Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi
Çay bitkisinin vətəni Çin hesab edilir. Bu ölkədə çay yarpağından hazırlanmış həlimin insan orqanizmi üçün faydalı olduğu bilinəndən sonra bu bitkinin becərilməsinə başlanılıb. Tədqiqatçıların araşdırmalarına görə, çayla bağlı ilkin məlumatlara 5 min il əvvələ aid olan Çin əlyazmalarında rast gəlinir.
Azərbaycanda çayın vətəni Cənub zonası hesab edilir. Xüsusən Astara, Lənkaran və Masallıda, Şimal-Qərbdə isə qismən Balakən, Qax və Zaqatala ərazisində müxtəlif növ çay bitkisi əkilib-becərilir, həmçinin istehsal edilərək satışa təqdim olunur.
Azərbaycanda çay bitkisi ilk dəfə 1912-ci ildə Lənkəran bölgəsinə gətirilərək orada əkilib və ilk dəfə olaraq çay zavodu 1937-ci ildə Lənkəranda tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb.
Mütəxəssislərin araşdırmasına əsasən, Azərbaycanda orta hesabla hər il 10 min tondan artıq çay içilir. Çay, içki olaraq sadəcə sərinləşdirici və sakitləşdirici təsirə malik olmaqla bərabər, Azərbaycan süfrələrinin əvəzolunmaz bəzəyinə çevrilmişdir.
Çayın Azərbaycana aid olan xüsusi növü var. “Azərbaycan çayı” adlandırılan bu növ əsasən Azərbayanın cənubunda becərilir. Çay azərbaycanlıların əsrlərdən bəri istifadə etdiyi, gündəlik tələbat duyduğu zəruri içki növü sayılır. Hələ qədim dövrlərdə saraylarda keçirilən rəsmi qəbullarda qonaqlara çay təklif edirlərmiş. Elçilik mərasimlərində qonaqlara çay təklifi adəti isə bu gün də davam etməkdədir.
Azərbaycanda çay mədəniyyəti qədim keçmişə və köklü ənənələrə sahibdir. Burada çay qonaqpərvərlik və qonağa hörmətin simvolu kimi xarakterizə edilir. Çayı xüsusi sinilərdə, armudu stəkanla süfrəyə təqdim etmək qədim ənənə hesab olunur. Azərbaycanlılar hesab edirlər ki, çay süfrəsi söhbətləşmək və istirahət etmək üçün ideal seçimdir. Hazırda Azərbaycan Qafqazın ən qədim çay ənənələrinə sahib ölkəsi hesab olunur.
Azərbaycanda çayı sadə formada dəmləməklə yanaşı, ona xüsusi ətirləndirici bitkilərlə əlavə tam qatmaq da geniş yayılmış ənənədir. Belə ki, Azərbaycan təbiətinin əvəzsiz incilərindən hesab olunan tam təbii məhsul olan kəklikotu, yarpız, itburnu, nanə, mixək və digər ətirləndirici bitkilərlə birgə dəmlənmiş halda təqdim edirlər. Limon çay süfrələrinin əvəzolunmaz elementi hesab olunur. Azərbaycan çayı süfrələrə əsasən armudu stəkanda, yanında limon və kəllə qənd olmaqla təqdim olunur. Bundan əlavə Azərbaycanda çay süfrəsində mürəbbə, şəkərbura, paxlava kimi şirniyyatlara da üstünlük verilir.
Tərkibində olan kofein hesabına qara çay orqanizmə gümrahlaşdırıcı və tonuslandırıcı təsir göstərir, sakitləşdiri və zehni aktivləşdirir. Çayın dadlı və ləzzətli olması üçün onun xüsusi dəmlənmə qaydasına riayət etmək olduqca vacibdir.
Quru çayı ağzı bağlı qabda, rütubət və günəşdən uzaq saxlamaq lazımdır. Çay dəmləyərkən çaydanın düzgün seçilməsi vacib şərtlərdəndir. Ən ideal dəm çaydanı çini materialdan olandır.
Quru çayın üzərinə qaynar su töküləndə çay yapaqları bişir və acı dadır. Çaydan qaynayanda köpüklənmənin dayanmasını gözləmək lazımdır, 5-7 dəqiqə keçəndən sonra suyun temperaturu təxminən 75 dərəcəyə çatanda suyu quru çayın üzərinə tökmək olar.
Çayın növündən asılı olaraq dəmlənilmə qaydası var. Qara çay- 1 çay qaşığı çay üzərinə hərarəti 75 dərəcə olan 200 ml su tökülərək 4-7 dəqiqə dəmlənilir. Yaşıl çay- 1 çay qaşığı çay üzərinə hərarəti 80 dərəcə olan 200 ml su tökülərək 5-7 dəqiqə dəmlənilir. Çay dəmləniləndən 2 dəqiqə sonra içilərsə, sakitləşdirici təsir bağışlayır.
Azərbaycanda elə bir ev tapa bilməzsən ki, gün ərzində orada ən azı bir dəfə çay dəmlənməsin. Söylədiklərimiz sübut edir ki, Azərbaycanda özünəməxsus çaymədəniyyəti formalaşıb və odur ki, çay təkcə susuzluğu yatırma vasitəsi hesab edilmir. Yəni azərbaycanlılar çay süfrəsi arxasında həm də söhbətləşir, deyib-gülür, bir-birinə ürəklərini açır, problemləri çözməyə çalışırlar.
Bütün bunlar bir daha sübüt edir ki, Azərbaycanda xüsusu çay mədəniyyəti formalaşmış və kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzinə çevrilmişdir.
2022-ci il noyabrın 28-dən dekabrın 3-dək Mərakeş Krallığının Rabat şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında ölkəmiz üçün xüsusilə əlamətdar qərarlar qəbul olunub.
Dekabrın 1-də sessiyada, həmçinin Azərbaycanla Türkiyənin birgə təqdim etdiyi “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial təmasın simvolu” nominasiyası da UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün meyarlarına dair müsbət rəy alaraq təşkilatın Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb.
Nominasiya sənədi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi, UNESCO üzrə Azərbaycan Milli Komissiyası və Türkiyənin müvafiq qurumlarının birgə əməkdaşlığı şəraitində təqdim edilib.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.