AZ   |   EN

YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" Konvensiya

YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə

Azərbaycan Respublikası Milli Məclisinin qərarı

Azərbaycan Respublikasının Milli Məclisi “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsaslanaraq qərara alır:

1.    Azərbaycan Respublikası YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasına (Paris, 16 noyabr 1972-ci il) qoşulsun.

2.    Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının həyata keçirilməsi ilə bağlı bütün əməli məsələləri həll etsin.

3.    Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, müvafiq Konvensiyaya qoşulmaq haqqında Milli Məclisin qərarı barədə YUNESKO-ya məlumat versin.

Azərbaycan Respublikası Ali Sovetinin sədri

Bakı şəhəri, 6 dekabr 1993-cü il.
№ 764.

Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya

(16 noyabr 1972-ci il)

Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının 1972-ci il oktyabrın 17-dən noyabrın 20-dək Parisdə on yeddinci sessiyasına toplaşan Baş konfransı

Mədəni və təbii irsin təkcə ənənəvi xarab olma səbəblərindən deyil, həm də onları daha qorxulu ziyanvurucu və dağıdıcı hallarda ağırlaşdıran sosial və iqtisadi həyatın təkamülündən irəli gələn daha çox dağılma təhlükəsinə məruz qaldığını qeyd edərək, 

Hər hansı mədəni və təbii irsin korlanması və ya yoxa çıxmasının dünyanın bütün xalqlarının sərvətini fəlakətli surətdə yoxsullaşdırdığını nəzərə alaraq,

Bu irsin milli səviyyədə mühafizə olunmasının böyük xərc tələb etməsi və müdafiə olunması dəyərin ərazisində yerləşdiyi ölkənin iqtisadi, elmi və texniki ehtiyatlarının çatışmamazlığı üzündən bir çox hallarda qənaətbəxş vəziyyətdə olmadığını nəzərə alaraq,

Təşkilatın Nizamnaməsində onun bəşəriyyətin ümumi irsinin konservasiyasını və mühafizəsini təmin etməklə, həmçinin, maraqlı xalqlara müvafiq beynəlxalq konvensiyalar tövsiyə etməklə tərəqqinin dəstəklənməsinə və biliklərin yayılmasına yardım edəcəyinin nəzərdə tutulduğunu nəzərə alaraq, 

Mədəni və təbii dəyərlərin nəfinə olan mövcud beynəlxalq konvensiya, tövsiyə və qətnamələrin, hansı xalqa mənsub olmasından asılı olmayaraq, nadir və əvəzsiz dəyərlərin qorunub saxlanmasının  bütün xalqlar üçün böyük əhəmiyyətə malik olduğunu sübut etdiyini sayaraq, 

Mədəni və təbii irsin bəzi dəyərlərinin müstəsna maraq kəsb etdiyini və ona görə də bütün bəşəriyyətin ümumdünya irsinin bir hissəsi kimi qorunub saxlanmalı olduğunu nəzərə alaraq,

Onları hədələyən yeni təhlükələrin miqyası və ciddiliyi ilə bağlı bütün birliyin dəyərin ərazisində olduğu maraqlı dövlətin fəaliyyətini əvəz etməklə, onu səmərəli şəkildə tamamlayan kollektiv yardım göstərməklə və mədəni irsin mühafizəsində iştirak etməli olduğunu nəzərə alaraq, 

Bu məqsədlərlə mühüm universal əhəmiyyətli obyektləri müasir elmi metodlara müvafiq surətdə daimi əsasda təşkil olunmuş səmərəli kollektiv mühafizəsini bərqərar edən konvensiya formasında yeni müddəalar qəbul edilməsinin zəruriliyini nəzərə alaraq, 

On altıncı sessiyasında bu məsələnin beynəlxalq konvensiya mövzusu olacağını qərara alaraq,

Bu gün 1972-ci il noyabrın on altısında bu Konvensiyanı qəbul etdi.

I. Mədəni və təbii irsin tərifləri

Maddə 1

Bu Konvensiyada «mədəni irs» dedikdə:

Abidələr: memarlıq, monumental həykəltəraşlıq və boyakarlıq əsərləri, arxeoloci xarakterli ünsürlər və ya strukturlar, kitabələr, mağara məskənləri və tarix, incəsənət, yaxud elm baxımından görkəmli universal dəyərə malik ünsür qrupları;

Ansambllar: memarlığı, peyzacla vəhdəti və ya əlaqəsi tarix, incəsənət, yaxud elmi baxımdan görkəmli universal dəyərə malik əlahiddə və ya birləşdirilmiş tikili qrupları;

Görkəmli yerlər: insan əlinin əməli, yaxud insan və təbiətin birgə əsəri, eləcə də, diqqətəlayiq arxeoloci yerlər daxil olmaqla, tarix, estetika, etnologiya və ya antropologiya baxımından görkəmli universal dəyərə malik zonalar başa düşülür.

Maddə 2

Bu Konvensiyada «təbii irs» dedikdə:

Estetika, yaxud elm baxımından görkəmli universal dəyərə malik fiziki və bioloji birləşmələrdən və ya belə birləşmə qruplarından ibarət təbiət abidələri;

Elm, yaxud konservasiya baxımından görkəmli universal dəyərə malik geoloci və fizioqrafik birləşmələr və təhlükəyə məruz qalan heyvan və bitki arealı olan dəqiq hüdudlanmış zonalar;

Görkəmli təbii yerlər, yaxud elm, konservasiya və ya təbii gözəllik baxımından görkəmli universal dəyərə malik dəqiq hüdudlanmış təbii zonalar başa düşülür.

Maddə 3

Bu Konvensiyanın hər bir tərəf-dövləti öz ərazisində yerləşən yuxarıda xatırlanan 1 və 2-ci maddələrdə nəzərdə tutulan müxtəlif dəyərləri müəyyən etməli və ayırmalıdır.

II. Mədəni və təbii irsin milli mühafizəsi və beynəlxalq mühafizəsi

Maddə 4

Bu Konvensiyanın hər bir tərəf-dövləti ərazisində yerləşən,1 və 2-ci maddələrdə xatırlanan mədəni və təbii irsin aşkara çıxarılmasını, mühafizə edilməsini, qorunub saxlanmasını, populyarlaşdırılmasını və gələcək nəsillərə çatdırılmasını təmin etmək öhdəliyinin ilk növbədə ona həvalə olduğunu etiraf edir. Bu məqsədlə o, həm mövcud ehtiyatlardan maksimum istifadə etmək yolu ilə öz səyləri, həm də, lazım gəldikdə, istifadə edə biləcəyi beynəlxalq yardım və əməkdaşlıq – o cümlədən, maliyyə, bədii, elmi və texniki baxımdan – vasitəsilə hərəkət etməyə çalışır.

Maddə 5

Bu Konvensiyanın tərəf-dövlətləri ərazilərində yerləşən mədəni və təbii irsin hər bir ölkəyə məxsus şəraitdə mümkün qədər daha səmərəli mühafizəsini, konservasiyasını və mümkün qədər daha fəal populyarlaşdırılmasını təmin etmək məqsədilə, imkan daxilində:

a) mədəni və təbii irsə ictimai həyatda müəyyən funksiyalar verilməsinə yönəldilmiş ümumi siyasət yeritməyə və bu irsin mühafizəsini ümumi planlaşdırma proqramlarına daxil etməyə;

b) öz ərazisində mədəni və təbii irsin mühafizəsi, qorunub saxlanması və populyarlaşdırılması üzrə üzərinə qoyulan vəzifələri yerinə yetirmələrinə imkan verən müvafiq personal və vasitələrə malik bir və ya bir neçə xidmət – onlar hələ yaradılmayıbsa – təsis etməyə;

s) dövlətin onun mədəni və təbii irsi üçün qorxu yaradan təhlükələri aradan qaldırmasına imkan verən elmi və texniki işləmə və tədqiqatları inkişaf etdirməyi və iş metodlarını təkmilləşdirməyə;

d) bu irsi üzrə çıxarmaq, qoruyub saxlamaq, populyarlaşdırmaq və bərpa etmək üçün müvafiq hüquqi, elmi, texniki, inzibati və maliyyə tədbirləri görməyə; və

e) mədəni və təbii irsin mühafizəsi, qorunub saxlanması və populyarlaşdırılması sahəsində milli və ya regional kadr hazırlığı mərkəzlərinin yaradılmasına, yaxud inkişafına yardım göstərməyə, həmçinin, bu sahədə elmi tədqiqatları həvəsləndirməyə çalışırlar.

Maddə 6

1.Bu Konvensiyanın hər bir tərəf-dövlətləri ərazisində yerləşən,1 və 2-ci maddələrdə müəyyən edilmiş mədəni və təbii irsi olan dövlətlərin suverenliyinə tam hörmət etməklə və milli qanunvericiliklə həmin irs barəsində nəzərdə tutulan hüquqlara xələl gətirməklə, onun bütün beynəlxalq birliyin mühafizə etməyə borclu olduğu ümumi irs olduğunu etiraf edirlər.

2.Buna görə də tərəf-dövlətlər bu Konvensiyanın müddəalarına müvafiq olaraq 11-ci maddənin 2 və 4-cü bəndlərində xatırlanan mədəni və təbii irsin üzə çıxarılmasına, mühafizəsinə qorunub saxlanmasına və populyarlaşdırılmasına – onun ərazisində olduğu dövlət bu barədə xahiş edərsə,-yardım göstərməyi öhdələrinə götürürlər.

3.Bu Konvensiyanın hər bir tərəf-dövləti bu Konvensiyanın digər tərəf-dövlətlərinin ərazisindəki 1 və 2-ci maddələrdə xatırlanan mədəni və təbii irsə birbaşa, yaxud dolayısı ilə xələl gətirə bilən hansısa qərəzli hərəkət etməməyi öhdəsinə götürür.

Maddə 7

Bu Konvensiyada ümumdünya mədəni və təbii irsinin beynəlxalq mühafizəsi dedikdə Konvensiyanın tərəf-dövlətlərinə bu irsi qoruyub saxlamağa və üzrə çıxarmağa yönəldilmiş səylərində kömək etmək üçün beynəlxalq əməkdaşlıq və yardım sistemi yaradılması başa düşülür.

III. Ümumdünya mədəni və təbii irsinin mühafizəsi üzrə hökumətlərarası komitə

Maddə 8

1.Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatı yanında ümumi görkəmli əhəmiyyətə malik mədəni və təbii irsin mühafizəsi üzrə «Ümumdünya irsi komitəsi» adlandırılan hökumətlərarası komitə təsis edilir. O, Təhsil, elm və mədəniyyət məsələləri üzrə birləşmiş Millətlər Təşkilatı Baş konfransının növbəti sessiyaları vaxtı Baş məclisinə toplaşan Konvensiya tərəf-dövlətlərinin seçdiyi on beş Konvensiya tərəf-dövlətindən ibarətdir. Komitənin tərkibinə daxil olan dövlətlərin sayı Baş konfransın bu Konvensiya azı 40 dövlət üçün qüvvəyə mindikdən sonra çağırılacaq növbəti sessiyasından başlayaraq 21-ə çatdırılacaqdır.

2.Komitə üzvlərinin seçkisi dünyanın müxtəlif bölgələrinin və mədəniyyətlərinin ədalətli təmsil olunmasını təmin etməlidir.

3.Komitənin iclaslarında Mədəni dəyərlərin qorunması və bərpası üzrə beynəlxalq tədqiqat mərkəzinin (Roma mərkəzi),  Abidələrin və tarixi yerlərin mühafizəsi üzrə beynəlxalq şuranın (İKOMOS) və təbiəti və təbii sərvətləri beynəlxalq mühafizə ittifaqının (TBMİ) hər birindən məşvərətçi səs hüququ ilə bir nümayəndə iştirak edə bilər; onlara Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatı Baş konfransının növbəti sessiyası vaxtı Baş məclisinə toplaşan Konvensiya tərəf-dövlətlərinin xahişi ilə qarşılarında analoci məqsədlər qoyan digər hökumətlərarası təşkilatların, yaxud qeyri-hökumət təşkilatlarının nümayəndələri qoşula bilər

Maddə 9

1.Ümumdünya irsi Komitəsinin üzv-dövlətləri öz səlahiyyətlərini Baş konfransın onların seçildiyi növbəti sessiyasının sonundan sonra gələn üçüncü növbəti sessiyanın sonunadək həyata keçirirlər.

2.İlk seçkilər vaxtı təyin olunmuş üzvlərin üçdə birinin səlahiyyəti Baş konfransın onların seçildiyi sessiyasından sonra gələn birinci növbəti sessiyasının sonunda, həmin vaxt təyin edilmiş ikinci üçdə birinin səlahiyyəti isə Baş konfransın onların sonunda başa çatır. Komitənin bu üzvlərinin adları Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatı Baş konfransı Sədrinin birinci seçkilərdən sonra keçirdiyi püşk atma vasitəsilə müəyyən edilir.

3.Komitənin üzv-dövlətləri mədəni və təbii irs sahəsində səriştəli şəxsləri öz nümayəndələri kimi seçirlər.

Maddə 10

1.Ümumdünya irsi komitəsi prosedura qaydalarını qəbul edir.

2.Komitə istədiyi vaxt ictimai, yaxud özəl təşkilatları, həmçinin ayrı-ayrı şəxsləri məsləhət üçün öz iclaslarına dəvət edə bilər.

3.Komitə öz vəzifələrini yerinə yetirmək üçün zəruri saydığı məsləhət orqanları yarada bilər.

Maddə 11

1.Bu Konvensiyanın hər bir tərəf-dövləti öz ərazisindəki bu maddənin 2-ci bəndində nəzərdə tutulan siyahıya daxil edilə bilən mədəni və təbii irs dəyərlərini siyahısını, imkan daxilində, Ümumdünya irsi komitəsinə təqdim edir.Tam sayılmalı olmayan bu siyahı həmin dəyərlərin yerləşdiyi yerlərə və doğurduqları marağa dair sənədləri ehtiva etməlidir.

2.Komitə dövlətlərin 1-ci bəndə müvafiq olaraq təqdim etdikləri siyahı əsasında özünün müəyyən edəcəyi meyarlara müvafiq olaraq, onun fikrincə, bu Konvensiyanın 1-ci və 2-ci maddələrində müəyyən edildiyi kimi, görkəmli universal dəyərə malik mədəni və təbii irsin siyahısını «Ümumdünya irsi siyahısı» adı ilə tərtib edir, yeniləşdirir və dərc etdirir. Yeniləşdirilmiş siyahı iki ildə bir dəfədən gec olmayaraq tərəf-dövlətlərə göndərilir.

3.Dəyərlər Ümumdünya irsi siyahısına maraqlı dövlətin razılığı olmadan daxil edilə bilməz. Suverenliyi, yaxud yurisdiksiyası bir neçə dövlətin mübahisəsinə səbəb olan ərazidə yerləşən dəyərin daxil edilməsi mübahisə edən tərəflərin hüquqlarına qətiyyən toxunmur.

4.Komitə, şərait bunu tələb etdikdə, Ümumdünya irsi siyahısında olan, xilas edilməsi üçün xeyli iş tələb olunan və bu Konvensiya çərçivəsində yardım istənilən dəyərlərin siyahısını «Təhlükədə olan ümumdünya irsi siyahısı» adı ilə tərtib edir, yeniləşdirir və dərc etdirir. Bu siyahıda əməliyyatların təxmini dəyəri göstərilir. Bu siyahıya yalnız ciddi və konkret təhlükələrin-məsələn, güclənməkdə olan dağıntı nəticəsində yox olma, iri ictimai, yaxud özəl layihələrin həyata keçirilməsi, şəhərlərin və turizmin sürətli inkişafı, təyinatının və ya mülkiyyət hüququnun dəyişməsi ilə bağlı dağıdılma səbəbi müəyyən olmayan ciddi zədələnmə, hər hansı səbəbdən baxımsızlıq, təbii fəlakətlər və kataklizmlər, silahlı münaqişə qorxusu, böyük yanğınlar, zəlzələlər, sürüşmələr, vulkan püskürmələri, suyun səviyyəsinin dəyişməsi, daşqınlar, qabarmalar-təhdid etdiyi mədəni və təbii irs dəyərləri daxil edilə bilər. Komitə fövqəladə şəraitlərdə istənilən vaxt təhlükədə olan ümumdünya irsi siyahısına yeni dəyərlər sala və bu haqda dərhal xəbər verə bilər.

5.Komitə əsasında mədəni və təbii irs dəyərlərini bu maddənin 2 və 4-cü bəndlərində nəzərdə tutulan hər iki siyahıya daxil etmək mümkün olan meyarları müəyyən edir.

6.Komitə dəyərin bu maddənin 2 və 4-cü bəndlərində xatırlanan iki siyahıdan birinə daxil edilməsi barədə qəti qərar qəbul edənə qədər yuxarıda xatırlanan dəyərin ərazisində olduğu tərəf-dövlətlə məsləhətləşir.

7. Komitə maraqlı dövlətlərlə razılaşma əsasında bu maddənin 2 və 4-cü bəndlərində göstərilən siyahıların tərtib edilməsi üçün zəruri olan öyrənmələr və tədqiqatlar aparılmasını əlagələndirir və həvəsləndirir.

Maddə 12

Mədəni və təbii irsin hansısa dəyərinin 11-ci maddənin 2 və 4-cü bəndlərində xatırlanan iki siyahıdan birinə daxil edilməsi faktı qətiyyən bu obyektin onun siyahılara daxil edilməsindən savayı, heç bir baxımdan görkəmli universal dəyərə malik olmaması  demək deyil.

Maddə 13

1.Ümumdünya irsi komitəsi bu Konvensiyanın tərəf-dövlətlərinin ərazilərindəki 11-ci maddənin 2 və 4-cü bəndlərində xatırlanan siyahılara daxil edilmiş, yaxud daxil edilə bilən mədəni və təbii irs dəyərləri barəsində beynəlxalq yardım göstərilməsinə dair sifarişlərini alır və öyrənir. Bu sifarişlərin məqsədi həmin dəyərləri mühafizə etmək, qoruyub saxlamaq, populyarlaşdırmaq və bərpa etməkdir.

2.İlkin tədqiqatlar sonrakı tələblərin haqlı olduğunu göstərdikdə bu maddənin 1-ci bəndinə müvafiq olaraq beynəlxalq yardım barəsində sifarişlər, həmçinin, 1 və 2-ci maddələrdə müəyyən edilmiş mədəni və təbii irsin üzə çıxarılmasına aid ola bilər.

3.Komitə bu sifarişlər üzrə qərar qəbul edir, lazım gəldikdə, öz köməyinin xarakterini və həcmini müəyyənləşdirir və öz adından maraqlı hökumətlə lazımi saziş bağlanmasına vəkalət verir.

4.Komitə öz əməliyyatları üçün ardıcıllıq müəyyən edir. O, bunu müdafiə edilməli dəyərlərin ümumdünya mədəni və təbii irsi üçün əhəmiyyətini, təbiətin, dünya xalqları dühası və tarixinin ən görkəmli dəyərlərinin beynəlxalq mühafizəsini təmin etmək zərurətini və görülməli işlərin təcililiyini, bu dəyərlərin ərazisində olduğu dövlətlərin ehtiyatlarının miqyasını, o cümlədən onların bu dəyərlərin öz vasitələri ilə qorunub saxlanmasını nə dərəcədə təmin edə bilmələrini nəzərə almaqla edir.

5.Komitə beynəlxalq yardım ayrılan dəyərlərin siyahısını tərtib edir, yeniləşdirir və yayır.

6.Komitə bu konvensiyanın 15-ci maddəsinə müvafiq olaraq yaradılan fondun vəsaitindən istifadə olunması haqqında qərar qəbul edir. O, bu vəsaiti artırmaq üçün vasitələr axtarır və bununla bağlı bütün lazımi tədbirləri görür.

7.Komitə bu Konvensiyanın məqsədləri ilə analoci məqsədlər daşıyan beynəlxalq və milli, hökumət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir. Komitə öz proqram və layihələrini həyata keçirmək üçün, o cümlədən, Mədəni dəyərlərin qorunması və bərpası üzrə beynəlxalq tədqiqat mərkəzinin (Roma mərkəzi), Abidələrin və tarixi yerlərin mühafizəsi üzrə beynəlxalq şuranın (İKOMOS) və Təbiəti və təbii sərvətləri beynəlxalq mühafizə ittifaqının (TBMİ), həmçinin dövlət orqanlarının və özəl orqanlarının və ayrı-ayrı şəxslərin yardımına müraciət edə bilər.

8.Komitənin qərarları iclasda və səsvermədə iştirak edən üzvlərin üçdə ikisinin səs çoxluğu ilə qəbul edilir. Yetərsay Komitə üzvlərinin əksəriyyətindən ibarətdir.

Maddə 14

1.Komitəyə Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatı Baş direktorunun təyin etdiyi katiblik kömək edir.

2.Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının Baş direktoru Mədəni dəyərlərin qorunması və bərpası üçün beynəlxalq tədqiqat mərkəzinin (Roma mərkəzi), Abidələrin və Tarixi yerlərin mühafizəsi beynəlxalq şuranın (İKOMOS) və Təbiəti və təbii sərvətləri beynəlxalq mühafizə ittifaqının (TBMİ) səlahiyyətləri sahələrində xidmətlərindən və müvafiq imkanlarından ən geniş dərəcədə istifadə edərək, komitənin sənədlərinin, onun iclaslarının gündəliyini hazırlayır və qərarlarının yerinə yetirilməsini təmin edir.

IV. Ümumdünya mədəni və təbii irsini mühafizə fondu

Maddə 15

1.Bununla, görkəmli universal dəyərə malik ümumdünya mədəni və təbii irsinin «Ümumdünya irsi fondu» adlandırılan fondu təsis edilir.

2.Bu fond Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının maliyyə haqqında Əsasnaməsinin müvafiq müddəalarına əsasən məqsədli fonddur.

3.Fondun vəsaiti:

(a) bu Konvensiyanın tərəf-dövlətlərinin məcburi və könüllüödəmələrindən;

(b) edilə bilən töhfə, hədiyyə, yaxud vəsiyyət məbləğlərindən:

(i) digər dövlətlər,

(ii) Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatı və Birləşmiş Millətlər Təşkilatı sisteminin digər təşkilatları, o cümlədən Birləşmiş Millətlər Təşkilatının İnkişaf proqramı və başqa hökumətlərarası təşkilatlar,

(iii) dövlət orqanları və ya özəl orqanlar, yaxud ayrı-ayrı şəxslər tərəfindən;

(s) Fondun verdiyi borcların faizlərindən;

(d) Fondun nəfinə təşkil edilmiş tədbirlərdən gələn rüsum və mədaxil məbləğlərindən;

(s) Ümumdünya irsi komitəsinin Fond haqqında işləyib hazırladığı müddəaların icazə verdiyi hər hansı digər ehtiyatlardan ibarətdir.

4.Fonda ödəmələr və Komitəyə edilən digər yardım formaları yalnız Komitənin müəyyən etdiyi məqsədlər üçün istifadə edilə bilər.Komitə yalnız müəyyən proqramı, yaxud konkret layihəni – Komitə bu proqramı, yaxud layihəni yerinə yetirmək haqqında qərar qəbul edərsə, - həyata keçirmək üçün nəzərdə tutulan ödəmələri qəbul edə bilər. Fonda ödəmələr hansısa siyasi şərtlərlə bağlanmır.

Maddə 16

1.Bu Konvensiyanın tərəf-dövlətləri cürbəcür gönüllü əlavə ödəmələrə xələl gətirmədən Ümumdünya irsi fonduna müntəzəm olaraq iki ildə bir dəfə Konvensiyanın Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatı Baş konfransının sessiyasına toplaşan tərəf-dövlətlərinin Baş məclisinin müəyyən edəcəyi məbləği bütün dövlətlər üçün eyni faiz təşkil edən haqq ödəməyi öhdələrinə götürürlər.

Baş məclisin bu qərarının qəbul edilməsi Baş məclisdə və səsvermədə iştirak edən, bu maddənin 2-ci bəndində nəzərdə tutulan bəyanat verməmiş tərəf-dövlətlərin səs çoxluğunu tələb edir. Konvensiyanın tərəf-dövlətlərinin ödədikləri haqq qətiyyən onların Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının Adi büdcəsinə ödədikləri haqqın 1 faizindən çox ola bilməz.

2.Lakin bu Konvensiyanın 31-ci maddəsində , yaxud 32-ci maddəsində nəzərdə tutulduğu kimi, hər bir dövlət ratifikasiya fərmanlarını-qəbul etmə, yaxud daxil olma haqqında aktlarını-təhvil verərkən bu maddənin 1-ci bəndi ilə bağlı olmayacaqlarını bəyan edə bilər.

3.Konvensiyanın bu maddənin 2-ci bəndində nəzərdə tutulan bəyanatı vermiş tərəf-dövləti yuxarıda xatırlanan bəyanatını Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının Baş direktoruna bildirişlə geri götürə bilər. Lakin bəyanatın geri götürülməsi bu dövlətin ödəyəcəyi məcburi haqqa yalnız tərəf-dövlətlərin növbəti Baş məclisi günündən təsir edəcəkdir.

4.Komitənin öz fəaliyyətini səmərəli planlaşdıra bilməsi üçün bu Konvensiyanın bu maddənin 2-ci bəndində nəzərdə tutulan bəyanatı vermiş tərəf-dövlətlərinin ödəmələri müntəzəm əsasda, heç olmasa, iki ildə bir dəfə ödənməli və onların ödəməli olduqları haqqın məbləğindən – onlar bu maddənin 1-ci bəndinin müddəaları ilə bağlı olardırlarsa, -az olmamalıdır.

5.Konvensiyanın cari il və bilavasitə ondan əvvəlki təqvim ili üçün öhdəlikləri, yaxud könüllü ödəmələri üzrə borcu olan hər hansı tərəf-dövləti Ümumdünya irsi fondu Komitəsinə seçilə bilməz; bu müddəa ilk seçkilərin gedişində tətbiq edilmir. Komitənin üzvü olan belə dövlətin səlahiyyəti bu Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan seçkilərdə qurtarır.

Maddə 17

Bu Konvensiyanın tərəf-dövlətləri bu Konvensiyanın 1 və 2-ci maddələrinin müddəalarına müvafiq mədəni irsin mühafizəsi üçün ianə verilməsini təşviq etmək məqsədi daşıyan dövlət və ya özəl milli fondların, yaxud assosiasiyaların yaradılmasına gömək edirlər.

Maddə 18

Bu Konvensiyanın tərəf-dövlətləri Ümumdünya irsi fondu üçün vəsait toplanması üzrə Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının himayəsi ilə təşkil edilən beynəlxalq kompaniyalara yardım göstərirlər.

V. Bəynəlxalq yardımın şərtləri və göstərilmə formaları

Maddə 19

Bu Konvensiyanın  hər hansı tərəf-dövlətləri görkəmli universal dəyərə malik və onun ərazisində yerləşən mədəni və təbii irs dəyərlərinin nəfinə bəynəlxalq yardım göstərilməsi barədə xahişlə müraciət edə bilər. O, öz sifarişi ilə birlikdə 21-ci maddədə nəzərdə tutulan və Komitənin qərar qəbul etməsi üçün zəruri olan sərəncamındakı informasiya və sənədləri təqdim etməlidir.

Maddə 20

Bu Konvensiyaya müvafiq olaraq beynəlxalq yardım ancaq Ümumdünya irsi Komitəsinin 13-cü maddənin 2-ci bəndinə, 22-ci maddənin s bəndinə və 23-cü maddəyə əsasən 11-ci maddənin 2 və 4-cü bəndlərində xatırlanan siyahılardan birinə daxil etdiyi, yaxud daxil etməyi qərara aldığı mədəni və təbii irs dəyərləri üçün göstərilə bilər.

Maddə 21

1.Ümumdünya irsi komitəsi Fondun beynəlxalq yardım göstərməsi barədə ona daxil olan sifarişlərə baxılması prosedurasını müəyyən edir, xahişin ehtimal edilən əməliyyatın xarakterini, görülməli işlərin həcmini, sonuncuların təxmini qiymətini, təcililik dərəcəsini və yardım üçün müraciət etmiş dövlətin bütün lazımi xərcləri müstəqil çəkməsinə imkan verməyən səbəbləri müəyyən etməli olan məzmununu dəqiqləşdirir. Sifarişlər hər dəfə, mümkün olduqda, ekspertlərin rəyi ilə qüvvətləndirilməlidir.

2.Qəza və təbii fəlakət halları üçün nəzərdə tutulan ehtiyat fonduna malik olmalı olan Komitə belə hallarla bağlı verilmiş sifarişlərə, ehtimal ki, həyata keçirmək lazım gələcək işlərin təcililiyinə görə, ilk növbədə baxmalıdır.

3.Komitə qərar qəbul etməzdən əvvəl lazım saydığı tədqiqatlar və məsləhətləşmələr apara bilər.

Maddə 22

Ümumdünya irsi Komitəsinin yardımı aşağıdakı formalarda ola bilər:

a) bu Konvensiyanın 11-ci maddəsinin 2 və 4-cü bəndlərində müəyyən edildiyi təhər mədəni və təbii irsin mühafizəsinin qorunub saxlanmasının, bərpasının və populyarlaşdırılmasının irəli sürdüyü bədii, elmi və texniki problemlərin tədqiq;

b) təsdiq edilmiş layihələrin qənaətbəxş yerinə yetirilməsini təmin etmək üçün ekspertlərin, texniklərin və ixtisaslı fəhlələrin göndərilməsi;

s) mədəni və təbii irsin üzə çıxarılması, mühafizəsi, qorunub saxlanması, bərpası və populyarlaşdırılması sahəsində bütün səviyyələrdə mütəxəssis hazırlığı;

d) maraqlı dövlətlərin malik olmadıqları, yaxud əldə etmək iqtidarında olmadıqları avadanlığın verilməsi;

e) aşağı faizli, yaxud faizsiz uzunmüddətli kredit verilməsi;

f) müstəsna və məxsusi əsaslandırılmış hallarda əvəzsiz maliyyə yardımı göstərilməsi;

Maddə 23

Ümumdünya irsi komitəsi, həmçinin, mədəni və təbii irsin üzə çıxarılması, mühafizəsi, qorunub saxlanması, bərpası və populyarlaşdırılması sahəsində bütün səviyyələrdə milli və ya regional mütəxəssis  hazırlığı mərkəzlərinə beynəlxalq yardım göstərə bilər.

Maddə 24

Böyük miqdarda yardımdan əvvəl əsaslı elmi, iqtisadi və texniki tədqiqatlar aparılmalıdır. Bu tədqiqatlarda mədəni və təbii irsin ən qabaqcıl mühafizə, qorunub saxlanma, bərpa və populyarlaşdırma metodlarından istifadə edilməli və onlar bu Konvensiyanın məqsədlərinə cavab verməlidir. Tədqiqatlarda, həmçinin, maraqlı dövlətin mövcud ehtiyatlarından rasional istifadə edilməsinə imkan verən yollar da müəyyən olunmalıdır.

Maddə 25

Prinsipcə zəruri işlərin maliyyələşdirilməsi yalnız qismən beynəlxalq birliyə həvalə edilməlidir. Beynəlxalq yardımdan istifadə edən dövlətin maliyyə iştirakı, onun ehtiyatları buna imkan vermədiyi hallar istisna olmaqla, hər proqram, yaxud layihə üçün ayrılan vəsaitin xeyli hissəsini təşkil edir.

Maddə 26

Ümumdünya irsi komitəsi və yardım alan dövlət bağladıqları sazişdə bu Konvensiyaya əsasən beynəlxalq yardım obyekti olan proqramın, yaxud layihənin həyata keçirilməli olduğu şərtləri müəyyən edirlər. Beynəlxalq yardımdan istifadə edən dövlət sazişdə müəyyən olunmuş şərtlərə görə qorunmalı dəyərlərin mühafizəsini, saxlanmasını və populyarlaşdırılmasını davam etdirməlidir.

VI. Maarif proqramları

Maddə 27

1.Bu Konvensiyanın tərəf-dövlətləri bütün müvafiq vasitələri, o cümlədən maarif və informasiya proqramlarını tətbiq etməklə, öz xalqlarının Konvensiyanın 1 və 2-ci maddələrində müəyyən olunmuş mədəni və təbii irsə hörmət və sədaqətini möhkəmləndirməyə çalışırlar.

2.Onlar bu irsi təhdid edən təhlükələr, həmçinin, bu Konvensiyanın icrası üzrə görülən tədbirlər barəsində ictimaiyyətə geniş məlumat verməyi öhdələrinə götürürlər.

Maddə 28

Bu Konvensiyanın ona müvafiq olaraq beynəlxalq yardım alan tərəf-dövlətləri belə yardım almış irsin əhəmiyyəti ilə və onun oynamış olduğu rolla tanış olmaq məqsədilə müvafiq tədbirlər görürlər

VII. Məruzələr

Maddə 29

1.Bu Konvensiyanın tərəf-dövlətləri. Təhsil elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının Baş konfransına onun müəyyən etdiyi müddətdə və formada təqdim etdikləri məruzələrdə bu Konvensiyanı yerinə yetirmək məqsədilə qəbul etdikləri qanunvericilik və nizamlama müddəaları və digər tədbirlər, habelə bu sahədə topladıqları təcrübə haqqında məlumatları bildirirlər.

2.Bu məruzələr Ümumdünya irsi komitəsinin nəzərinə çatdırılır.

3.Komitə Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının hər növbəti sessiyasına öz fəaliyyəti barədə məruzə təqdim edir.

VIII. Yekun müddəaları

Maddə 30

Bu Konvensiya ingilis, ərəb, ispan, fransız və rus dillərində tərtib edilmişdir, həm də beş mətnin hamısı eyni  qüvvəyə malikdir.

Maddə 31

1. Bu Konvensiya Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının üzv-dövlətləri tərəfindən onların konstitusiyalarında nəzərdə tutulan qaydada ratifikasiya və ya qəbul edilməlidir.

2. Ratifikasiya fərmanları və ya qəbuletmə haqqında aktlar saxlanmaq üçün Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının Baş direktoruna təhvil verilir.

Maddə 32

1. Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının Baş konfransından bu Konvensiyaya qoşulmaq dəvəti alan Təşkilatın üzvü olmayan istənilən dövlət bu Konvensiyaya qoşula bilər.

2. Qoşulma bu haqda aktın Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının Baş direktoruna təhvil verilməsi ilə həyata keçirilir.

Maddə 33

Bu Konvensiya iyirminci ratifikasiya fərmanının və ya qəbuletmə, yaxud qoşulma haqqında aktın saxlanmağa təhvil verildiyi gündən, lakin ancaq ratifikasiya, qabuletmə, yaxud qoşulma haqqında aktlarını göstərilən gün, yaxud ondan əvvəl saxlanmağa təhvil vermiş dövlətlər barəsində – qüvvəyə minir. Hər hansı digər dövlət barəsində Konvensiya həmin dövlət özünün ratifikasiya, qabuletmə və ya qoşulma haqqında aktını saxlanmağa təhvil verəndən üç ay sonra qüvvəyə minir.

Maddə 34

Bu Konvensiyanın federal quruluşa malik tərəf-dövlətlərinə  aşağıdakı müddəalar aiddir:

(a) bu Konvensiyanın yerinə yetirilməsi mərkəzi qanunvericilik fəaliyyətinin, yaxud federal qanunvericilik hakimiyyətinin mövzusu olan müddəalarına gəldikdə, federal, yaxud mərkəzi hökumətin öhdəlikləri federal dövlət olmayan iştirakçı-dövlətlərin öhdəliklərinin eyni olacaqdır;

(b) bu konvensiyanın yerinə yetirilməsi federasiya sisteminə müvafiq olaraq qanunvericilik tədbirləri görməli olmayan ştat, ölkə, əyalət və kantonlarının hər birini qanunvericilik fəaliyyətinin mövzusu olan müddəalarına gəldikdə, federal hökumət göstərilən müddəaları onların qəbul edilməsi məqsədilə ştat, ölkə, əyalət və kantonların səlahiyyətli hakimiyyət orqanlarının nəzərinə çatdırır

Maddə 35

1. Bu Konvensiyanın hər bir tərəf-dövləti onu denonsasiya edə bilər.

2. Denonsasiya Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının Baş direktoruna təhvil verilən yazılı aktla ratifikasiya edilir.

3. Denonsasiya bu haqda akt alınandan on iki ay sonra qüvvəyə minir. O, heç vəchlə, denonsasiya edən dövlətin denonsasiya qüvvəyə minənə qədər üzərinə götürdüyü maliyyə öhdəliklərini dəyişdirmir.

Maddə 36

Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının Baş direktoru 31 və 32-ci maddələrdə xatırlanan ratifikasiya, qəbuletmə, yaxud qoşulma barədə bütün aktların saxlanmağa təhvil verilməsi, həmçinin 35-ci maddədə göstərilən denonsasiyalar haqqında Təşkilatın üzv-dövlətlərinə, təşkilatın 32-ci maddədə xatırlanan üzvü olmayan dövlətlərə, həmçinin, Birləşmiş Millətlər Təşkilatına məlumat verir.

Maddə 37

1.Bu Konvensiyaya Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının Baş konfransında yenidən baxıla bilər. Lakin onun yenidən baxılmış mətni yalnız yenidən baxılmış Konvensiyanın tərəfləri olacaq dövlətlər üçün icbari olacaqdır.

2.Baş konfrans bu Konvensiyaya tam, yaxud qismən yenidən baxmaqla yeni Konvensiya qəbul edərsə və yeni Konvensiyada başqa göstərişlər olmazsa, bu Konvensiya təzə mətnə malik yeni Konvensiya qüvvəyə minən gündən ratifikasiya, qəbuletmə, yaxud qoşulma üçün bağlı olacaqdır.

Maddə 38

Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə əsasən Təhsil, elm və mədəniyyət məsələləri üzrə birləşmiş Millətlər Təşkilatı Baş direktorunun xahişi ilə  Birləşmiş Millətlər Təşkilatının Katibliyində qeydiyyatdan keçiriləcəkdir.

TÖVSİYƏLƏR

Arxeoloci qazıntıların beynəlxalq nizamlama prinsiplərini müəyyən edən tövsiyə
(5 dekabr 1956-cı il)

Təhsil, elm mədəniyyət məsələləri üzrə Birləşmiş MillətlərTəşkilatının Baş konfransı 1956-cı il noyabrın 5-dən dekabrın 5-dək Nyu Dehli şəhərində keçirilən onuncu sessiyasında 

Əhalinin özünün qədim abidələrə və əsərlərə hörmət və sədaqətinin onların qorunub saxlanmasının ən yaxşı təminatı olduğunu və bu cür hisslərin inkişafının ən təsirli vasitələrindən birinin üzv-dövlətlərinin elm və beynəlxalq münasibətləri inkişaf etdirmək səylərinə əsaslanan tədbirlərin olduğunu etiraf edərək,

Qədim bədii əsərlərin seyr edilməsinin və onlarla tanışlığın oyatdığı hisslərin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə əhəmiyyətli kömək edə biləcəyinə və bununla bağlı bu əsərlərdən yuxarıda göstərilən məqsədlərlə hər vasitə ilə istifadə olunmasında beynəlxalq əməkdaşlığın bərqərar edilməsinə zərurətin yarandığına əmin olaraq,

Arxeoloci kəşflər ərazisində olduqları dövlətlər üçün daha böyük əhəmiyyətə malik olsalar da, bununla belə, onların bütövlükdə bütün bəşəriyyəti zənginləşdirdiyini hesab edərək,

Bəşəriyyətin tarixi ilə tanışlığın onun yaratdığı bütün mədəniyyətlərlə tanış olmağı tələb etdiyini və buna görə də beynəlxalq ictimaiyyətin bütün maddi arxeoloci qalıqların öyrənilməsində və lazım olduqda, qorunub saxlanmasında maraqlı olduğunu hesab edərək,

Ayrı-ayrı dövlətlərin arxeoloci irsin qorunub saxlanmasına baxan hakimiyyət orqanlarının öz işlərində işdə sınaqdan çıxmış və müxtəlif ölkələrin arxeologiya idarələrinin tətbiq etdikləri ümumicbari prinsipləri rəhbər tutmalı olduqlarına əmin olaraq,

Arxeoloci qazıntıların nizamlanmasının, əsasən, hər bir dövlətin daxili işi olsa da, bu prinsipin geniş düşünülmüş və azad əsaslarda həyata keçirilən beynəlxalq əməkdaşlıq prinsipi ilə uyğunlaşdırılmasının münasib olduğunu hesab edərək,

Arxeoloci qazıntıları nizamlayan prinsiplərin beynəlxalq əsasda işlənib hazırlanmasına dair bir sıra təkliflərə (sessiyanın gündəliyinin 9.4.3-cü bəndi) baxaraq,

Səkkizinci sessiyasının bu təkliflərin bütün üzv-dövlətlərə ünvanlanan tövsiyə formasında beynəlxalq qaydaların əsasına qoyulmasının münasibliyinə dair qərarına əsaslanaraq,

Bu gün, 1956-cı il dekabrın 5-də bu Tövsiyəni qəbul edir.

Baş Konfrans üzv-dövlətlərə bu Tövsiyədə xülasə edilmiş norma və prinsiplərin onların yurisdiksiyasında olan ərazilərdə həyata keçirilməsi üçün qanunvericilik qaydasında və ya sair qaydada zəruri tədbirləri görməklə aşağıdakı müddəaları tətbiq etməyi tövsiyə edir

Baş Konfrans üzv-dövlətlərə bu Tövsiyədə arxeoloci qazıntılara nəzarət edən muzeylərin, hakimiyyət dairələrinin və orqanların nəzərinə çatdırmağı tövsiyə edir.

Baş Konfrans üzv-dövlətlərə onun sonradan müəyyən edəcəyi müddətdə və formada ona bu Tövsiyənin icrası üçün gördükləri tədbirlər barədə məruzələr təqdim etməyi tövsiyə edir.

I.Təriflər

Arxeoloci qazıntılar

1.Bu Tövsiyədə «arxeoloci qazıntılar» anlayışı onların torpaq işləri və ya yer səthinin müntəzəm tədqiqi, yaxud bu və ya digər üzv-dövlətin daxili və ya ərazi sularının təkinin, yaxud torpaqaltı qatlarının tədqiqi yolu ilə aparılmasından asılı olmayaraq, bütün arxeoloci qalıq axtarışlarına aiddir.

Qorunan dəyərlər

2. Bu Tövsiyənin müddəaları ictimai baxımdan hansısa tarixi və ya bədii əhəmiyyətə malik bütün maddi qalıqlara aiddir; həm də, YUNESKO-nun hər bir üzv-dövlətinin ərazisindəki qalıqların əhəmiyyətini özünün qoyduğu meyarlar əsasında müəyyən etmək hüququ saxlanılır. Bu Tövsiyədə nəzərdə tutulan qaydalar, o cümlədən, sözün ən geniş mənasında arxeoloci maraq doğuran qədim abidələrə və əşyalara tətbiq edilməlidir.

3.Arxeoloci abidələrin ictimai əhəmiyyətini müəyyən edən meyarlar bu işin abidələrin  qorunub saxlanmasına aid olmasından və ya tədqiqatçıların üzərinə qoyulan öz gəşflərini və tapıntılarını elan etmək vəzifəsindən asılı olaraq dəyişə bilərlər.

a)    Birinci halda, müəyyən tarixə qədərki epoxalara aid bütün abidələrin qorunmalı olmasına dair meyardan şəksiz imtina etmək lazımdır; qorunma meyarları ya onların bu və ya digər epoxaya aidliyi, ya da qanunla müəyyən edilmiş minimal yaşları olmalıdır.
  
b) İkinci halda, üzv-dövlətlərin aşkar etdikləri bütün qədim abidələr və əşyalar haqqında xəbər vermələrini tədqiqatçıların, yaxud bu və ya digər arxeoloci abidəni açan şəxslərin öhdəsinə bir vəzifə olaraq qoymaqla, daha geniş meyarlar müəyyən etmələri münasib olardı.

II.ÜMUMİ QAYDALAR

Arxeoloci irsin qorunması

4.Təşkilatın hər bir üzv-dövləti öz arxeoloci irsinin, o cümlədən, arxeoloci qazıntılarla  bağlı meydana çıxan problemləri nəzərə almaq və bu Tövsiyənin müddəalarına əsaslanmaqla, qoruyub saxlanmalıdır.

5.O cümlədən, üzv-dövlətlərə:

a) arxeoloci qazıntıların aparılmasını müvafiq hakimiyyət orqanlarının nəzarətinə və qabaqcadan icazə verməsinə tabe etdirmək;

b) maddi qalıqları aşkar etmiş şəxslərin bu qəbil tapıntılar haqqında ən qısa müddətdə müvafiq hakimiyyət orqanlarına məlumat vermələrini bir vəzifə olaraq öhdələrinə qoymaq;

s) bu qaydaları pozanlara qarşı sanksiyalar tətbiq etmək;

d) gizlədilmiş əşyaların müsadirə edilməsinə icazə vermək;

e) arxeoloci yer təkinin tədqiq qaydalarını işləyib hazırlamaq və bu yer təki dövlət mülkiyyətidirsə, öz qanunvericiliyinə müvafiq göstəriş daxil etmək;

f) öz arxeoloci irsinin ən əhəmiyyətli ünsürlərini tarixi abidələr sırasına daxiletmə sistemini işləyib hazırlamaq tövsiyə olunur.

Arxeoloci qazıntıları mühafizə orqanları

6.Yaranmış ənənələrin müxtəlifliyinə, üzv-dövlətlərin sərəncamlarındakı ehtiyatların bərabər olmamasına görə arxeoloci qazıntıları idarə edən vahid inzibati sistem yaradılması mümkün görülməsə də,  yenə də, müvafiq dövlət idarələrinin hamılıqla qəbul edilmiş aşağıdakı prinsipləri rəhbər tutmalarına nail olmaq lazımdır:

a) arxeoloci idarələr dövlət orqanları, yaxud, heç olmasa, müvafiq qanunlar əsasında, lazım gəldikdə, tələb olunan təcili tədbirləri görməklərinə imkan verən vasitələrə malik orqanlar xarakteri daşımalıdırlar. Bütün arxeoloci işlərə ümumi rəhbərliyi həyata keçirən bu idarələr, bundan savayı, tədqiqat idarələri və universitetlərlə əməkdaşlıqda arxeoloci tədqiqat üsullarının tədrisini təmin etməlidirlər. Onlar, bununla yanaşı, mərkəzi  arxivlərin yaradılmasını, onlara aid bütün qədim abidə və əşyaların yerləri göstərilməklə coğrafi xəritələrin tərtib olunmasını təmin etməli və müvafiq sənədləri bütün əhəmiyyətli muzeylərdə, keramika və ya ikonoqrafiya arxivlərində və i.a. cəmləşdirməlidirlər;

b) bu idarələr, məsələn: (i) onların lazımi fəaliyyəti;  həmin ölkənin arxeoloci zənginliklərinə müvafiq iş planlarını yerinə yetirmək və xüsusilə elmi nəşrlərin buraxılması; (iii) təsadüfi kəşflərə nəzarət etmək; (iv) qazıntıları və abidələri lazımi qaydada saxlamaq üçün zəruri olan pul vəsaitinin mütəmadi olaraq gəlməsini təmin etməlidirlər.

7.hər bir dövlət aşkar edilmiş maddi qalıqların və arxeoloci dəyərlərin bərpasına mükəmməl nəzarət etməlidir.

8. «In siti» qorunub saxlanması zəruri sayılan abidələrin yeri yalnız müvafiq hakimiyyət orqanlarının icazəsi ilə dəyişdirilə bilər.

9.Bütün üzv-dövlətlərə müxtəlif epoxalara aid arxeoloci yerləri arxeologiya elminin və texnikanın ən yeni nailiyyətləri baxımından gələcəkdə tədqiq etmək məqsədilə onların tam, yaxud qismən toxunulmaz saxlanmasına dair tədbirlər görmələri tövsiyə olunur.

Qazıntı aparılan bütün ən başlıca yerlərdə, relyefin imkan verdiyi qədər, müəyyən sahələri gələcəkdə onların stratiqrafiyasını və həmin mədəni təbəqənin tərkibini yoxlamaq məqsədilə toxunulmamış saxlamaq olardı.
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.