Atabəylər Memarlıq Kompleksi
Atabəylər Memarlıq Kompleksi Azərbaycanda Atabəylər (Eldənizlər) sülaləsinin hakimiyyəti dövründə inşa edilmişdir (1136-1225). Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz olmuşdur. Tarixi mənbələrin məlumatına görə Şəmsəddin Eldəniz qıpçaq əsilli idi və bir qul alverçisi onu 40-cı qul kimi almışdır. Qıpçaqların adətinə görə 40 qul alana 40-cı qul pulsuz verilirdi. Qul kimi səlcuqlar tərəfindən alınan Şəmsəddin Eldəniz müəyyən bir dövrdən sonra Böyük Səlcuq soltanı II Mahmudun sarayında xidmət göstrərir.
Soltan Toğrul (1132-1135) Eldənizi kiçik oğlunun tərbiyəçisi – Atabəyi seçır. Soltan Məsud (1135-1152) 1136-cı ildə Arranı ikta olaraq Eldənizə verir və o paytaxtı Bərdə olmaqla Arranın hakimi olur. Bununla Şəmsəddin Eldəniz Atabəylər dövlətinin əsasını qoymuş olur.
Azərbaycanda Atabəylər sülaləsinin hakimiyyəti dövründə bir sıra tarix-memarlıq abidələri inşa edilmişdir ki, bunlardan Naxçıvan şəhərində memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilmiş abidələr xüsusi əhəmiyyət kəsb edir:
Şah sarayı (Eldənizlər sarayı) – dövrümüzə gəlib çatmamışdır,
Dövlətxana (darülmülk) – dövrümüzə gəlib çatmamışdır,
Cümə məscidi – dövrümüzə gəlib çatmamışdır,
Böyük mədrəsə – dövrümüzə gəlib çatmamışdır,
Qoşa minarəli baştaq – dövrümüzə ancaq təsviri çatmışdır.
Möminə xatun türbəsi – XII-ci əsrdə Memar Əbubəkr oğlu Əcəmi tərəfindən tikilmiş və Atabəylər memarlıq kompleksinə daxil olan abidədir. Abidəni Atabəy Cahan Pəhləvan anası Möminə xatunun xatirəsini əbədiləşdirmək üçün tikdirmişdir.
Yusif ibn Küseyr türbəsi – Xalq arasında «Atababa günbəzi» adı ilə məşhur olan, 800 yaşlı bu türbə Naxçıvan şəhərinin mərkəzi hissəsində yerləşir. Əsrlərin təsiri nəticəsində türbə son dərəcədə dağılmış bir vəziyyətdə idi.
Əsrimizin 50-ci illərin sonu və 60-cı illərin əvvəllərində aparılmış bərpa işləri nəticəsində türbənin dağılmış hissələri düzəldilmiş, mühəndis qurğuları möhkəmləndirilmişdir. Yusif Küseyr oğlu türbəsi memorial-xatirə abidələrinin ən gözəl nümunəsidir. Naxçıvan memarlıq məktəbinə xas olan bişmiş kərpicdən tikilmiş bu abidə quruluş etibarilə səkkizbucaqlı olub, damı piramidaşəkilli kərpic günbəzli örtüklə örtülmüşdür. Daxildə isə türbənin günbəzi çatmatağşəkilli günbəzlə örtülmüşdür. Beləliklə, bu türbədə biz ikiqat günbəz quruluşunun ən görkəmlisini və bizim zəmanəmizə qədər əvvəlki şəklini mühafizə etmiş yeganə bir nümunəsini görürük. Türbənin səthi müxtəlifşəkilli həndəsi ornamentlə bəzənmişdir. Kiçik kərpicdən quraşdırılmış bu ornament gəc məhlulu ilə tavalar şəklində bütövləşdirilərək səthlərin üzərində bərkidilmişdir.
Türbənin yalnız yan və qərb tərəfə baxan səthi başqa şəkildə quraşdırılmışdır. Burada binanın çatmatağşəkilli giriş qapısı vardır. Türbə iki hissədən: yeraltı sərdabə və yerüstü hissələrdən ibarətdir. Hər iki hissə quruluşu etibarilə səkkizbucaqlıdır. Binanın kürsülüyünün hündürlüyü - 54 sm, kürsülüyündən yuxarı 7,2 m-dir. Türbənin içərisində, yuxarı kamerasının döşəməsində düzəldilmiş səkkizbucaqlı deşik onun altında yerləşən sərdabəyə açılır. Sərdabənin damı mürəkkəb günbəz təşkil edir. Günbəzin təpəsi kəsilmiş səkkizbucaqlı xonça ilə tamamlanır. Türbənin qapısı üstündə kufi xətlə ərəbdilli yazıda göstərilir ki, «türbə xacə, hörmətli rəis, mömin Zəkiyuddin, islamın cəmalı, şeyxlərin başçısı Yusif bin Küseyyirindir» və hicri 557-ci il tarixi göstərilir. Göstərilmiş tarixə əsaslanaraq demək olar ki, abidə 1162-ci ildə tikilmişdir. Yazıda türbənin sifarişçisinin adı qarşısında «Xacə», «hörmətli rəis» (Ər-rəis Əl-əcl) şeyxlərin başçısı kimi ifadələrə təsadüf edilir ki, bu da onun şəhər cəmiyyəti içərisində tutduğu mövqeyini göstərir. Qapıdan sol tərəfdəki başqa kitabədə isə belə məlumat verilmişdir: «Əməli Əcəmi bin Əbu-Bəkr Əl-bənnam Ən-Naxçıvani». Yəni bu işi «Naxçıvan memarı Əbu-Bəkr oğlu Əcəm» görmüşdür. Tikintinin pərvazısının altında kufi dəst-xəttilə «Qurani-Kərim»dən ayələr verilmiş kitabələrdən ibarət geniş yazılı xətt keçir. Mətni etibarilə kitabə «Yasin» surəsinin «Fatihə»sidir. («Sifati subutiyyə», «Təşəhüd» və «Tohid»). Yusif Küseyr oğlu türbəsi həcm etibarilə bir o qədər də böyük tikinti olmasa da, memarlıq bəzəyi nisbətən sadə olsa da, lakin özünün ümumi kompozisiyasının aydınlığı və hissələrinin mütənasibliyi etibarilə və eləcə də inşaat işlərinin diqqətlə aparılması cəhətdən gözəl bir memarlıq abidəsidir.
Bu gün həmin abidələr dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub, son 21 ildə muxtar respublikada 60-dan çox tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa edilib, 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılıb. Həmin abidələr arasında Naxçıvan memarlıq məktəbinin inciləri olan türbələr xüsusi yerə malikdir. Bu türbələrin beynəlxalq miqyasda tanıdılması üçün işlər davam etdirilir.
Məhz dövlətimizin səyi nəticəsində Atabəylər Memarlıq Kompleksi də “Naxçıvan Məqbərələri” tərkibində 30 sentyabr 1998-ci ildən UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdir.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.