Beynəlxalq Xüsusi Hüququ Unifikasiya İnstitutunun (YUNİDRUA) "Oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəniyyət sərvətləri haqqında" Konvensiya
Beynəlxalq Xüsusi Hüququ Unifikasiya İnstitutunun (YUNİDRUA) "Oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəniyyət sərvətləri haqqında" Konvensiyasına və ona edilmiş Əlavəyə qoşulmaq barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası Beynəlxalq Xüsusi Hüququ Unifikasiya İnstitutunun (YUNİDRUA) "Oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəniyyət sərvətləri haqqında" 1995-ci il iyunun 24-də Roma şəhərində qəbul olunmuş Konvensiyasına və ona edilmiş Əlavəyə qoşulsun.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 24 mart 2000-ci il
№ 846-IQ
Beynəlxalq Xüsusi Hüquqi Unifikasiya İnstitutunun (YUNİDRUA) oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəni dəyərlər haqqında
Konvensiyası*
Konvensiyanın iştirakçı-dövlətləri
İtaliya Respublikası Hökumətinin dəvəti ilə YUNİDRUA-nın oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəni dəyərlərin beynəlxalq geri qaytarılması haqqında konvensiyasının layihəsini qəbul etmək üçün 1995-ci il iyunun 7-dən 24-dək Romada Diplomatik konfransa toplaşaraq,
xalqlar arasında qarşılıqlı anlaşmaya, habelə bəşəriyyətin rifahı və sivilizasiyasının tərəqqisi naminə mədəniyyətin yayılmasına yardım göstərmək məqsədi ilə mədəni irsin mühafizəsinin və mədəni mübadilələrin birinci dərəcəli əhəmiyyət kəsb etdiyinə əmin olaraq,
mədəni dəyərlərlə qanunsuz ticarətdən və bu ticarətin istər milli, qəbilə, yerli və digər icmaların dəyərlərinə və mədəni irsinə, istərsə də bütün xalqların irsinə tez-tez əvəzolunmaz ziyan vurmasından, o cümlədən tarixi əhəmiyyətə malik arxeoloji obyektlərin talan edilməsindən, habelə bununla bağlı arxeoloji, tarixi və elmi informasiyanın əvəzolunmaz itkisindən dərin narahatlıq keçirərək,
Razılığa gələn Dövlətlər arasında mədəni dəyərlərin restitusiyası və geri qaytarılmasına dair ümumi minimal hüquq normalarının tətbiq edilməsi üzrə vacib tədbirlər görmək yolu ilə mədəni dəyərlərin qanunsuz ticarəti ilə mübarizəyə səmərəli yardım göstərmək əzmi ilə,
bu Konvensiyanın mədəni dəyərlərin aşkara çıxarılmasına və geri qaytarılmasına yardım göstərmək üçün nəzərdə tutulduğunu, onların bəzi dövlətlərdə restitusiyası və geri qaytarılması üçün zəruri olan komissiya kimi hansısa müdafiə vasitələrinin nəzərdə tutulmasının həmin müdafiə vasitələrinin digər dövlətlərdə də tətbiq edilməli demək olmadığını vurğulayaraq,
bu Konvensiyanın müddəalarının qəbul edilməsinin qətiyyən gələcəkdə xarakterindən asılı olmayaraq bu Konvensiya qüvvəyə minənədək baş vermiş hansısa qanunsuz sövdələşmənin bəyənilməsi, yaxud qanuniləşdirilməsi demək olmadığını təsdiqləyərək,
bu Konvensiyanın öz-özlüyündə qanunsuz ticarətlə bağlı meydana çıxan problemləri həll etməyib, yalnız beynəlxalq mədəni əməkdaşlığı möhkəmləndirəcək və əvvəlki kimi, qanuni ticarətin və mədəni dəyərlərin mübadiləsinə dair dövlətlərarası sazişlərin mənafeyi üçün etibarlı rol oynayacaq prosesin başlanğıcını qoyacağını dərk edərək,
bu Konvensiyanın yerinə yetirilməsinin mədəni dəyərlərin mühafizəsi üzrə reyestrlərin tərtibi və istifadəsi, tarixi əhəmiyyətə malik arxeoloji obyektlərin fiziki mühafizəsi və texniki əməkdaşlıq kimi təsirli tədbirlərdə birləşdirilməli olduğunu etiraf edərək,
mədəni dəyərlərin mühafizəsi üzrə müxtəlif orqanların işinin, xüsusilə YUNESKO-nun qanunsuz dövriyyə haqqında 1970-ci il Konvensiyasının, habelə özəl sektorda davranış qaydalarının işlənib hazırlanmasının vacibliyini etiraf edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
I fəsil
TƏTBİQ DAİRƏSİ VƏ TƏRİFLƏR
Maddə 1
Bu Konvensiya beynəlxalq xarakterli aşağıdakı tələblər barəsində tətbiq edilir:
(a) oğurlanmış mədəni dəyərlərin restitusiyası;
(b) Razılığa gələn Dövlətin ərazisindən onun mədəni irsini mühafizə məqsədi ilə mədəni dəyərlərin çıxarılmasını tənzimləyən qanunvericiliyini pozmaqla çıxarılmış mədəni dəyərlərin (aşağıda «qanunsuz çıxarılmış mədəni dəyərlər» adlandırılır) qaytarılması.
Maddə 2
Bu Konvensiyanın məqsədləri üçün arxeologiya tarixəqədərki dövr, tarix, ədəbiyyat, incəsənət, yaxud elm üçün əhəmiyyətli və bu Konvensiyanın əlavəsində sadalanan kateqoriyalardan birinə aid olan dini və ya dünyəvi dəyərlər mədəni dəyərlər sayılır.
II fəsil
OĞURLANMIŞ MƏDƏNİ DƏYƏRLƏRİN RESTİTUSİYASI
Maddə 3
1. Oğurluq mədəni dəyərin sahibi onu qaytarır.
2. Bu Konvensiyanın məqsədləri üçün qanunsuz arxeoloji qazıntı nəticəsində tapılmış, yaxud qanuni qazıntı nəticəsində tapılmış, lakin qanunsuz saxlanılan mədəni dəyər oğurlanmış—bu, qazıntının aparıldığı dövlətin qanununa uyğundursa—sayılır.
3. Restitusiya haqqında hər hansı tələb mədəni dəyərin yerinin və sahibinin şəxsiyyətinin tələb edən tərəfə məlum olduğu vaxtdan üç ilə bərabər müddət ərzində və hər halda oğurlanmadan sonra 50 ilə bərabər müddət ərzində təqdim edilə bilər.
4. Lakin hansısa müəyyən abidənin, yaxud arxeoloji yerin ayrılmaz hissəsi olan və ya hansısa açıq kolleksiyaya aid mədəni dəyərin yerinin və sahibinin şəxsiyyətinin tələb edən tərəfə məlum olduğu vaxtdan üç ilə bərabər müddət istisna olmaqla, vaxt məhdudiyyəti qoyulmur.
5. Əvvəlki bəndin müddəalarına baxmayaraq, Razılığa gələn hər hansı Dövlət bəyan edə bilər ki, tələb 75 ilə bərabər vaxt hüdudunda, yaxud onun qanunvericiliyində nəzərdə tutulan belə uzun müddətdə qüvvədədir. Vaxt müddətinin məhdudlaşdırılması belə bəyanat verən hansısa Razılığa gələn dövlətdəki hansısa abidədən, arxeoloji yerdən, yaxud kolleksiyadan çıxarılmış mədəni dəyərin restitusiyası haqqında digər Razılığa gələn dövlətdə irəli sürülən tələbə də şamildir.
6. Əvvəlki bənddə xatırlanan bəyanat imzalama, ratifikasiya, qəbuletmə, bəyənmə, yaxud qoşulma zamanı edilməlidir.
7. Bu Konvensiyanın məqsədləri üçün kolleksiya:
(a) Razılığa gələn Dövlətin;
(b) Razılığa gələn Dövlətin regional, yaxud yerli orqanının;
(c) Razılığa gələn Dövlətdəki dini idarənin; yaxud
(d) əsasən Razılığa gələn Dövlətdə mədəniyyət, təhsil və ya elm məqsədləri üçün yaradılmış və dövlətdə cəmiyyətin mənafelərinə xidmət etdikləri etiraf olunmuş idarələrin mülkiyyəti olan kataloqlaşdırılmış, yaxud başqa şəkildə müəyyənləşdirilmiş mədəni dəyərlər qrupudur.
8. Buna əlavə olaraq, kolleksiyalara tətbiq edilən vaxt məhdudiyyəti icma üçün müqəddəs, yaxud böyük əhəmiyyətə malik, qəbilə və ya yerli icmaya məxsus və onun Razılığa gələn Dövlətdə bu icmanın ənənəvi, yaxud ayin mərasimlərində istifadə etdiyi mədəni dəyərə restitusiya haqqında tələb şamildir.
Maddə 4
1. Qaytarması üçün müraciət edilmiş oğurluq mədəni dəyərin sahibinin həmin dəyərin restitusiyası zamanı ədalətli və səmərəli kompensasiya almaq—sahib onun oğurlandığını bilməmişsə və məntiqlə bilməli olmamışsa və bu dəyəri alarkən lazımi diqqət göstərdiyini sübut edə bilərsə,—hüququ var.
2. Sahibin əvvəlki bənddə xatırlanan kompensasiya hüququna xələl gətirmədən, mədəni dəyəri sahibə vermiş şəxsin, yaxud ondan əvvəlki hər hansı şəxsin kompensasiya ödəməsinə—tələbin verildiyi dövlətin qanunvericiliyinə müvafiq olduqda—səmərəli səylər göstərilir.
3. Tələb edən tərəfin sahibə kompensasiya ödəməsi—belə tələb nəzərdə tutulduqda—tələb edən tərəfin onu hər hansı digər şəxsdən istəmək hüququna xələl gətirilmədən icra olunur.
4. Sahibin lazımi diqqət göstərdiyini müəyyənləşdirmək üçün tərəflərin ad-sanını, ödənilmiş məbləği, sahibin oğurlanmış mədəni dəyərlərin hansısa açıq reyestrində soraqlaşma aparmasını, habelə onun ağlabatan şəkildə ala biləcəyi digər müvafiq informasiyanı və sənədləri, eləcə də açıq idarələrdə soraqlaşma aparmasını, yaxud ağıllı şəxsin həmin şəraitdə görə biləcəyi digər tədbirlər daxil olmaqla, əldə edilmənin bütün şəraitini nəzərə almaq zəruridir.
5. Sahib onun mədəni dəyəri irsən və ya hər hansı digər əvəzsiz qaydada aldığı şəxsdən daha əlverişli şəraitdə deyildir.
III fəsil
QANUNSUZ ÇIXARILMIŞ MƏDƏNİ DƏYƏRLƏRİN QAYTARILMASI
Maddə 5
1. Razılığa gələn Dövlət digər Razılığa gələn Dövlətin məhkəməsindən, yaxud başqa səlahiyyətli orqanından tələblə müraciət etmiş dövlətin ərazisindən qanunsuz çıxarılmış mədəni dəyərin qaytarılması barədə sərəncam verməsini xahiş edə bilər.
2. Tələb təqdim edən ölkənin ərazisindən həmin dövlətdə mədəni dəyərin çıxarılmasını onun mədəni irsini mühafizə məqsədi ilə tənzimləyən qüvvədə olan qanunvericiliyə müvafiq verilmiş icazəyə uyğun olaraq sərgilər, tədqiqatlar, yaxud bərpa işləri məqsədi ilə müvəqqəti kənara çıxarılan və bu icazənin şərtlərinə müvafiq olaraq qaytarılmayan mədəni dəyər qanunsuz çıxarılmış sayılır.
3. Tələblə müraciət edən dövlət bu dəyərin onun ərazisindən çıxarılmasının aşağıdakı bir, yaxud bir neçə mənafeyə:
(a) dəyərin, yaxud onun məzmununun fiziki qorunub saxlanmasına;
(b) vahid kompleks təşkil edən dəyərin bütövlüyünə;
(c) informasiyanın, məsələn—elmi və ya tarixi xarakterli—qorunub saxlanmasına;
(d) qəbilənin, yaxud yerli icmanın dəyərdən adət və ayinlərdə istifadə etməsinə xələl gətirdiyini, yaxud bu dəyərin tələblə müraciət edən dövlət üçün xüsusi mədəni əhəmiyyətə malik olduğunu sübut edərsə, xahiş təqdim olunmuş dövlətin məhkəməsi, yaxud digər səlahiyyətli orqanı qanunsuz çıxarılmış mədəni dəyərin qaytarılması haqqında sərəncam verə bilər.
4. Bu maddənin 1-ci bəndinə müvafiq təqdim edilən hər hansı xahişdə onun təqdim olunduğu dövlətin məhkəməsinin, yaxud digər səlahiyyətli orqanının 1—3-cü bəndlərdə nəzərdə tutulmuş tələblərin yerinə yetirilib-yetirilmədiyini müəyyənləşdirməsinə yardım göstərə bilən, faktik, yaxud hüquqi xarakterli informasiya ehtiva edilir və ya belə informasiya ilə müraciət olunur.
5. Qaytarılma haqqında hər hansı xahiş mədəni dəyərin yeri və sahibinin şəxsiyyəti tələblə müraciət edən dövlətə məlum olan vaxtdan üç ilə bərabər müddət ərzində və hər bir halda dəyərin çıxarıldığı, yaxud bu maddənin 2-ci bəndində xatırlanan icazəyə müvafiq olaraq qaytarılmalı olduğu vaxtdan 50 ilə bərabər müddət ərzində verilir.
Maddə 6
1. Dəyər qaytarılarkən həmin dəyərin onu qanunsuz çıxarıldıqdan sonra almış sahibinin tələblə müraciət etmiş dövlət tərəfindən ödənilən ədalətli və səmərəli kompensasiya almaq—sahib bu dəyəri alarkən onun qanunsuz çıxarıldığını bilməmişsə, yaxud məntiqlə bilməli olmamışsa,—hüququ var.
2. Sahibin bu dəyərin qanunsuz çıxarıldığını bilib-bilmədiyini, yaxud məntiqlə bilməli olub-olmadığını müəyyənləşdirərkən, tələblə müraciət edən dövlətin qanununa müvafiq olaraq tələb edilən çıxarılma üçün sertifikatın olmaması daxil olmaqla, əldəetmənin şəraitini nəzərə almaq zəruridir.
3. Mədəni dəyəri tələblə müraciət etmiş dövlətə qaytarmaq təklif olunan sahib kompensasiya əvəzinə və həmin dövlətlə razılaşma əsasında:
(a) dəyərə mülkiyyət hüququnu saxlamaq; və ya
(b) ödəniş hesabına, yaxud təmənnasız olaraq mülkiyyət hüququnu tələblə müraciət edən dövlətdə yaşayan və zəruri təminat verən istədiyi hər hansı şəxsə vermək qərarı qəbul edə bilər.
4. Bu maddəyə müvafiq olaraq, mədəni dəyərin qaytarılma xərclərini tələblə dövlət—bu dövlətin xərclərin əvəzini hər hansı digər şəxsdən almaq hüququna xələl gətirmədən—ödəyir.
5. Sahib dəyəri miras olaraq, yaxud hər hansı digər təmənnasız qaydada aldığı şəxsdən daha əlverişli vəziyyətdə deyildir.
Maddə 7
1. Bu fəslin müddəaları:
(a) qaytarılma haqqında xahiş təqdim edilərkən mədəni dəyərin çıxarılması artıq qanunsuz olmadıqda;
(b) dəyər onu yaratmış şəxsin sağlığında, yaxud həmin şəxsin ölümündən 50 ilə bərabər müddət keçəndən sonra çıxarıldıqda tətbiq edilmir.
2. Əvvəlki bəndin (b) yarımbəndininin müddəalarına baxmayaraq, bu fəslin müddəaları qəbilənin, yaxud yerli icmanın nümayəndəsi və ya nümayəndələri tərəfindən bu icmanın ənənəvi adət və ayinlərində istifadə üçün yaradılmış mədəni dəyərə tətbiq edilir və dəyər həmin icmaya qaytarılır.
IV fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 8
1. II fəslə müvafiq tələb və III fəslə müvafiq xahiş mədəni dəyərin olduğu Razılığa gələn Dövlətin məhkəmələrindən, yaxud digər səlahiyyətli orqanlarından əlavə Razılığa gələn Dövlətdə qüvvədə olan qaydalara müvafiq olaraq başqa səlahiyyətli orqanlara da verilə bilər.
2. Tərəflər mübahisəni digər məhkəmə, yaxud arbitraj orqanına vermək barədə də razılığa gələ bilərlər.
3. Mədəni dəyərin olduğu Razılığa gələn Dövlətin qanunvericiliyinə müvafiq olaraq mühafizə tədbirləri daxil olmaqla, müvəqqəti tədbirlərdən— Razılığa gələn Dövlətin məhkəmələrinə, yaxud digər səlahiyyətli orqanlarına restitusiya haqqında tələb, yaxud dəyərin qaytarılması barədə xahiş verildikdə belə—istifadə etmək mümkündür.
Maddə 9
1. Bu Konvensiya Razılığa gələn Dövlətin oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəni dəyərlərin restitusiyası, yaxud qaytarılması barədə bu konvensiyada nəzərdə tutulduğundan hər hansı daha əlverişli normalar qəbul etməsinə mane olmur.
2. Bu maddə digər Razılığa gələn Dövlətin məhkəməsinin, yaxud başqa səlahiyyətli orqanın bu Konvensiyanın müddəalarına müvafiq olaraq qəbul etdiyi qərarların tanınmasını və ya yerinə yetirilməsini təmin edən öhdəlik yaratması kimi yozulmur.
Maddə 10
1. II fəslin müddəaları yalnız bu Konvensiya tələbin verildiyi dövlət barəsində qüvvəyə mindikdən sonra oğurlanmış mədəni dəyərlərə münasibətdə tətbiq edilir, əgər:
(a) dəyər Razılığa gələn Dövlətin ərazisindən bu Konvensiya həmin dövlət barəsində qüvvəyə mindikdən sonra oğurlanmışsa; yaxud
(b) dəyər Razılığa gələn Dövlətdə bu Konvensiya həmin dövlət barəsində qüvvəyə mindikdən sonra aşkar edilibsə.
2. III fəslin müddəaları yalnız bu Konvensiya tələblə müraciət edən dövlət, habelə tələbin verildiyi dövlət barəsində qüvvəyə mindikdən sonra qanunsuz çıxarılmış mədəni dəyərlərə münasibətdə tətbiq edilir.
3. Bu Konvensiya o, qüvvəyə minənə qədər baş vermiş hər hansı xarakterli heç bir qanunsuz sövdələşməni, yaxud bu maddənin 1-ci və ya 2-ci bəndlərinə müvafiq olaraq çıxarılmanı heç vəchlə qanuniləşdirmir və dövlətin, yaxud başqa şəxsin bu Konvensiya çərçivəsində bu Konvensiya qüvvəyə minənə qədər oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəni dəyərin restitusiyası, yaxud qaytarılması barədə nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrinə müvafiq tələblər irəli sürmək hüquqlarını qətiyyən məhdudlaşdırmır.
V fəsil
YEKUN MÜDDƏALARI
Maddə 11
1. Bu Konvensiya Diplomatik konfransın YUNİDRUA-nın oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəni dəyərlərin beynəlxalq qaytarılması haqqında konvensiyasının layihəsinin qəbul edilməsinə dair yekun iclasında imzalanmaq üçün açıqdır və bütün dövlətlərin imzalanması üçün 1996-cı il iyunun 30-dək Romada açıq olacaqdır.
2. Bu Konvensiya onu imzalamış dövlətlər tərəfindən ratifikasiya, qəbul edilməli, yaxud bəyənilməlidir.
3. Bu Konvensiyanı imzalamamış bütün dövlətlər o, imzalanmaq üçün açıq olduğu tarixdən ona qoşula bilərlər.
4. Ratifikasiya, qəbul etmə, bəyənmə, yaxud qoşulma müvafiq rəsmi aktın saxlanmaq üçün depozitariyə təhvil verilməsi ilə həyata keçirilir.
Maddə 12
1. Bu Konvensiya ratifikasiya, qəbul etmə, bəyənmə, yaxud qoşulma haqqında beşinci aktın saxlanmağa təhvil verildiyi tarixdən sonra altıncı ayın birinci günü qüvvəyə minir.
2. Bu Konvensiya onu ratifikasiya, qəbul etmə, bəyənmə, yaxud qoşulma haqqında beşinci akt saxlanmağa təhvil veriləndən sonra ratifikasiya, qəbul edən, bəyənən, yaxud ona qoşulan hər bir dövlət barəsində onun ratifikasiya, qəbul etmə, bəyənmə, yaxud qoşulma haqqında aktının saxlanmağa təhvil verildiyi tarixdən sonra altıncı ayın birinci günü qüvvəyə minir.
Maddə 13
1. Bu Konvensiya hər hansı Razılığa gələn Dövlətin üzərinə bu Konvensiya ilə tənzimlənən məsələlərə dair hüquqi öhdəliklər qoyan və müddəaları ehtiva edən heç bir beynəlxalq akta—belə akta müvafiq olaraq öhdəliklərlə bağlı olan dövlətlərin başqa bəyanat verdikləri hallar istisna olmaqla—toxunmur.
2. Hər hansı Razılığa gələn Dövlət bu Konvensiyanı aralarındakı mövcud münasibətlər çərçivəsində daha dəqiq yerinə yetirmək məqsədi ilə bir, yaxud daha çox Razılığa gələn Dövlətlə saziş bağlaya bilər.
3. İqtisadi inteqrasiya təşkilatlarının, yaxud regional orqanların üzvü olan Razılığa gələn Dövlətlər qarşılıqlı münasibətləri çərçivəsində bu təşkilatların, yaxud orqanların beynəlxalq qaydalarını tətbiq edəcəklərini və beləliklə, aralarındakı münasibətlərdə bu konvensiyanın tətbiq dairəsinin həmin qaydalara uyğun gələn müddəalarına riayət etməyəcəklərini bəyan edə bilərlər.
Maddə 14
1. Razılığa gələn Dövlətin bu Konvensiyanın tənzimlədiyi məsələlər barəsində tətbiq edilən müxtəlif qanunvericilik sistemlərinin mövcud olub-olmamasından asılı olmayaraq, iki yaxud daha çox ərazi vahidi varsa, o, imzalama və ya ratifikasiya, qəbul etmə, bəyənmə, yaxud qoşulma haqqında aktını saxlanmağa təhvil verərkən bu Konvensiyanın qüvvəsinin onun bütün ərazi vahidlərinə, yaxud təkcə onların birinə və ya bir neçəsinə şamil olduğunu bəyan edə və istənilən öz bəyanatı əvəzinə digər bəyanat verə bilər.
2. Bu bəyanatlar barəsində bildiriş depozitariyə göndərilir və onlarda bu Konvensiyanın şamil olduğu ərazi vahidləri dəqiq göstərilir.
3. Bu maddə çərçivəsində bəyanata görə, bu Konvensiyanın qüvvəsi Razılığa gələn Dövlətin bütün ərazi vahidlərinə deyil, onların birinə və ya bir neçəsinə şamil edildikdə:
(a) Razılığa gələn Dövlətin ərazisinə 1-ci bənddəki istinad bu dövlətin ərazi vahidinin ərazisinə istinad;
(b) Razılığa gələn Dövlətin, yaxud xahişin ünvanlandığı dövlətin məhkəməsinə və ya digər səlahiyyətli orqanına istinad həmin dövlətin ərazi vahidinin məhkəməsinə və ya digər səlahiyyətli orqanına istinad;
(c) mədəni dəyərin yerləşdiyi Razılığa gələn Dövlətə 8 (1)-ci maddədəki istinad bu dəyərin olduğu həmin dövlətin ərazi vahidinə istinad;
(d) dəyərin olduğu Razılığa gələn Dövlətin qanununa 8 (3)-ci maddədəki istinad dəyərin olduğu bu Dövlətin ərazi vahidinə istinad; və
(e) Razılığa gələn Dövlətə 9-cu maddədəki istinad həmin Dövlətin ərazi vahidinə istinad kimi təfsir edilir.
4. Razılığa gələn Dövlət bu maddənin 1-ci bəndinə müvafiq heç bir bəyanat vermədikdə bu Konvensiyanın qüvvəsi həmin dövlətin bütün ərazi vahidlərinə şamil edilir.
Maddə 15
1. Bu Konvensiyaya müvafiq olaraq imzalama vaxtı verilən bəyanatlar ratifikasiya, qoşulma, yaxud bəyənmə zamanı təsdiqlənməlidir.
2. Bəyanatlar yazılı şəkildə verilir və təsdiqlənir və onlar haqqında rəsmi bildiriş depozitariyə göndərilir.
3. Bəyanat bu Konvensiyanın müvafiq dövlət barəsində qüvvəyə minməsi ilə eyni vaxtda qüvvəyə minir. Bununla belə, depozitarinin bu cür qüvvəyə minmədən sonra aldığı bəyanat, rəsmi bildiriş onun saxlanmağa təhvil verildiyi tarixdən sonra altıncı ayın birinci günü qüvvəyə minir.
4. Bu Konvensiyaya müvafiq olaraq bəyanat verən hər hansı dövlət depozitariyə göndərilən rəsmi yazılı bildiriş yolu ilə onun iştirakçısı olmasına xitam verə bilər. Belə xitamvermə bildirişin saxlanmağa təhvil verildiyi tarixdən sonra altıncı ayın birinci günü qüvvəyə minir.
Maddə 16
1. Hər bir Razılığa gələn Dövlət imzalama, ratifikasiya, qəbuletmə, bəyənmə, yaxud qoşulma zamanı bəyanat verir ki, dövlətin, 8-ci maddəyə müvafiq olaraq, restitusiya tələbi, yaxud mədəni dəyərin qaytarılması haqqında xahişi ona aşağıdakı bir və ya bir neçə proseduraya müvafiq surətdə:
(a) bilavasitə bəyanat verən dövlətin məhkəmələrinə, yaxud digər səlahiyyətli orqanlarına;
(b) həmin dövlətin bu cür tələbləri, yaxud xahişləri almağa müvəkkil etdiyi orqan və ya orqanlar vasitəsilə bu dövlətin məhkəmələrinə, yaxud digər səlahiyyətli orqanlarına;
(c) diplomatik, yaxud konsulluq kanalları vasitəsilə göndərilə bilər.
2. Hər bir Razılığa gələn Dövlət II və III fəsillərin müddəalarına müvafiq olaraq mədəni dəyərin restitusiyası, yaxud qaytarılması üçün məhkəmələr, yaxud digər səlahiyyətli orqanlar təyin edə bilər.
3. Bu maddənin 1 və 2-ci bəndlərinə müvafiq verilən bəyanatlarda istənilən vaxt yeni bəyanatlar verməklə düzəliş edilə bilər.
4. Bu maddənin 1—3-cü bəndləri Razılığa gələn Dövlətlər arasında mövcud ola bilən mülki və kommersiya məsələləri barəsində məhkəmə yardımı haqqında ikitərəfli, yaxud çoxtərəfli sazişlərə toxunmur.
Maddə 17
Hər bir Razılığa gələn Dövlət ratifikasiya, qəbul etmə, bəyənmə, yaxud qoşulma haqqında aktını saxlanmağa təhvil verdiyi tarixdən sonra altı aydan gec olmayaraq depozitariyə onun mədəni dəyərlərinin çıxarılmasına dair qanunvericiliyi barədə konvensiyanın rəsmi dillərindən birində yazılı şəkildə məlumat verir. Bu məlumat vaxtaşırı lazımi qaydada təzələnir.
Maddə 18
Bu Konvensiyanın müddəalarında, birbaşa nəzərdə tutulanlar istisna olmaqla, heç bir qeyd-şərtə yol verilmir.
Maddə 19
1. İstənilən iştirakçı-dövlət bu Konvensiya həmin dövlət barəsində qüvvəyə mindikdən sonra istənilən vaxt müvafiq aktı saxlanmaq üçün depozitariyə təhvil verməklə denonsasiya edə bilər.
2. Denonsasiya bu haqda akt depozitariyə saxlanmağa təhvil veriləndən sonra altıncı ayın birinci günü qüvvəyə minir. Denonsasiya haqda aktda onun qüvvəyə minməsi üçün daha uzun müddət göstərilərsə, o, depozitariyə saxlanmağa təhvil veriləndən belə uzun müddət keçdikdən sonra həyata keçirilir.
3. Bu cür denonsasiyaya baxmayaraq, Konvensiya, bununla belə, restitusiya tələbi, yaxud mədəni dəyərin qaytarılması haqqında xahiş barəsində denonsasiyanın qüvvəyə mindiyi tarixə qədər tətbiq edilir.
Maddə 20
Beynəlxalq xüsusi hüququ unifikasiya institutunun (YUNİDRUA) prezidenti müntəzəm fasilələrlə, yaxud istənilən vaxt beş Razılığa gələn Dövlətin xahişi ilə bu Konvensiyanın əməli surətdə yerinə yetirilməsi məsələlərini müzakirə etmək məqsədi ilə xüsusi komitə təşkil edə bilər.
Maddə 21
1. Bu Konvensiya İtaliya Respublikasının hökumətində saxlanılır.
2. İtaliya Respublikasının hökuməti:
(a) bu Konvensiyanı imzalamış, yaxud ona qoşulmuş bütün dövlətlərə və Beynəlxalq xüsusi hüquqi unifikasiya institutunun (YUNİDRUA) prezidentinə:
(i) müvafiq tarixlər göstərilməklə hər bir imzalanma və ya ratifikasiya, qəbuletmə, bəyənmə, yaxud qoşulma haqqında aktın saxlanmağa təhvil verilməsi;
(ii) bu Konvensiyaya müvafiq olaraq verilmiş hər bir bəyanat;
(iii) hər hansı bəyanatın geri götürülməsi;
(iv) bu Konvensiyanın qüvvəyə minmə tarixi;
(v) 13-cü maddədə xatırlanan sazişlər;
(vi) bu Konvensiyanın denonsasiyası haqqında aktın saxlanmağa təhvil verilməsi—saxlanmağa təhvil verilmə tarixi və onun qüvvəyə minmə tarixi göstərilməklə—məlumat verir.
(b) bu Konvensiyanın əslinin təsdiqlənmiş nüsxələrini bu Konvensiyanı imzalamış bütün dövlətlərə, ona qoşulmuş bütün dövlətlərə və Beynəlxalq xüsusi hüquqi unifikasiya institutunun (YUNİDRUA) prezidentinə göndərir.
(c) adətən depozitarinin rolu ilə bağlı bütün digər funksiyaları yerinə yetirir.
Bunun təsdiqi olaraq, aşağıda imza edən səlahiyyətli və lazımi qaydada müvəkkil olunmuş şəxslər bu Konvensiyanı imzaladılar.
Romada, min doqquz yüz doxsan beşinci il iyunun iyirmi dördündə bir nüsxədə, hər iki mətni eyni qüvvəyə malik ingilis və fransız dillərində tərtib edildi.
Əlavə
(a) paleontologiya üçün maraq doğuran nadir flora və fauna, mineralogiya, anatomiya kolleksiyaları, nümunələri və əşyalar;
(b) elm və texnikanın tarixi, müharibə və cəmiyyətlərin tarixi daxil olmaqla, tarixə aid, habelə milli xadimlərin, mütəfəkkirlərin, alimlərin və artistlərin həyatları və böyük milli hadisələrlə bağlı dəyərlər;
(c) arxeoloji tapıntılar (adi və məxfi tapıntılar daxil olmaqla) və arxeoloji kəşflər;
(d) parçalanmış bədii və tarixi abidələrin və arxeoloji yerlərin tərkib hissələri;
(e) 100 ildən çox tarixi olan kitabələr, sikkələr və möhürlər kimi qədimi əşyalar;
(f) etnoloji materiallar;
(g) bədii dəyərlər, yəni:
(i) hər hansı əsasda və istənilən materialdan hazırlanan, bütövlükdə əl işi olan tablolar, şəkillər və rəsmlər (çertyojlar və əllə bəzədilmiş sənaye məmulatları istisna olunmaqla);
(ii) istənilən materialdan hazırlanmış orijinal heykәltәraşlıq sənəti əsərləri;
(iii) orijinal qravüralar, estamplar və litoqrafiyalar;
(iv) istənilən materialdan orijinal bədii seçmələr və montajlar;
(h) ayrı-ayrılıqda, yaxud kolleksiyada xüsusi maraq (tarixi, bədii, elmi, ədəbi və i.a.) doğuran nadir əlyazmaları və inkunabulalar, qədimi kitablar, sənədlər və nəşrlər;
(i) ayrı-ayrılıqda, yaxud kolleksiyada poçt markaları, vergi markaları və ona bənzər markalar;
(j) fono, foto və kino arxivləri daxil olmaqla, arxivlər;
(k) 100 ildən çox tarixi olan mebel və qədimi musiqi alətləri.
* Bu Konvensiya ingilis və fransız dillərində qəbul edilmişdir. Həm də, hər iki mətn eyni qüvvəyə malikdir. YUNESKO-nun ərəb, ispan, Çin və rus dillərində təqdim etdiyi mətnlər qeyri-rəsmidir.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.