AZ   |   EN

2014-cü il yanvarın 24-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Gənc Peşəkar Əməkdaş (GPƏ) Proqramının təşkili haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2014-cü il yanvarın 24-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Gənc Peşəkar Əməkdaş (GPƏ) Proqramının təşkili haqqında Saziş” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatını xəbərdar etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart 2014-cü il
№125

Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Gənc Peşəkar Əməkdaş (GPƏ) Proqramının təşkili haqqında
 
SAZİŞ

Gənc universitet məzunları və gənc ixtisaslı peşəkarların (bundan sonra "Gənc Peşəkar Əməkdaş" - GPƏ) çoxtərəfli texniki əməkdaşlıqda iş təcrübəsi əldə etmələri, YUNESKO-nun baş mənzil qərargahında, sahə ofislərində və institutlarında təlim keçmələri, işlə tanış olmaları və YUNESKO-nun GPƏ-si kimi xidmət göstərmələri üçün Azərbaycan Respublikası Hökumətinin (bundan sonra "Hökumət") və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (bundan sonra "YUNESKO") qarşılıqlı istəklərini nəzərə alaraq,

Azərbaycanın gənc peşəkarlarının YUNESKO-ya dəstəyinin Hökumət və YUNESKO arasında 2013-cü il 18 iyul tarixində imzalanmış Çərçivə Sazişində göstərilən əməkdaşlıq formalarından biri olduğundan çıxış edərək,

Hökumət və YUNESKO aşağıdakılar barədə razılığa gəldilər:

1. Hökumət aşağıdakı prinsiplərə uyğun olaraq, YUNESKO-nun proqram və layihələri, eləcə də YUNESKO-nun icraçı agentlik qismində və ya digər razılaşdırılmış vəzifələrin yerinə yetirilməsi məqsədi ilə təyin edildiyi layihələr üçün GPƏ təmin etmək niyyətindədir:

a) GPƏ YUNESKO-nun xüsusi sorğularına cavab olaraq təmin edilir; bu mütəxəssislər baş mütəxəssislərə kömək etmək üçün təyin olunurlar. GPƏ-nin standart təyinat müddəti iki il təşkil edəcəkdir. Təyinatın ümumi müddəti dörd ili keçməməlidir. Heç bir GPƏ bir ölkəyə həmin ölkənin hökumətinin icazəsi olmadan göndərilmir və ya sonuncunun icazəsi olmadan orada qalmır.

b) GPƏ-nin təyinatı ilə bağlı son qərarı YUNESKO-nun Baş katibi verir.

c) GPƏ YUNESKO-ya təyinat müddətində beynəlxalq təşkilatın əməkdaşı olaraq YUNESKO-nun heyətinə dair tənzimləmələrə və qaydalara, həmçinin onlara bundan sonra ediləcək dəyişikliklərə riayət edir.

d) Hökumət GPƏ-nin YUNESKO-ya təyinatı ilə bağlı bu Sazişin 6-cı maddəsinə uyğun olaraq bütün xərcləri ödəməyi öz öhdəsinə götürür.

e) GPƏ-nin təyinatı ilə bağlı bütün xərclər "Hökumət və YUNESKO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq haqqında" Çərçivə Sazişinə əsasən yaradılmış Azərbaycan/YUNESKO Etimad Fondundan ödəniləcəkdir.

2. YUNESKO GPƏ üçün tələblər haqqında məlumatı işə aid vəzifələri əks etdirən sənəd formasında Hökumətə təqdim etməyi öhdəsinə götürür.

3. Göstərilmiş müddət ərzində hər hansı müəyyən edilmiş sayda GPƏ-nin təmin edilməsi ilə bağlı müddəanın olmamasına baxmayaraq, Hökumət bu Sazişin 2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş sorğuya əsasən, GPƏ-ni təmin etməyə hazır olub-olmamasını mümkün qədər qısa müddətdə bildirməyi öhdəsinə götürür. Belə olan təqdirdə, Hökumət müvafiq namizədlərin müəyyən edilməsi üçün bütün səylərin göstərilməsini və ağlabatan müddət ərzində YUNESKO-ya nəticələr barədə tövsiyə verməyi öhdəsinə götürür.

4. Hər bir GPƏ on iki aylıq ilkin müddətə təyin olunur. Kontrakt bütün tərəflərin - Hökumət, YUNESKO və GPƏ-nin razılığı, GPƏ-nin qənaətbəxş fəaliyyəti və növbəti kontrakt müddəti üçün maliyyə vəsaitlərinin alınması əsasında, maksimum 4 il olmaqla, növbəti on iki aylıq müddətlərə uzadıla bilər.

5. İşə götürmə prosesi və sınaq təyinatının tarixinin müəyyən edilməsindən sonra GPƏ müəyyən edilən kimi, Hökumət bu Sazişin 6-cı maddəsində göstərilən ödənişlər üçün nəzərdə tutulan məbləği ödəyir. Məbləğ YUNESKO-nun təsis etdiyi hesaba qoyulur, YUNESKO zərurət yarandıqca bundan istifadə edir. Eyni prosedur bu Sazişin 4-cü maddəsinə uyğun olaraq GPƏ-nin ilkin xidmət müddətinin uzadılmasına da tətbiq olunur.

6. YUNESKO bu hesabdan GPƏ-nin təyinatı ilə bağlı YUNESKO-nun tətbiq olunan qaydaları, tənzimləmələri və inzibati direktivləri əsasında bütün xərcləri aşağıdakı qaydada ödəyir:

a) maaş və müavinətlər;

b) heyət haqqında tənzimləmələr və qaydalara uyğun olaraq, GPƏ-nin təyin edildiyi vəzifə yerinə aparılması və gətirilməsi, digər nəzərdə tutulmuş səfəri, həmçinin təyinat ilə bağlı iş səfəri;

c) himayələrində olan şəxslərin vəzifə yerlərinə aparılması, gətirilməsi və digər nəzərdə tutulmuş səfəri;

d) YUNESKO tərəfindən dəyən zərər və xərclərin əvəzinin YUNESKO-nun Heyətin Kompensasiya Planı, əgər uyğun olarsa, GPƏ-nin BMT-nin Birgə Heyət Pensiya Fondunda iştirakı və tibbi müavinət fondu çərçivəsində ödənilməsi;

e) işlə bağlı təlim və/və ya missiyalarda iştirak etmək üçün təlim büdcəsi;

f) bu maddədə göstərilən xərclər üzrə sabit on iki faizlə (12%) hesablanan inzibati xərclərin əvəzinin ödənilməsi.

7. Bu Sazişin 6-cı maddəsinə uyğun olaraq hesabla bağlı ödənişlər YUNESKO-nun tətbiq etdiyi mübadilə məzənnələrinə uyğun olaraq ABŞ dolları ilə aparılır.

8. İl sonu hesabatlar hazır olan kimi və hər ilin 30 aprel tarixindən gec olmamaq şərti ilə, YUNESKO ötən ilin 31 dekabr tarixinə qədər nağd pul köçürmələri və xərcləri göstərən, bütün GPƏ üçün icmal və ətraflı cədvəllərdən ibarət olan illik maliyyə hesabatını Hökumətə təqdim edir. YUNESKO maliyyə qaydalarına uyğun olaraq pul vəsaitlərini idarə edir və onlara görə hesabat verir. Maliyyə vəsaitləri YUNESKO-nun iki ildən bir hazırlanan Auditdən keçmiş Maliyyə Hesabatlan və Maliyyə Bəyanatlarında göstərildiyi kimi, hesab balanslarının təsdiqlənməsini ehtiva edən proqram etibarlı fondlara tətbiq edilən xarici audit proseduruna məruz qalır.

9. Bu Sazişin təfsiri və ya tətbiqi zamanı yarana biləcək fikir ayrılıqları Hökumət və YUNESKO arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.

10. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Azərbaycan Respublikasının yazılı bildirişinin YUNESKO tərəfindən diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.

11. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və bu Sazişin Tərəflərindən biri onu ləğv etmək niyyəti barədə ən azı 3 (üç) ay öncədən digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərmədiyi müddətdə qüvvədə qalır.

12. Hökumətin və YUNESKO-nun qarşılıqlı razılığı ilə bu Sazişə əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Sazişin 10-cu maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.

12. Bu Sazişin ləğv edilməsi mövcud olan və ya davam edən GPƏ kontraktlarına təsir etməyəcəkdır.

Paris şəhərində 24 yanvar 2014-cü il tarixində hər biri Azərbaycan və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin müddəalarının təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
 
Azərbaycan Respublikası Hökuməti adından                                                            YUNESKO adından
Elmar MƏMMƏDYAROV,                                                                                                  İrina BOKOVA,
xarici işlər naziri                                                                                                                Baş direktor


 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.