Beşbarmaq səddi
Xalq arasında “Xıdır-zində baba” və yaxud “Xıdır-zində dağı” deyilən beş çılpaq zirvədən ibarət olan bu dağ Xəzər dənizinin sahilində, Siyəzən-Bakı dəmir yolunun yaxınlığında yerləşir. Bu dağa Beşbarmaq da deyilir. Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” kitabında yazır ki, “Quran”da adı çəkilən Məcməül-bəhreyn, yəni iki dəniz qovşağı Şirvan vilayətində olmuşdur. Musa və Xızır peyğəmbərlərin səxrəsi (qayası) da ordadır. Adına və əlamətlərinə görə bu qaya Xızır-zində ola bilər. A.Bakıxanov öz fikrini şərh edərkən başqa müəlliflərin də bu barədə elmi mülahizələrinə əsaslandığını qeyd edir. “Xızır-zində” adının tərkibindəki “zində” sözü “sağ”, “diri” mənasını verir, bu da qədim Şərq folklorunda tez-tez adı çəkilən “abi-zəmzəm” - “dirilik suyu” içmiş Xıdır (Xızır) peyğəmbərə işarədir. Ona görə də bəzi tarixi məxəzlərdə Beşbarmaq zirvəsi Xızır peyğəmbərin səxrəsi (qayası) adlanır.
Bəzi tədqiqatçılar qeyd edir ki, Beşbarmaq sözünün tərkibindəki “barmaq” termini “şiş təpə” mənasındadır. Başqa bir fikrə görə isə Beşbarmaq “Baş barmaq” sözündən yaranıb. Xalq etimologiyasında “baş barmaq” böyük qardaş mənasını verir. Abşeron yarımadasının qərb hissəsində, Bakı-Şamaxı yolunun cənubunda yerləşən Üçtəpə “üç qardaş”, “Beşbarmağ”ın qarşısında - dənizdə yerləşən qaya isə dördüncü qardaşdır. Tarixi mənbələrdə adı çəkilən “Musa qayası” da elə odur. Xəzər dənizinə aid Kataloniya (İspaniyada tarixi vilayət) xəritəsində (1375) Beşbarmaq - “Barmaq”, Adam Olearinin xəritəsində isə “Barmax” kimi göstərilir.
Dövrünün tanınmış alimi Adam Oleari 1636-cı ildə qırx dəvə, otuz araba, səksən atdan ibarət böyük bir karvanla Dərbənddən Şamaxıya gedərkən karvan yolunun üstündə olan “Barmax” dağı haqqında çox maraqlı məlumat verir. Səyyah göstərir ki, dekabrın 24-də Beşbarmaq qayasının yaxınlığına çatdıq. O, buradakı orta əsr karvansarasını nəzərdə tutaraq yazır ki, biz bura çatan kimi dağın dibindəki “açıq” həyətə daxil olduq. Adam Oleari yerli əhalinin “karvansara”, “sığınacaq” adlandırdığı bu cür “həyətlərin” bu ölkədə lap çox olduğunu göstərir. Səyyah burasını da qeyd edir ki, bu “karvansara” kvadrat şəkilli böyük daşlardan tikilmiş çox qədim binadır. O, dördkünc formada tikilib və hər divarın uzunluğu 42 addımdır. Ertəsi gün əcnəbi qonaq bir neçə yoldaşı ilə Beşbarmaq dağına qalxır. Bununla əlaqədar olaraq səyyah ilk əvvəl bu dağın adının mənasını açmağa səy göstərir. Dağın Xəzər dənizindən iki muşket gülləsi məsafədə olduğunu göstərib belə yazır: Dağdakı köhnə divar uçuqlarının xarabalarına əsasən belə bir qənaətə gəlmək olar: burada güman ki, əlli bir bina və yaxşı istehkam varmış. Uca barmaq qayasının ətəyində əlli kvadrat sajen böyüklüyündə düz bir yer var ki, buranı qalın divarlar və dörd qüllə əhatə edir. Bu yerin ortasında daşdan hörülmüş çox dərin bir quyu var, onun da yanında üstü böyük, dairəvi daşlarla örtülmüş iki qəbir...
Səyyah deyilənlərə əsasən Beşbarmaq qalasının Makedoniyalı İsgəndər tərəfindən tikildiyini, Teymurləng tərəfindən dağıdıldığını göstərir. Holland səyyahı Yan Streys isə “Səyahət” kitabında yazır ki, ayın 5-də (1666-cı ilin) Parmax və ya Barmax dağının yanından ötdük: bu dağ dənizin yaxınlığında olub, ağ və qara petroliumun və ya neftin yerdən fəvvarə vurub axması ilə məşhurdur. Dağın başında olduqca soyuqdur. ...Bu dağın başında güclü qalalar varmış, Xəzər dənizini və ətraf torpaqları bu yandan qoruyarmış, hələ də enli divarların və dairəvi meydançaların nişanələri və özülü görünməkdədir, onların arasında qazıldıqdan sonra içi daşla hörülmüş quyular qalmaqdadır...
Alban tarixçisi Moises Kalankatlı Beşbarmaq səddinin Sasani padşahı II Yezdəgirdin dövründə (V əsr) çəkildiyini göstərir. Beşbarmaq səddi köçərilərin qarşısını almaq üçün çəkilmişdi. Beşbarmaqda qala və karvansara da olmuşdur.
Azərbaycanın nadir təbiət abidələrindən olan Siyəzən rayonunun Qalaşıxı kəndi ərazisindəki Beşbarmaq dağının ətrafında dövlət mühafizəsinə götürülmüş bir sıra tarix və mədəniyyət abidələri (son tunc – ilk dəmir dövrünə aid yaşayış yeri, Xızırzində piri, ilk orta əsrlərə aid qala qalıqları, XV-XVII əsrlərə aid karvansara qalıqları) yerləşir.
Bu tarixi abidə “Xəzər sahili mühafizə konstruksiyaları” daxilində 24 oktyabr 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 iyun 2020-ci il tarixli Sərəncamı ilə “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilmişdir.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.