AZ   |   EN

Lahıc misgərlik sənəti

Azərbaycan xalqı özünün çoxəsrlik tarixi boyunca zəngin və özünəməxsus mədəniyyət yaradıb. Müxtəlif vaxtlarda əcnəbi tacirlər, səyyahlar və diplomatlar bu diyarda olub, burada sənətkarlığın inkişafı haqqında çoxlu maraqlı faktlardan söz açıblar. Misgərliyin əsas mərkəzi hesab olunan Azərbaycanda bu qədim sənət növünün yaşadılması üçün bütün dövrlərdə müəyyən səbəblər olub. Son illər isə həmin səbəblərin sayı azaldıqca misgərlik məişətdə əhəmiyyətini itirmək təhlükəsi ilə üz-üzə qalıb.

Tarixi mənbələrin yazdığına görə, Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında olan venesiyalı səyyah Kontarin yazırdı ki, burada hər gün hökmdarın ətrafındakı təxminən 400 nəfərə mis qablarda yemək verilir. XX əsrin əvvəllərində Azərbaycan misgərlərinin hazırladığı məmulatlar müxtəlif sərgilərdə nümayiş etdirilərkən yüksək qiymətləndirilib və mükafatlandırılıb. Alimlərin qeydlərinə görə, mis üzərində işləyən sənətkarlar imzalarını onun üzərinə həkk etdikləri üçün dünya muzeylərində saxlanan Azərbaycan mədəniyyətinin bu təkrarolunmaz incilərini başqa xalqların öz adlarına çıxması mümkün deyil. Misdən hazırlanan əl işlərinin 40-dan artıq növü olub və beş qrupda ümumiləşdirilib: xörək, süfrə, su-ağartı qabları və məişət əşyaları.

Mənbələrdə bildirilir ki, Azərbaycanda misgərlik sənətinin mərkəzlərinin Təbriz, Gəncə, Naxçıvan, Şamaxı, Bakı, Ərdəbil, Lahıc (İsmayıllı) və s. olduğu söylənir. XIX əsrdən başlayaraq Lahıc misgərliyin əsas mərkəzinə çevrilib. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, sərpuc, güyüm, teşt, məcməi, sini, dolça, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. məmulatlar Orta Asiya, Dağıstan, Gürcüstan, İran, Türkiyə və digər yerlərdə tanınıb.

2015-ci il 30 noyabr - 4 dekabr tarixində Namibiyanın paytaxtı Vindhuk şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası keçirilib. Sessiya çərçivəsində ölkələr tərəfindən Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilməsi üçün təqdim olunan nominasiyalara dekabrın 1-də baxılmasına başlanmışdır.

Azərbaycan tərəfindən “Lahıc misgərlik sənəti” nominasiyası təqdim olunub. Komitənin iclasında bununla bağlı müzakirələrdə qeyd olunub ki, bu nominasiya faylı Qeyri-Maddi Mədəni İrsin qorunmasına dair Konvensiyanın bütün kriteriyalarına cavab verməklə yanaşı, nümunəvi bir namizədlik faylı kimi gələcəkdə digər ölkələrin öz fayllarını hazırladıqları zaman bundan istifadə etmələri tövsiyə edilib. 

“Lahıc misgərlik sənəti” faylı Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə, Mədəniyyət və Turizm Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin və bu sahədə ekspertlərin birgə əməkdaşlığı ilə hazırlanaraq UNESCO-ya təqdim edilib. Beləliklə, Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Lahıc misgərlik sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi Azərbaycan xalqının keçmiş dövrlərdən bəri ifadə etdiyi mədəni dəyərlərinə verilən qiymətlə yanaşı, bu sənətin qorunması və gələcək nəsillərə çatdırılması, eyni zamanda Lahıcda yaşayan əhalinin sosial-iqtisadi rifahının artmasına töhfə verəcək.
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.