AZ   |   EN

Qobustan Dövlət Tarixi-Bədii Qoruğu

(Qobustan Qaya Sənəti Mədəni Landşaftı)

Qobustan Mezolit dövrü (e.ə. XII—VIII minillik) əhalisinin yaşayış məskənidir. Qobustan Böyük Qafqaz dağlarının qurtaracağında, Bakının 65 km-də yerləşən dağlıq sahədir. Qobustanın torpağı gilli torpaqdır, yuyuntuya çox tez məruz qaldığından həmin ərazidə çoxlu xəndəklər, arxlar, qobular əmələ gəlmişdir. Ona görə də, həmin ərazinin «Qobustan» adlandırılması təbii sayılır. 

Qobustan qaya təsvirləri 1947-ci ildən öyrənilir (Azərbaycan alimi İsaq Cəfərzadə ilk dəfə aşkar və tədqiq etmişdir). Qaya üzərində insan, heyvan təsviri, müxtəlif işarə, damğa, yağış suyu və qurban kəsilən heyvanların qanını toplamaq üçün istifadə olunmuş yalaqlar – qablar və s. aşkar edilmişdir. Qobustan qaya təsvirləri əsasən qadın və kişi rəsmlərindən, vəhşi öküz, keçi, maral, ceyran, gur, şir şəkillərindən ibarətdir. Heyvanlar bəzən öz təbii böyüklüyündə çəkilmişdir. Qayalar üzərində qazıma üsulu ilə çoxlu qayıq təsviri həkk olunmuşdur. Silahlı və silahsız adamlar oturmuş qayıqların burnunda günəş, habelə tək-tək daşlar üzərində balıq, ilan, kərtənkələ, büvə, qapı tağbəndi, ikitəkərli araba şəkilləri və insan ayağının ləpirlərinin təsvirləri var. Ay, günəş, ulduz, xaç təsvirləri də az deyil, ərəb əlifbası ilə yazı da vardır. Bunlardan əlavə, “ev köçdü” (pula-pula), yaxud mərə-mərə) və “dama-dama” kimi əyləncə oyunları üçün istifadə olunmuş yalaqlar və qabarıq batıq xırda kvadratlardan ibarət şahmat taxtasına bənzər təsvirlər aşkar edilmişdir. Qobustan qaya təsvirləri arasında ov səhnəsi, kollektiv əmək prosesi, taxıl biçimi, əlləri yuxarı qaldırmaqla ibadət etmək, qız qaçırmaq, fərdi və yallıyaoxşar kollektiv rəqs səhnələrinə də təsadüf olunur. Müxtəlif təsvirlər arasında süvari və piyada vuruşması səhnələri, keçilərin döyüşməsi, itlərin maral, donuz, canavar qovması, dəvə karvanları və s. də nəzəri cəlb edir. Çiyinlərində kaman asılmış qadın təsvirləri uzaq keçmişdə qadınların kişilərlə birlikdə ova çıxdığını sübut edir. Cingirdağın ş-ş ətəyindəki qavaldaş bir növ ibtidai musiqi aləti olmuşdur. Güman edildiyinə görə, buradakı qayalarda təsvir olumuş yallıyaoxşar rəqslər bu daşın “çalınması” ilə ifa edilirmiş. Böyükdaş dağının c-ş ətəyindəki qaya üzərində latın dilində yazılmış kitabədən məlum olur ki, imperator Domisian dövründə (81-96) 12-ci Roma legionu Azərbaycanda olmuşdur.

Bu rəsmlər içərisində ən çox diqqəti cəlb edən qol-qola tutub rəqs edən adamların «Yallı» rəqs səhnəsidir. Bu rəqslər böyük və kiçikliyinə, çəkilmə tarixinə görə müxtəlif minillikləri göstərir. Bizim eradan əvvəl VIII minilliklə IV minilliyi əhatə edir. Günəş simvollu qayıq rəsmləri e.ə. VIII-VII minilliyə aiddir. Qayıqların böyüklüyündən görünür ki, onlar həm balıqçılıq, həm də başqa məqsədlər, məs., ticarət və hərbi məqsədlərlə istifadə olunurmuş. Qədim qobustanlılara qayıqlıq sənəti qədim misirlilərdən 2-3 min il qabaq məlum olduğu göstərilir.

Qobustana maraq ildən-ilə artmışdır. Qayaüstü qayıq rəsmlərinin tədqiqatçısı, görkəmli Norveç səyyahı Tur Heyerdal Qobustanda olarkən bu rəsmlərə yüksək tarixi qiymət vermişdir. 

İbtidai icma quruluşundan başlayaraq, cəmiyyətin tarixi inkişafını ardıcıl əks etdirməklə bir növ qayalar üzərində həkk olunmuş salnamə xarakteri daşıyan tarix, incəsənət, təbiyyət elmləri üçün böyük əhəmiyyəti olan Qobustan qaya təsvirləri kompleksi dövlət qoruğu elan edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Sovetinin 503-cü qərarına görə 1966-cı ildə Qobustanın Böyükdaş, Kiçikdaş, Cingirdağ və Yazılı təpə əraziləri Qobustan qoruğu elan edilib. O, 4500 hektar ərazini əhatə edir. Burada 6 mindən artıq qayaüstü rəsmlər və müxtəlif fondlarda 100 mindən artıq arxeoloji materiallar saxlanılır. Arxeoloqlar tərəfindən 20 sığınacaq aşkar edilib, 40-a yaxın kurqan qeydə alınıb. 

Qobustan Dövlət Tarixi-Bədii Qoruğu (“Qobustan Qaya Sənəti Mədəni Landşaftı”) 2006-ci ildə milli status alıb, 23 iyun - 2 iyul 2007-ci il tarixində Yeni Zelandiyanın Kraystçorç şəhərində keçirilən UNESCO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 31-ci Sessiyası çərçivəsində Ümumdünya Maddi-Mədəni İrs Siyahısına daxil edilmişdir.
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.