AZ   |   EN

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının 1992-ci il iyunun 3-dən BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) üzvü olduğunu, YUNESKO Nizamnaməsinin 7-ci maddəsinə əsasən “YUNESKO-nun üzvü olan hər bir dövlətin təhsil, elm və mədəniyyət məsələləri ilə məşğul olan idarələrini təşkilatın fəaliyyətinə cəlb etmək üçün əsasən milli komissiyalar yaratmaq yolu ilə tədbirlər görəcəyini” nəzərdə tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi yanında YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılsın.

2. YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Nizamnaməsi təsdiq edilsin*.

3. Azərbaycan Respublikasının xarici işlər naziri Həsən Əziz oğlu Həsənov YUNESKO üzrə Milli Komissiyanın sədri təyin olunsun.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, əlaqədar nazirlik və təşkilatların rəyini nəzərə alaraq və Milli Komissiyanın Nizamnaməsinə uyğun olaraq YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının tərkibini müəyyən etsin və onun fəaliyyətinin təşkili ilə bağlı tədbirləri həyata keçirsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Milli Komissiyanın təşkili və fəaliyyəti ilə əlaqədar məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.

Bakı şəhəri, 21 fevral 1994-cü il.
№ 62.
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.