AZ   |   EN

Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi

Türklər dastan yaradan millətdir. Dünyada səviyyəsindən, sayından asılı olmayaraq, folkloru olmayan xalq yoxdur. Və əslində bütün xalqların folklor özünəməxsusluğu təkrarsızdır; onlara qarşıqoyma, üstünlük, dərəcələmə, status mövqeyindən baxmaq yanlışdır. Hər xalqın öz yaradıcılıq stixiyası, təbii axarı var, onun qanunauyğunluğunu tapmaq, öyrənmək dünyanı dərk etməyin sınanmış yollarından biridir. Milli-etnik, etnoqrafik, psixoloji, estetik, sosioloji, antropoloji özəlliklərin qaynağı, məbədi olan folklor bir fenomendir.

Bu mənada türk folklorunun təbii ifadə forması dastan yaradıcılığıdır.

Böyük türk savaşlarında ordunun önündə gedən, döyüşçüləri ruhlandıran, coşduran ozanlar-aşıqlar həm də bu döyüşləri yaddaşlara yazan, nəsil-nəsil ötürən, bütün zamanlar üçün əbədiləşdirən törə daşıyıcıları, mənəviyyat sütunları, sənət ustadları idi. Dünya dastan yaradıcılığına türk eposunun təsir gücü çox böyük olmuşdur. Türk dastan mədəniyyəti bir yaradıcılıq növü, etnik- milli özünüifadənin sistemi kimi təsiredici gücə, qüdrətə sahib olmışdur.

Türk xalqlarının tarixini və mədəniyyətini əks etdirən qaynaqlar daha çox şifahi yaddaşla ağızdan-ağıza keçə-keçə yaşayan söz sənəti örnəkləri ilə bağlıdır. Yazdırılan salnamələr, yasalar, kitabələr, bitiklər, unudulan qayaüstü cizgilər və rəsmlər, damğa və yazı gələnəyi folklorla çiyin-çiyinə yaşayaraq xalqın tarixini, mənəviyyatını yaşatmışdır. Bu abidələrin sırasında Oğuznamələr ayrıca yer tutur.  Şübhəsiz ki, Oğuznamələr çox olmuşdur və Qafqazda, Sibirdə, Türküstanda, Ön Asiyada dildən-dilə gəzmişdir. 

Bu Oğuznamələrin rəmzə çevrilmiş örnəyi isə “Kitabi-Dədə Qorqud” dastanlarıdır.

"Kitabi-Dədəm Qorqud" dastanından günümüzə gəlib çatan bir müqəddimə, on iki boy - on iki Oğuznamə böyük oğuznamə mədəniyyətini əks etdirən ensiklopedik səciyyəli çoxlaylı, çoxqatlı nadir bir ədəbi-tarixi qaynaqdır. Dastanların əlyazması üzərində yazılmış “Kitabi-Dədə Qorqud-əla-lisani-taifeyi-Oğuzan” (Oğuz tayfalarının dilində olan “Dədəm Qorqud kitabı”) adı Oğuznamələrin etnik-mədəni mənsubiyyətini dəqiq ifadə edir.

Ənənəyə görə, "Kitabi Dədə Qorqud" dastanlarının müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir.

Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları b.e. XI yüzilliyində "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. "Kitabi-Dədə Qorqud"dakı Təpəgöz obrazı Homerin "Odisseya" dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir. 

İndiyədək "Kitabi-Dədə Qorqud"un iki əlyazması məlumdur. Bunlardan biri - alman şərqşünası F. fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan (dastandakı ayrı-ayrı əhvalatlar boy adlanır) ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir. 

“Kitabi-Dədə Qorqud” dastanları ilk dəfə adı elmə məlum olmayan şəxs tərəfindən 1052-ci ildə qələmə alınmışdır. Dastan, təxminən, beş əsr şifahi təzahür (formalaşma, inkişaf) dövrü yaşamış, bundan sonra XI əsrdə yazıya alınmışdır. Əlyazmanın üzü dəfələrlə (XI əsrdən XVI əsrə qədər) köçürülmüşdür. Bu da ona əsas verir ki, elə Drezden nüsxəsi də orijinal deyil, köçürülən nüsxədir.

“Kitabi-Dədə Qorqud” dastanlarında bəhs olunan hadisələrin V-VII əsrlərdə, bəzi boyların ondan da xeyli əvvəl olmaları ehtimal edilir. 

Dastan Azərbaycan oğuzlarından bəhs edir. “Dədə Qorqud kitabı” salnamədir, ədəbi əsər olmaqdan başqa, Azərbaycan-Oğuz dövlətinin ərəb işğalından əvvəlki müəyyən dövrün və ərəb işğalı ərəfəsinin, Oğuz zamanının tarixidir. Amma bədii şəkildə yazılıb. Bu dastana yalnız ədəbi ölçülərlə dəyərləndiriləsi əsər kimi baxmaq olmaz. Kitab həm də tariximizin, soykökümüzün, mənşəyimizin, məskənimizin müəyyənləşdirilməsi üçün də son dərəcədə etibarlı və mötəbər bir qaynaqdır.

Bu mənada Qazax türkləri arasında “Qorqudun küyləri” (nəğmələri) bugünəcən dolaşırsa, türkmən türkcəsi Dədə Qorqudun məğzini ifadə edən deyimlərlə, dil-üslub özəllikləri ilə zəngindirsə, Sibir türklərində Şaman-qam Dədə Qorqudun adı keçirsə, kiçik Asiya-Türkiyə ərazisində yüzlərlə Dədə Qorqud motivlərini, süjetlərini əks etdirən folklor örnəkləri yaşayırsa, özbək, qırğız, tatar dastanları Dədə Qorqud ruhunu birbaşa və dolayı şəkildə saxlayarsa bu böyük abidəni məhdud coğrafiyada anlamağa heç bir elmi əsas tapmaq olmaz. Əslində buna ehtiyac da yoxdur. Çünki “Kitabi-Dədə Qorqud”un dilcə, coğrafiyaca ağırlığı onun ümumtürk, ümumoğuz sanbalını inkar etmir, əksinə təsdiq edir.

Azərbaycan xalqının ana kitabı “Kitabi-Dədə Qorqud”dur. Kökü, mənşəyi yurdsevərliyi, dövlət hissini, dostu, düşməni açıb göstərən, könül dünyasını, qan yaddaşını, dünəni, bugünü, sabahı bizə göstərən “Kitabi-Dədə Qorqud” yalnız Azərbaycan ədəbiyyatının deyil, bütün türk dünyasının altun kitabı kimi ölməzdir.

“Kitabi-Dədə Qorqud” oğuz türklərinin dastanıdır. Dastanın ilk mötəbər tədqiqatçılarından V.V.Bartold onun Qafqaz mühitində yarandığını qeyd edir. “Kitabi-Dədə Qorqud”un mükəmməl nəşrini çap etdirən böyük türk alimi O.Ş.Gökyay Drezden nüsxəsində açıq olaraq “Azərbaycan şivəsi özəllikləri gözə çarpmaqdadır” - deyir. Fuad Köprülü, Məhərrəm Ergin kimi nüfuzlu qorqudşünasların, habelə V.V.Bartold, V.M.Jirmunski, A.H.Kononov, A.Y.Yokubovski kimi rus türkoloqlarının, təbii ki, tanınmış Azərbaycan filoloqlarının dəfələrlə təsdiq etdikləri kimi “Kitabi-Dədə Qorqud” dil xüsusiyyətləri, cərəyan edən hadisələrin coğrafi məkanı baxımından daha çox Azərbaycanla bağlıdır. 

Ümummilli lider Heydər Əliyev “Kitabi-Dədə Qorqud”la əlaqədar keçirilən Dövlət Komissiyasının iclasında demişdir: “Kitabi-Dədə Qorqud” dastanı bütün Türk dünyasına məxsusdur, onun vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir”.

“Kitabi-Dədə Qorqud” dastanlarının Azərbaycan xalqının ictimai-siyasi və mədəni həyatında mühüm rolunu nəzərə alan görkəmli dövlət xadimi Heydər Əliyev dastanların dünya miqyasında təbliği, əks etdirdiyi vətənpərvərlik ideyalarının genişləndirilməsi üçün “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi haqqında 20 aprel 1997-ci ildə xüsusi fərman imzalamışdır. Bu fərman əsasında həyata keçirilmiş genişmiqyaslı tədbirlər, sözün böyük mənasında, “Dədə Qorqud” dastanlarının yenidən doğuluşu və əbədiyyət qazanması hadisəsinə çevrilmişdir.

UNESCO ilə əməkdaşlığın genişləndirilməsində və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində əvəzsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri xanım Mehriban Əliyevanın dəstəyi ilə “Kitabi-Dədə Qorqud” irsi çoxmillətli mədəniyyət nümunəsi kimi UNESCO-nun təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmişdir.

2018-ci ilin noyabrın 28-də Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş qərarla Azərbaycanın Türkiyə və Qazaxıstan ilə birgə təqdim etdiyi “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.