AZ   |   EN

Əbu Əl-Qasım Əl-Zəhrəvinin "Əl-Məqalə əs-Sələsun" əsəri

"Əl-Məqalə əs-Sələsun" əlyazması ərəbcə yazılmışdır və “Cərrahiyyə və cərrahi alətlər” haqqında yazılan ümumi kitabın cildlərindən biridir. Bu əlyazma dünyada bu kitabın ən nadir və ən qədim əlyazmalarından biridir. Kitabda təxminən 200 tibbi cərrahi alətin şəkli var. Zəhrəvi bu qədər çox cərrahi alətin şəklini təqdim edən tək orta əsrlər müəllifidir və onların tətbiqini də izah edir. Həmin əsər Müsəlman Şərq dünyasında və Avropada cərrahiyyənin inkişafına təkan verdi. Əbu Əl-Qasım Əl-Zəhrəvi İspaniyanın Andalusiya şəhərində anadan olmuşdur. Əsrlər boyu Zəhrəvinin kitabı həm Şərqdə, həm də Qərbdə cərrahiyyə üzrə ən nüfuzlu dərslik olmuşdur. Orta əsrlərdəki Avropada Əbu Əl-Qasım Abulkasis və ya Albukasis ("Abulkasim" in latınlaşmış forması) kimi tanınırdı. Əl-Zəhrəvi 30 cildlik bir tibbi ensiklopediya yazmışdır ki, bu da cərrahiyyə, tibb, ortopediya, oftalmologiya, farmakologiya, və s. bölmələrdən ibarətdir. Bu kitab Əl-Təsrif kimi tanınıb və Əl-Zəhrəvinin təhsil, təlim, təcrübə və təxminən 50 illik  fəaliyyəti zamanı yığdığı məlumatları ehtiva etmişdir. O, çox az səyahət etsə də, qəza və hərbi itkilərin qurbanlarının müalicəsində böyük təcrübəyə malik idi.

Onun ən əhəmiyyətli tədqiqatı isə cərrahiyyə sahəsində oldu. İlk dəfə ərəb dilində çıxan bu monumental əsər, əməliyyatın necə aparılması haqqında ətraflı məlumat verirdi. Kitaba Əl-Zəhrəvinin özü tərəfindən icad edilən cərrahi alətlərin bir çoxunun şəkilləri və onların istifadəsinin izahlarını daxil edilmişdi. Bununla Zəhrəvi cərrahiyyədə istifadə olunan alətlərin təsvirlərini təqdim edən ilk tibbi müəllif oldu. Həmin kitab özündə təxminən 200 belə, dil depressoru və diş çıxarıcıdan tutmuş kateter və obstetrik tıbbi cihaza qədər təsvir toplayıb.

Bakı əlyazması həmin kitabın otuzuncu cildidir. Bu cild rus dilinə tərcümə olunub və 1983-cü ildə Moskvada nəşr edilmişdir. Əlyazma Nəsx və Kufi xətti ilə ağ kağızda qara mürəkkəb ilə yazılıb. Qara dəri bağlaması. Əlyazma XII-ci əsrin sonlarında köçürülüb; format: 18x24 sm, səhifələrin sayı:  459.
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.