AZ   |   EN

Xurşidbanu Natəvanın “Gül dəftəri”

“Xan qızı” adı ilə tanınan, xeyirxah işləri və nəcibliyi ilə el içində dərin hörmət qazanan görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvan (6 avqust 1832 - 2 oktyabr 1897) gözəl şair və ictimai xadim kimi tanınmaqla yanaşı, həm də çox incə zövqə malik rəssam və bədii tikmə ustası olub. Özünün rəssamlıq fəaliyyətini poetik yaradıcılığından bir an belə ayrı təsəvvür etməyən Natəvan deyilənə görə bu sənətin sirlərini ona həm də ilk təhsil verən bibisi Gövhər xanımdan alıbmış. Onun bizim dövrə gəlib çatmış bədii irsi bir o qədər çox olmasa da, onlar Azərbaycan incəsənətini yeni çalarlarla zənginləşdirən sənət nümunələri kimi qəbul olunurlar. Tarix onun Qafqazda, o cümlədən Bakıda səfərdə olan məşhur fransız yazıçısı Aleksandr Dümaya özünün qonağı heyrətə gətirən tikmələrini bağışladığı faktını yaşatmaqdadır.

Xurşudbanu Natəvanın hazırda AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan 1886-cı ildə hazırladığı 227 səhifəlik albomda onun bənzərsiz gözəllik duyumu ilə tanış olmaq mümkündür. Mütəxəssislərin həm də “Gül dəftəri” adlandırdıqları bu albomda şairə-rəssamın yazdığı on üç qəzəllə yanaşı onun sulu boya və karandaşla çəkdiyi müxtəlif güllər - qızılgül, bənövşə, qərənfil, eləcə də yasəmən, lalə və süsən əks olunmuş rəsmlər toplanıb. Rəsmlərin arasında mənzərə və müxtəlif bitkilərin təsvirinə də rast gəlmək mümkündür. Onların sayı otuza çatır. Bütünlükdə götürsək, onların həm rəngarəng motivlərində, həm də dəyişkən rəng çalarlarında ifadə olunan təsiredici ovqat şairənin poetik irsinin daşıdığı lirik ruhla həmahəng səsləşir. Bunu əksər hallarda albomun səhifəsində yanaşı yerləşdirilmiş şeir və təsvirin oxucuya-tamaşaçıya aşıladığı bədii-psixoloci əhvali-ruhiyyə də təsdiqləyir. Yuxarıda qeyd etdiyimiz kimi, Natəvanın bədii yaradıcılığı həm də çoxəsrlik tarixə malik Azərbaycan təsviri sənətinin yeni bədii-estetik məziyyətlərlə yeniləşməsinə xidməti ilə diqqət çəkir.

Xurşudbanu Natəvan haqqında söz açdığımız alboma çəkdiyi “Bülbül”, “Bənövşə”, “Gül”, “Qərənfil” və “Pərvanə” təsvirlərinin yanında zərif və incə varlıqlara həsr etdiyi şeirlərini yerləşdirməklə haradasa ədəbiyyatla təsviri sənətin yaddaqalan sintezini yaratmağa nail olub. Əslində bunun özü də zəngin tarixə malik qədim Azərbaycan kitab sənəti ənənələrinə yeni forma-biçim verməyin əyani nümunəsi sayıla bilər...

Bu rəsmlərin toplandığı 227 səhifəlik albomun zahiri bədii tərtibatı da çox diqqətçəkəndir. Belə ki, albom ilk növbədə cildindəki tirmə üzərində rəngli saplarla və muncuqlarla işlənmiş bəzək elementləri ilə diqqət çəkir. Cildin bir tərəfində nərgiz, qızılgül və miladi tarixlə “1886-cı il”, o biri tərəfində isə küknar, qovaq, şam ağacı və hicri tarixlə “1304-cü il” toxunub...

Xurşudbanu Natəvanın  “Gül dəftəri”nə daxil edilmiş bədii yaradıcılıq nümunələri arasında tarixi əhəmiyyətə malik digər rəsmlər də mövcuddur. Bunların arasında məşhur Şeyx Şamilin evinin və Qunib qalasının rəsmi diqqət çəkir. Ehtimal etmək olar ki, bu rəsmlər şairənin həyat yoldaşı Xasay xan Usmiyevlə birlikdə Dağıstana səfərləri zamanı çəkilib...

2023-cü ilin mayın 19-da UNESCO İcraiyyə Şurasının 216-cı sessiyasında Azərbaycanın Dünya Yaddaşının Beynəlxalq Reyestrinə (Memory of the World International Register) salınması üçün 2022-2023-cü illər üzrə təqdim olunan “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu” (“Flower Book” of Khurshidbanu Natavan – album of illustrated verses) adlı nominasiya İcraiyyə Şurası tərəfindən qəbul olunub.

UNESCO tərəfindən tərtib olunan və nominasiyaların qısa təsvirini ehtiva edən sənəddə XIX əsr Avropasında qadın yazıçıların kişi təxəllüslərindən istifadə etdikləri bir vaxtda Xurşidbanu Natəvanın İslam Şərqində yerləşən ölkədə ədəbi məclisə sədrlik etdiyi göstərilir. Qarabağ xanlığının son varisi hesab edilən Natəvanın mükəmməl savada və təhsilə sahib olduğu bildirilir. Natəvanın şəxsiyyəti Azərbaycan qadının fenomeni kimi təqdim olunur. Natəvanın Azərbaycanın ictimai həyatına və mədəni inkişafına verdiyi töhfə vurğulanır. Natəvanın “Gül dəftəri” şeirlər albomunun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınması ölkəmizin Qarabağ bölgəsinin XIX əsrə aid irsinin UNESCO və üzv ölkələr tərəfindən yüksək səviyyədə qiymətləndirildiyini göstərir.

Xatırladaq ki, X. Natəvanın “Gül dəftəri” şeir albomunda üç rəsm əsəri 2023-cü il martın 21-də UNESCO-nun mənzil-qərargahında Beynəlxalq Frankofoniya Günü çərçivəsində təşkil olunan sərgidə ölkəmizin təşkilat yanındakı daimi nümayəndəliyi tərəfindən nümayiş etdirilib.
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.