AZ   |   EN

Azərbaycanın üç şəhəri UNESCO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə üzv seçilib

Azərbaycan Respublikasının üç şəhəri – Bakı, Gəncə və Qəbələ UNESCO-nun həyatboyu təhsil sahəsində aparıcı qurumu olan Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəyə üzv seçilib.

2020-ci ilin sentyabrın 23-də UNESCO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsi tərəfindən adları açıqlanan üzvlər sırasında ilk dəfədir ki, Azərbaycan şəhərləri yer alıb. Bu il ümumilikdə, 27 ölkədən 55 şəhər Qlobal Şəbəkəyə qoşulub. Bu münasibətlə, sentyabrın 23-də Şəbəkəyə seçilən yeni üzvlərin elan olunması ilə bağlı videogörüş formatında tədbirlər keçirilib.

Şəhərlərimizin qeyd olunan şəbəkəyə üzv olmaq prosesi UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Daimi Katibliyinin təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi, UNESCO yanında Daimi Nümayəndəliyimiz və aidiyyəti icra hakimiyyəti orqanlarının iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, UNESCO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsi həyatboyu təhsil üzrə mühüm layihələrdən biri hesab olunur. UNESCO-nun bu Şəbəkəsinin məqsədi üzv şəhərlər arasında təhsil sahəsində təcrübə mübadiləsi aparmaq, şəhərlərin öyrənmə üzrə inkişaf prosesinə dəstək olmaq, inklüzivlik, rifah və dayanıqlı inkişafı təbliğ etmək, təhsilin keyfiyyətini artırmaqdan ibarətdir. Hazırda dünya üzrə 64 ölkədən 230 şəhər bu Şəbəkənin üzvüdür. Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkənin fəaliyyəti Almaniyanın Hamburq şəhərində yerləşən UNESCO-nun Həyatboyu Təhsil üzrə İnstitutu tərəfindən əlaqələndirilir.

 

  

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.