“Azərbaycan Respublikası ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) arasında əməkdaşlıq haqqında Memorandum” barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. 1996-cı il noyabrın 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) arasında əməkdaşlıq haqqında Memorandum” Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən nəzərə alınsın və rəhbər tutulsun.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 dekabr 1996-cı il
№ 454
Azərbaycan Respublikası ilə Birləşmiş Millətlər Tətkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) arasında Əməkdaşlıq Haqqında Memorandum
Azərbaycan Respublikası və YUNESKO,
Ədalətə, qanunçuluğa, insan hüquqlarına və əsas azadlıqlara hamılıqla hörmət bəslənməsi naminə təhsil, elm, mədəniyyət və komunikasiyalar sahəsində xalqların əməkdaşlığı ideyaları ilə əlaqədar öz öhdəliklərini nəzərə alaraq;
Beynəlxalq planda yeni tələblərə çəvab olaraq Azərbaycanın yeni milli siyasət yeritdiyini, habelə onun digər ölkələrlə, xüsusən müstəqil dövlətlər birliyi ilə, "Türksoy" və "Qara dəniz İqdisadi Əməkdaşlığı" kimi beynəlxalq və regional təşkilatlarla münasibətlərini nəzərə alaraq;
YUNESKO-nun intellektual əməkdaşlıq funksiyasına müvafiq surətdə onun məqsədlərini: insan ehtiyatlarını inkişaf etdirmək, biliklərin əldə olunmasını, verilməsini və mübadiləsini təşviq etmək, azadlıq, ədalət, ləyəqət və həmrəylik kimi dəyərlərin inkişafına təkan vermək məqsədlərini xatırladaraq;
Dövlət orqanlarının və YUNESKO-nun Azərbaycanda təhsil, elm, mədəni irs, mədəniyyət, azad və müstəqil kütləvi informasiya vasitələri sahələrində apardığı fəaliyyəti nəzərə alaraq;
Hesab edirlər ki;
1. 1996-1997-ci illər üçün təsdiq edilmiş YUNESKO proqramı çərçivəsində, habelə 1996-2001-ci illər üçün orta təcili strategiya proqramına müvafiq olaraq YUNESKO-nun "dünya mədəniyyəti" ideyasının təcəssümünə təkan vermək, insan ehtiyatlarının inkişafını təşviq etmək məqsədləri Azərbaycan üçün böyük maraq doğurur və fayda gətirir;
2. Azərbaycan özünün bu yaxınlarda yaradılmış YUNESKO üzrə Milli Komissiyasının işini və səmərəliyini bütün səviyyələrdə: milli, regional və beynəlxalq səviyyələrdə güçləndirməyi arzu edir və bununla əlaqədar olaraq kadrların hazırlanması, YUNESKO-nun fəaliyyətində iştirak etmək, informasiya və sənədlərdən müntəzəm istifadə üçün imkan yaradılması, habelə YUNESKO-nun professional və elmi şəbəkəsinə cəlb olunmaq proqramları vasitəsilə YUNESKO-nun insan, texniki və maddi köməyinə ümid bəsləyir.
3. YUNESKO təhsil, elm, mədəniyyət kommunikasiyalar, informasiya və informatika sahələrində hökumətin səylərini təşviq etməyə və asanlaşdırmağa hazır olduğunu bir daha təsdiqləyir. Bununla əlaqədər olaraq YUNESKO hökumətin tələblərinin ödənilməsi üçün büdcədənkənar maliyyə mənbələrini səfərbərliyə almağa da çalışacaqdır.
Aşağıdakılar barədə razılığa gəlmişlər:
Təhsil
Hər iki tərəf hamı üçün fasiləsiz təhsilə təməl hüququ və daimi inkişaf yolu kimi baxaraq, aşağıdakı əməkdaşlıq üçün səciyyəvi sahələri müəyyənləşdirdilər:
1. YUNESKO qaçqınların və köçkünlərin uşaqları üçün təhsil problemlərinin həllindən ötrü intellektual yardımın və maliyyə yardımının təmin olunmasını davam etdirəcəkdir. Azərbaycan İştirak Proqramı çərçivəsində YUNESKO tərəfindən bu sənəddə təcili yardıma görə təşəkkürünü bildirir və ümid edir ki, müxtəlif donorlar vasitəsilə YUNESKO təhsil sahəsində təcili layihələrin - "BMT-nin ixtisaslaşdırılmış idarələrinin iyun 1996 - may 1997-ci illərdə Qafqaza yardım barədə ümumi çağırışı"na daxil edilmiş layihələrin maliyyələşdirilməsinə köməyi davam etdirəçəkdir.
2. YUNESKO təhsil sahəsində informasiyanın idarə olunması sistemini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Təhsil Nazirliyini hesablayıcı avadanlıqla təmin edərək, təhsil sahəsində statistikanın beynəlxalq standartlara müvafiq surətdə hazırlanması və Ümumdünya kompüter şəbəkəsindən istifadə etməyə imkan yaradılması üçün nazirliyə köməyi davam etdirəcəkdir.
3. İqtisadi inkişafda Azərbaycanın yüksək potensiala malik olduğunu və respublikada bazar iqtisadiyyatına keçidə başlandığını nəzərə alaraq, YUNESKO təhsil sisteminin və sosial şəraitin dəyişməsi kontekstində texniki və peşə təlimi sisteminin yenidən baxılmasında Azərbaycanın dövlət təşkilatları ilə əməkdaşlıq edəcəkdir. 1997-ci ildə texniki təlimə və peşə təliminə dair YUNESKO-nun intellektual və maliyyə köməyi ilə milli konfrans keçirilməsi planlaşdırılır. Bu konfrans Azərbaycanda insan ehtiyatlarının inkişafında Respublikanın digər nazirliklərinin, yerli və beynəlxalq agentliklərin səylərini birləşdirəcək və Beynəlxalq təşkilatları həmin sahədə tələblərlə və inkişaf perspektivi ilə tanış etməyə imkan verəcəkdir.
4. Azərbaycanda təhsil sistemi islahatı hazırda cəmiyyətin bütün sahələrində həyata keçirilən islahatlar proqramının bir hissəsinə çevrildiyinə görə Azərbaycanın təşkilatları və mütəxəssisləri tərəfindən təhsil sahəsindəki ən yeni informasiyadan istifadə olunmasına imkan yaratmağa kömək edəcək və onların baza təhsili, xüsusi təhsil, ətraf mühit sahəsində təhsil, orta, ümumi təhsil və peşə təhsili, profilaktika təhsili, narkotik maddələrdən sui-istifadə, QİÇS-in qarşısının alınması kimi proqram və layihələrdə iştirakını dəstəkləyəcəkdir.
5. YUNESKO ozünün ali təhsil üzrə Avropa Mərkəzi /CEPES/ vasitəsilə ali təhsil sahəsində islahatlar aparılmasında və tədris proqramlarının hazırlanmasında, biliklərin, diplomların və elmi dərəcələrin etibarlı hesab olunmasında, onların layiqincə qiymətləndirilməsində, universitetlərarası kommunikasiya şəbəkəsində /UNICOM/ akreditə edilməkdə və səmərəli üzv olmaqda məsləhətlər verəcək və kömək göstərəcəkdir.
6. YUNESKO Azərbaycanın YUNESKO-nun ixtisaslaşdırılmış təşkilatları ilə: Beynəlxalq təhsil bürosu /IBE/, Beynəlxalq təhsili planlaşdırma institutu /IIEP/ və YUNESKO-nun təhsil institutu /UIE/ ilə əməkdaşlığı inkişaf etdirməyə və gücləndirməyə marağını lazımınca qeyd etmişdir.
7. Azərbaycanda assosiasiya edilmiş məktəblər /ASP/ layihəsi bu layihəyə yeni məktəblər daxil edilməsi və onların ASP fəaliyyətində, xüsusən beynəlxalq təhsil, demokratik vətəndaşlıq və mədəniyyətdə plüralizm üçün təhsil, habelə ətraf mühitə dair təhsil sahəsində tam iştirakı yolu ilə gücləndiriləcəkdir.
8. YUNESKO-nun fəaliyyətinin yuxarıda göstərilən sahələrində iştirak edərkən XXI əsrdə təhsil üzrə beynəlxalq komissiyanın 1996-cı ilin aprelində YUNESKO-ya təqdim olunmuş hesabatındakı təkliflər də istifadə edilə bilər.
9. Azərbaycan öz coğrafi vəziyyətini nəzərə alaraq, Avropa və Asiya regionlarında YUNESKO-nun təhsil sisteminə daxil olunmağı arzu edir.
Elm
Əməkdaşlıq biliklərin verilməsinə və mübadiləsinə, onların cəmiyyətin inkişafında tədbiqinə yönəldiləcəkdir:
1. YUNESKO Bakı Dövlət Universitetinə və Azərbaycan Elmlər Akademiyasına insan ehtiyatlarının inkişaf etdirilməsi, universitet təhsilinin və fundamental tədqiqatların gücləndirilməsi məqsədilə fundamental elmlər /riyaziyyat, fizika, kimya, biologiya və biotexnologiya/, sosial və humanitar elmlər sahəsində kömək göstərəcəkdir ki, onların mövcud beynəlxalq şəbəkədən istifadə etməsi asanlaşsın.
2. YUNESKO Azərbaycanın İnsan və Biosfera /MAB/, Beynəlxalq Hidrologiya Proqramı /IHP/, Hökumətlərarası Okeanoqrafiya Komissiyası /IOC/, Beynəlxalq Geoloji Korrelyasiya Proqramı /IGCP/, Sosial dəyişikliklərin idarə olunması /MOST/ kimi YUNESKO-nun elmi beynəlxalq proqramlarında fəal iştirakını təşviq edəcəkdir.
3. YUNESKO Xəzər dənizinin səviyyəsinin qalxması və bunun təhlükəli iqtisadi-sosial nəticələri ilə bağlı problemlərə böyük əhəmiyyət verərək, Xəzər hövzəsində su eitiyyatlarının qorunması, saxlanması və optimal idarə olunması sahəsində regional əməkdaşlığın inkişafını dəstəkləyir. Bu fəaliyyət IOC, SHP, IGCP və MAB ilə sıx əməkdaşlıq şəraitində və mümkün dərəcədə BMT-nin digər ixtisaslaşdırılmış idarələrinin və qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə əlaqəli şəkildə işlənib hazırlanır. YUNESKO müvafiq iş və layihələrin yerinə yetirilməsi üçün büdcədənkənar ehtiyatların səfərbərliyə alınmasına çalışır.
4. Qafqaz regionunun ekologiyasına dair regional dəyirmi stolun yekunlarına əsasən YUNESKO "Qafqazın bioloji rəngarəngliyinin qorunub saxlanması və onun idarə olunması" layihəsinin hazırlanmasında kömək göstərmişdir. Bu layihə təbii ekosistemlərin fasiləsiz idarə olunmasına dair ümumi subregional stratekiyanın işlənib hazırlanmasının əsas elementlərini təmin etmək üçün nəzərdə tutulmuşdur. YUNESKO Azərbaycan hökumətinin Ümumdünya bankının ətraf mühit üzrə ümumi təşkilatı ilə əlaqələrində onun səylərini dəstəkləyir.
5. Öz iştirak proqramı çərçivəsində YUNESKO bərpa olunan enerji və ekologiya məsələləri haqqında konfrans keçirilməsinə /1997-ci il/ və Azərbaycanın ali məktəblərindən birində YUNESKO-nun ekologiya kafedrası yaradılmasına komək göstərəcəkdir.
6. YUNESKO sosial və humanitar elmlərdə strukturun dəyişdirilməsinə və tədrisin, tədqiqatların səviyyəsinin yüksəlməsinə dair məsləhətləri davam etdirəcəkdir. Bakı Dövlət Universitetində dərs cədvəllərinin nəzərdən keçirilib dəyişdirilməsi, müəllim kadrları yetişdirilməsi və sənədləşdirmə mərkəzi yaradılması barədə təklifləri hazırlanmışdır. Həmin təkliflərin büdcədənkənar mənbələrdən maliyyələşdirmək nəzərdə tutulur.
7. YUNESKO Azərbaycan Respublikasının alimlərinə qısa müddətli təqaüdlər verəcək və Azərbaycan alimlərinin və məsləhətçilərinin YUNESKO-nun müxtəlif layihə və proqramlarında iştirakına kömək edəcəkdir.
8. Azərbaycanın tədqiqat qrupu "MOST" çərçivəsində "etniklik, münaqişə və birlik" üzrə müşavirəyə dair tədqiqat layihəsində iştirak etməyə dəvət olunacaq.
Mədəniyyət
İqtisadi inkişaf obyekti kimi mədəniyyətin artan dinamik roluna lazımi diqqət yetirilməsi üçün istər maddi mədəni irsin, istərsə də ənənəvi mədəniyyət və folklorun qorunub saxlanmasına kömək edəcəkdir.
1. YUNESKO-nun Baş Konfransı Füzulinin anadan olmasının 500 illiyinin bayram edilməsini 1994-95-ci illərin xatirə tarixləri təqviminə daxil etmişdir. Həmin qərar çərçivəsində YUNESKO-nun iştirakı ilə bir sıra tədbirlər keçirilmiş və yenə də keçiriləcəkdir.
2. Azərbaycan "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına 1993-cü ildən qoşularaq silahlı münaqişə nəticəsində ciddi zərər dəymiş mədəni sərvətlərə xüsusi diqqət yetirir. YUNESKO Konvensiyanın icrası üçün öz növbəsində, beynəlxalq Qızıl Xaç komitəsi /ICRC/ kimi digər beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində bu sahədə köməklik göstərilməsinin davam etdirilməsini təmin edəcəkdir.
3. Azərbaycan 1994-cü ildə "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" Konvensiyaya qoşulmuşdur. YUNESKO mütəxəssislərinin köməyilə "Arxeoloji, tarixi və monumental obyektlərin saxlanmasının vəziyyəti haqqında" icmal hazırlanmışdır. YUNESKO bu icmalın icrası məqsədilə "Ümumdünya mədəni irsə aid mümkün obyektlərin ilkin siyahısının hazırlanmasına köməklik göstərmişdir və həmin siyahıya daxil etmək üçün ilk tarixi obyektin namizədliyinin hazırlanmasında yardım göstərəcəkdir.
4. Mədəniyyət sahəsində əməkdaşlığın digər sahələri aşağıdakılar olacaqdır: Mədəniyyətin idarə və təşkil olunması, o cümlədən maliyyələşdirmə mənbələrindən istifadə edilməsi, incəsənət sahəsində sərgilərin, marketinqlərin idarə və təşkil olunması, muzeylər, qalereyalar və başqa mədəniyyət təşkilatları üçün müasir səviyyəli işçilər hazırlanması və onlara kolleksiyaları saxlamaq və bərpa etmək üzrə müasir texnikanın, onların inventarlaşdırılmasının, idarə və təşkil olunmasının kompüter metodlarının öyrədilməsi.
5. Öz iştirak proqramı çərçivəsində YUNESKO mədəniyyət və inkişaf üzrə beynəlxalq komissiyanın "Bizim yaradıcılıq rəngarəngliyimiz" haqqında hesabatı ilə əlaqədar mədəniyyət və inkişaf mövzusunun müzakirə olunması üçün dəyirmi stolun təşkilinə kömək edəcəkdir.
Kommunikasiya, İnformasiya və İnformatika
YUNESKO kadrlar hazırlanması və informasiya mübadiləsi yolu ilə mövcud keyfiyyət səviyyəsini yüksəltməyə imkan verən fəaliyyət daxilində müvafiq respublika təşkilatları və baş idarələri ilə əməkdaşlıq edəcəkdir.
1. Kommunikasiya sahəsində YUNESKO Azərbaycanda mətbuat, radio və televiziya jurnalistlərinin peşə səviyyəsinin yüksəldilməsi üçün səylər gostərəçək, kütləvi informasiya vasitələrində müstəqil və plüralist mühitin inkişafına kömək edəçək və dinc əməkdaşlıq şəraitində rəyin azad ifadə olunmasına dair demokratik prinsiplərin müdafiəsində mətbuatın fəaliyyətini dəstəkləyəcəkdir.
2. "Jurnalistlər hazırlanması və inkişaf" RDS/16 AZN/01 layihəsi vasitəsilə YUNESKO Bakı Dövlət Universitetinə jurnalistlər və radio/tele prodüsserlər hazırlanmasında, universitetdə kütləvi informasiya vasitələri üçün kadrlar hazırlanmasından ötrü mövcud avadanlığın keyfiyyətinin yaxşılaşdırılmasına yardım göstərəçək və jurnalistika üzrə dərs cədvəlinin yenidən nəzərdən keçirilib dəyişdirilməsində köməklik göstərəcəkdir. Jurnalistika kafedrası YUNESKO-nun fəaliyyəti çərçivəsində regionda jurnalistika kafedrası şəbəkəsinin yaradılması üzrə regional müşavirələrin işində iştirak etməyə cəlb ediləcək.
3. Azərbaycan "MİR" dövlətlararası teleradio şirkəti tərəfindən həyata keçirilən "Gənclər, dözümlük və televiziya" RDS /16/03 subregional layihəsinin nəticələrindən istifadə edə bilər. Bu layihənin məqsədi gənc istedadlı teleprodüsserlərin aşkara çıxarılmasından və hazırlanmasından, onların "Rəngarənklikdə vəhdət" baxımından regional əməkdaşlığı əks etdirən videoproqramların istehsalı üçün vasitələrlə təmin etməkdən ibarətdir.
4. İnformatika sahəsində BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən aşağıdakı layihələrdə iştirak yolu ilə Elm və Texnika komitəsinin informatika elmi-istehsalat birliyi ilə əməkdaşlıq davam etdiriləcəkdir.
i) AZE/94/002 "Kompüter və informasiya texnologiyası mərkəzinin möhkəmləndirilməsi" layihəsi (400 000 ABŞ dolları, 1995-1997) insan ehtiyatlarının inkişafının gücləndirilməsinə və təhsilinə, habelə informasiya infrastrukturunun inkişaf etdirməsinə yönəldilmişdir.
ii) AZE/96/007 "Sumqayıt kadrlar hazırlanması və informatika, telekommunikasiya sahəsində xidmətlərin təmin olunması mərkəzi yaradılması" haqqında layihə (Faza I) (BMT inkişaf proqramı, YUNESKO AZE/96/007 392 000 ABŞ dolları, 1997-1999) Sumqayıt azad ticarət zonasında informatika və telekommunikasiya xidmətlərinin yaradılmasına, habelə səmərəli kompüterləşdirmə və işçi heyətinin ixtisasının yüksəldilməsinə əsaslı kömək edəcək.
5. Telematika sahəsində Azərbaycan Avropa Birliyi tərəfindən maliyyələşdirilən və YUNESKO tərəfindən yerinə yetirilən STACCIS layihəsində iştirak edəcəkdir. Həmin layinə telematikadan təhsil, elmi tədqiqatlar, ətraf mühit problemlərinin həllinə dair qərarlar qəbul olunmasında istifadə etməyə kömək göstərəcəkdir. Bu layihədə iştirak etmək Azərbaycana iqtisadi yardım komitəsi tərəfindən sponsorluq edilən işlərin nəticələrindən tamamilə istifadə etməyə imkan verəcəkdir.
6. YUNESKO-nun ümumi informasiya proqramı (PGI) vasitəsilə Azərbaycanın müvafiq təşkilatları və idarələri kitabxanaçılıq və arxiv işləri sahəsində məsləhətlər və informasiya ilə təmin ediləcəkdir. Tələblərə əsasən YUNESKO-nun müvafiq xidmətlərinin proqram vasitələrinin və baza məlumatının paketi təqdim olunacaqdır.'
YUNESKO bu memorandumda öz üzərinə götürdüyü öhdəlikləri YUNESKO-nun işləri üzrə Azərbaycan Milli Komissiyası ilə sıx əməkdaşlıq şəraitində həyata keçirəcəkdir.
Bu Memorandum 1996-cı il noyabrın 8-də Bakıda iki nüsxədə olmaqla, hər biri azərbaycan və ingilis dillərində imzalanmışdır.
Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Prezidenti
Heydər Əliyev
Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət təşkilatı
adından
YUNESKO-nun Baş Direktoru
Federiko Mayor
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.