AZ   |   EN

Lök-Batan Palçıq Vulkanı

Tarix boyu alimlər Azərbaycanı palçıq vulkanları ilə zəngin bir ərazi kimi qeyd etmişlər. Burada dünyanın bütün vulkan növlərinə - aktiv fəaliyyətdə olan, sönmüş, gömülmüş, neft çıxaran, ada və sualtı vulkanlara təsadüf olunur. Planetimizdə mövcud olan 800 palçıq vulkanının 300-dən çoxu Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Təbiətin möcüzəsi olan Palçıq vulkanlarının çoxu Bakı və Abşeron yarımadasında yayılmış və onlardan bəziləri təbiət abidəsi kimi formalaşmışdır.

Abşeron yarımadasında minerallarla ən zəngini Lökbatan ərazisindədir. Lökbatan palçıq vulkanı 1810-cu ildə qeydə alınıb “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət qoruğu”-na aid olmasa da dünyanın püskürməsinə görə ən aktiv vulkanları siyahısına daxildir. Son 25-ci püskürməsi vulkanın 02 may 2017-ci il tarixində baş vermişdir.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 avqust tarixli 2315 nömrəli sərəncamı ilə “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət qoruğu” yaradılmışdır.

Son illər Bakı və Abşeron yarımadasında olan palçıq vulkanlarına antropogen təsirlərin artırılması nəticəsində onların əraziləri dağıdılır, orada intensiv inşaat işləri aparılır, vulkanların püskürmə ehtimalı olan zonalarında yaşayış binaları inşa olunur. Buna görə də Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarının mühafizəsinin gücləndirilməsinin vacibliyini, onların fəaliyyətinin öyrənilməsinin böyük elmi və praktiki əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, bu təbiət sərvətlərinin gələcək nəsillərə çatdırılması və respublikamızın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədilə dövlətimiz 30 sentyabr 1998-ci ildən UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilməsinə nail olmuşdur.
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.