Qız Qalası
Qız qalası memarlıq formasına görə Şərqdə yeganə abidədir. Tədqiqatçılar qalanı XII əsrə aid edirlər. Qalanın daş kitabəsində kufi xətti ilə Məsud Davud oğlunun (“Qübbə Məsud bin Davud”) adı həkk edilmişdir; bu yazı Məsudu Qız qalasının memarı hesab etməyə imkan verir. Əhəng daşından tikilmiş qala nəhəng qaya üzərində salınmışdır. Abidənin hündürlüyü 28 m, diametri 16-16.5 m-dir. Divarın qalınlığı aşağıda 5 m, yuxarıda 4 m olan Qız qalası silindrik hissədən və ona bitişik bütöv çıxıntıdan ibarət orijinal quruluşa malikdir. Bəzən bu çıxıntını kontrfors (dayaqdivar) da adlandırırlar. Silindrik hissə daxildə səkkiz mərtəbəlidir. Mərtəbələr yonma daşlardan hörülmüş günbəzlərlə örtülmüşdür. Birinci mərtəbə ilə ikinci mərtəbə arasında isə Abşeronun digər qalalarında olduğu kimi, təhlükə zamanı tez yığışdırılan qoyma və yaxud kəndir nərdivanla əlaqə yaradılırdı. Üçüncü mərtəbənin döşəməsindən başlayan quyu divarın içi ilə qayanın altındakı su təbəqəsinə çatır. Bu quyu qala içərisində daldalananları su ilə təchiz edirdi.
Mərtəbələrasası əlaqə qalanın cənub-şərq divarının içərisində düzəldilmiş pilləkənlər vasitəsilə saxlanılır. Bu mərtəbələrdə 250-dək adam yerləşə bilər. 1-ci mərtəbənin hündürlüyü 3 m, qalan mərtəbələr isə 2.5 m-dir. Bu quruluş abidənin müdafiə və sığınacaq xarakterli olması ilə əlaqədardır. XVIII – XIX əsrlərdə qaladan gözətçi məntəqəsi və mayak kimi istifadə olunurdu. Silindrik gövdəyə bitişik çıxıntının yuxarı meydançasından da müdafiə üçün istifadə olunduğu güman edilir. Qız qalasının hörgüsündəki müxtəlifliyi (12 m-dək hamar , 12 m-dən yuxarı yonma daşların növbə ilə batıq və çıxıntılı hörqlməsi) bəzi tədqiqatçılar Qız qalasının aşağı hissəsinin V – VI əsrlərə aid olması və kitabənin sonradan səlcuq sultanı Mahmudun nəvəsi Məsudun adını əbədiləşdirmək üçün qala divarına qoydurduğunu ehtimal edirlər; qalanın dini etiqadlarla əlaqədar olduğu, onun daha əvvəllər (e.ə. VII əsr) tikildiyi barədə də fikirlər var.
Qalanın üst hissəsinin damı dağıdılmışdır və sonralar bərpa edilmişdir. 1403-cü ildə Əbd-Ər-Rəşid Əl- Bakuvi yazırdı ki, şəhərdə iki möhkəm qala vardır. Bunlardan biri, böyüyü dənizin sahilində durur, belə ki, ləpələr onun divarına qədər gəlib çatır, ikincisi, daha böyüyü haqqında o yazır ki, Monqollar onun üst hissəsini mancanaqlar vasitəsilə dağıtmışdılar. Doğrudan da, qalanın üst qatı dağıdılmış, sonralar bərpa olunmuşdur.
Qala dəfələrlə - orta əsrlərdə, XIX əsrin ortalarında, sonuncu dəfə isə 1960-cı illərdə bərpa olunub. Təəssüf ki, bərpa zamanı tikilinin bəzi elementləri və onun ilkin görünüşü dəyişdirilib.
Abidənin “Qız qalası” adlanması haqqında xalq arasında müxtəlif əfsanələr mövcuddur. Lakin Qız qalasının etimologiyası hələlik qəti müəyyənləşdirilməmişdir. Bu adın “yenilməz”, “sarsılmaz”, “fəth edilməmiş” mənasını ifadə etməsi barədəki mülahizə daha inandırıcıdır.
Qız qalasında 1963-cü ildə arxeoloji qazıntılar aparılmış, buradan su quyusu tapılmışdır. Qazıntılar zamanı su quyusundan gil qablar, kufi xətti ilə yazılmış naxışlı qəbirdaşı, kirkirə, üzərində quş təsvirli saxsı qab parçası, zəngin naxışlı şirli qab parçaları qala divarının çöl tərəfindən təsərrüfat quyuları, vaza formalı şüşə qab qırıqları, gil çıraqlar, tuncdan düzəldilmiş əfsanəvi balıq fiquru (uz. 8.2 sm) və s. aşkar edilmişdir. Su quyusundan tapılmış şirli gil qabların altında qabarıq formalı möhür vurulmuşdur. Bu qablar XI – XIII əsrə aid edilir.
Qız qalasının əfsanəsi əsasında C.Cabbarlı eyni adlı poema(1924), Ə.Bədəlbəyli isə balet(1940) yazmışlar. 1964-cü ildən Qız qalası muzeydir.
2000-ci ilin dekabr ayının 2-də Ümumdünya Mədəni İrs Komitəsinin toplantısında Qız Qalasının UNESCO-nun Ümumdünya Maddi-Mədəni İrs Siyahısına salınması haqqında qərar qəbul edilmişdir.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.