Azıx və Tağlar mağaraları - Azərbaycanın tarixdən əvvəlki yerləri
Qarabağda Azərbaycanın zəngin tarixinə aid yüzlərlə arxeoloji abidələr var. Bunlardan ən məşhurları Azıx və Tağlar mağara düşərgələridir.
Azıx mağarası hələ insan mövcud olmayanda, süxurların su ilə yuyulması nəticəsində yaranıb. Onu məhz Qədim Daş dövrü abidəsi kimi 1960-cı ildə azərbaycanlı arxeoloq alim Məmmədəli Hüseynov kəşf edib. Sadəcə olaraq, Qədim Daş dövrünün son mərhələlərinə (150 min əvvələ) aid alətlər 2-3 metr dərinlikdə aşkarlanıb və o daşların arasında insan fəaliyyətini görmək üçün bu dövr üzrə yüksək səviyyəli peşəkar mütəxəssis olmaq vacib idi. 1960-cı ildə isə Azərbaycanda bu dövr üzrə yeganə mütəxəssis tarix elmləri doktoru Məmmədəli Hüseynov idi. Təsadüfi deyil ki, biz onu Azərbaycanda qədim daş dövrü üzrə elmin banisi adlandırırlar.
Mağaranın qazılmış çöküntülərinin ümumi qalınlığı 14,5 metrdir və onları prof. M.Hüseynov 10 təbəqəyə ayırıb. İlk on metr 1-6-cı təbəqələri əhatə edir. Qalan 4,5 metr 7-10-cu təbəqələrdir. Birinci üst təbəqədə yaşayış olmayıb. Lakin son 3-4 min il ərzində, eyni zamanda, orta əsrlərdə mağaraya asan girmək imkanı olana qədər orada əksər hallarda mal-qara otaran çobanlar sığınacaq tapırdılar. Bunu arxeoloqlar mağaranın üst təbəqəsində həmin dövrlərə aid bir neçə saxsı qırıqları taparaq müəyyən ediblər. Sadəcə olaraq müasir dövrdə çobanlar özləri ilə suyu plastik qabda daşıyırlar, ondan əvvəl şüşə qabda, qədimdə isə saxsı qabda daşıyırdılar və qırıntılar da həmin dövrə aiddir.
Azıx mağarası (azıx- qədim tük dillərində ayı deməkdir) dünyada sayı az olan qədim mağara tipli insan düşərgəsindən biridir. Aşağı Antropogen dövrünə aid yeganə çoxtəbəqəli abidədir. Azərbaycan ərazisində təqribən milyon il bundan əvvəl yaşayış olduğunu sübut edən mağara arxantropların və daha qədim adamların məskəni və emalatxanası olmuşdur. Mağarada bir-biri ilə dar keçidlərlə birləşən 6 salon var. Azıx mağarasında Aşöl dövründə yaşamış ibtidai insanın çənə sümüyünün bir hissəsi tapılmışdır (dünyada üçüncü tapıntıdır). Bu Azərbaycanın qədim insanların formalaşdığı əraziyə daxil olduğunu sübut edir. Burada müxtəlif dövrlərə aid qalınlığı 10-14 m olan 10 təbəqə aşkar edilmişdir. Aşağı Paleolitə aid təbəqələrdən tapılan 30 mindən çox daşlaşmış heyvan və nadir hallarda balıq sümüyü mağaranın sakinlərinin yığıcılıqla bərabər ovçuluq və balıqşılıqla da məşğul olduqlarını sübut edir. Son qazıntılar dövründə Aşöl təbəqəsində 4 ocaq yeri üzə çıxarılmışdır.
Azıx mağarası Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında, Qarabağın Xocavənd rayonunun Azıx və Salakətin kəndləri arasında, Füzuli şəhərindən 14 km məsafədə olan Quruçay ərazisində yerləşdiyi üçün bu qədim yaşayış kompleksi "Quruçay mədəniyyəti" adlandırılır.
Dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmış mağaralardan biri də Tağlar mağara düşərgəsidir. Mağara düşərgəsi Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisində, Azıx mağarasından 3 kilometr qərbdə yerləşir.
Tağlar mağara düşərgəsi Mustye mədəniyyəti kimi elmi ədəbiyyata daxil olan Orta Paleolit dövrü üçün ölkəmizdə ən yaxşı öyrənilmiş arxeoloji abidələrdən biri hesab olunur. Həmin dövrdə Azərbaycan ərazisində yaşayan qədim insanlar daha geniş ərazilərə yayılaraq Kiçik Qafqazın cənub-şərq yamaclarında, Naxçıvan, Qarabağ, Qazax bölgələrində məskən salıblar. Arxeoloqlarımız Naxçıvanda Qazma, Qazaxda Damcılı və Qarabağda Tağlar mağaralarında Orta Paleolit dövrünə aid zəngin maddi mədəniyyət nümunələri aşkar edərək öyrəniblər.
Tağlar mağara düşərgəsində 1963-1978-ci illərdə arxeoloqlar Мəmmədəli Hüseynov və Əsədulla Cəfərov tərəfindən tədqiqat işləri aparılıb. Bu zaman altı mədəni təbəqə aşkar olunub. Мustye dövrünə aid olan ikinci-altıncı təbəqələr maddi mədəniyyət qalıqları ilə daha zəngin olub. Qazıntı zamanı xeyli daş məmulatı və fauna qalıqları aşkarlanıb. Məlum olub ki, Tağlar mağarasının sakinləri başlıca olaraq maral, dağkeçisi ovlayıblar. İkinci təbəqədə maral sümükləri ilə bərabər qaban, ayı, porsuq sümüklərinin tapılması ərazinin həmin dövrdə meşəlik olmasından, 3-cü və 4-cü təbəqələrdə tapılan keçi sümükləri isə quru iqlim şəraitindən xəbər verir. Mağara sakinləri, əsasən şist, çaxmaqdaşı və obsidiandan istifadə ediblər. Aparılan arxeoloji qazıntılar zamanı 8 mindən artıq daş məmulatı və 600 mindən çox ovlanmış heyvan sümükləri tapılıb. Tağlar mağara düşərgəsində aparılan arxeoloji tədqiqatlar ölkə ərazisində Mustye mədəniyyətinin özünəməxsus xüsusiyyətləri olduğunu göstərib.
İşğal dövründə Ermənistan tərəfindən digər tarix-mədəniyyət abidələrimiz kimi Azıx və Tağlar mağaralarında da qanunsuz qazıntı işləri aparılıb, arxeoloji abidəyə müdaxilələr olunub.
Qeyd edək ki, Azıx mağarasında aparılan bu qanunsuz tədqiqatlara qarşı Azərbaycanın müvafiq elmi qurumları da hərəkətə keçmiş, istər beynəlxalq səviyyədə, istərsə də regional səviyyədə mövcud elmi sübutlar əsasında ermənilərin və onların havadarlarının bu qanunsuz əməllərini ifşa etmişlər. 2002-ci ildə Beynəlxalq "İNTAS-2000" proqramına uyğun olaraq, Avropa ölkələrindən 22 görkəmli alim başda professor Henri dö Lümley olmaqla Bakıya gəlmiş, çoxtəbəqəli Azıx, Tağlar, Qazma və digər düşərgələrdən tapılmış maddi mədəniyyət qalıqları ilə tanış olaraq, bu tapıntıların dünya arxeologiya, paleoantologiya və paleoantropologiya elmləri üçün müstəsna elmi əhəmiyyəti olduğunu yekdilliklə qəbul etmişlər.
Hazırda isə işğaldan azad edilmiş ərazilərimizdə yerləşən tarix-mədəniyyət abidələrinin qorunması, bərpa və konservasiyası istiqamətində mühüm işlər həyata keçirilməkdədir. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də elə Azıx və Tağlar mağara düşərgələri ilə bağlıdır. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Xocavənd rayonunda yerləşən “Azıx-Tağlar mağara düşərgələri” Dövlət Tarix-Arxeoloji Qoruğunun təsis edilməsi ilə bağlı müvafiq addımlar atılmışdır.
Azərbaycanın Qarabağ bölgəsində yerləşən “Azıx və Tağlar mağaraları- Azərbaycanın tarixdən əvvəlki yerləri” adlı nominasiya 2023-cü il 23 sentyabrda UNESCO-nun Ümumdünya İrs Komitəsinin Ər-Riyadda keçirilən 45-ci sessiyasının qərarı ilə İlkin siyahıya (Tentative List) daxil edilib.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.