AZ   |   EN

“Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiya

“Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiyanın təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” 2005-ci il oktyabrın 20-də Paris şəhərində qəbul edilmiş Konvensiya Azərbaycan Respublikasının ona dair bəyanatları ilə təsdiq edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 noyabr 2009-cu il
№ 918-IIIQ

Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında
Konvensiya

Paris, 20 oktyabr 2005-ci il

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş Konfransı 3-21 oktyabr 2005-ci il tarixində Paris şəhərində keçirilən 33-cü sessiyasında mədəni müxtəlifliyin bəşəriyyətin fərqləndirici xüsusiyyəti olduğunu təsdiqləyərək,

mədəni müxtəlifliyin bəşəriyyətin ümumi irsini formalaşdırdığını və hamının rifahı üçün onun qədrini bilməli və qoruyub saxlamalı olduğumuzu dərk edərək,

mədəni müxtəlifliyin — seçim diapazonunu genişləndirən və insanın imkanlarını və dəyərlərini qidalandıran zəngin və rəngarəng dünya yaradaraq cəmiyyətlər, insanlar və millətlərin davamlı inkişafı üçün hərəkətverici qüvvə olduğunu bilərək,

demokratiya, tolerantlıq, sosial ədalət və insanlar və mədəniyyətlər arasında qarşılıqlı hörmət şəraitində çiçəklənən mədəni müxtəlifliyin yerli, milli və beynəlxalq səviyyədə sülh və təhlükəsizlik üçün zəruri olduğunu xatırlayaraq,

Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və digər beynəlxalq sənədlərdə elan edilmiş insan hüquqlarının və əsas azadlıqların tam həyata keçirilməsi üçün mədəni müxtəlifliyin əhəmiyyətini qeyd edərək,

BMT-nin 2000-ci il tarixli Minillik Bəyannaməsini və orada yoxsulluğun azaldılmasına xüsusi diqqət yetirildiyini nəzərə alaraq, mədəniyyəti milli və beynəlxalq inkişaf siyasətlərinə, həmçinin beynəlxalq inkişaf naminə əməkdaşlığa strateji tərkib elementi kimi daxil etmək ehtiyacını vurğulayaraq,

mədəniyyətin zaman və məkan dəyişdikcə müxtəlif formalar aldığını və bu müxtəlifliyin bəşəriyyəti təşkil edən xalqların və cəmiyyətlərin mədəni özünüifadə tərzlərinin və özünəməxsusluqlarının unikallığında və müxtəlifliyində öz əksini tapdığını nəzərə alaraq,

qeyri-maddi və maddi sərvətlərin mənbəyi kimi ənənəvi elmlərin, xüsusilə də yerli xalqların bilik sistemlərinin və onların davamlı inkişafa müsbət töhfəsinin vacibliyini, həmçinin onların lazımi qaydada qorunmasının və təşviqinin zəruri olduğunu bilərək,

mədəni özünüifadə müxtəlifliyini, o cümlədən onun məzmununu, xüsusilə də mədəni özünüifadə formalarının yox olmaq və ya ciddi ziyan çəkmək təhlükəsi olduğu hallarda, qorumaq üçün tədbirlər görmək ehtiyacını dərk edərək,

mədəniyyətin bütövlükdə sosial birlik üçün əhəmiyyətini və konkret olaraq onun qadınların cəmiyyətdə rolunu və statusunu artırmaq potensialını vurğulayaraq,

ideyaların azad şəkildə yayılmasının mədəni müxtəlifliyi gücləndirdiyini, mədəniyyətlər arasında daimi mübadilənin və qarşılıqlı təsirin onu zənginləşdirdiyini bilərək,

fikir, ifadə və informasiya azadlığının, eləcə də informasiya vasitələrinin müxtəlifliyinin cəmiyyətlərdə mədəni özünüifadə formalarının çiçəklənməsinə şərait yaratdığını təsdiqləyərək,

mədəni özünüifadə müxtəlifliyinin, o cümlədən ənənəvi özünüifadə formalarının fərdlərə və xalqlara öz ideya və dəyərlərini ifadə etmək və başqaları ilə bölüşmək imkanı verən mühüm faktor olduğunu təsdiqləyərək,

dil müxtəlifliyinin mədəni müxtəlifliyin fundamental elementi olduğunu xatırladaraq və mədəni özünüifadənin qorunması və təşviq edilməsində təhsilin fundamental rolunu təsdiqləyərək,

yerli xalqlara və milli azlıqlara mənsub insanların ənənəvi mədəni özünüifadə formalarından faydalana bilməsi üçün belə mədəni özünüifadə formalarının həyat qabiliyyətli olmasının — bu, özünü həmin insanların ənənəvi mədəni özünüifadə formalarını yaratmaq, yaymaq və nəsildən-nəslə ötürmək və onlardan istifadə etmək azadlığında büruzə verir — mühüm əhəmiyyətini nəzərə alaraq,

mədəni özünüifadəni yeniləşdirən və zənginləşdirən, həmçinin ümumilikdə cəmiyyətin tərəqqisi üçün mədəniyyəti inkişaf etdirənlərin rolunu artıran mədəni yaradıcılıq və qarşılıqlı əlaqənin həyati əhəmiyyətli rolunu vurğulayaraq,

mədəni yaradıcılıqla məşğul olanların dəstəklənməsində əqli mülkiyyət hüquqlarının əhəmiyyətini dərk edərək,

mədəni fəaliyyətin, mədəni malların və xidmətlərin özünəməxsusluq, dəyər və məna kəsb edərək həm iqtisadi, həm də mədəni təbiətə malik olduğuna və buna görə də yalnız kommersiya dəyəri daşımadığına əmin olaraq,

informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə təkan götürmüş qlobalizasiya proseslərinin mədəniyyətlərin qarşılıqlı təsiri üçün misilsiz şərait yaratdığını və eyni zamanda varlı və kasıb ölkələr arasında qeyri-mütənasibliyin dərinləşməsindən irəli gələn risklər nöqteyi-nəzərindən mədəni müxtəliflik üçün yeni təhdidlər formalaşdırdığını qeyd edərək,

YUNESKO-nun qarşısına mədəni müxtəlifliyə hörməti təmin etmək və ideyaların söz və təsvir vasitəsilə sərbəst yayılmasını təşviq etmək üçün zəruri hesab etdiyi beynəlxalq sazişləri tövsiyə etmək kimi konkret vəzifələrin qoyulduğundan xəbərdar olaraq,

mədəni müxtəlifliyə və mədəni hüquqların həyata keçirilməsinə dair YUNESKO tərəfindən qəbul olunmuş beynəlxalq sənədlərin, xüsusilə də Mədəni müxtəlifliyə dair 2001-ci il tarixli Ümumdünya Bəyannaməsinin müddəalarına istinad edərək,

2005-ci il oktyabrın 20-də bu Konvensiyanı qəbul edir.

I. MƏQSƏDLƏR VƏ RƏHBƏR PRİNSİPLƏR

Maddə 1.

Məqsədlər

Bu Konvensiyanın məqsədləri aşağıdakılardır:

(a) mədəni özünüifadə müxtəlifliyini qorumaq və təşviq etmək;

(b) müxtəlif mədəniyyətlərin çiçəklənməsi və qarşılıqlı səmərəli tərzdə bir-birinə sərbəst təsiri üçün şərait yaratmaq;

(c) mədəniyyətlərarası hörmət və sülh mədəniyyəti naminə bütün dünyada geniş və tarazlı mədəni mübadiləni təmin etmək üçün mədəniyyətlərarası dialoqu təşviq etmək;

(d) xalqlar arasında mənəvi körpülərin qurulması ruhunda mədəniyyətlərin qarşılıqlı əlaqələrini inkişaf etdirmək məqsədilə mədəniyyətlərarası qarşılıqlı fəaliyyəti dəstəkləmək;

(e) mədəni özünüifadə müxtəlifliyinə hörməti təşviq etmək və yerli, milli və beynəlxalq səviyyədə onun dəyəri haqqında məlumatlılığı artırmaq;

(f) bütün ölkələr, xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün mədəniyyət və inkişaf arasında əlaqənin əhəmiyyətini bir daha təsdiqləmək və bu əlaqənin əsl dəyərinin etirafını təmin etmək üçün milli və beynəlxalq səviyyədə görülən tədbirləri dəstəkləmək;

(g) özünəməxsusluq, dəyər və məna daşıyıcısı olaraq mədəni fəaliyyətin, mədəni malların və xidmətlərin səciyyəvi xüsusiyyətini tanımaq;

(h) dövlətlərin öz ərazilərində mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üçün uyğun hesab etdikləri siyasət və tədbirləri dəstəkləmək, qəbul etmək və həyata keçirmək kimi suveren hüquqlara malik olduqlarını bir daha təsdiqləmək;

(i) mədəni özünüifadə müxtəlifliyini qorumaq və təşviq etmək sahəsində xüsusilə inkişaf etməkdə olan ölkələrin imkanlarını genişləndirmək məqsədilə tərəfdaşlıq ruhunda beynəlxalq əməkdaşlıq və həmrəyliyi gücləndirmək.

Maddə 2.

Rəhbər prinsiplər

1. İnsan hüquqları və əsas azadlıqlarına hörmət prinsipi

Mədəni müxtəlifliyin qorunması və təşviqi ancaq ifadə, informasiya və kommunikasiya, fərdlərin mədəni özünüifadə formasını seçmək imkanı kimi insan hüquq və azadlıqlarının təmin olunduğu təqdirdə mümkündür. Heç bir kəs İnsan hüquqlarının Ümumi Bəyannaməsində nəzərdə tutulmuş və beynəlxalq hüquq ilə təminat verilmiş insan hüquq və azadlıqlarına qəsd etmək və ya onları məhdudlaşdırmaq məqsədilə bu Konvensiyanın müddəalarından istifadə edə bilməz.

2. Suverenlik prinsipi

BMT-nin Nizamnaməsinə və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, dövlətlər öz əraziləri çərçivəsində mədəni özünüifadə müxtəlifliyini qorumaq və təşviq etmək üçün lazımi tədbirlər görmək və siyasətlər həyata keçirmək kimi suveren hüquqa malikdirlər.

3. Bərabər ləyaqət və bütün mədəniyyətlərə hörmət prinsipi

Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi bütün mədəniyyətlərin, o cümlədən azlıqlara və yerli əhaliyə mənsub insanların mədəniyyətlərinin bərabər ləyaqətə malik olmasını və onlara hörmət edilməsini nəzərdə tutur.

4. Beynəlxalq həmrəylik və əməkdaşlıq prinsipi

Beynəlxalq həmrəylik və əməkdaşlıq ölkələrə, xüsusilə də inkişaf etməkdə olan ölkələrə istər formalaşmaqda olan, istərsə də artıq mövcud olan mədəniyyət industriyaları da daxil olmaqla, mədəni özünüifadə vasitələrini yaratmaq və gücləndirmək imkanının verilməsinə yönəlməlidir.

5. İnkişafın iqtisadi və mədəni aspektlərinin bir-birini tamamlaması prinsipi

Mədəniyyət inkişafın əsas hərəkətverici qüvvələrindən biri olduğundan, inkişafın mədəni aspektləri onun iqtisadi aspektləri kimi mühüm əhəmiyyət kəsb edir və fərdlər və xalqlar bu sahədə iştirak etmək və bundan faydalanmaq hüququna malikdirlər.

6. Davamlı inkişaf prinsipi

Mədəni müxtəliflik fərdlər və cəmiyyətlər üçün dəyərli sərvətdir. Mədəni müxtəlifliyin qorunması, təşviqi və dəstəklənməsi mövcud və gələcək nəsillərin rifahı naminə davamlı inkişaf üçün vacib tələbdir.

7. Bərabər imkan prinsipi

Bütün dünyada mədəni özünüifadənin zəngin və çeşidli formalarına bərabər çıxış, həmçinin mədəniyyətlərin ifadə və yayılma vasitələrinə çıxışı — mədəni müxtəlifliyin təmininin və qarşılıqlı anlaşmanı təşviqin mühüm elementlərini təşkil edir.

8. Açıqlıq və tarazlıq prinsipi

Dövlətlər mədəni özünüifadə müxtəlifliyini dəstəkləmək üçün tədbirlər həyata keçirdikdə, onların dünyanın digər mədəniyyətləri üçün açıqlığına çalışmalı və həmin tədbirlərin bu Konvensiyanın məqsədlərinə uyğunluğunu təmin etməlidirlər.

II. TƏTBİQ DAİRƏSİ

Maddə 3.

Tətbiq dairəsi

Bu Konvensiya mədəni özünüifadə müxtəlifliyinin qorunmasına və təşviqinə dair Tərəflərin qəbul etdiyi tədbirlərə və siyasətlərə tətbiq olunur.

III. ANLAYIŞLAR

Maddə 4.

Anlayışlar

Bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar müəyyən edilir:

1. Mədəni müxtəliflik

“Mədəni müxtəliflik” dedikdə, ayrı-ayrı qrupların və cəmiyyətlərin mədəniyyətlərinin öz ifadəsini tapdığı müxtəlif formalar nəzərdə tutulur. Bu özünüifadə formaları qruplar və cəmiyyətlər arasında və onların daxilində ötürülür.

Mədəni müxtəliflik təkcə bəşəriyyətin mədəni irsinin ifadə olunduğu, artırıldığı və ötürüldüyü müxtəlif mədəni özünüifadə vasitələrinin tətbiqi ilə deyil, həmçinin hansı vəsaitlərdən və texnologiyalardan istifadə edilməsindən asılı olmayaraq, bədii yaradıcılığın müxtəlif növlərinin, mədəni özünüifadə məhsullarının istehsalının, yayılmasının, paylaşılmasının və onlara yiyələnmənin köməyi ilə meydana gəlir.

2. Mədəni məzmun

“Mədəni məzmun” dedikdə, mədəni özünəməxsusluqdan doğan və ya mədəni özünəməxsusluğu ifadə edən simvolik məna, bədii aspekt və mədəni dəyərlər nəzərdə tutulur.

3. Mədəni özünüifadə

“Mədəni özünüifadə” dedikdə, ayrı-ayrı fərdlərin, qrupların və ya cəmiyyətlərin yaradıcılığının nəticəsi olan və mədəni məzmun daşıyan özünüifadə nəzərdə tutulur.

4. Mədəni fəaliyyət, mallar və xidmətlər

“Mədəni fəaliyyət, mallar və xidmətlər” dedikdə, daşıya biləcəyi kommersiya dəyərindən asılı olmayaraq, səciyyəvi xüsusiyyəti, istifadəsi və ya məqsədi baxımından nəzərdən keçirildikdə, mədəni özünüifadə formalarını təcəssüm etdirən və ya daşıyan mədəni fəaliyyət, mallar və xidmətlər başa düşülür. Mədəni fəaliyyət özü-özlüyündə nəticə ola bilər və ya mədəni mallar və xidmətlərin istehsalına səbəb ola bilər.

5. Mədəniyyət industriyaları

“Mədəniyyət industriyaları” dedikdə, 4-cü bənddə müəyyən edilmiş malları və xidmətləri istehsal edən sənaye sahələri nəzərdə tutulur.

6. Mədəniyyət siyasəti və tədbirləri

“Mədəniyyət siyasəti və tədbirləri” dedikdə, yerli, regional, milli və ya beynəlxalq səviyyədə ya mədəniyyətin özünə yönəlmiş, ya da fərdlərin, qrupların və ya cəmiyyətlərin mədəni özünüifadəsinə, o cümlədən mədəni fəaliyyətə, mədəni mallar və xidmətlərin yaradılmasına, istehsalına, bölgüsünə və paylanmasına, habelə mədəni fəaliyyət, mallar və xidmətlərin müyəssərliyinə birbaşa təsir üçün nəzərdə tutulmuş siyasət və tədbirlər nəzərdə tutulur.

7. Qorunma

“Qorunma” dedikdə, mədəni özünüifadə müxtəlifliyinin qorunub saxlanılması, mühafizəsi və artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

“Qorumaq” — bu tədbirləri həyata keçirmək deməkdir.

8. Mədəniyyətlərarası əlaqə

“Mədəniyyətlərarası əlaqə” dedikdə, müxtəlif mədəniyyətlərin mövcudluğu və qarşılıqlı təsiri, həmçinin dialoq və qarşılıqlı hörmət əsasında ümumi mədəni özünüifadənin yaranma imkanı nəzərdə tutulur.

IV. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ

Maddə 5.

Hüquq və öhdəliklərə aid olan ümumi qayda

1. Tərəflər BMT-nin Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə və insan hüquqları sahəsindəki beynəlxalq sənədlərə müvafiq olaraq, mədəni özünüifadə müxtəlifliyini qorumaq və təşviq etmək, habelə bu Konvensiyanın məqsədlərinə nail olmaq məqsədilə beynəlxalq əməkdaşlığı gücləndirmək üçün öz mədəniyyət siyasətini müəyyən etmək və həyata keçirmək, müvafiq tədbirlər görmək kimi suveren hüquqlarını bir daha təsdiqləyirlər.

2. Tərəf öz ərazisi çərçivəsində mədəni özünüifadə müxtəlifliyini qorumaq və təşviq etmək üçün siyasət həyata keçirdikdə və tədbirlər gördükdə, həmin siyasət və tədbirlər bu Konvensiyanın müddəalarına uyğun olmalıdır.

Maddə 6.

Tərəflərin milli səviyyədə hüquqları

1. 4.6-cı maddədə müəyyən edilmiş mədəniyyət siyasəti və tədbirləri çərçivəsində və özünün spesifik şəraiti və tələbatlarını nəzərə alaraq, hər bir Tərəf öz ərazisi çərçivəsində mədəni özünüifadə müxtəlifliyinin müdafiəsi və təşviqinə yönəlmiş tədbirlər həyata keçirə bilər.

2. Belə tədbirlərə aşağıdakılar aid ola bilər:

(a) mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə yönəlmiş tənzimləyici tədbirlər;

(b) milli ərazi daxilində milli mədəni fəaliyyətlər, mədəni mallar və xidmətlərin meydana gəlməsinə, istehsalına, yayılmasına, ötürülməsinə və onlardan, o cümlədən onlarla əlaqədar işlənən dildən istifadənin təmin olunmasına müvafiq qaydada şərait yaradılmasına yönəlmiş tədbirlər;

(c) mədəni fəaliyyət, mədəni mallar və xidmətlərin istehsalı, bölgüsü və yayılması vasitələrinə qeyri-mütəşəkkil sektorun müstəqil milli mədəniyyət industriyalarının və fəaliyyətinin səmərəli çıxışını təmin etməyə yönəlmiş tədbirlər;

(d) dövlətin maliyyə dəstəyini təmin etməyə yönəlmiş tədbirlər;

(e) qeyri-kommersiya təşkilatlarını, həmçinin dövlət və özəl təşkilatları, sənət adamlarını və mədəniyyət sahəsindəki digər peşəkarları ideyaların, mədəni özünüifadə formalarının və mədəni fəaliyyətin, mədəni malların və xidmətlərin azad mübadiləsini və dövriyyəsini inkişaf etdirməyə və təşviq etməyə, öz fəaliyyətlərində yaradıcılıq və sahibkarlıq ruhunu stimullaşdırmağa kömək etməyə yönəlmiş tədbirlər;

(f) lazım gəldikdə, müvafiq dövlət institutlarının yaranmasına və dəstəklənməsinə yönəlmiş tədbirlər;

(g) sənət adamlarının və mədəni özünüifadə formalarının yaranmasında iştirak edən digər şəxslərin yetişməsinə və dəstəklənməsinə yönəlmiş tədbirlər;

(h) ictimai teleradionun inkişafı da daxil olmaqla, informasiya vasitələrinin müxtəlifliyinin genişlənməsinə yönəlmiş tədbirlər.

Maddə 7.

Mədəni özünüifadə formalarının təşviqi üçün tədbirlər

1. Tərəflər öz ərazilərində ayrı-ayrı fərdləri və sosial qrupları aşağıdakılara təşviq edən mühit yaratmağa səy göstərirlər:

a) qadınların, habelə müxtəlif sosial qrupların, o cümlədən azlıqlara və ya yerli əhaliyə mənsub şəxslərin səciyyəvi şəraitini və ehtiyaclarını nəzərə almaq şərtilə, özlərinin mədəni özünüifadə formalarını yaratmaq, istehsal etmək, yaymaq, ötürmək və onlardan istifadə edə bilmək;

b) istər öz ərazilərindəki, istərsə də dünyanın digər ölkələrindəki mədəni özünüifadə formalarından istifadə imkanına malik olmaq.

2. Tərəflər sənət adamlarının, yaradıcılıq prosesində iştirak edən digər şəxslərin, mədəni birliklərin və onların fəaliyyətini dəstəkləyən təşkilatların mühüm töhfəsini, mədəni özünüifadə müxtəlifliyinin genişlənməsində onların əsas rolunu qəbul etməyə səy göstərirlər.

Maddə 8.

Mədəni özünüifadə formalarının qorunması üçün tədbirlər

1. 5-ci və 6-cı maddələrin müddəalarına xələl gətirmədən Tərəf öz ərazisindəki mədəni özünüifadə formalarının yoxaçıxma riski ilə üzləşməsi, ciddi təhlükə altında olması və ya təcili mühafizəyə ehtiyacı olması ilə bağlı xüsusi halların mövcudluğunu müəyyən edə bilər.

2. Tərəflər, bu Konvensiyanın müddəalarına uyğun olaraq, 1-ci bənddə müəyyən edilmiş hallarda mədəni özünüifadə formalarının qorunması və saxlanılması üçün bütün müvafiq tədbirləri görə bilərlər.

3. Tərəflər konkret şəraitin tələbindən irəli gələrək görülmüş tədbirlər barədə 23-cü maddəyə müvafiq olaraq, Hökumətlərarası Komitəyə məruzə edirlər. Komitə isə öz növbəsində onlara müvafiq tövsiyələr verə bilər.

Maddə 9.

Məlumat verilməsi və şəffaflıq

Tərəflər:

(a) hər dörd ildən bir YUNESKO-ya təqdim etdikləri məruzədə öz əraziləri çərçivəsində və beynəlxalq səviyyədə mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üçün görülmüş tədbirlərə dair müvafiq məlumat verirlər;

(b) bu Konvensiya ilə əlaqədar məlumatın verilməsinə məsul olan əlaqələndiricini təyin edirlər;

(c) mədəni özünüifadə müxtəlifliyinin qorunmasına və təşviqinə dair məlumatları bölüşür və mübadilə edirlər.

Maddə 10.

Təhsil və ictimai maariflənmə

Tərəflər:

(a) inter alia, təhsil və ictimai maarifləndirmə proqramları vasitəsilə mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinin əhəmiyyətinin dərk edilməsini təşviq edir və həvəsləndirirlər;

(b) bu maddənin məqsədlərinə nail olmaq üçün digər Tərəflərlə, beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq edirlər;

(c) mədəniyyət industriyaları sahəsindəki təhsil, təlim və mübadilə proqramları vasitəsilə yaradıcılığı stimullaşdırmağa və istehsal qabiliyyətini gücləndirməyə səy göstərirlər. Bu tədbirlər istehsalın ənənəvi formalarına mənfi təsir etməyəcək tərzdə həyata keçirilməlidir.

Maddə 11.

Vətəndaş cəmiyyətinin iştirakı

Tərəflər mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqində vətəndaş cəmiyyətinin fundamental rolunu etiraf edirlər. Tərəflər bu Konvensiyanın məqsədlərinə nail olunması istiqamətindəki səylərində vətəndaş cəmiyyətini fəal iştirak etməyə həvəsləndirirlər.

Maddə 12.

Beynəlxalq əməkdaşlığın təşviqi

Tərəflər aşağıdakı məqsədlərlə 8-ci və 17-ci maddələrdə müəyyən edilmiş hallara xüsusi diqqət yetirərək, mədəni özünüifadə müxtəlifliyini təşviq edəcək şəraitin yaranması üçün ikitərəfli, regional və beynəlxalq əməkdaşlığı inkişaf etdirməyə çalışacaqlar:

(a) Tərəflər arasında mədəniyyət siyasətinə dair dialoqu asanlaşdırmaq;

(b) peşəkar və beynəlxalq mədəniyyət mübadiləsi və qabaqcıl təcrübənin paylaşılması vasitəsilə ictimai mədəni təsisatlarda dövlət sektorunun strateji və idarəçilik potensialını artırmaq;

(c) mədəni özünüifadə müxtəlifliyinin təşviqi və genişləndirilməsində vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları və özəl sektorla, habelə onların öz arasında tərəfdaşlığı gücləndirmək;

(d) məlumat mübadiləsini genişləndirmək və mədəni anlaşmanı yaxşılaşdırmaq, həmçinin mədəni özünüifadə müxtəlifliyinə şərait yaratmaq məqsədilə yeni texnologiyaların tətbiqini təşviq etmək və əməkdaşlığı stimullaşdırmaq;

(e) birgə istehsal və birgə yayım sahəsində sazişlər bağlanılmasına həvəsləndirmək.

Maddə 13.

Mədəniyyətin davamlı inkişafa inteqrasiyası

Tərəflər davamlı inkişafa səbəb olacaq şəraitin yaradılması üçün bütün səviyyələrdə inkişaf siyasətlərinə mədəniyyət məsələlərini daxil etməyə səy göstərir və bu çərçivədə mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair aspektlərin nəzərə alınmasına kömək edirlər.

Maddə 14.

İnkişaf naminə əməkdaşlıq

Tərəflər, inter alia, aşağıdakı vasitələrlə dinamik mədəniyyət sektorunun formalaşmasına şərait yaratmaq məqsədilə, inkişaf etməkdə olan Ölkələrin konkret ehtiyaclarını xüsusilə nəzərə almaq şərtilə davamlı inkişaf və yoxsulluğun azaldılması naminə əməkdaşlığı gücləndirməyə səy göstərirlər:

(a) aşağıdakı yollarla inkişaf etməkdə olan ölkələrdə mədəniyyət industriyalarının gücləndirilməsi:

(i) inkişaf etməkdə olan ölkələrdə mədəniyyət sahəsində istehsal və yayım potensialının yaradılması və gücləndirilməsi;

(ii) onların mədəni fəaliyyətinin, mədəni mallar və xidmətlərinin yayılması üçün qlobal bazara və beynəlxalq şəbəkələrə geniş çıxışın asanlaşdırılması;

(iii) həyat qabiliyyətli yerli və regional bazarların formalaşmasına şərait yaradılması;

(iv) lazım gəldikdə, inkişaf etməkdə olan ölkələrin mədəni fəaliyyətinin, mədəni mallar və xidmətlərinin yayılması üçün qlobal bazara və beynəlxalq şəbəkələrə geniş çıxışı asanlaşdırmaq məqsədilə müvafiq tədbirlərin görülməsi;

(v) yaradıcılıq fəaliyyətinin dəstəklənməsi və inkişaf etməkdə olan ölkələrin sənət adamlarının gediş-gəlişinin mümkün qədər asanlaşdırılması;

(vi) inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin, inter alia, musiqi və film sahələrində müvafiq əməkdaşlığın təşviq edilməsi;

(b) inkişaf etməkdə olan ölkələrdə, özəl və dövlət sektorlarında strateji və idarəetmə imkanları, siyasətin müəyyənləşdirilməsi və həyata keçirilməsi, mədəni özünüifadə formalarının təşviqi və yayılması, kiçik, orta və mikro müəssisələrin inkişafı, texnologiyalardan istifadə, habelə qabiliyyətlərin inkişafı və ötürülməsi sahələrində məlumatın, təcrübənin və xüsusi biliklərin mübadilə yolu ilə potensialın formalaşdırılması, həmçinin insan resurslarına təlim keçilməsi;

(c) xüsusilə mədəniyyət industriyaları və müəssisələri sahəsində texnologiyaların və “nou-hou”ların tətbiqinə yönəlmiş müvafiq stimullaşdırıcı tədbirlərin görülməsi vasitəsilə texnologiyaların ötürülməsi;

(d) aşağıdakılar vasitəsilə maliyyə dəstəyinin göstərilməsi:

(i) 18-ci maddədə nəzərdə tutulduğu kimi, Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fondun yaradılması;

(ii) yaradıcılıq fəaliyyətini dəstəkləmək və stimullaşdırmaq məqsədilə, ehtiyac olduqda, texniki yardım da daxil olmaqla, rəsmi yardımın təmin edilməsi;

(iii) maliyyə yardımının digər formalarından, məsələn, aşağıfaizli kreditlər, qrantlar və digər maliyyələşdirmə mexanizmlərindən istifadə.

Maddə 15.

Əməkdaşlıq mexanizmləri

Tərəflər mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqində inkişaf etməkdə olan ölkələrin potensialını artırmaq məqsədilə onlarla əməkdaşlıq etmək üçün dövlət, özəl və qeyri-kommersiya təşkilatları ilə və onların öz arasında əməkdaşlığın inkişafını təşviq edirlər. Əməkdaşlığın bu yeni forması inkişaf etməkdə olan ölkələrin praktiki ehtiyaclarını nəzərə almaq şərtilə, infrastrukturun və insan resurslarının inkişafına, siyasətin işlənib hazırlanmasına, həmçinin mədəni fəaliyyət, mədəni mallar və xidmətlər mübadiləsinin gələcək inkişafına yönəlir.

Maddə 16.

İnkişaf etməkdə olan ölkələr üçün güzəştli rejim

İnkişaf etmiş ölkələr müvafiq institusional və hüquqi çərçivədə, inkişaf etməkdə olan ölkələrin sənət adamlarına, mədəniyyət sahəsindəki digər peşəkarlarına və işçilərinə, habelə mədəni malların və xidmətlərin güzəştli rejim tətbiq etməklə, həmin ölkələrdə mədəni mübadiləni asanlaşdıracaqlar.

Maddə 17.

Mədəni özünüifadə formaları üçün ciddi təhlükə yarandığı hallarda beynəlxalq əməkdaşlıq

Tərəflər 8-ci maddədə göstərilən vəziyyətlərdə bir-birinə və xüsusilə inkişaf etməkdə olan ölkələrə kömək məqsədilə əməkdaşlıq edəcəklər.

Maddə 18.

Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fond

1. Bununla, bundan sonra “Fond” adlandırılacaq Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fond təsis olunur.

2. Fond YUNESKO-nun Maliyyə Qaydalarına uyğun olaraq məqsədli fondlardan ibarət olacaqdır.

3. Fondun vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:

(a) Tərəflərin könüllü ianələri;

(b) YUNESKO-nun Baş Konfransı tərəfindən bu məqsəd üçün ayrılmış vəsait;

(c) digər dövlətlər, BMT sisteminə daxil olan təşkilat və proqramlar, digər regional və beynəlxalq təşkilatlar, habelə dövlət və özəl orqanlar, yaxud fərdlər tərəfindən edilən yardımlar, ianələr və miraslar;

(d) Fondun vəsaitlərinə hesablanmış faizlər;

(e) Fondun xeyri üçün təşkil olunmuş tədbirlərdən əldə edilən yığımlar və gəlirlər;

(f) Fondun Əsasnaməsində nəzərdə tutulmuş istənilən digər mənbələr.

4. Fondun vəsaitindən istifadə haqqında qərarları 22-ci maddəyə uyğun olaraq Tərəflərin konfransının müəyyən etdiyi rəhbər prinsiplər əsasında Hökumətlərarası Komitə verir.

5. Hökumətlərarası Komitə bəyəndiyi konkret layihələrlə bağlı ümumi və xüsusi məqsədlər üçün ianələr və digər yardım növlərini qəbul edə bilər.

6. Fonda edilən yardımlar bu Konvensiyanın məqsədlərinə uyğun olmayan siyasi, iqtisadi və ya digər şərtlərlə müşayiət oluna bilməz.

7. Tərəflər bu Konvensiyanın həyata keçirilməsi üçün müntəzəm olaraq könüllü ianələrin verilməsinə səy göstərirlər.

Maddə 19.

Məlumatın mübadiləsi, təhlili və yayılması

1. Tərəflər informasiya mübadiləsinə və mədəni özünüifadə müxtəlifliyi haqqında məlumatların toplanması və statistikasının aparılması ilə əlaqədar xüsusi bilik və təcrübənin bölüşdürülməsinə, həmçinin onların qorunması və təşviqi üzrə qabaqcıl təcrübə mübadiləsinə dair razılaşırlar.

2. YUNESKO Katiblik çərçivəsində mövcud olan mexanizmlərdən istifadə edərək, müvafiq informasiyanın, statistik məlumatların və qabaqcıl təcrübənin toplanması, təhlili və yayılmasını asanlaşdırır.

3. YUNESKO fəaliyyəti mədəni özünüifadə ilə bağlı olan müxtəlif sektorlar, həmçinin dövlət, özəl və qeyri-kommersiya təşkilatları üzrə məlumat bankını yaradır və yeniləyir.

4. Məlumatların toplanmasını asanlaşdırmaq məqsədilə, YUNESKO Tərəflərin müraciətlərinə əsasən onlarda xüsusi bilik və təcrübə potensialının formalaşdırılmasına və gücləndirilməsinə xüsusi diqqət yetirir.

5. Bu maddədə göstərilən məlumatların toplanması 9-cu maddənin müddəalarına əsasən yığılan məlumatı tamamlayır.

V. DİGƏR SƏNƏDLƏRLƏ ƏLAQƏLƏR

Maddə 20.

Digər müqavilələrlə əlaqə: qarşılıqlı dəstək, bir-birini tamamlama və eyni əhəmiyyətlilik

1. Tərəflər qəbul edirlər ki, bu Konvensiya və tərəfdar çıxdıqları bütün digər beynəlxalq müqavilələr üzrə öz öhdəliklərini vicdanla yerinə yetirməlidirlər. Buna görə də bu Konvensiyanın digər beynəlxalq müqavilələrlə eyni əhəmiyyətli olmasından çıxış edərək,

(a) onlar bu Konvensiya ilə tərəfdar çıxdıqları digər beynəlxalq müqavilələr arasında qarşılıqlı dəstək münasibətini təşviq edir; və

(b) Tərəflər tərəfdar çıxdıqları digər beynəlxalq müqavilələri təfsir və tətbiq edərkən və ya öz üzərinə digər beynəlxalq öhdəlikləri götürərkən bu Konvensiyanın müvafiq müddəalarını nəzərə alırlar.

2. Bu Konvensiyada heç nə Tərəflərin tərəfdar çıxdıqları digər beynəlxalq müqavilələr üzrə götürdükləri hüquq və öhdəliklərini dəyişən kimi şərh edilə bilməz.

Maddə 21.

Beynəlxalq məsləhətləşmə və əlaqələndirmə

Tərəflər bu Konvensiyanın məqsəd və prinsiplərini digər beynəlxalq forumlarda təşviq etməyi öz üzərlərinə götürürlər. Bu məqsədlə Tərəflər, lazım gəldikdə, həmin məqsəd və prinsiplər ruhunda fəaliyyət göstərərək bir-birilə məsləhətləşirlər.

VI. KONVENSİYANIN ORQANLARI

Maddə 22.

Tərəflərin Konfransı

1. Bununla Tərəflərin Konfransı təsis edilir. Tərəflərin Konfransı bu Konvensiyanın plenar və ali orqanıdır.

2. Tərəflərin Konfransının növbəti sessiyası iki ildə bir dəfə, mümkün olduğu halda, YUNESKO-nun Baş Konfransı ilə eyni vaxtda keçirilir. Tərəflərin Konfransının qərarına əsasən və ya Tərəflərin ən azı üçdə bir hissəsinin Hökumətlərarası Komitəyə müraciətinə əsasən fövqəladə sessiya çağırıla bilər.

3. Tərəflərin Konfransı öz prosedur qaydalarını qəbul edir.

4. Tərəflərin Konfransının funksiyası, inter alia, aşağıdakılardan ibarətdir:

(a) Hökumətlərarası Komitənin üzvlərini seçmək;

(b) Konvensiya Tərəflərinin Hökumətlərarası Komitə tərəfindən təqdim olunan məruzələrini qəbul etmək və nəzərdən keçirmək;

(c) onun xahişi ilə Hökumətlərarası Komitə tərəfindən hazırlanmış fəaliyyətin rəhbər prinsiplərini təsdiq etmək;

(d) bu Konvensiyanın məqsədlərinə nail olmağa yarıdım etmək üçün zəruri hesab oluna biləcək hər hansı digər tədbirləri görmək.

Maddə 23.

Hökumətlərarası Komitə

1. YUNESKO çərçivəsində bundan sonra “Hökumətlərarası Komitə” adlandırılacaq Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitə yaradılır. O, Konvensiya tərəfi olan 18 dövlətin nümayəndələrindən ibarət olacaq; bu nümayəndələr Konvensiyanın 29-cu maddəsinə uyğun olaraq qüvvəyə minməsindən sonra Tərəflərin Konfransı tərəfindən dörd il müddətinə seçiləcəkdir.

2. Hökumətlərarası Komitə hər il öz iclasını keçirəcəkdir.

3. Hökumətlərarası Komitə Tərəflərin Konfransının rəhbərliyi altında və onun göstərişinə əsasən fəaliyyət göstərir və ona hesabat verir.

4. Konvensiya Tərəflərinin sayı 50-yə çatdığı təqdirdə, Hökumətlərarası Komitənin üzvlərinin sayı 24-ə qədər artırılır.

5. Hökumətlərarası Komitənin üzvləri ədalətli coğrafi təmsilçilik və rotasiya prinsiplərinə əsasən seçilir.

6. Hökumətlərarası Komitə bu Konvensiya ilə ona verilən digər öhdəliklərə xələl gətirmədən aşağıdakı funksiyaları həyata keçirir:

(a) bu Konvensiyanın məqsədlərini təşviq etmək və onun yerinə yetirilməsinə nəzarət etmək;

(b) Tərəflərin Konfransının müraciəti əsasında, Konvensiyanın müddəalarının yerinə yetirilməsi və tətbiqi ilə əlaqədar praktiki tövsiyələri hazırlayıb təsdiq olunmaq üçün Tərəflərin Konfransına təqdim etmək;

(c) Konvensiya Tərəflərinin məruzələrini öz şərhi və məruzələrin məzmununun qısa xülasəsi ilə birlikdə Tərəflərin Konfransına təqdim etmək;

(d) Konvensiyanın müvafiq müddəalarına, xüsusilə də 8-ci maddəyə uyğun olaraq Konvensiya Tərəfləri tərəfindən Hökumətlərarası Komitənin nəzərinə çatdırılan vəziyyətlərdə müvafiq tövsiyələri hazırlamaq;

(e) digər beynəlxalq forumlarda bu Konvensiyanın prinsip və məqsədlərini təşviq etmək üçün məsləhətləşmə prosedurlarını və digər mexanizmləri yaratmaq;

(f) Tərəflərin Konfransının ona tapşırdığı digər məsələləri yerinə yetirmək.

7. Hökumətlərarası Komitə öz prosedur qaydalarına uyğun olaraq istənilən vaxt konkret məsələlərə dair məsləhətləşmələr məqsədilə özəl və ya dövlət təşkilatlarını, yaxud fərdləri öz iclaslarına dəvət edə bilər.

8. Hökumətlərarası Komitə öz prosedur qaydalarını hazırlayır və təsdiq olunmaq üçün Tərəflərin Konfransına təqdim edir.

Maddə 24.

YUNESKO-nun Katibliyi

1. Konvensiyanın orqanlarına YUNESKO-nun Katibliyi tərəfindən kömək göstərilir.

2. Katiblik Tərəflərin Konfransının və Hökumətlərarası Komitənin sənədlərini, habelə onların iclaslarının gündəliyini hazırlayır, qərarlarının həyata keçirilməsinə kömək göstərir və buna dair məruzə edir.

VIII. YEKUN MÜDDƏALAR

Maddə 25.

Mübahisələrin həlli

1. Bu Konvensiyanın təfsiri və ya tətbiqinə dair Konvensiya Tərəfləri arasında mübahisə yarandıqda, Tərəflər məsələni danışıqlar yolu ilə həll edirlər.

2. Maraqlı Tərəflər arasında danışıqlar yolu ilə razılaşma əldə olunmadıqda, onlar üçüncü tərəfin xoşməramlı xidmətləri və ya vasitəçiliyi üçün müraciət edə bilərlər.

3. Xoşməramlı xidmətlər və ya vasitəçilik həyata keçirilmədikdə, yaxud danışıqlar, xoşməramlı xidmətlər və ya vasitəçilik məsələnin həllinə gətirib çıxarmadıqda, Tərəf Konvensiyaya edilmiş Əlavədə göstərilən prosedura uyğun olaraq barışıq yolundan istifadə edə bilər. Tərəflər Barışıq Komissiyasının mübahisənin həlli üçün irəli sürdüyü təklifi vicdanla nəzərdən keçirəcəklər.

4. Hər bir Tərəf ratifikasiya, qəbul, təsdiq və ya qoşulma zamanı yuxarıda göstərilən barışıq prosedurunu tanımadığını bəyan edə bilər. Belə Bəyanat vermiş istənilən Tərəf YUNESKO-nun Baş direktoruna bildiriş göndərməklə onu geri götürə bilər.

Maddə 26.

Üzv dövlətlər tərəfindən ratifikasiya, qəbul və ya təsdiq, yaxud qoşulma

1. Bu Konvensiya YUNESKO-nun üzvü olan dövlətlər tərəfindən onların müvafiq konstitusiya prosedurlarına uyğun olaraq ratifikasiya, qəbul və ya təsdiq edilməlidir, yaxud bu dövlətlər ona qoşulmalıdırlar.

2. Ratifikasiya, qəbul, təsdiq və ya qoşulma haqqında sənədlər saxlanılmaq üçün YUNESKO-nun Baş direktoruna təqdim olunur.

Maddə 27.

Qoşulma

1. Bu Konvensiya YUNESKO-nun üzvü olmayan, lakin Birləşmiş Millətlər Təşkilatının və ya onun hər hansı ixtisaslaşmış təşkilatının üzvü olan və YUNESKO-nun Baş Konfransı tərəfindən qoşulmağa dəvət olunan dövlətlərin qoşulması üçün açıqdır.

2. Bu Konvensiya həmçinin Baş Assambleyanın 1514(XV) qətnaməsinə uyğun olaraq tam müstəqillik qazanmamış, lakin Birləşmiş Millətlər Təşkilatı tərəfindən tam daxili özünüidarəetməyə malik ərazilər kimi tanınmış, həmçinin bu Konvensiyanın əhatə etdiyi məsələlərdə, o cümlədən belə məsələlərə dair müqavilələr bağlamaq səlahiyyəti olan ərazilərin qoşulması üçün açıqdır.

3. Regional iqtisadi inteqrasiya təşkilatlarına aşağıda qeyd olunan müddəalar tətbiq olunur:

(a) Konvensiya istənilən regional iqtisadi inteqrasiya təşkilatının qoşulması üçün açıqdır; belə təşkilatlar, aşağıda qeyd olunanlar istisna olmaqla, Konvensiyanın müddəalarına münasibətdə Tərəf Dövlətlərlə eyni dərəcədə öhdəlikli olacaqlar;

(b) belə təşkilatın bir və ya bir neçə üzv dövləti də bu Konvensiyanın Tərəfi olduqda, bu təşkilat və həmin üzv dövlət və ya üzv dövlətlər bu Konvensiya əsasında götürdükləri öhdəliklərin həyata keçirilməsi üzrə öz məsuliyyətlərini bölüşdürürlər. Məsuliyyətin bu cür bölgüsü aşağıda (c) yarımbəndində göstərilmiş bildiriş prosedurunun tamamlanması ilə qüvvəyə minir. Təşkilat və üzv dövlətlər bu Konvensiyadan irəli gələn hüquqlardan eyni zamanda istifadə edə bilməzlər. Bundan başqa, regional iqtisadi inteqrasiya təşkilatları öz səlahiyyətlərinə aid olan məsələlərdə, səsvermə hüququndan istifadə edərkən, bu Konvensiyanın Tərəfi olan üzv dövlətlərin sayına bərabər sayda səs hüququna malik olurlar. Əgər belə bir təşkilatın üzvü olan dövlətlər səsvermə hüququndan özləri istifadə edirlərsə, bu təşkilat səsvermə hüququndan istifadə edə bilməz və əksinə;

(c) (b) yarımbəndində qeyd olunduğu kimi, məsuliyyətlərin bölgüsündə razılığa gəlmiş regional iqtisadi inteqrasiya təşkilatı və onun üzvü olan dövlət və ya dövlətlər məsuliyyətlərin təklif olunan bölgüsü ilə bağlı Tərəfləri aşağıdakı qaydada məlumatlandırırlar:

(i) belə təşkilat Konvensiya ilə tənzimlənən məsələlərdə öz məsuliyyətinin hüdudlarını öz qoşulma sənədində aydın göstərir;

(ii) sonradan məsuliyyətlərin bölgüsündə hər hansı dəyişiklik olduqda, regional iqtisadi inteqrasiya təşkilatı belə dəyişiklik haqqında depozitarini məlumatlandırır, depozitari isə öz növbəsində Tərəfləri bu cür dəyişikliklər barədə xəbərdar edir;

(d) belə başa düşülür ki, bu Konvensiyanın iştirakçısı olan regional iqtisadi inteqrasiya təşkilatının üzvü olan dövlətlər səlahiyyətlərinin həmin təşkilata ötürülməsi barədə aydın bəyanat vermədiyi və ya depozitarini məlumatlandırmadığı bütün məsələlərdə öz səlahiyyətlərindən istifadə etmək hüququna malikdirlər;

(e) “regional iqtisadi inteqrasiya təşkilatı” dedikdə, Birləşmiş Millətlər Təşkilatı və ya onun istənilən ixtisaslaşmış təşkilatının üzvü olan suveren dövlətlər tərəfindən təsis olunmuş, bu Dövlətlərin Konvensiya ilə tənzimlənən məsələlərdə öz səlahiyyətlərini verdikləri və öz daxili prosedurlarına uyğun olaraq Konvensiyanın Tərəfi olmağa tam səlahiyyətləndirilmiş təşkilat nəzərdə tutulur.

2. Qoşulma haqqında sənəd saxlanmaq üçün YUNESKO-nun Baş direktoruna verilir.

Maddə 28.

Əlaqələndirici

Bu Konvensiya Tərəf olan kimi hər bir Tərəf 9-cu maddəyə əsasən əlaqələndirici təyin edir.

Maddə 29.

Qüvvəyəminmə

1. Bu Konvensiya otuzuncu ratifikasiya, qəbul, təsdiq və ya qoşulma sənədinin depozitariyə verildiyi tarixdən üç ay sonra qüvvəyə minir, lakin bu, yalnız ratifikasiya, qəbul, təsdiq və ya qoşulma sənədlərini həmin gün və ya ondan əvvəl təqdim edən dövlətlərə və regional iqtisadi inteqrasiya təşkilatlarına aiddir. İstənilən digər Tərəfə münasibətdə Konvensiya həmin Tərəfin ratifikasiya, qəbul, təsdiq və ya qoşulma sənədini depozitariyə verdiyi tarixdən üç ay sonra qüvvəyə minir.

2. Bu maddənin məqsədləri üçün regional iqtisadi inteqrasiya təşkilatı tərəfindən depozitariyə verilən hər hansı sənəd həmin təşkilatın üzvü olan dövlətlər tərəfindən depozitariyə artıq təqdim olunmuş sənədlərin əlavəsi hesab edilmir.

Maddə 30.

Federal və ya qeyri-unitar konstitusiya sistemləri

Beynəlxalq müqavilələrin Tərəflərin üzərinə onların konstitusiya sistemindən asılı olmayaraq bərabər öhdəliklər qoyduğunu nəzərə alaraq, federal və ya qeyri-unitar konstitusiya sistemlərinə malik olan Tərəflərə aşağıdakı müddəalar tətbiq olunur:

(a) bu Konvensiyanın federal və ya mərkəzi qanunvericilik hakimiyyətinin hüquqi yurisdiksiyası ilə həyata keçirilən müddəalarına münasibətdə, federal və ya mərkəzi hökumətin öhdəlikləri federal dövlət olmayan Tərəflərin hökumətlərinin öhdəlikləri ilə eyni olacaq;

(b) bu Konvensiyanın, federasiyanın konstitusiya sisteminin qanunvericilik tədbirləri görməsini tələb etmədiyi ştat, qraflıq, əyalət və ya kanton kimi federasiya subyektlərinin yurisdiksiyası ilə həyata keçirilən müddəalarına gəldikdə, federal hökumət, lazım gəldikdə, ştat, qraflıq, əyalət və ya kanton kimi federasiya subyektlərini qeyd edilən müddəalar barədə məlumatlandırır və onların qəbul olunması üçün tövsiyələr verir.

Maddə 31.

Denonsasiya

1. Bu Konvensiyanın istənilən Tərəfi onu denonsasiya edə bilər.

2. Denonsasiya barədə YUNESKO-nun Baş direktoruna yazılı sənəd göndərməklə məlumat verilir.

3. Denonsasiya, denonsasiya haqqında sənədin alınmasından 12 ay sonra qüvvəyə minir. Denonsasiya, denonsasiya edən Tərəfin denonsasiyanın qüvvəyə mindiyi günə qədər olan maliyyə öhdəliklərinə heç bir halda təsir etmir.

Maddə 32.

Depozitarinin funksiyaları

Bu Konvensiyanın depozitarisi kimi YUNESKO-nun Baş direktoru təşkilatın üzvü olan dövlətləri, 27-ci maddədə göstərilən təşkilatın üzvü olmayan dövlətləri və regional iqtisadi inteqrasiya təşkilatlarını, həmçinin Birləşmiş Millətlər Təşkilatını 26-cı və 27-ci maddələrdə qeyd edilən ratifikasiya, qəbul, təsdiq və ya qoşulma sənədlərinin və 31-ci maddədə göstərilən denonsasiya sənədinin depozitariyə verilməsi barədə məlumatlandırır.

Maddə 33.

Düzəlişlər

1. Bu Konvensiyanın istənilən Tərəfi Baş direktora yazılı şəkildə müraciət edərək, Konvensiyaya düzəlişlər təklif edə bilər. Baş direktor bu müraciəti bütün Tərəflərə göndərir. Əgər müraciətin göndərilməsindən altı ay ərzində Tərəflərin ən azı yarısı bu müraciətə müsbət cavab verərsə, Baş direktor bu təklifi onun müzakirə edilib qəbul olunması üçün Tərəflərin Konfransının növbəti sessiyasına təqdim edir.

2. Düzəlişlər iştirak edən və səs verən Tərəflərin üçdə iki hissəsinin səs çoxluğu ilə qəbul olunur.

3. Qəbul olunduqdan sonra düzəlişlər ratifikasiya, qəbul, təsdiq və ya qoşulma üçün Tərəflərə təqdim edilir.

4. Bu Konvensiyaya edilmiş düzəlişləri ratifikasiya, qəbul etmiş və ya təsdiq etmiş, yaxud onlara qoşulmuş Tərəflər üçün belə düzəlişlər bu maddənin 3-cü bəndində qeyd olunan sənədlərin Tərəflərin üçdə iki hissəsi tərəfindən depozitariyə verilməsindən üç ay sonra qüvvəyə minir. Düzəlişləri bundan sonra ratifikasiya, qəbul və ya təsdiq edən, yaxud onlara qoşulan Tərəflər üçün sözügedən düzəlişlər həmin Tərəflərin ratifikasiya, qəbul, təsdiq və ya qoşulma sənədlərini depozitariyə verməsindən üç ay sonra qüvvəyə minir.

5. 3-cü və 4-cü bəndlərdə göstərilən prosedur Hökumətlərarası Komitənin üzvlərinin sayı barəsindəki 23-cü maddəyə edilən düzəlişlərə tətbiq olunmur. Bu düzəlişlər qəbul edildiyi tarixdən qüvvəyə minir.

6. 27-ci maddədə göstərilən və dövlət və ya regional iqtisadi inteqrasiya təşkilatı, bu Konvensiyanın Tərəfi olan dövlət və ya regional iqtisadi inteqrasiya təşkilatı digər niyyət ifadə edilmədikdə:

(a) düzəliş olunmuş Konvensiyanın Tərəfi; və

(b) düzəlişləri qəbul etməyən istənilən Tərəfə münasibətdə, düzəliş olunmamış Konvensiyanın Tərəfi hesab edilir.

Maddə 34.

Autentik mətnlər

Bu Konvensiya Çin, ərəb, fransız, ingilis, ispan və rus dillərində tərtib edilmişdir və hər altı mətn eyni qüvvəyə malikdir.

Maddə 35.

Qeydiyyat

Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq, bu Konvensiya YUNESKO-nun Baş direktorunun müraciətinə əsasən Birləşmiş Millətlər Təşkilatının Katibliyi tərəfindən qeydiyyata alınır.
 
ƏLAVƏ

Barışıq proseduru

Maddə 1.

Barışıq Komissiyası

Barışıq Komissiyası mübahisədə iştirak edən Tərəflərdən birinin müraciəti ilə yaradılır. Əgər Tərəflər başqa cür razılığa gəlməsələr, Komissiya beş üzvdən ibarət olur, hər bir maraqlı Tərəfdən iki üzv təyin edilir və bu üzvlər ümumi razılıq əsasında Komissiyanın Sədrini seçirlər.

Maddə 2.

Komissiyasının üzvləri

İkidən çox Tərəf arasında yaranan mübahisələrdə eyni maraq güdən Tərəflər ümumi razılıq əsasında Komissiyaya öz üzvlərini təyin edirlər. Əgər iki və ya daha çox Tərəfin ayrı-ayrı maraqları varsa, yaxud onlar arasında maraqlarının eyni olub-olmamasına dair fikir ayrılığı varsa, onlar öz üzvlərini ayrı-ayrılıqda təyin edirlər.

Maddə 3.

Təyinatlar

Əgər Tərəflər Barışıq Komissiyasının yaradılmasına dair müraciətdən sonra iki ay ərzində Komissiyanın bütün üzvlərini təyin etməsələr, YUNESKO-nun Baş direktoru, əgər bununla bağlı Tərəflərdən biri müraciət etsə, sonrakı iki ay ərzində lazımi təyinatları həyata keçirir.

Maddə 4.

Komissiyanın Sədri

Əgər Barışıq Komissiyasının Sədri Komissiyanın son üzvünün təyin olunmasından sonra iki ay ərzində seçilməzsə, YUNESKO-nun Baş direktoru, əgər bununla bağlı Tərəflərdən biri müraciət etsə, sonrakı iki ay ərzində Sədri təyin edir.

Maddə 5.

Qərarlar

Barışıq Komissiyası öz qərarlarını üzvlərinin səs çoxluğu ilə qəbul edir. Tərəflər başqa cür razılığa gəlmədikləri təqdirdə, Komissiya öz prosedurunu özü müəyyən edir. O, mübahisənin həlli üçün Tərəflərin vicdanla yerinə yetirəcəyi təklifləri təqdim edir.

Maddə 6.

Fikir ayrılığı

Barışıq Komissiyasının səlahiyyəti ilə bağlı fikir ayrılığı Komissiya tərəfindən həll edilir.

“Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya”ya qoşulma ilə əlaqədar

AZƏRBAYCAN RESPUBLİKASININ BƏYANATLARI

“Azərbaycan Respublikası Konvensiyanın 25-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq bəyan edir ki, o, Konvensiyanın 25-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan barışdırma prosedurunu tanımır”.

“Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərdə (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonu) Konvensiyanın müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyildir (Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin sxematik xəritəsi əlavə olunur).

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində işğalın baş verdiyi tarixdən etibarən mədəni özünüifadələrin dağıdılmasına görə bütün məsuliyyət Azərbaycan Respublikasının işğal olunmuş əraziləri işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək işğalçı Ermənistan Respublikasının üzərinə düşür”.

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.