Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi
Gəmiqaya abidələri Azərbaycanın mədəniyyət tarixinin incisidir. Belə abidələr Azərbaycan xalqının mədəniyyətinin bir çox məsələlərini öyrənilməsi üçün nadir xəzinədir.
Azərbaycanın qədim abidələr diyarı olan Naxçıvanın hər bir dağı haqqında nəsillərin yaddaşında yaşamış əfsanələr bəşər tarixinin ilkin təkamül çağlarından xəbər verir. Qədim dünyanın ən müqəddəs yerlərindən biri sayılan Gəmiqaya Ordubad rayonu ərazisində, Tivi və Nəsirvas kəndlərindən şimal-şərqdə, Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıqda yerləşir.
Gəmiqaya təsvirləri Eramızdan əvvəl 3-1-ci minilliyə aid qayaüstü rəsmlər Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərindən şimalda, Gəmiqaya dağındadır. 1968-ci ildə aşkar olunub. 1970-ci ildə başlayan tədqiqatlar nəticəsində insan və müxtəlif heyvan rəsmləri, rəqs, yay və oxla keçi ovu səhnələri, müxtəlif işarələr aşkar edilib. Rəsmlər tək, qoşa və kompozisiyalıdır
Gəmiqaya təsvirləri kiçik ölçülüdür, sxematik şəkildə çəkilib. Buna oxşar rəsmlərə Kəlbəcərdə, xüsusən də Qobustanda təsadüf olunur. Təsvirlərin Arazın sol sahilindəki düzən və dağətəyi ərazilərdə yaşayan və Gəmiqaya ərazisindən yaylaq yeri kimi istifadə edən qədim maldar tayfalara məxsus olduğu güman edilir. Azərbaycanın ən qədim təsviri sənət abidələrindən biridir və Naxçıvan mədəniyyətinə aiddir.
Gəmiqaya ulu babalarımızın əsrlər boyu inanc yeri olmuşdur. Burada, dağın zirvəsində qədim türk elləri ilə bağlı iki təbii göl vardı: Göygöl və Qazangöl. Göygöl dəniz səviyyəsindən 3065 m, Qazangöl isə 3150 m hündürlükdə yerləşir. Göygöl Zəngəzur silsiləsinin cənub yamacındadır. Sahəsi 1,5 hektar, dərinliyi 6,5 metrə qədərdir. Nürgüt kəndi yaxınlığında yerləşən gölün suyu ilin bütün fəsillərində yağan qar və yağışdan, həmçinin gölün ortasında qaynayan bulaqlardan qidalanır. Vulkanik mənşəli bu göl dəniz səviyyəsindən təqribən 3000-3500 metr yüksəklikdə dağ ətəyində yerləşir. Kiçik Qafqazın ən hündür dağ gölü sayılır. Göygölün güzgü səthinin uzunluğu 211, eni 103, ən dərin yeri isə 7 metrdir.
Gəmiqayanın 4 tərəfindəki oba, yaylaq, çay, çeşmə, bulaq və dərə-təpələr qədim türk soylarının adı ilə bağlıdır. Burada qeydə alınan 100-dən artıq toponim Naxçıvan, 70-ə yaxın isə Zəngəzur ərazisindədir. Tədqiqatçıların qənaətinə görə, ermənilər heç vaxt Cənubi Qafqazın yerli sakinləri olmamışlar. Qədim türk mədəniyyəti üçün səciyyəvi olan qayaüstü rəsmləri özündə əks etdirən Gəmiqaya abidələri Azərbaycan xalqının tarixinin, mənəvi mədəniyyətinin öyrənilməsi üçün böyük xəzinədir. Gəmiqaya abidəsi ulu babalarımızın yaratdığı incəsənət əsəridir. Gəmiqaya qayaüstü abidələri 3000-3500 metr yüksəklikdə olan Qaranquş yaylağındadır. Lakin bundan başqa, bu tip təsvirlərə Qapıçay zirvəsindən başlayaraq, Qəmişölən və Nəbiyurdu yaylağınadək geniş bir ərazidə rast gəlmək mümkündür. Təsvirlər içərisində rast gəlinən insan, maral, keçi, öküz, ilan, quş, araba, it, aslan, fantastik heyvan, damğa, ov səhnələri Azərbaycan turkünün qədim mifologiyası ilə bağlıdır.
Gəmiqaya petroqlifləri – Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri. Bu təsvirlər Ordubad rayonu ərazisində, Nəsirvaz kəndindən şərqdə, dəniz səviyyəsindən 3500-3700 m yüksəklikdə, Kiçik Qafqaz dağlarının ətəklərində, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdu, Qaranquş, Qız-gəlin çuxuru, Göllər və digər yurd yerlərinin ətrafında yerləşən qayalar üzərinə çəkilmişdir.
Gəmiqaya təsvirlərinin tarixi yalnız müqayisəli araşdırmalar və təsvirlərin çəkilmə texnikası əsasında müəyyənləşdirilmişdir. Gəmiqaya təsvirləri köçmə məldarlığın inkişafı ilə bağlı ortaya çıxmışdır. Araşdırmalar Naxçıvanda köçmə maldarlığın e. ə. VII minilliyin ikinci yarısında, təqribən 10 min il bundan əvvəl meydana gəldiyini deməyə imkan verir. Gəmiqaya təsvirlərinin keramika məmulatı üzərindəki təsvirlərlə müqayisəli təhlili ilk rəsmlərin Neolit və Eneolit dövründə ortaya çıxdığını deməyə imkan verir. Ancaq Gəmiqayada Tunc dövrünün müxtəlif mərhələlərinə, Dəmir dövrünə və Orta əsrlərə aid təsvirlər də vardır.
Gəmiqaya abidələrinin tədqiqinə 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyinin birinci dövründə başlanıb. 1971-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Rəyasət Heyəti Gəmiqayada tədqiqat işlərinin aparılmasını, elmi albomun nəşr edilməsini, elmi-kütləvi filmin çəkilməsini qərara alıb, 1970-1987-ci illərdə Gəmiqayada tədqiqat işləri aparılıb, bir sıra elmi materiallar çap olunub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “...Bu, bildiyimiz kimi, həm təbiətin böyük bir abidəsidir, eyni zamanda insan yaradıcılığının abidəsidir. Bu abidə Azərbaycanındır. Azərbaycanın tarixini əks etdirən abidədir”.
Bu abidələr Azərbaycanın qədim mədəniyyət və incəsənət xəzinəsinə qızıl fond kimi qiymətləndirilir. Buna görə də "Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi"nin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsi tarix-memarlıq abidələrinin təbliği baxımından mühüm bir addımdır. 2025-ci ilin iyulun 11-də UNESCO-nun Parisdə keçirilən 47-ci sessiyasında Azərbaycan tərəfindən təqdim olunmuş "Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi" Dünya İrsinin İlkin Siyahısına daxil edilib.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.
