Hirkan Dövlət Təbiət Yasaqlığı
Hirkan Dövlət Təbiət Yasaqlığı Hirkan Milli Parkı ilə həmsərhəd meşələrin mühafizəsi, Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin miqrasiya yollarının, həmin ərazidə ekosistemin bütövlüyünün və bioloji müxtəlifliyinin qorunub saxlanılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2005-ci il tarixli, 234 nömrəli Qərarı ilə yaradılmışdır. Hirkan qoruğu Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir. Ərazisi 21435 hektardır. Milli Park Talış dağlarının öz unikal təbiət kompleksləri ilə fərqlənən təbii ərazilərini əhatə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli Qərarı ilə Hirkan Milli Parkının ərazisi genişləndirilərək 40358 hektara çatdırılmışdır. Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının”Qırmızı Kitab”ına daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir.
Hirkan Milli Parkının ərazisinin çox hissəsini meşələr və şimal-qərbdən cənub-şərqə doğru uzanan sıra dağlar əhatə edir. Ərazidə əsasən yayı quraq keçən mülayim-isti iqlim tipi hakimdir. Buranın yayı quraq, payızı rütubətli, qışı isə mülayimdir. Hirkan Milli Parkının ərazisi şaquli qurşaq üzrə çox ucalmasa da (1000 m-ə qədər), şərqdən qərbə dağlara qalxdıqca, meşələrin şaquli qurşaqlar üzrə dəyişdiyini müşahidə etmək olar: aşağı hissədə əsasən, şabalıdyarpaq palıd, dəmirağac və vələsin (İpək akasiya, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, azat ilə birlikdə) üstünlük təşkil etdiyi meşələr yayılmışdır. Hündürlüyə qalxdıqca, əsasən dəmirağac, qismən də şabalıdyarpaq palıd azalır, onları fısdıq meşələri əvəz edir.
Ərazinin bitki aləminin zənginliyi burada çoxsaylı heyvanların yaşamasına imkan yaratmışdır. Parkın heyvanat aləmi çox zəngindir. Burada məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, çöl donuzu, cüyür, yenot və s. novlərə rast gəlmək olar. Ərazidə suda-quruda yaşayan heyvan növlərindən adi triton, daraqlı triton, Suriya sarımsaqiyli qurbağası, Qafqaz xaçlıcası, adi quru qurbağası yayılmışdır. Milli Parkın ərazisində sürünənlərdən Aralıq dənizi tısbağası, zolaqlı çılpaqgöz kərtənkələ, girdəbaş yovşanlıq kərtənkələsi, xarabalıq kələzi, Eskulap ilanı və s. növlər mövcuddur.
Hirkan Milli Parkının ornitofaunasına daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən və s. quşların adları Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmişdir. Milli Parkın entomofaunası endem növlərlə zəngindir. Ərazidə “Qırmızı Kitab”a düşmüş növlərdən tündqırmızı Talış uzunbığı, Talış kökyeyəni, üçpərli Talış qaçağanı, palıd diserkası, eyfema, Talış brameyası, iri tənək hafı, Oxim qızılı kəpənəyi, Aleksandra sədəflisi, Talış məxməri kəpənəyi və başqa həşəratlara rast gəlmək olar.
Milli Parkın meşələrində ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar geniş yayılmışdır. Bu bitkilərin əksəriyyətinin adı Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmişdir. Hirkan Milli Parkının yerləşdiyi Lənkəran zonasının subtropik meşələrinin ən səciyyəvi xüsusiyyətlərindən biri də burada Hirkan tipli meşələrin yaxşı saxlanılması, bir çox endemik, nadir ağac və kol bitkilərinin geniş yayılmasından ibarətdir. Hirkan Milli Parkı həmçinin öz nadir təbiət abidələri ilə də məşhurdur. Burada 100-dən çox təbiət və mədəniyyət abidələri var. Ən məşhur təbii meşə abidələrindən biri Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşir. Xəzər dənizinin yaxınlığı, təbiətin rəngarəngliyi ərazidə ekoturizmin inkişafı və ətraf mühitin öyrənilməsi üçün əlverişli şərait yaradır.
Hirkan qoruğunun UNESCO-nun Ümumdünya Mədəni və Təbii İrs Siyahısına daxil edilməsi üçün dövlətimiz tərəfindən layihə smeta sənədləri hazırlanaraq, Ümumdünya İrs Siyahısına göndərilmiş və 30 sentyabr 1998-ci ildən UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdi.
Relikt növlərlə zəngin olan və çox maraqlı landşafta malik Hirkan meşələrinin xüsusiyyətləri nəzərə alınaraq, bu unikal ərazinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi təklif olunub, bu məqsədlə Hirkan Milli Parkının daxilində transmilli “Hirkan meşələri” nominasiyası hazırlanıb və 2022-ci ilin sonunda UNESCO-nun Ümumdünya İrs Komitəsinə təqdim edilib.
Azərbaycanın Hirkan meşələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi barədə qərar 17 sentyabr 2023-cü ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində davam edən 45-ci sessiyasında qəbul olunub. Beləliklə, Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Azərbaycanın ilk təbiət ərazisidir.
Azərbaycanın Hirkan meşələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə diqqətinin təzahürüdür
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.