Novruz bayramı
Azərbaycanın ən qədim və ən kütləvi ümumxalq bayramlarından biri Novruz bayramıdır. Bəşəriyyətin təkamülünün əsasını qoymuş əkinçilik və maldarlıq Yaxın Şərq xalqlarının, eyni zamanda Azərbaycan xalqının təsərrüfat həyatında mühüm rol oynamışdır. Ömrünü torpağa bağlamış əkinçi əcdadlarımız yazın hər gəlişini, həyatın yeniləşməsini səbirsizliklə gözləmiş və sevinclə qarşılamışlar.
Novruz adət-ənənə-mərasim sistemi olaraq elə bir qlobal humanizm məzmununa, elə tarixi qədimliyə və utilitar mədəni-mənəvi zənginliyə malikdir ki, bu sistem içində milli məhdudluğa yer yoxdur. Burada milliliklə bəşərilik iç-içədir. Novruzun fəlsəfəsində millətlərdən, xalqlardan öncəki mədəniyyətin, həyat tərzinin və təbiətə təsir etmək istəklərinin izləri qalmaqdadır. Novruz elə nadir anlayışdır ki, orada həm də təbiətlə insan vəhdətdədir. Lakin tarixi xronologiyanın hökmü ilə məhz Şərq xalqları Novruz mərasimlərinin yaradılmasında, sonrakı inkişafında və onun tam bir düşüncə sisteminə çevrilməsində əlahiddə rol oynamışdı. Ən maraqlı cəhət budur ki, Novruz fəlsəfəsində xalqların və millətlərin təşəkkülü, inkişafı kodlaşdırılmışdır. Başqa sözlə, dünya xalqları Novruz rituallarını yaşatdıqları dərəcədə, Novruz bir həyat tərzi olaraq xalqların və millətlərin yaşamasına kömək etmişdir.
Novruz bayramı bəzən insanın yaranışı ilə də əlaqələndirilir. Yəni insanın dörd ünsürdən - su, od, torpaq və küləkdən yarandığı qeyd olunduğu kimi, Novruz bayramında da dörd çərşənbə mövcuddur. Hər çərşənbə bir ünsürlə əlaqələndirilir. İlk çərşənbə Su - yəni Bahara doğru çayların buz bağlayan hissəsi əriyib çaylara tökülür, torpaq yavaş-yavaş islanmağa başlayır. İkinci, çərşənbə Od çərşənbəsi adlanır. Bu anlama görə Bahara doğru Günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayırlar. Üçüncüsü, Yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Dördüncü çərşənbə isə Torpaq çərşənbəsi adlanır. Torpağı ana təbiət - Allahımız su ilə islatdı, Günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla, kotanla məhz torpaq çərşənbəsi günündə başlayırlar. Çərşənbələr arasında ən vacibi İlaxır çərşənbə hesab olunur. Həmin gün qədim ənənələrlə zəngin olur. Bütün həyat tərzini əhatə edən, təzəcə ilə xoş arzular, ailə səadəti, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır. Su və odla bağlı çərşənbələrdə də maraqlı ənənələr mövcuddur. Azərbaycan odla bağlı ölkə olaraq bu zəngin ənənəyə malik olması heç də təsadüfi sayıla bilməz. Od saflaşma və təmizləmə deməkdir. Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar suyun üzərindən tullanmaqla ötən ilin günahlarını yumuş olurlar. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi yatmazdan əvvəl bir-birinin üstünə su çiləyirlər. Deyilənə görə, axırıncı çərşənbə gecəsi bütün axar sular dayanır. Hətta ağaclar da yerə əyilir. Əgər təzə il axşamı hər kəs bu sudan içdisə onlar təzə ildə bütün xəstəliklərdən uzaq olurlar. Novruzun ən yüksək zirvəsi köhnə ilin öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yaylım atəşləri açılır. Hələ XIX əsrdə N. Dubrovin bu haqda belə yazmışdır: "Azərbaycanda Baharın gəlməsini şəhər və kəndlərdə açılan yaylım atəşləri bildirirdi". Azərbaycan Novruz bayramı təntənəsinin Şamaxıda iştirakçısı olan Adam Oleariy hələ 1637-ci ildə yazmışdır: "Münəccim tez-tez arxasından qalxaraq, astronomik cihaz və Günəş saatı vasitəsilə Günəşin hündürlüyünü təyin edərək gündüz və gecənin bərabərləşdiyi anda elan etdi: "Təzə il gəldi" və elə bu anda yaylım atəşləri başlandı, şəhərin qüllələrindən və divarlarından musiqi sədaları ucaldı. Beləliklə Bahar bayramı başlandı".
Novruz bayramı demək olar ki, Azərbaycanla yanaşı bütün Şərqdə, xüsusilə də, Mərkəzi Asiyada, İranda, Pakistanda, Türkiyədə, Qazaxıstanda, Tacikistanda, Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd olunur. Ancaq, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun Xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı da UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.
28 Sentyabr - 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri - Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.
23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.
28 noyabr-2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-maddi mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan bu nominasiyaya qoşulmuşlar.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.