdan əvvəlki dövrlərə gedib çıxır.

Xalqımızın qəhrəmanlıq salnaməsinin bir parçası olan birliyin, həmrəyliyin ən xoş gündə, çətin anda, dar zamanda göstəricisi olan yallılar el coşqusu ilə ifa olunub. İgidlər döyüşə yallı sədası altında yollanıblar.

Buna görə də hər bir obada, oymaqda, kənd-kəsəkdə indi də bir xeyir iş, hərbi xidmətə gedən olanda səsindən dağlar, daşlar lərzəyə gələn qara zurnanın müşayiəti ilə yallılar elə bir həvəslə ifa olunar ki, hətta yallı getməyi bacarmayanlar belə o dəstəyə qoşular, axıra kimi halayı dağılmağa qoymazlar.

Azərbaycanda “Yallı”nın bu qədər sevilməsi onun burada dərin köklərinin olması faktını bir daha təsdiqləyir. Bu həm də bir çox mənbələrlə, arxeoloji qazıntılarla, tarixi ərazilərdəki mühüm və maraqlı məlumatlarla təsdiqlənib.

Azərbaycanda xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunu sübut edir. Əksər dünya xalqlarında olduğu kimi, azərbaycanlılarda da ilk rəqslər ritual və ov rəqsləri olub.

Erkən orta əsrlərdən başlayaraq əsasən mərasim rəqslərindən müxtəlif növ xalq rəqsləri formalaşmağa başlamışdır.

Azərbaycan xalq rəqsləri mövzu baxımından rəngarəngdir, onlar bu növlərə bölünür - əmək, mərasim, məişət, qəhrəmanlıq, idman, xorovod-oyun (məsələn, “Yallı”, “Halay”) və s. Davametmə müddətinə, rituallarının zənginliyi və rəngarəngliyinə görə toy mərasimi ən əhəmiyyətlisidir.

Xoreoqrafik məzmun baxımından yallılar iki yerə bölünür. Bunlardan birincisi  süjetli yallılardır ki, onları oyun-yallıları adlandırırlar. Bu növ yallılara “Köçəri”, “Qaz-qazı”, “Çöp-çöpü” rəqslərini misal göstərmək olar. İkinci növ yallılar rəqs-yallıları adlandırılır. Bu növ yallılar isə, müəyyən əhval-ruhiyyəni, xüsusən qəhrəmanlığı, gümrahlığı, gəncliyi və cəldliyi ümumi şəkildə tərənnüm edən rəqs-yallılardır. Bu yallılara “Dönə yallı”, “Siyaqutu”, “Tənzərə”, “Ürfanı” və s. yallılar daxildir.

Eyni zamanda tərkibinə görə yallılar 3 cür olur: qadın, kişi və qarışıq.

Yallı janrı nəfəsli musiqi aləti olan zurna ilə icra olunur. Zurna, dəm zurna, davul yallı iştirakçılarını müşayiət edir. Zurna nəfəsli musiqi aləti səs tembrinə görə bütün musiqi səslərinin içərisində aparıcı və daha yüksək səs nizamına malikdir.

Azərbaycan rəqs sənətinin geniş yayıldığı ərazilərdən biri Naxçıvan diyarıdır. Naxçivan ən qədim rəqs elementlərimizin yaşadığı ellərdəndir. Elə rəqs növlərimiz  var ki, o ancaq bu yurd üçün xarakterikdir. Əlbəttə, Azərbaycanın hər yerində rəqs sənəti yaşayır, ancaq Naxçıvandakı qədər qədimlik qoruna bilməyib. Naxçıvan rəqsləri birbaşa ənənələrə söykənir və əski elementləri özündə ifadə edir.

Azərbaycanda yallı nümunələri çoxdur: “Dönə yallı”, “Hağışda”, “Üçayaq yallı” (Ordubad variantı), “Siyaqutu”, “El yallısı” (Ağdamvariantı), “Köçəri”, “Çınq-çınq”, “Yeravanı”, “İkiayaq yallı”, “Üçayaq yallı” (Noraşen variantı), “Qaladan qalaya”, “Tənzərə” (Ordubad  variantı), “Tənzərə” (Şərur  variantı), “Gopu”, “Ürfanı”, “Qaleyi”, “Ləyli xanı”, “Hoynare”, “Güleynare”, “Nənüke”, “Qaz-qazı” (Oyun-yallı), “Çöp-çöpü”, “Ciran-ciran”, “Dördayaq” və s. yallı növlərinə daxildir.  Bu nümunələrdən “Köçəri” və “Tənzərə” (Şərur variantı) yallıları məhz Naxçıvan ərazisində ən çox ifa olunan yallılardır.

Köçəri – rəqs yallısı adından göründüyü kimi, onun yaradıcıları da köçərilər olmuşdur. Asta və sürətli hissələrdən ibarət olan “Köçəri” rəqsi üç variantlıdır. Kişilərin və qadınların ya ardıcıl olaraq, ya da bir qadın, bir kişi vəziyyəti ilə düzülüşündə yallıbaşı əlinə çubuq alır. Bu çubuq ifaçıları cəzalandırmaq üçün yox, əslində rəqs xarakterlidir .

Tənzərə – Şərur rayonunun Çərçiboğan, Çomaxtur, Dizə və başqa kəndlərində daha çox inkişaf tapan folklor rəqs kollektivlərinin repertuarlarına daxil edilərək müntəzəm rəqs edilən rəqs hərfi mənada “Qızılı tənbətən” deməkdir. Qızıl bəzək-düzəkdən - boyunbağından, muncuqdan, sırğadan, üzükdən və başqa cəvahiratdan nəyi varsa hamısını taxıb oynayan qadınlar əsasən gözəllik və parlaqlığı ifadə edirlər. “Tənzərə”nin adı da məhz buradan götürülmüşdür. “Tənzərə” - yarı zər, yarı bəzək-düzək deməkdir. İki  hissəli rəqsi ifaçılar çeçələ barmaqları ilə birləşərək ifa edirlər. Üç addım irəli gedərək sol ayaqlarının ucunu yerə vurur, həmin andan sonra, yenə də sol ayağı irəli atıb bir anlığa onun üzərində durur, üç kiçik addım geriyə hərəkət etməklə ikinci hissədə bir az iti templə birinci hissədən hərəkətlərini təkrar edirlər.

Azərbaycanın tanınmış musiqiçisi, rəqslərimizin mahir ifaçı və tədqiqatçısı, xalq artisti Əminə Dilbazinin fikrincə, yallılar qədər ölkəmizi dünyaya tanıdan ikinci bir vasitə yoxdur: “Söz demədən o, xalqımıza məxsus bütün xüsusiyyətləri, onun kimliyini, tarixini, mədəniyyətini bütün millətlərə aşılaya bilir”. O, bu mənada Şərur yallılarını birinci sırada görür. Alimlərin fikrincə, oğuz ellərinin həyat tərzi, məişəti, dünyabaxışı “Dədə Qorqud” dastanlarında sözlə-fikirlə, yallılarda isə rəqslə, ritmik hərəkətlərlə ifadə olunub. Hər bir yallı növü də xüsusi məna və məzmun daşıyıb. Xalqımızın yaşam tərzini, adət-ənənəsini, mübarizliyini, qorxmazlığını, həmişə haqqa-ədalətə və sülhə can atmasını özündə yaşadıb.

Naxçıvan yallıları diyarın tarixi, etnoqrafiyası, mərasimləri, mifoloji inancları, adət-ənənələri, ifaçılıq mədəniyyəti ilə sıx bağlı şəkildə təşəkkül tapmış və tarixi təkamül yolu keçmişdir. Yallı rəqslərinin Naxçıvanın müasir musiqi həyatında da yaşaması və ifa olunması bunu bir daha təsdiq edir. 

UNESCO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri xanım Mehriban Əliyevanın dəstəyi ilə “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs siyahısında yer alır.

2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib.
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.