AZ   |   EN

Qədim Qəbələ şəhəri

Bu yurdun adı çəkiləndə ilk öncə qədim Qafqaz Albaniyasının 900 illik bir dövrdə (eramızdan əvvəl IV əsrdən eramızın V əsrinədək) paytaxtı olmuş qədim Qəbələ şəhəri və onun bu günə gəlib çatmış möhtəşəm qala divarları xatırlanır. Rayon mərkəzindən 20 km cənubi-qərbdə, indiki Çuxur Qəbələ kəndinin şimal-şərq hissəsində Corlu və Qara çaylarının suayrıcında yerləşən qədim Qəbələ şəhəri öz möhtəşəmliyi, mühüm siyasi, iqtisadi və ticarət mərkəzi kimi dünyanın Babil, Troya, Pompey, Karfagen kimi qədim və məhşur şəhərləri ilə müqaisə olunur.

Görkəmli Azərbaycan arxeoloqlarından S.Qazıyevin, Q.Əhmədovun, İ.Əliyevin, F.Qədirovun və başqalarının burada apardıqları çoxillik arxeloji tədqiqatlar nəticəsində Antik dövrə aid böyük binaların, qala divarlarının qalıqları, istehsal və sənəkarlıqla bağlı maddi - mədəniyyət abidələri aşgara çıxarılmışdır.

2400 illik tarixi olan, qədim “İpək yolunun” üstündə yerləşən Qəbələ şəhərinin adı hələ eramızın I əsrində yaşamış Roma alimi Böyük Plininin ,,Təbii tarix” əsərində Kabalaka, yunan coğrafiyaşunası Klavdi Ptolemey (II əsrdə) Xabala, Ərəb tarixçisi Bəlazuri (IX əsr) Xəzər adlandırmışdır. Ilk dəfə Azərbaycan alimi A.Bakıxanov (XIX əsr) ,,Gülüstani – İrəm” əsərində Kbala və ya Xabalanın Qəbələ olduğunu göstərmişdir.

Əsirlər boyu Azərbaycan torpaqlarına göz tikən yadelli işğalçıların amansIz hücumlarına mərdliklə sinə gərən Qəbələ şəhəri tarixin yaddaşına alınmaz, məğlubedilməz qala-şəhər kimi daxil olmuşdur.

E. I əsrdə romalılar Kabalakanı (Qəbələni)-"oppidum" yəni "istehkam şəhər" kimi tanıyırdılar. Eramızın 262-ci ilində Albaniya Sasanilər tərəfindən işğal olunsa da Qəbələ özünün siyasi və iqtisadi əhəmiyyətini itirmədi. V əsrin ikinci yarısında (464-cü ildə) Albaniya öz müstəqilliyini müvəqqəti itirdiyi və şimal köçərililərinin basqınlarının şiddətləndiyi dövrdə ölkənin paytaxtı Qəbələdən Partava (Bərdəyə) köçürülür. Bundan sonra da Qəbələ ölkənin başlıca ticarət sənətkarlıq, mədəniyyət və mənəvi mərkəzi kimi mövcud olmuşdur.

Qəbələ 1068-ci ildə Şirvanşah Fəriburzun, 1120-ci ildə gürcü çarı III Davidin, 1386-cı ildə Teymurləngin, 1538-ci ildə Səfəvi şahı I Təhmasibin, 1734-cü ildə Nadir şahın qoşunlarının işğalı ilə üz-üzə dayanmış, sarsıntılar keçirmişdirsədə öz əhəmiyyətini tam itirməmişdir. 1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycan xanlıqlara. Sultanlıqlara və məliklikliklərə bölünmüş və bu zaman Qəbələ də ayrıca sultanlıq idi.

Qəbələ hakimiyyətinin axırıncı Sultani İ.B. Qutqaşınlının atası Naib Nəsrullah Sultanı olmuşdur.

XVIII əsrin sonlarında Qəbələ sultanlığı Qəbələ mahalı adlandırılırdı. 1841-ci ildə Çar Risiyasının Qafqazda apardığı islahatlar nəticəsində Azərbaycanda xanlıqlar ləğv edilərək Quberniya və qəzalarla əvəz olunmuş və bu dövürdə Qəbələ rayonu Yelzavetapol (Gəncə) quberniyasının Nuxa (Şəki) qəzasının tərkibinə qatılmışdır.

Qeyd olunduğu kimi Qəbələnin əlverişli tarixi-coğrafi mövqeyi onun ərazisinin insanlar tərəfindən ta qədimdən mənimsənilməsinə və nəticədə zəngin maddi-mədəniyyət abidələrinin yaranmasına səbəb olmuşdur.

Rayon ərazisində 90-dan çox tarixi, etnaqrofiq, maddi-mədəniyyət abidəsi qeydə alınaraq mühafizə olunur. Qədim Qəbələ şəhərinin qalıqlarını və onun ətrafında aşgar edilmiş bir çox arxoloji tapıntıları mühafizə etmək məqsədi ilə 1985-ci ildə burada 480 hektar sahəni əhatə edən Qəbələ tarix – mədəniyyət qoruğu yaradılmışdır.

Böyük Əmili kəndində eramızdan əvvəl I minilliyə aid olan daş kurqan, Soltannuxa kəndinin cənubunda, Kilsə dağında IV əsrə aid Alban kilsəsi (məbəd), Nic qəsəbəsində antik dövrə aid Nekrapol, Yengicə kəndinin cənubunda IV-XIV əsrlərə aid Qızlar qalası, çay boğazında X-XII əsrlərə aid Surxay qalası, Həzrə kəndində XIV-XV əsrlərə aid türbələr kompleksi, Dızaxlı kəndinin şimali - qərbində yerləşən, VII əsrə aid Komurad məqbərəsi, Qəbələ şəhərindəki Büdxana qalıqları, XVIII əsrə aid 8 güşəli Məscid, XIX-XX əsrlərin başlanğıcında inşa edilmiş Cümə məscidi, İ.B.Qutqaşınlının XIX əsrə aid ev Muzeyi və məzar üstü abidəsi və sair tarixi abidələr rayonun ,,tarixi inciləri” olub, bu yerlərə gələnlərin diqqətini cəlb etməyə bilmir. Qəbələnin tarixi keçmişini və bu gününü öyrənmək, qoruyub saxlayaraq gələcək nəslə çatdırmaq məqsədi ilə rayon rəhbərliyi tərəfindən son dövürlərdə bir sıra tədbirlər həyata keçirilmişdir.

2025-ci il 6-16 iyul tarixlərdə Fransanın paytaxtı Paris şəhərində UNESCO-nun Baş Qərargahında Dünya İrsi Komitəsinin 47-ci sessiyası keçirilib. Sessiyanın gündəliyinə uyğun olaraq 11 iyul tarixdə Dünya İrsinin İlkin Siyahısına təqdim olunan nominasiya fayllarının müzakirəsi aparılıb. Azərbaycan tərəfindən təqdim olunmuş “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” və “Qədim Qəbələ şəhəri” UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib.
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.