AZ   |   EN

Lənkəran şəhərinin “qastronomiya” tematikası 

Lənkəran şəhəri Azərbaycanın cənub-şərqində, Xəzər dənizi sahilində, Bakı-Astara dəmir yolu istiqamətində, Bakıdan 268 km məsafədə yerləşir. Əsasən Lənkəran ovalığında, qismən Alaşar-Burovar silsiləsinin ətəklərində yerləşir. Şəhərin əhalisi 52 952 nəfərdir (2020-ci ilin 1 yanvar statistikasına görə).

Lənkəran sözünün mənşəyini araşdırmaq məqsədilə ilk dəfə bu adın işləndiyi tarixə nəzər salınmalıdır. Lənkəran adına ilk dəfə orta əsr mənbələrində rast gəlinir. Bununla bağlı ilk məlumata Təvəkkül ibn Bəzzazın 1357-ci ildə yazdığı "Səfvətüs-səfa" əsərində “Ləngərkonan” yaşayış yeri kimi rast gəlinir. Ümumiyyətlə tədqiqatçılar "Lənkəran" yer adının XV-XVI əsrlərdə mövcud olduğunu qeyd edirlər. 

Tədqiqatçıların bir qismi "Lənkəran" sözünün farsca əmələ gəldiyini, digər qismi isə talış dilində götürüldüyünü irəli sürmüşdür. Məsələn, V.A. Nikonovun redaktəsi ilə Moskvada 1906-cı ildə buraxılmış coğrafi adlar lüğətində "Lənkəran" sözü "lövbər atılan yer" mənasında işlənmişdir (V.A. Nikonov. Müxtəsər toponimiya lüğəti, M., 1906, səh. 232).

Tarixçi-etnoqraf Səidəli Kazımbəyoğlu "Səidiyyə" və Mirzə Əhməd Xudaverdi oğlu "Tarixi Lənkəran və Talış" əsərlərində "Lənkəran" sözünün "Ləngərkünan" kəlməsindən yarandığını ehtimal etmişlər.

Lənkəranın salındığı tarix dəqiq müəyyənləşdirilməmişdir. Tarix və etnoqrafiyaya aid bir sıra kitablarda şəhərin adı müxtəlif şəkillərdə - Ləngərgünan, Lankon, Leynəkəran, Lenkoran, Leqokoran və s. kimi göstərilir.

"Lənkəran bölgəsi ayrı-ayrı dövrlərdə müxtəlif Azərbaycan dövlətlərinin - Manna, Atropatena, Sacilər, Salarilər, Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilərin tərkibində olub. Bölgə ərazisində aparılmış arxeoloji qazıntılar bu yerlərdə hələ tunc dövründən, yəni eramızdan əvvəl III-II minilliklərdə insanların yaşadığını təsdiq edir. Əlverişli iqtisadi-coğrafi mövqeyi, füsunkar təbiəti, geniş əlaqələri, Qərblə Şərqi birləşdirən əsas karvan yollarının üstündə və Xəzər dənizi sahillərində yerləşməsi onun inkişafını xeyli sürətləndirib" (S. Abdullayeva. Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Lənkəranın yeri və rolu, "525-ci qəzet", 12-13.11.2015).

XVIII əsrin axırları XIX əsrin əvvəllərində Lənkəran Gilan hakimlərinin, Ağa Məhəmməd şah Qacarın, daha sonra İran hakimi Fətəli şahın talanlarına məruz qalmış, dəfələrlə dağıdılmışdır. İran təcavüzkarları ilə təklikdə mübarizə aparmaq iqtidarında olmayan Talış hakimi Mirmustafa xan rusların köməyinə müraciət etmək məcburiyyətində qalmışdır.

Lənkəran XVIII əsrə qədər kiçik yaşayış məntəqəsi olub. I Pyotrun İrana göndərdiyi səfir Artemiy Volonskinin yazdığına görə, o vaxtlar Lənkəranda 200-ə yaxın ev olub. "XVIII əsrin ikinci yarısından Lənkəran inkişaf etməyə başladı. Qara xanın hakimiyyəti dövründə (1747-1786) Talış xanlığının mərkəzi Astaradan Lənkərana köçürüldü. Lənkəranın iqtisadi, siyasi və mədəni həyatında müsbət irəliləyiş oldu; sənətkarlıq və ticarət inkişaf etdi. İran, Orta Asiya, Hindistan, Rusiya ilə ticarətdə Lənkəran mühüm rol oynamağa başladı. Lənkəran Xəzər dənizinin əsas limanlarından hesab edilirdi. XVIII əsrdə Lənkəranda müdafiə qalası tikilmişdi. XVIII əsrin sonlarında Ağa Məhəmməd şah Qacarın qoşunları Lənkərana hücum etdi. 1812-ci ildə Lənkəran qalası yaxınlığında İran və Rusiya qoşunları arasında vuruşma oldu. 1813-cü il yanvarın 1-də general P.S. Kotlyarevskinin başçılığı ilə rus qoşunları qəti hücumla Lənkəranı tutdu. Gülüstan sülh müqaviləsinə (1813) əsasən Lənkəran Rusiyaya birləşdirildi və qəza mərkəzinə çevrildi" (ASE, VI cild, B., 1982, səh. 213).

Lənkəranın əlverişli yerdə, başqa yerlərlə karvan və dəniz yolu ilə əlaqə saxlamaq imkanına malik olması 1747-ci ildə onun Talış xanlığının paytaxtına çevrilməsinə səbəb olmuşdur.

1826-cı ildə çar hökuməti Talışda xanlıq üsul-idarəsini həmişəlik ləğv etmiş və Rusiya imperiyasının əyalətlərindən birinə çevrilmişdir. 1896-cı ildə Lənkəranda şəhər özünüidarəsi yaradılmışdır.

Sonrakı illərdə də Lənkəranın tarixi salnaməsinə yeni səhifələr yazılmışdır. "Fevral burjua-demokratik inqilabından (1917) sonra Lənkəranda Sovetlər təşkil edildi. 1918-ci il aprelin 14-də Lənkəranda Sovet hakimiyyəti quruldu. 1918-ci ilin yayında xarici müdaxiləçilər və daxili əksinqilabçıların təzyiqi nəticəsində Lənkəranda Sovet hakimiyyəti devrildi. 1919-cu il aprelin 25-də Lənkəranda Sovet hakimiyyəti bərpa olundu (bax Muğan Sovet Respublikası). 1919-cu il iyulun 28-də Lənkəranda Sovet hakimiyyəti yenidən süqut etdi. 1920-ci il mayın 3-də Lənkəranda Sovet hakimiyyəti qələbə çaldı" (Yenə orada, səh. 213).

Yer kürəsinin subtropik iqlim qurşağında yerləşən Lənkəran MDB ölkələrində ikinci rütubətli subtropik rayonudur. Buranın iqlimi Aralıq dənizi iqlimi tipində olub payız, qış və yaz fəsillərinin mülayim və yay aylarının isti və quru keçməsi ilə səciyyələnir. 

Bugün Lənkəran müstəqil Azərbaycan dövlətinin günü-gündən inkişaf edən şəhərlərindən biridir. Lənkəran tarixən özünün yüksək keyfiyyətli ətirli çayı, düyüsü, faraş tərəvəzi, sitrus meyvələri, gözəl təbiəti və təbii ehtiyatları ilə şöhrət qazanıb. Sevindirici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyevin davamlı diqqəti və qayğısı ilə bu gözəl ənənə bu gün də davam edir, göstərilən sahələr üzrə rayonda yüksək nəticələr əldə olunur. Çayçılıq subtropik zonada yerləşən Lənkəranda kənd təsərrüfatının prioritet istiqamətlərindəndir.

Lənkəranda ən məşhur yerli təam ləvəngidir. Bu yemək içərisi lavaşa, qoz, soğan və sumaxla doldurulmuş toyuq, yaxud balıqdan hazırlanır və ənənəvi olaraq təndir çörəyi bişirmək üçün istifadə olunan silindrik formalı gil təndir sobaların içərisində bişirilir. Eyni zamanda digər təamlar - külçə, boranı və mərci plovları, həmçinin fisincan və balıqdan hazırlanan onlarla yemək bu zəngin mətbəxə daxildir. Vegetarian yeməklərdən soğan və göyərtilərlə hazırlanan və nazik lavaş çörəyi ilə süfrəyə verilən kükünü göstərmək olar. Bütün bunlar Lənkəranın qastronomiya sahəsində nə qədər zəngin bir şəhər olmasının göstəricisidir.

2021-ci il noyabrın 8-də Azərbaycan Respublikasının UNESCO yanındakı Daimi nümayəndəliyinin səyləri nəticəsində Lənkəran şəhəri şəbəkənin “qastronomiya” tematikası üzrə yaradıcı şəhərlər siyahısına salınıb.

UNESCO-nun baş direktoru Odre Azulenin qərarı ilə “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına 49 şəhər daxil edilib. Şəbəkə yerli kollektivlərdə böyük maraq yaradıb və yeni siyahı ilə şəhərlərin tipologiyasının və coğrafi balansının müxtəlifliyini əks etdirir. 2004-cü ildən bəri şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi tematika üzrə müəyyən olunur: incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi.

Şəbəkəyə davamlı şəhər strategiyasını inkişaf etdirmək üçün mədəniyyət və yaradıcılığa – sənətkarlıq və xalq sənəti, dizayn, kino, qastronomiya, ədəbiyyat, media sənəti və musiqiyə sərmayə qoyan 90 ölkəni əhatə edən 295 şəhər daxildir.

2021-ci il Dünya Şəhərlər Günü münasibətilə UNESCO-nun Şəhərlər Platforması tərəfindən Azərbaycanın Lənkəran şəhəri “qastronomiya” tematikası üzrə yaradıcı şəhərlər sırasına daxil olub. Bu, Azərbaycanın yaradıcı şəhərlər siyahısında 3-cü şəhəridir. 

2017-ci il 31 oktyabrda Şəki şəhəri “sənətkarlıq və xalq yaradıcılığı” üzrə, 2019-cu il 31 oktyabrda isə Bakı şəhəri “dizayn” tematikası üzrə “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edib.


 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.