Şəki Xan Sarayı və Şəkinin tarixi mərkəzi
Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz dağının ətəyində yerləşmiş qədim Şəki şəhəri özünün təbii gözəllikləri ilə birlikdə, həm də tarixi abidələri ilə çox zəngindir. XVIII əsrdə bu şəhər Şimali Azərbaycanın dövlətli vilayətlərindən olan Şəki xanlığının mərkəz şəhəri idi. Şəhərin ən yüksək hissəsində, əski xan qalasının içərisində, 1762-ci ildə Azərbaycan memarlığının ən gözəl nümunəsi olan ikimərtəbəli yay sarayı tikilmişdi. Sarayı üzük qaşı kimi dörd bir tərəfdən möhtəşəm barılar əhatə edir. Barılar adi hasar kimi tikilməyib, onlar - yazılıbdır. Xalq sənətkarları çox məharətlə bürc və ziqzaqlarla daşlardan «Məhəmməd Həsən xan» kəlməsi yazmışlar.
Saray kompleksinin 1853-cü ildə tərtib olunmuş planından məlum olur ki, qalanın içərisində xanların və onların ailələri üçün qış və yay saraylarından başqa, digər tikililəri də olmuşdur. Saray divarlarının ucaldılmasında çay daşlarından və çiy kərpicdən istifadə olunmuşdur. Lakin bu divarlar üzərində kirəc məhlulu və gəclə sənətkarlar milli memarlıq sənətimizdə yeni dəst-xət əlavə etmişlər. Sarayın birinci mərtəbəsi qonaqların qəbulu üçün ayrılmışdı. Burada xan Şəkiyə gələn rəsmi nümayəndələri, səfirləri, dövlət elçilərini və başqa qonaqları qəbul edirdi. İkinci mərtəbədə xan və onun ailə üzvləri yerləşirdilər. Sarayın altı otağından hər birisi öz mənsubluğuna uyğun olaraq həndəsi, nəbati və cəng-döyüş rəsmləri ilə bəzədilmişdir, alt və üst mərtəbələrdə simmetrik salınmış otaqlar bir-birindən, əsasən divar rəsmlərinin süjetləri ilə fərqlənir. Qadınlara məxsus otaqların divarları bütünlüklə gül-çiçəklə, ağac budaqlarına qonmuş cəh-cəh vuran bülbüllərlə, əfsanəvi quş və heyvan şəkilləri ilə bəzədilmişdir. Birinci mərtəbənin orta, böyük salonundakı karnizdə, iti gözlərdən uzaq bir yerdə, ümumiyyətlə, binanın bədii tərtibatında olan rəsmlərin içərisindən yeganə rəsm olan rəqqasə qadınların rəsmləri verilmişdir. Müxtəlif musiqi alətlərində çalan və oynayanlar milli geyimdə verilmişdir.
Sarayın ikinci mərtəbəsindəki xanın otağı bütünlüklə döyüş səhnələri ilə bəzədilib və məzmunca çox müxtəlifdir. Məşhur Şəki hökmdarı Hacı Çələbi nəslindən olan və bu sarayda yaşayan Şəki xanlarının faciəli həyatı sanki bu otaqların divarlarında olan rəsmlərdə tam təsvir olunmuşdur. Xanların müxtəlif illərdə qəsbkarlara qarşı apardıqları döyüşləri, nizələrin uclarına taxılmış başlar, üzərlərində ələm, qılınc, aypara rəsmləri olan bayraqlar, realistcəsinə çəkilmiş dəhşətli döyüş səhnələri adamı valeh edir. İstirahət otağındakı rəsmlərin süjeti isə tam başqadır. Bunlar, əsasən ov, şikar məzmunludurlar. İkibaşlı əjdaha ilə bərabər, təkə, ceyran, cüyür, canavar və başqa şəkillər verilibdir. Sarayın pəncərə və qapıları, binanın bütün ağac işləri qeyri-adi bir sənətkarlıq məharətilə inşa edilmişdir. Şəbəkələrin hər bir kvadratmetrinə 14 min ağac və müxtəlif rəngli şüşə parçaları işlənmiş və bütün iş prosesində yapışqan və mismardan qətiyyən istifadə edilməmişdir. Burada ağac və şüşələrin ölçüsü zərgər dəqiqliyi ilə hesablanıb göstərilmişdir.
Məsələn, binanın birinci mərtəbəsinin orta salonu inşa edilərkən 5200-dən artıq taxta parçası kəsmək lazım gəlmişdir. Taxta hissəciklər bir-birinə geydirilmişdir. Saray, onu yaradan, öz məharət və ustalıq qüdrətini nümayiş etdirən sənətkarların da adını əbədiləşdirmişdir. Birinci mərtəbədəki rəsmləri yaradan şamaxılı nəqqaş-rəssam Mirzə Cəfərdir. İkinci mərtəbədəki rəsmləri o dövrdə məşhur olan şuşalı usta Qənbər, şamaxılı Əliqulu və Qurbanəli işləyib. Ustad Abbasqulu isə sarayın memar-inşaatçısı olmuşdur. Onun adı tavandakı kitabədə qeyd olunmuşdur. Şəkidə qonaq olan türk şairi Nazim Hikmət sarayı gəzib görəndən sonra yazmışdır: «Azərbaycanın başqa qədim tikililəri olmasaydı belə, təkcə Xan sarayını dünyaya göstərmək bəs edərdi».
Şəkidə yerləşən Xan Sarayı dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə inşa edilən saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. Otuz metr uzunluğu olan ikimərtəbəli bina 300 kvadratmetr sahəni əhatə edir. Saray altı otaq, dörd dəhliz və iki güzgülü eyvandan ibarətdir. Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası, Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindəndir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray 120 hektar ərazini əhatə edir.
Şəkinin memarlıq abidələrindən Şəki Xan Sarayından başqa Şəkixanovların evi, Giləkli məscidinin minarəsi, məscid, qala divarları, Şəkinin dairəvi məbədi (XVII-XIX), Zəyzid məbədi (XI-XII) və Şəki Karvansarayı (Yuxarı Karvansara və Aşağı Karvansara XVIII-XIX əsrlərdə Şəkidə mövcud olan 5 böyük karvansaradan dövrümüzə qədər gəlib çatanlardandır) da mühafizə olunur.
Bu qədim şəhərin planlaşdırılmasının spesifik xüsusiyyətlərini ayırd etmək üçün şəhər küçələrinin ümumi konstruksiyası və Şəki arxitekturasının incələnməsi vacibdir. Şəki şəhərinin bu ərazidə qurulma səbəblərindən ən vacibi Qurcanaçay faktorudur. Şəkinin sahib olduğu təbii gözəllik şəhərdə tikilmiş bütün tarixi abidələrdə öz əksini tapmışdır. Bütün bunlar Şəki arxitekturasının özəllikləridir. Hal hazırda qədim şəhəri xatırladacaq bir neçə arxitektura nümunəsi qalmışdır. Bu barədə səyyah, tarixçi E. Çələbinin xatirələrində Şəki haqqında bəzi məlumat var. Onun əsərlərində deyilir: "Daşdan tikilmə Şəki qalası təpənin üstündə ucaldılmışdır. Qalanın Şirvan və Gəncə adlı iki darvazası var. Burda minlərlə ev, yeddi məscid, onların arasında Mirzə Əli məscidi bazar küçəsində yerləşməsiylə xüsusi diqqəti cəlb edir. Şəhərin həmçinin bir neçə karvansaray-mehmanxanası, hamamı və balaca bazarı vardır."
Bu gün Şəki Xan Sarayı və Şəkinin tarixi abidələri ölkəmizə gələn turistlərin mütləq başçəkəcəyi bir məkana çevrilmişdir.
Dövlətimimzın böyük səyi nəticəsində bu tarixi abidəyə 24 oktyabr 2001-ci ildə mədəni irs nümunəsi kimi "gücləndirilmiş mühafizə" statusu verilmiş və UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdi.
2019-cu ilin iyulun 7-də isə Bakı Konqres Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik etmişlər.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.